Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Uğurlar və hədəflər

Uğurlar və hədəflər

19.07.2022 [10:12]

İqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır

Mübariz ABDULLAYEV

Azərbaycan 2030-cu ilədək olan dövrü ölkənin inkişafı üçün yeni strateji mərhələ kimi müəyyənləşdirib. Hazırda respublikamız bu strateji mərhələdə hədəflənən məqsədlərə doğru inamla irəliləməkdədir. Ölkədə Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlar əsasında geniş əhatə dairəsinə malik sosial islahatlar reallaşdırılır. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun gücü ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri intensiv şəkildə davam etdirilir. Bütövlükdə, respublikamızda əvvəlcədən nəzərdə tutulan layihələrdə hər hansı bir ixtisara yol verilməyib, əksinə onların maliyyə təminatı daha da gücləndirilib. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində inamlı inkişafın ölkənin iqtisadi gücü ilə bilavasitə bağlı olduğunu diqqətə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı “Bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır” - deyə vurğulayıb.

İslahatların real nəticələri

Müşavirədə də vurğulandığı kimi, hazırda qlobal miqyasda iqtisadi inkişafı şərtləndirən amillər heç də arzuedilən deyil. Getdikcə daha da dərinləşən geosiyasi qarşıdurmalar, Rusiya-Ukrayna müharibəsi və bu kimi digər mənfi faktorlar bütün dünyada iqtisadi fəallığa, qiymətlərə, əmək bazarına, təchizat-satış zəncirinə ciddi təhdidlər yaradıb. Hazırda dünyanın ayrı-ayrı ölkələrində tənəzzül meyillərinin artması müşahidə edilir və inflyasiya geridönməz prosesə çevrilib. Bildirildiyi kimi, cari ilin iyun ayında ötən ilin iyun ayı ilə müqayisədə dünya bazarında buğda 30 faiz, xam palma yağı 50 faiz, kərə yağı 29 faiz, günəbaxan yağı 45 faiz, qarabaşaq 43 faiz bahalaşıb. Bununla yanaşı, cari il iyun ayının sonuna dünya bazarlarında təbii qazın qiyməti ilin əvvəlindən 42 faiz, “Brent” markalı neftin bir barel spot qiyməti isə 53 faiz artıb.

Dünyadakı bu kimi mənfi meyillərə baxmayaraq, 2022-ci ilin birinci yarısında Azərbaycan  iqtisadiyyatında həm neft, həm də qeyri-neft sektorları üzrə yüksək artım templəri müşahidə olunub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız  6,2 faiz, o cümlədən qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz artıb. Ən yaxşı istehsal göstəriciləri 11,5 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb. Mənfi amillərin təsirlərinə baxmayaraq, kənd təsərrüfatında da artım müsbət zonadadır. Sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır. 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb.

İqtisadi artım Azərbaycanın gəlir imkanlarına müsbət təsir göstərib və bunun da sayəsində büdcəyə əlavə vəsaitlər cəlb olunub. Prezident İlham Əliyev bildirib ki, biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Onun sözlərinə görə, dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Ölkədə aparılan iqtisadi məzmunlu islahatların yaxşı nəticələr verdiyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik”.

Uğurlu inkişaf sayəsində Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi ölkəmizin böyük uğurudur. Biz forpost dövlət olan Ermənistanın timsalında məhdud iqtisadi imkanların hansı ağır fəsadlara yol açdığını aydın şəkildə görürük. Bu ölkə yalnız sözdə müstəqildir, əslində isə asılı vəziyyətdədir, öz problemlərini özü həll etmək iqtidarında deyil. Buna görə də daim ayrı-ayrı güc mərkəzlərinin diktəsi və təsiri altında siyasi qərarlar qəbul etmək məcburiyyətində qalır. Azərbaycan isə dünyaya iqtisadi cəhətdən güclü, müstəqil siyasi qərarlar verən, milli maraqlarını qətiyyətlə qoruyan dövlət modeli təqdim edir.  “Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır”.

Xarici ticarətdə müsbət saldo

Dünya üçün çətin keçən 2022-ci ilin birinci yarısında Azərbaycanın davamlı iqtisadi inkişafını, həmçinin ölkənin xarici ticarətində müşahidə edilən müsbət saldonun timsalında da izləmək mümkündür. İlin birinci yarısında respublikamızın xarici ticarəti böyük dərəcədə - təxminən 70 faizdən çox artıb. O cümlədən ölkədən ixrac 2 dəfədən çox genişlənib. İxracın strukturunda qeyri-neft məhsullarının ixracının 25 faizdən çox artması məmnunluq doğurur. Bütövlükdə xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollar təşkil edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər.

Azərbaycanın digər bir üstünlüyü xarici borcun aşağı səviyyədə olması ilə bağlıdır. Hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyev hökumətə xarici borcun ümumi daxili məhsulun 10 faizi səviyyəsinə endirilməsi ilə bağlı tapşırıqlarını vermişdi. Bu strategiya uğurla həyata keçirilir. 2021-ci il iyulun 1-də ölkəmizin xarici dövlət borcu ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilər. Hazırda isə respublikamızın xarici borcu ümumi daxili məhsulun cəmi 10,7 faizini təşkil edir. Prezident İlham Əliyev Azərbaycanda xarici borcun azaldılması strategiyasına aydınlıq gətirərək bildirib: “Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın görün, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq”.

Elektroenergetika sektoru Azərbaycan üçün həmişə prioritet olub

Son illərdə respublikamızda iqtisadiyyatın dinamik inkişaf edən istiqamətlərindən biri elektroenergetika sektorudur. Qısa müstəqillik tarixində Azərbaycanın elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilməsi qürurverici bir haldır. Bu, ölkədə aparılan məqsədyönlü siyasətin real nəticəsidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Hazırda respublikamız istehsal etdiyi elektrik enerjisinin ixrac coğrafiyasını genişləndirir. Perspektivdə qonşu ölkələrə və ayrı-ayrı Avropa dövlətlərinə ixrac olunacaq elektrik enerjisinin həcmi daha da artırılacaq. Bunun üçün respublikamızın böyük imkanları var.

Azərbaycan elektroenergetika sektorunda öz siyasətini qlobal çağırışlara uyğun qurur. Hazırda bu sahədə qlobal trend bərpa olunan mənbələrdən daha səmərəli istifadə edilməsi ilə bağlıdır. Azərbaycan da bərpa olunan enerji mənbələri ilə zəngin olan bir diyardır. Bütövlükdə, ölkəmizdə bərpaolunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün  təxminən 17,3%-ni təşkil edir. Bundan əvvəl 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji seqmentinin payının 30 faizə çatdırılması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev isə bu rəqəmin 40 faizə çatdırılmasının mümkünlüyünü bəyan edib. Bu hədəfin də reallaşması tam realdır.

Əlamətdar haldır ki, respublikamızda bərpa olunan enerji mənbələrindən istifadə olunmasına xarici şirkətlər böyük maraq göstərirlər.  Təkcə 2022-ci ilin əvvəlindən bəri xarici şirkətlərlə bir neçə  bərpa olunan enerji stansiyasının tikintisinə dair yeni müqavilələr imzalanıb. Bu stansiyalar işə salındıqdan sonra respublikamızda bərpaolunan mənbələrdən alınan elektrik enerjisi həcmləri daha da artacaq. “Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik.

Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan mühüm tranzit ölkəyə çevrilir

Azərbaycan əlverişli coğrafi mövqeyindən bəhrələnməklə özünün tranzit imkanlarını artırmağı hədəfləyib. Bunun üçün imkanlar kifayət qədər genişdir. Respublikamızın ərazisindən Şimal-Cənub və Şərq-Qərb kimi dəhlizlər keçir. Son illərdə Azərbaycan hər iki dəhliz üzrə böyük həcmlərdə investisiyalar yönəltməklə müasir infrastruktur qurmağa nail olub. Postmüharibə mərhələsində isə respublikamız Zəngəzur dəhlizinin reallaşdırılmasına güclü siyasi iradə nümayiş etdirir və üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir.

Respublikamız, eyni zamanda, Avropa-Qafqaz-Asiya marşrutunun (TRACECA)  da mühüm halqalarından birini təşkil edir. Hazırda regionda müşahidə edilən geosiyasi reallıqlar fonunda bu dəhlizin funksionallığı artır və daşımalarda yüksək intensivlik müşahidə edilir. Transmilli şirkətlər öz yüklərini sabit, təhlükəsiz məkan olan Azərbaycan üzərindən daşınmasına üstünlük verirlər. Yüklər Avropadan Asiyaya və əks istiqamətə daşınır. Prezident İlham Əliyev daşımalardakı artımdan məmnunluğunu bildirərək vurğulayıb: “Nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq”.

Müşavirədəki nitqində dövlətimizin başçısı nəqliyyat sektorunda hədəflərə də diqqət çəkib. Ölkə üzərindən daşınan yüklərin həcmi artdıqca infrastruktur da buna uyğun şəkildə genişləndirilməlidir. Artıq bununla bağı hökumətə tapşırıqlar verildiyini deyən Prezident İlham Əliyev vurğulayıb: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. İndiki şəraitdə biz buna hazırıq. Amma biz Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamalıyıq, limanı genişləndirməliyik. Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır. Hökumətə də tapşırıq verildi, nə lazımdırsa, onu edəcəyik. Dibdərinləşdirmə işləri də aparılmalıdır”.

Paylaş:
Baxılıb: 153 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31