Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dostlar o vaxt dost olurlar ki...

Dostlar o vaxt dost olurlar ki...

23.07.2022 [10:11]

Azərbaycan-Bolqarıstan əməkdaşlığının yeni istiqamətləri

Mübariz ABDULLAYEV

Azərbaycanın getdikcə genişlənən əməkdaşlıq coğrafiyasında Avropa İttifaqı (Aİ) xüsusi yer tutur. Respublikamız Aİ-nin Cənubi Qafqazda ticarət dövriyyəsində lider mövqeyə malikdir. Belə ki, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2021-ci ildə 15 milyard dollaradək yüksəlib. İndiyədək ölkəmizlə Aİ-yə daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Azərbaycanın Avropa İttifaqı məkanında qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də Bolqarıstandır.

Siyasi dialoqun yüksək səviyyəsi

Azərbaycanla Bolqarıstan arasında əlaqələr tarixdən gələn ənənələrə söykənir. Azərbaycanın uzun illər ərzində tərkibində yaşadığı Sovet İttifaqının dağılmasına qədər respublikamızla Bolqarıstan arasında elm, təhsil və mədəniyyət sahələrində sıx əlaqələr qurulmuşdu. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bu münasibətlərin genişlənməsi üçün yeni imkanlar açılıb.

Hazırda iki ölkə arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür. İki ölkə arasında diplomatik əlaqələr 5 iyun 1992-ci ildə qurulub. Bolqarıstanın Azərbaycanda səfirliyi 1999-cu ilin dekabr ayından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprelindən fəaliyyətə başlayıb. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub. 1995-ci il 29-30 iyun tarixlərində Azərbaycanın dövlət başçısının  Bolqarıstana ilk rəsmi səfəri baş tutub və bundan sonra belə yüksəksəviyyəli səfərlər intensiv hal alıb. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənəd qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Hazırda Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Bütövlükdə, indiyədək Azərbaycanla Bolqarıstan arasında müxtəlif istiqamətləri əhatə edən 70-dən çox sənəd imzalanıb.

İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.

Enerji təhlükəsizliyinə dəstək

Azərbaycanla Aİ-nin üzvü olan Bolqarıstan arasında getdikcə yüksələn əməkdaşlığın prioritet istiqamətini isə enerji sektoru təşkil edir. İndiyədək respublikamız bu ölkəyə müntəzəm qaydada neft ixracını həyata keçirib. Hazırkı geosiyasi reallıqlar fonunda isə Azərbaycanla Bolqarıstan arasında enerji dialoqunun yeni bir səhifəsi açılıb. Söhbət ölkəmizin Bolqarıstanın “mavi yanacaq” təchizatına dəstəyindən gedir. Rusiya-Ukrayna müharibəsi fonunda cərəyan edən proseslər bütün Aİ məkanı kimi, Bolqarıstanın da qaz təchizatında ciddi çətinliklərlə müşayiət olunur. Belə şəraitdə zəngin ehtiyatlara malik Azərbaycan Bolqarıstana öz dəstəyini əsirgəməyib. Yeri gəlmişkən, iki ölkə arasında enerji dialoqu Bolqarıstanın Baş naziri Kiril Petkovun bu günlərdə respublikamıza baş tutan səfəri çərçivəsində də davam etdirilib. Prezident İlham Əliyev dost dövlətin rəsmisi ilə təkbətək görüşdə iki ölkə arasında enerji dialoqunu böyük potensiala malik uzunmüddətli əməkdaşlıq kimi səciyyələndirərək vurğulayıb: “Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir”.

Eyni zamanda, Bolqarıstanın Baş naziri həm dövlətimizin başçısı ilə təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərə indiki reallıqlar fonunda Azərbaycanın ölkəsinə dost köməyi göstərdiyini xüsusi olaraq diqqətə çatdırıb. Görüşlərdə belə bir əminlik ifadə olunub ki, birlikdə olsaq üfüqlər çox geniş və perspektivli görünəcək. “Mən artıq qeyd etdim və bir daha söyləmək istəyirəm, dostlar o vaxt dost olur ki, problemləri həll edirlər. Masa arxasında olarkən hamı dostdur. Lakin problemi birgə həll etməyə gəldikdə, dostlar yenə də yan-yana olmalıdırlar. Qeyd etmək istəyirəm, ehtiyac yarandığı zaman Siz Bolqarıstanın yanında oldunuz. Bolqarıstan isə Sizin yanınızda olacaq. Enerji sektorunda və ondan başqa sahələrdə bir çox imkanları müzakirə etdik”, - deyə Kiril Petkov vurğulayıb.

Yuxarıda bəhs olunan reallıqlar fonunda respublikamızdan qaz almaq istəyən ölkələrin siyahısı uzundur. Bura  hazırkı istehlakçılarla yanaşı, Almaniya, Niderland, Moldova, İsveçrə və Avstriya kimi ölkələr də daxildir. Bolqarıstan da Azərbaycan qazının yeni müştərilərindən biri qismində çıxış edir.  İyunun 19-da “Interconnector Greece - Bulgaria” (IGB) kəməri ilə Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə başlandı. Xatırladaq ki, IGB 2022-ci il martın sonunda TAP-a qoşulub. Bolqarıstan əvvəllər  Rusiyadan ildə təxminən 3 milyard kubmetr “mavi yanacaq” idxal edirdi. Məlum gərginliklərdən sonra bu ölkə alternativ mənbə kimi Azərbaycana üz tutub. Bolqaııstan Azərbaycan qazını daha böyük həcmdə  yuxarıda bəhs olunan Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə alacaq. Bolqarıstan hökumətinin rəsmilərinin bildirdiklərinə görə, Azərbaycandan “mavi yanacaq” idxalı aşağı qiymətlər və daha çox enerji müstəqilliyi deməkdir. Xatırladaq ki, Bolqarıstan Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB-nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə isə onun ötürücülük gücünü  5 milyard kubmetrə çatdırmaq mümkündür.

?GB-nin açılış mərasimi cari il iyulun birinci ongünlüyündə baş tutdu. Tədbirdə dayanıqlı enerji təhlükəsizliyi üçün ölkələr arasında əməkdaşlığın önəmi xüsusi vurğulanıb. Bildirilib ki, Cənub Qaz Dəhlizinin, onun yeni qolu olan ?GB-nin ərsəyə gəlməsi, Azərbaycan qazının ən çox ehtiyac olan vaxtda Avropaya tədarükünün mümkün olması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın, həmrəyliyin, qarşılıqlı etimad və dəstəyin nəticələridir. Yunanıstanın Komotini bölgəsində keçirilən tədbirə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da qatılıb. Tədbir iştirakçılarına Azərvaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıran Pərviz Şahbazov çıxışında IGB-nin reallaşmasını TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, Cənub Qaz Dəhlizinin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirib. Nazir deyib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir. “Azərbaycan Bolqarıstan, Yunanıstan da daxil olmaqla, Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır. Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr qaz tədarük olunub. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri isə Bolqarıstanın payına düşüb. Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr  olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaşdırılır. İyulun 1-dən Bolqarıstana tam həcmdə, gündəlik 2,6 milyon kubmetr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir”, - deyə Energetika Nazirliyinin rəsmisi qeyd edib.

Yeni istiqamətlər...

Enerji sektoru Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın prioritet istiqamətini təşkil etsə də, digər sahələrdə də münasibətlərin dərinləşdirilməsi üçün imkanlar genişdir. Görüşlərdə də bildirildiyi kimi, texnologiya, logistika, Avropaya ixrac kimi sahələrdə bir çox işlər görülə bilər. Eyni zamanda, ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm və başqa perspektivli əməkdaşlıq istiqamətləri var.

Nəqliyyat sektoru iki ölkə arasında əməkdaşlığın digər prioritet istiqamətinə çevrilə bilər. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan son illərdə böyük həcmlərdə investisiya qoyuluşu hesabına ölkədən keçən beynəlxalq səviyyəli dəhlizlər üzrə müasir infrastruktur qurmağa nail olub. Respublikamızın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Bu, Avropa ilə Asiya arasında ən qısa dəmiryolu bağlantısıdır. Bütün bunlar, eyni zamanda, uzunmüddətli sabitlik və təhlükəsizlik mühiti indiki geosiyasi reallıqlar fonunda respublikamızın tranzit cəlbediciliyini artırır. Yaradılan müasir infrastrukturla Azərbaycan Bolqarıstanın Mərkəzi Asiyaya, öz növbəsində Bolqarıstan respublikamızın Avropaya çıxışının genişlənməsinə vəsilə ola bilərlər. Görüşlərdə Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika sahəsindəki imkanlarından da ətraflı bəhs edib. “Əlbəttə ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik. Lakin, eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcuddur. Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki, bu, yalnız başlanğıcdır, çünki burada potensial var. Bir sözlə, geniş əhatəli məsələlər müzakirə edildi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Paylaş:
Baxılıb: 145 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31