Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bir çətir altında...

Bir çətir altında...

24.06.2022 [10:07]

Türkdilli dövlətlərin yeni iqtisadi xəritəsi formalaşır

MÜBARİZ

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və bu səfər çərçivəsində keçirdiyi səmimi görüşlər bir daha təsdiqlədi ki, hazırda Türkdilli dövlətlərin yaxınlaşması, güclərini əlaqələndirmələri, bir çətir altında birləşmələri üçün yaranan tarixi şans heç vaxt olmadığı qədər realdır. Analitiklərin fikrincə, müşahidə edilən geosiyasi proseslər fonunda  Türkdilli dövlətlərin birliyinin möhkəmlənməsi həm də bir zərurətə çevrilib. Biz regional və qlobal miqyasda aparılan siyasətin müəyyən dairələrin, ayrı-ayrı güc mərkəzlərinin diktəsi ilə reallaşdırıldığının və onların özlərinin maraqlarına xidmət etdiyinin şahidi oluruq. Belə bir şəraitdə Türk dövlətlərinin imkanlarının və səylərinin birləşdirilməsi onların ayrılıqda hər birinin və bütövlükdə hamısının milli maraqlarının təmin olunması anlamına gəlir. Hazırda Türkdilli dövlətlərin yaxınlaşmasını şərtləndirən amillər kifayət qədər çoxdur. Əvvəla, Türk Dövlətləri Təşkilatında cəmləşən bütün dövlətlərin liderləri səviyyəsində güclü siyasi iradə ortaya qoyulur. Belə bir optimal mühitin formalaşmasını, eyni zamanda, dil, din eyniliyi, məişət-həyat tərzinin, tarixdən gələn ənənələrin, mədəniyyətlərin oxşarlığı və əlbəttə ki, cəmiyyətlərin, xalqların güclü istəyi şərtləndirir.

İqtisadi inteqrasiya perspektivləri

Qlobal miqyasdakı reallıqlar fonunda Türk dövlətlərinin sıx birliyini mümkün və zəruri edən mühüm amillərdən biri də iqtisadi inteqrasiya perspektivləri ilə bağlıdır. Son vaxtlarda iqtisadi siyasətdə də supergüc dövlətlərin və maraqlı dairələrin siyasi məqsədləri aydın görünür. Açıq deyək, bu məqsədlər heç də həmişə xoş niyyətli olmur və bir sıra hallarda özündə qərəz ehtiva edir. Bir-birinə yaxın coğrafiyalarda yerləşən türk dövlətlərinin özlərini belə qərəzli niyyətlərdən qorumalarının ən optimal yollarından biri aralarında iqtisadi inteqrasiyanın intensivləşdirilməsindən keçir. Statistikaya baxsaq, görərik ki, türkdilli dövlətlər iqtisadi resurslarla zəngindirlər. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Bu kimi amilləri nəzərə alan ekspertlər türk dövlətlərinin gələcəkdə beynəlxalq arenada mühüm rol oynayacaqlarını bildirirlər. Verilən məlumatlara görə, hazırda Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu, kifayət qədər böyük həcmdir. Bu gün yeni institusional qurum olan Türk Dövlətləri Təşkilatı daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.2 trilyon nominal ÜDM-ə malik olan ?ürkdilli ölkələr keyfiyyətcə yeni regional əməkdaşlıq modeli yaradıblar. Qurumun koordinatorluğu ilə kifayət qədər geniş və strateji cəhətdən vacib hesab olunan coğrafiyada yerləşən ölkələr arasında daha ünvanlı və sistemli əməkdaşlıq qurmaq mümkündür. Ekspertlərin də vurğuladıqları kimi, yeni institusional platformada əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Bütün bunlar o anlama gəlir ki, perspektivdə Türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək.

Vurğulamaq yerinə düşər ki, indiyədək türkdilli ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. O cümlədən müvafiq qurumların yüksək səviyyəli rəsmilərinin görüşləri intensivləşib. Vaxtaşırı keçirilən biznes forumlarda türkdilli ölkələrin iqtisadi imkanları geniş şəkildə təqdim olunur və qarşılıqlı əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir. Eyni zamanda, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar böyük aktuallıq daşıyır.

Azərbaycan lider ölkələrdən biri kimi

Azərbaycan türk dövlətlərinin yaxınlaşmasında qardaş Türkiyə ilə birlikdə liderlik keyfiyyətləri nümayiş etdirir. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalanıb.

Bu gün respublikamızın türk dövlətlərinin əksəriyyəti ilə xoş niyyətə əsaslanan yaxşı münasibətləri var.  Azərbaycan-Türkiyə əlaqələri digər türkdilli ölkələrin əməkdaşlığı üçün yaxşı nümunədir. İki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin məbləği 20 milyard dolları keçib. Öz növbəsində Türkiyə Azərbaycan iqtisadiyyatına təxminən 13 milyard dollar həcmində sərmayə yönəldib. Qardaş ölkə respublikamızda qeyri-neft sektoruna yatırılan investisiyaların həcminə görə ilk yeri tutur - indiyədək türk şirkətləri ölkəmizin qeyri-neft sektoruna 2,9 milyard dollar yatırıb. Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

Azərbaycanın Türk dünyasının nüfuzlu dövlətlərindən olan Qazaxıstanla əlaqələri də intensiv səciyyə daşıyır. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Nəqliyyat və logistika iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir.  Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. Bütövlükdə, indiyədək Azərbaycanla Qazaxıstan arasında 120-dən çox sənəd imzalanıb ki, onların da böyük bir qismi iqtisadi sektora aiddir.

Azərbaycan və Özbəkistan iqtisadi sahədə qarşılıqlı əlaqələrini genişləndirməklə türk dövlətlərinin yaxınlaşmasına birgə töhfələr verirlər. Bu günlərdə Azərbaycan Prezidentinin Özbəkistana baş tutan səfəri çərçivəsində hər iki ölkənin dövlət başçıları qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsinin zəruriliyini bildiriblər. Səfər çərçivəsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında sənədin qlobal xarakter daşıdığını deyərək vurğulayıb ki,  bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Tərəflər arasında həmçinin iqtisadi sahədə əməkdaşlığın perspektivlərini özündə ehtiva edən sənədlər imzalanıb.

Azərbaycanla Qırğızıstan arasında da iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Verilən məlumatlara əsasən, 2020-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6,049 mln. ABŞ dolları səviyyəsində olub. Azərbaycana Qırğızıstandan kartof, nişasta, ərik, qarayonca toxumu, dərman vasitələri, közərmə lampaları, respublikamızdan dost ölkəyə isə şəkər və saxaroza, şokolad və şokolad məhsulları, polietilen, maye sayğacları, plastik məmulatlar ixrac olunur. 2022-ci il 20 aprel tarixində Bakıda “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar. Bütövlükdə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində 10 sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq üçün möhkəm hüquqi əsaslar yaradır.

Bütövlükdə, türkdilli ölkələr arasında ümumi ticarət dövriyyəsi 21 milyard dollara çatıb. Potensial isə bundan xeyli çoxdur.

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Üzü Qarabağa...

24 İyun 10:13

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 İyun 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30