Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əməkdaşlığın yol xəritəsi

Əməkdaşlığın yol xəritəsi

07.07.2022 [10:09]

Azərbaycanla Özbəkistan arasında

MÜBARİZ

Zaman-zaman ayrı-ayrı güc mərkəzlərinin məkrli niyyətlərlə rəvac verdikləri proseslər Avrasiyada böyük coğrafiyada yerləşən Türkdilli dövlətlərin birliyinə ağır zərbələr vurub və tarixi bağların qırılmasına, parçalanmaya gətirib çıxardıb. Prezident İlham Əliyev bunu öz çıxışlarında dəfələrlə diqqətə çatdırıb. Tarixin indiki mərhələsində isə bu birliyin bərpası, əlaqələrin möhkəmləndirilməsi üçün heç vaxt olmadığı qədər geniş imkanlar yaranıb. Tarixi ənənələr, dil, din birliyi, mədəniyyətlərin oxşarlığı, yaxın coğrafiyalar və bu kimi digər amillər Türkdilli ölkələrin sıx birliyini mümkün edir. Eyni zamanda, indiki geosiyasi reallıqlar fonunda inteqrasiyanın dərinləşməsi, güclərin və səylərin əlaqələndirilməsi zərurətə çevrilib. Yaxşı haldır ki, Xəzər-Qara dəniz hövzələri boyunca yerləşən bütün Türkdilli ölkələr birliyə can atır. Belə bir güclü istək həm dövlətlərdən, həm də cəmiyyətlərdən gəlir.

Azərbaycanın artan rolu

Türkdilli ölkələrin birliyinin formalaşmasında Azərbaycanın istəyi və rolu xüsusi nəzərə çarpır. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalanıb. Azərbaycan indiyədək Türkdilli ölkələri bir araya gətirən müxtəlif tədbirlərə məmnuniyyətlə ev sahibliyi edib.

Bu gün respublikamızın Türk dövlətlərinin əksəriyyəti ilə xoş niyyətə əsaslanan yaxşı münasibətləri var.  Azərbaycan-Türkiyə əlaqələri digər Türkdilli ölkələrin əməkdaşlığı üçün yaxşı nümunədir. İki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar.

Azərbaycanın Türk dünyasının nüfuzlu dövlətlərindən olan Qazaxıstanla əlaqələri də intensiv səciyyə daşıyır. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Nəqliyyat və logistika iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir. 

Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. Bütövlükdə, indiyədək Azərbaycanla Qazaxıstan arasında 120-dən çox sənəd imzalanıb ki, onların da böyük bir qismi iqtisadi sektora aiddir. Bu günlərdə Nur-Sultan şəhərində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclası keçirilib. İclasda şıxış edən Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov iki ölkə arasında ticarət əlaqələrinin dinamik inkişaf etməkdə olduğunu bildirərək vurğulayıb: “Cari ilin ilk dörd ayında ticarət dövriyyəmiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib. Bununla belə, düşünürük ki, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırılması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi missiyalar, eləcə də özəl sektor təmsilçiləri ilə ölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır”.

Azərbaycanla Qırğızıstan arasında da iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. 2022-ci il 20 aprel tarixində Bakıda “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar. Bütövlükdə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində 10 sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq üçün möhkəm hüquqi əsaslar yaradır.

Azərbaycan-Özbəkistan əlaqələri

Türkdilli ölkələrin birliyinin möhkəmlənməsinə aparan yolda Azərbaycan-Özbəkistan əlaqələrinin önəmini ayrıca qeyd edə bilərik. İki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir. Bu günlərdə Azərbaycan Prezidentinin Özbəkistana uğurlu səfəri baş tutub. Dövlət başçımızın dost ölkəyə səfərinin gündəliyinə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi kimi aktual məsələlər daxil idi. Səfər zamanı keçirilən görüşlərdə iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetiriblər. Liderlər qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsinin zəruriliyini bildiriblər. Səfər çərçivsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında sənədin qlobal xarakter daşıdığını deyərək vurğulayıb ki,  bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir.

Səfər çərçivəsində tərəflər arasında, həmçinin iqtisadi sahədə əməkdaşlığın perspektivlərini özündə ehtiva edən sənədlər imzalanıb. Qeyd edək ki, həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. Özbəkistan 57.9, Azərbaycan isə 48 milyard dollar həcmində nominal ümumi daxili məhsula malikdirlər. Nəqliyyat sektoru iki dost dövlət, bütövlükdə Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Son vaxtlarda regionda cərəyən edən geosiyasi proseslər Avropadan və Asiyadan olan ayrı-ayrı ölkələrin, transmilli şirkətlərin diqqətini Orta Asiyadan və Cənubi Qafqazdan keçən multimodal dəhlizə cəlb edib. Azərbaycan və Özbəkistan bu marşrutda mühüm halqaları təşkil edirlər. Hər kəsə bəllidir ki, Azərbaycan ötən dövrdə yol-nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulmasına böyük həcmlərdə investisiyalar yönəldib. Prezident İlham Əliyev bu sahəyə qoyulan investisiyaların ölkənin gələcəyinə yönəldilən sərmayələr kimi səciyyələndirib. Yaradılan güclü və müasir infrastruktur sayəsində Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-tranzit habına çevrilib. Şübhə yoxdur ki, ölkəmizin nəqliyyat imkanlarının genişlənməsi Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.

Enerji sektorunda əməkdaşlıq

İki dost ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sektorudur. Prezident İlham Əliyevin ötən ay Özbəkistana baş tutan dövlət səfərindən sonra ölkə başçısı tərəfindən verilən tapşırıqların icrasını təmin etmək məqsədilə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə  Özbəkistanda səfərdə olub. SOCAR rəsmisinin “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehriddin Abdullayev arasında keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”si imzalanıb. Sənəd neft-qaz sahəsində birgə layihələrin reallaşdırılması və treydinq, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir. Eyni zamanda, sənəd “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin əməkdaşlarının SOCAR-ın müəssisələrində təcrübə keçmələrini, şirkətlərin mütəxəssisləri arasında mütəmadi görüşlərin təşkilini, birgə işçi alt qruplarının yaradılmasını, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutur.

Paylaş:
Baxılıb: 167 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31