Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Daha çox buğda - daha güclü ərzaq təhlükəsizliyi

Daha çox buğda - daha güclü ərzaq təhlükəsizliyi

21.07.2022 [09:43]

MÜBARİZ

Son illərdə Azərbaycanda ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir ki, artıq respublikamızda bir sıra mühüm pozisiyalar üzrə daxili istehlak sırf yerli istehsal hesabına qarşılanır.

İndiki geosiyasi reallıqlar fonunda isə ölkənin dayanıqlı ərzaq təminatına nail olmaq üçün daha effektiv mexanizmlərin işə salınmasına ciddi ehtyac var. Elə bu günlərdə Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Sənəddə oxuyuruq: “Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verir”.

Qlobal ərzaq bazarında təlatümlər

İndiki şəraitdə Azərbaycanın ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırması və bu məqsədlə yeni hədəflərin müəyyənləşdirilməsi qlobal ərzaq bazarında müşahidə edilən təlatümlərin meydana çıxartdığı çağırışlarla bağlıdır. Nüfuzlu beynəlxalq reytinq agentlikləri dünyanın indiki mənzərəsini “zəif artım və yüksək inflyasiyanın uzun sürən dövrü” kimi səciyyələndirirlər. Dünya üzrə iki əsas ərzaq məhsulları ixracatçıları olan Rusiyanın və Ukraynanın müharibəyə cəlb olunmaları ərzaq bazarına təhdidləri artırıb. Ukraynada dağıntılar səbəbindən aqrar sektorun fəaliyyəti pozulub. Sanksiyalar səbəbindən Rusiyadan xarici bazarlara məhsul ixracı məhdudlaşıb. Bütün bu kimi amillər də ərzaq məhsullarının qiymətlərində öz əksini tapır.  Ötən il  qlobal səviyyədə ərzaq məhsullarının qiymətləri 28 % artıb, o cümlədən qarğıdalı 44,1%, bitki yağları 65,8 %, şəkər 37,5% bahalaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) həyəcan təbili çalaraq bildirib ki, ərzaq və yemin qiymətlərinin yüksəlmiş baza səviyyələrindən daha  8-22% yuxarı qalxacağı proqnozlaşdırılır. Bütövlükdə, müharibənin kədərli nəticələrinin 94 ölkədən 1,6 milyard insana təsir etdiyi bildirilir. Ekspertlər vurğulayırlar ki, indi yay aylarıdır. Bu dövrdə ənənəvi olaraq bazarlara daha çox məhsul çıxardılır və ayrı-ayrı pozisiyalar üzrə qıtlıq bir o qədər də hiss olunmur. Ancaq payızın və sərt qışın gələcəyi dövr də uzaqda deyil. Onda ərzaq məhsullarının artan qiymətləri daha  sərt şəkildə hiss olunacaq.

Xüsusi narahatlıq doğuran taxıl pozisiyası

Rusiya-Ukrayna müharibəsi fonunda qlobal ərzaq bazarına yaranan təhdidlər ölkələrin taxılla təchizatında daha qabarıq şəkildə hiss olunmaqdadır. Verilən məlumatlara görə, dünya üzrə illik taxıl istehsalı 740 milyon ton civarındadır. Lakin müharibənin yaratdığı çətinliklərə görə anbarlardakı taxılı ehtiyac duyulan ünvanlara çatdırmaq mümkün olmur. Artan qiymətlər və ərzaq bazarına yaranan təhdidlər fonunda taxıl istehsalçısı olan ayrı-ayrı ölkələr ixraca məhdudiyyətlər tətbiq edirlər. Bu sırada müharibə tərəfi olan Rusiya da yer alır. Afrika və Asiyanın çoxlu sayda kasıb ölkəsi  taxıla olan tələbatlarını müharibənin digər tərəfi olan Ukraynadan idxal hesabına ödəyirdi. Müharibə səbəbindən  bu ölkədən  7 milyon ton buğda, 14 milyon ton qarğıdalı dəni, 3 milyon ton günəbaxan yağı, 3 milyon ton günəbaxan şrotu dünya bazarına çatdırılmayıb. Hazırda dünya taxıl həsrətində qaldığı bir dövrdə Ukraynadakı anbarlarda yığılıb qalan taxılın daşınması müşkülə çevrilib. Səbəb odur ki, Qara dənizin Ukrayna sahillərindəki limanlarından yük gəmilərinin hərəkəti təhlükəsizlik nöqteyi-nəzərindən mümkün deyil.

Dünya üzrə taxıla olan tələbat isə artmaqdadır. Belə ki, əgər 2019/2020 marketinq ilində dünya üzrə buğda istehlakı 745 milyon ton olmuşdusa, bu 2020/2021 marketinq ilində 3,5 faiz artaraq 771 milyon ton olub. Gələcək ilə bağlı proqnozlar da buğda istehlakının dünya üzrə kəskin artacağını qeyd edir. Belə ki, 2021/2022 marketinq ilində qlobal buğda istehlakının 782 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 1,5 faizlik artım deməkdir.

Baxmayaraq ki, qlobal buğda ehtiyatlarında (carryover stocks) son marketinq illəri üzrə müqayisə 0,7 faizlik artım göstərir, ehtiyatlarda 2021/2022 marketinq ilində əvvəlki illə müqayisədə 1,5 faizə qədər azalma müşahidə ediləcəyi proqnozlaşdırılır. Bu da buğda ehtiyatlarından istifadənin artması deməkdir.

Qlobal buğda ticarətində də ötən illər ərzində artım müşahidə edilib. Belə ki, 2019/2020 marketinq ilində buğda ticarətinin həcmi 185 milyon ton olduğu halda 2020/2021 marketinq ilində bu rəqəm 3,2 faiz artaraq 191 milyon ton təşkil edib.

Azərbaycanın taxıl təchizatında vəziyyət

Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Respublikamızda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. Bütövlükdə, respublikamızın illik buğda idxalı 1 milyon tondan çoxdur. Yuxarıda sadalanan xarici amillər fonunda respublikamıza taxıl idxalı azalsa da, ödəmələrdə artım müşahidə edilir ki, bu da yüksək qiymətlərlə bağlıdır. 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 124 049,4 ABŞ dolları dəyərində 355 625,06 ton buğda idxal edilib. Təhlillər göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 24,3% artıb, həcmi isə 9,3% azalıb. Qeyd edək ki, bu ilin ilk beş ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,42%-nə bərabər olub.

Yeni hədəflər

İndiki reallıqlar fonunda meydana çıxan əsas çağırışlardan biri ölkə üzrə taxıl istehsalının artırılmasından ibarətdir. Azərbaycanın buna imkanları var. Dövlət başçısının imzaladığı Fərmanda ölkəmizin imkanları nəzərə alınmaqla taxıl istehsalının artırılmasını hədəfləyən effektiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər barədə fikirlərini “Yeni Azərbaycan”a bildirən Milli Məclisin deputatı Vüqar Bayramov sənəddə nəzərdə tutulan subsidiyaların önəmini xüsusi olaraq vurğulayıb: “Buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alacaqlar. Fərmana əsasən, gələn ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq. Bu sənəd subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, daha çox məhsul yetişdirən fermerin dövlətdən daha çox pul almasına səbəb olacaq. Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiyası tətbiq ediləcək”.

Fikirlərinə davam edən Milli Məclisin deputatı əlavə edib ki, bu qaydalar yerli istehsalı stimullaşdırmaqla idxaldan asılılığın azaldılmasına xidmət edəcək. Qlobal ərzaq böhranının dərinləşməsi fonunda yerli ərzaq istehsalının artırılması daha aktuallaşıb. İşğaldan azad olunan ərazilərimizin taxıl və ərzaq istehsalı baxımdan böyük potensialı var. Bu da ərzaqla özünütəminata xüsusi töhfə verəcək.

“Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək. Eyni zamanda, Dövlət Statistika Komitəsi Azərbaycana idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək. Sənəd fermerləri daha çox istehsala stimullaşdırmaqla istehlak bazarında tarazlığın qorunub saxlanmasına xüsusi dəstək olacaq. 2023-ci ildə dünyada ərzaq böhranının daha da dərinləşəcəyi gözlənilir. Bu isə, yerli fermerləri daha güclü şəkildə dəstəklənməsini və preventiv addımların sayının artırılmasını daha da aktuallaşdırmışdı. Bu baxımdan məhsula görə subsidiya fermerin əməyini qiymətləndirmək üçün ən yaxşı üsullardan biridir. Artıq daha çox yerli ərzaq istehsalı, güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir”, - deyə Vüqar Bayramov qeyd edib.

Paylaş:
Baxılıb: 134 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31