Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ukraynanın bərpası beynəlxalq birliyin gündəmində

Ukraynanın bərpası beynəlxalq birliyin gündəmində

05.07.2022 [10:08]

İşğaldan azad olunmuş Qarabağın bərpası isə donorların diqqətindən kənarda qalıb

Mübariz ABDULLAYEV

Son illərdə beynəlxalq birlik nisbətən yaxın coğrafiyalarda baş verən iki dəhşətli müharibə nəticəsində böyük dağıntılara şahidlik edib. Dağıdıcı müharibənin fəsadlarını əvvəlcə son üçonillik ərzində Azərbaycan yaşayıb. Ölkə Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərinin 20 faizdən çoxunu itirib və təxminən bir milyon qaçqın və məcburi köçkünlər ordusunu qarşılamaq məcburiyyətində qalıb. Azərbaycan postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirir.

Bəhs etdiyimiz ikinci məqam isə Ukrayna ilə bağlıdır. Burada da artıq bir neçə aydır ki, davam edən müharibənin fəsadları çox ağırdır - mərmi yağışına tuş gələn şəhərlər, kəndlər yerlə-yeksan olub, on minlərlə insanın taleyi qırılıb. Onların arasında yüzlərlə uşaq da var.

Bizim məqsədimiz isə heç də iki dəhşətli müharibənin fəsadlarının, itkilərin, dağıntıların Azərbaycandamı, yoxsa Ukraynadamı daha çox olduğunun müqayisəsini aparmaq deyil. Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, beynəlxalq donor təşkilatları Azərbaycanda və Ukraynada müharibənin fəsadlarının aradan qaldırılmasına fərqli yanaşma sərgiləyirlər ki, bu da təəccüb doğurur və suallar yaradır.

Ukraynanın bərpasına 500 milyard avrodan çox donor vəsaiti ayrıla bilər

Biz beynəlxalq səviyyədə müharibə tərəfi olan Ukraynaya güclü dəstək göstərildiyinin şahidi oluruq. İndiyədək ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri bu ölkəyə böyük partiyalarla hərbi texnika göndəriblər. Ukraynadan olan qaçqınlar ayrı-ayrı Avropa dövlətlərinin və donor təşkilatlarının himayəsi altındadırlar. Bir qədər bundan əvvəl Ukrayna qaçqınları üçün təşkil olunmuş beynəlxalq donor konfransında 10,1 milyard avro həcmində ianə və kredit razılığına nail olunub. Varşavada təşkil olunan və “Ukrayna üçün ayağa qalx” devizi altında keçirilən kampaniya çərçivəsində dövlət və ictimai xadimlər videoformatda iştirak ediblər. Vəsaitlərin 9,1 milyard avroluq hissəsi bilavasitə kampaniya çərçivəsində yığılıb, 1 milyard avro vəsaiti isə Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə təqdim edəcəyini bildirib. Sözügedən beynəlxalq donor konfransı Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə çağırılıb. Donor konfransında yığılan vəsaitlərin BMT və yerli humanitar təşkilatların həyata keçirdiyi layihələrin maliyyələşməsinə yönəldilməsi nəzərdə tutulub.

Eyni zamanda, müharibə başa çatmasa da, böyük dağıntılara məruz qalan Ukraynanın bərpası ilə bağlı da beynəlxalq səviyyədə müzakirələr aparılır. Dünən İsveçrənin Luqano şəhərində Ukraynanın yenidən qurulması ilə bağlı beynəlxalq konfrans işə başlayıb. İsveçrə hökumətinin təşkilatçılığı ilə keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və 40-dan artıq ölkənin təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri iştirak edirlər. İsveçrənin Prezidenti İqnazio Kassis konfransla bağlı bildirib ki, tədbir İsveçrənin Avropa və dünyada sabitliyə verdiyi töhfə kimi qəbul edilməlidir. İkigünlük konfransda Ukraynada bərpa və yenidənqurma işlərində prioritet metod və prinsiplər müəyyən edilməlidir. Verilən məlumatlara görə, Ukraynanın bərpası planı 2000-ə yaxın səhifədən ibarətdir. Sənəd özündə infrastruktur və təhlükəsizlik, iqlim və rəqəmsal iqtisadiyyata investisiyalar, eləcə də enerji resurslarının şaxələndirilməsi sahəsində layihələrin geniş siyahısını ehtiva edir. İlkin məlumatlara görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox donor vəsaiti ayrıla bilər. Ekspertlər bunun  kifayət qədər böyük rəqəm olduğunu bildirirlər. Ukraynanın bərpası üçün nəzərdə tutulan donor yardımını “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb: “Ukraynaya ayrılması gözlənilən yardım bu ölkənin Ümumi Daxili Məhsulundan (ÜDM) 2.5, dövlət büdcəsinin gəlirlərindən isə 12 dəfə çoxdur. Qeyd edək ki, 2021-ci ildə Ukrayanda ÜDM 198, büdcə gəlirləri isə 42 milyard olub. Rusiya-Ukrayan müharibəsindən sonra qrivnanın dəyirsizləşməsi və savaşın real sektorda yaratdığı ciddi durğunluq fonunda sözügedən ölkənin makro-iqtisadi göstəriciləri dollar və real ifadədə kəskin pisləşib”.

Ayrı-seçkilik qəbuledilməzdir

Ayrı-ayrı ölkələrin və donor təşkilatlarının dağıntılarla üzləşən Ukraynanın yanında olmaları, bu ölkənin bərpasında iştirak edəcəklərini bildirmələri, əlbəttə ki, təqdirəlayiq haldır. Ancaq burada bir sual yaranır: Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası niyə donorların diqqətindən kənarda qalıb? Söhbət təxminən 11 min kvadratkilometr  ərazinin bərpasından gedir. Bu ərazilərdə hər şey erməni vandallarının qəzəbinə tuş gəlib və dağıdılıb. Təqdim olunan foto və video materiallardan da göründüyü kimi, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş Füzulidə, Ağdamda, Zəngilanda və digər ərazilərdə salamat bir bina belə tapmaq mümkün deyil. Sanki bu yerlərdən vəhşi qəbilələr gəlib keçiblər və ayaq basdıqları hər yerdə özlərini sivilizasiyanın düşmənləri kimi aparıblar. Prezident İlham Əliyev müxtəlif transmilli media qurumlarına verdiyi müsahibələrində, eləcə də keçirdiyi görüşlərdə erməni vandallarının üç onillik ərzində havadarlarının köməyi ilə öz nəzarətləri altında saxladıqları Azərbaycan ərazilərində törətdikləri dağıntılar barədə beynəlxalq birliyi məlumatlandırıb. Dövlət başçımız cari il martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən də bu barədə danışıb; “İşğaldan azad edilmiş əraziləri ziyarət etdiyiniz üçün sizə minnətdaram. Bilirəm ki, Ağdamda olmusunuz və dağıntının miqyasını öz gözlərinizlə görmüsünüz. Sizi əmin edə bilərəm ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyət eynidir. Hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində Ağdam mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir. Bu, işğal illəri ərzində ermənilər, erməni cinayətkar rejimi tərəfindən törədilmişdir. Demək olar ki, otuz il ərzində Azərbaycan mədəniyyəti və tarixinin izini silmək üçün şəhərlərimiz, kəndlərimiz, tarixi və dini abidələrimiz qəsdən, planlaşdırılmış şəkildə dağıdılırdı” - deyə Prezident İlham Əliyev vurğulayıb.

44 günlük müharibəni qalibiyyətlə başa vuran Azərbaycan məcburi köçkün və qaçqın soydaşlarımızın işğaldan azad olunmuş ərazilərə layiqli qayıdışını təmin etmək əzmindədir. Bu məqsədlə postmüharibə dövründə sözügedən ərazilərdə böyük miqyaslı infrastruktur quruculuğu işlərinə başlanıb. Eləcə də bir-birinin ardınca şəhərlərin bərpası layihələri təqdim olunur. Artıq Zəngilanda ilk yaşayış məntəqəsinin inşası “Ağıllı kənd” konsepti əsasında tamamlanıb. Bütövlükdə, son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpası üçün dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev bərpa işlərinin sırf Azərbaycanın öz imkanları hesabına aparıldığını bildirərək vurğulayıb: “Bu, böyük işdir. İndiyə qədər biz nə beynəlxalq təşkilatlardan, nə də dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə almamışıq. Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin, əlbəttə qəribədir ki, torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur. Bilirsiniz, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin bahasına olursa-olsun edəcəyik. Lakin düşünürəm ki, beynəlxalq təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı qəbuledilməzdir. Ümidvarıq, BMT öz qurumları və öz kommunikasiya kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var”.

Onu da vurğulayaq ki, Azərbaycan ölkəmizə vurduğu ziyana görə təzminat tələb edir. Üç onillik ərzində müstəqil dövlətə qarşı işğalçılıq siyasəti aparan Ermənistan mütləq cəzalandırılmalıdır. Bunu beynəlxalq hüquq normaları tələb edir. İşğalçıya münasibətdə ikili standartlara yol verilməsi dünyada təhlükəli presedentlərə yol açır.

Paylaş:
Baxılıb: 147 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31