Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qarabağda güclü və müasir iqtisadiyyat qurulur

Qarabağda güclü və müasir iqtisadiyyat qurulur

24.06.2022 [10:04]

Mübariz ABDULLAYEV

44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi proqramı çərçivəsində Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulub və hazırda bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən ölkə üzrə iqtisadi rayonlar yenidən təsnifatlandırılıb. O cümlədən, işğaldan azad edilmiş ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birləşdirilib. Hər iki iqtisadi rayon üzrə iqtisadiyyatın inkişafının burada tarixən formalaşan ənənələrə uyğun şəkildə davam etdirilməsi nəzərdə tutulub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov KİV-ə müsahibəsində işğaldan azad edilmiş ərazilərin perspektiv iqtisadi inkişafından bəhs edərək vurğulayıb: “Ümumilikdə, insanların qayıdışı təmin olunandan sonra bu bölgənin böyük iqtisadi potensialı yaranacaq, Azərbaycan iqtisadiyyatına kifayət qədər böyük həcmdə töhfə verəcək”.

Müxtəlif sahələrdə böyük potensial

İşğaldan azad edilmiş ərazilər 11 min kvadratkilometri əhatə edir. Bu, kifayət qədər geniş coğrafiyadır və dünyadakı ayrı-ayrı ölkələrin ərazisinə bərabərdir. Sözügedən ərazilərin perspektiv iqtisadi inkişafı barədə danışarkən burada müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı üçün mövcud olan böyük imkanları xüsusi qeyd etmək lazımdır. İşğaldan əvvəlki dövrdə bölgədə heyvandarlıq, taxılçılıq, baramaçılıq, pambıqçılıq, üzümçülük kimi gəlirli sahələr uğurla inkişaf etdirilirdi. Emin Hüseynovun sözlərinə görə, bu torpaqlarda qeyd edilən fəaliyyət sahələri yüksək məhsuldarlıqla mövcud olub. Eyni zamanda, heyvandarlıq da ərazilərdə inkişaf edib. Qeyd edək ki, işğaldan əvvəlki dövrdə respublika üzrə taxıl istehsalının 14,3 faizi, pambıq istehsalının 3,3 faizi, üzüm istehsalının 31,5 faizi, kartof istehsalının 6,3 faizi, ət istehsalının 14,5 faizi, süd istehsalının 17,1 faizi, yumurta istehsalının 3,6 faizi, yun istehsalının 19,3 faizi, barama istehsalının 17 faizi, mal-qaranın 15,1 faizi, xırdabuynuzlu heyvanların 19,2 faizi işğaldan azad olunmuş ərazilərin payına düşürüdü.

Artıq sözügedən ərazilərdə ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına start verilib. Bölgədə ayrı-ayrı istiqamətlər üzrə bir neçə aqroparkın yaradılması nəzərdə tutulub. İlk belə təsərrüfat isə Zəngilanda yaradılır. 2021-ci ilin oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

İşğaldan azad olunmuş ərazilərdə sənaye də iqtisadiyyatın prioritet istiqamətlərindən biri kimi inkişaf etdiriləcək. “Kənd təsərrüfatı ilə yanaşı sənaye sahələri, xüsusilə emal sənayesini inkişaf etdirmək üçün  böyük potensialın olduğunu görürük. Ağdam rayonunda çoxlu sayda karxanalar var ki, orada tikinti materialları üçün xammal bazası çox böyükdür. Həmin xammaldan bu gün həm Qarabağda gedən bərpa işlərində, həm də Azərbaycanın digər rayonlarında tikinti materialı kimi istifadə etmək olar”, deyə Emin Hüseynov vurğulayıb. 

İşğaldan azad olunmuş ərazilərin bərpası proqramına uyğun olaraq Şərqi Zəngəzur İqtisadi rayonunda Araz Vadisi İqtisadi Zonası, Qarabağ İqtisadi Rayonunda isə Ağdam Sənaye Parkı olacaq. Emin Hüseynovun bildirdiyinə görə, Ağdam Sənaye Parkı Ağdam şəhərində yerləşir və onun mobilizasiya sahəsi artıq hazırdır. “Ağdam Sənaye Parkının 9 rezidenti var və rezidentlər də artıq öz zavod və fabriklərini yavaş-yavaş tikməyə başlayırlar. Amma bu rezidentlərin sayı da getdikcə artacaq. Burada əsasən kənd təsərrüfatı məhsullarının emalı sənayesi, tikinti materialları, müəyyən yeyinti və yüngül sənaye sahələrinin inkişafının prioritet olacağını qeyd etmək olar. Yeyinti sənayesində çörək məmulatlarının istehsalının, şərabçılığın, yüngül sənayedə tekstil sahəsinin, tikinti sənayesində isə bütün spesifik məhsulların istehsalının təşkil oluna biləcəyini xüsusilə qeyd etmək istəyirəm. Yəni həm əhəng daşının, həm kərpiclərin, bardürlərin, dam örtüklərinin, taxta və metal konstruksiyaların emalı təşkil oluna bilər”, deyə müsahibədə vurğulanıb.

Yeni sahələr də inkişaf etdiriləcək

İşğaldan azad edilmiş ərazilərdə ənənəvi sahələrin dirçəldilməsi ilə yanaşı, yeni istiqamətlər də inkişaf etdiriləcək.  Burada həm aqrar sektorda, həm də sənayedə müasir yanaşmalara, innovativ texnologiyaların tətbiqinə geniş meydan veriləcək. Bütövlükdə, işğaldan azad edilmiş ərazilər “ağıllı kənd” və “ağıllı şəhər” konsepti əsasında inkişaf etdiriləcək. “Azad edilmiş ərazilərin potensialını çox yüksək qiymətləndirirəm. Ağdam və Qarabağ iqtisadi rayonları əsas iş yerlərinin təminatçısı, regional mərkəz kimi kifayət qədər əhəmiyyətli bir bölgəyə çevrilə bilər. Bunun üçün həm kənd təsərrüfatı, həm emal, həm digər sənaye sahələri baxımından geniş imkanlar olacaq. XXI əsrdə meydana gələn yeni sahələr də azad olunmuş ərazilərdə təşkil oluna bilər. Bura ilk olaraq yüksək texnologiyaları aid edirəm. Xüsusilə də gənc nəslin Qarabağa qayıdışı və fəaliyyət göstərməsini təmin etmək üçün belə imkanlar da var”, deyə Emin Hüseynov bildirilib.

Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin yaradılmasına xarici şirkətlər də böyük maraq göstərirlər. Bunu diqqətə çatdıran Emin Hüseynov bildirib ki, xarici şirkətlərin iqtisadi layihələrə cəlb olunmasında onların fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqində imkanları nəzərə alınaraq ciddi seçim edilir. O, bu xüsusda fikirlərini nəzərə çatdıraraq deyib: “Sahələr çox genişdir və bu əməkdaşlıq hər bir sahədə ola bilər. Amma dövlət olaraq bizim burada siyasətimiz belədir ki, yerli şirkətlərimizin bacarmadığı, ixtisaslaşmadığı sahələrdə püxtələşən xarici şirkətlərin təkliflərinə daha çox üstünlük veririk. Bu sırada ağıllı innovasiyalar, xüsusi və yüksək texnologiyalar üstünlük təşkil edir. Ən düzgün yol da budur. Texnoloji yeniliklər Azərbaycana da bu formada sirayət edəcək və Azərbaycanda da bu sahələrdə yerli şirkətlər peyda olacaq. O halda artıq bu işləri yerli şirkətlər həyata keçirə biləcək. Hətta son illər ərzində görülən işlər nəticəsində Azərbaycanda artıq bir çox yerli şirkətlər yaranıb ki, indiyə qədər xaricdən aldığımız məhsulları Azərbaycanda istehsal etmək imkanına malikdirlər. Bizim də məqsədimiz odur ki, xarici şirkətlər yerli şirkətləri özünə partnyor kimi cəlb etsin. Çünki nəticə etibarilə bu sahədə təcrübə yerli şirkətlərə ötürülür. Bu da gələcəkdə həmin məhsulların artıq bizim yerli şirkətlər tərəfindən istehsalına şərait yaradacaq”.

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Üzü Qarabağa...

24 İyun 10:13

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 İyun 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30