Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İqtisadiyyatımız nə qədər böyüyüb?

İqtisadiyyatımız nə qədər böyüyüb?

29.07.2022 [10:06]

Nicat DİLQƏMLİ

Son illər dünyada həm sosial, həm də iqtisadi baxımdan olduqca təhlükəli proseslər müşahidə edilir. Bir tərəfdən dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası, digər tərəfdən də müxtəlif regionlarda baş verən hərbi toqquşmalar dünya iqtisadiyyatına təsirsiz ötüşə bilməzdi. 2019-cu ilin sonlarından etibarən  dünya əhalisinin üzləşdiyi koronavirus pandemiyası zəifləsə də, tam bitməsi halı müşahidə edilmir və onun qlobal iqtisadiyyata təsirləri davam edir. Bu ilin fevral ayında Rusiya-Ukrayna arasında başlayan və hələ də davam etməkdə olan müharibə bütün dünya ölkələrinə olduğu kimi, Azərbaycana da öz təsirlərini göstərməkdədir.

Qeyri-neft sektorunun inkişafı rəqəmlərlə

Qürurverici haldır ki, hazırda dünyada cərəyan edən qlobal iqtisadi-siyasi proseslərin fonunda Azərbaycanda iqtisadi inkişaf dinamikası əvvəlkindən daha sürətlə artan xətt üzrə hərəkət edir. Rəsmi statistik göstəricilərə nəzər yetirdikdə məlum olur ki, bütün qlobal çətinliklərə, maneələrə baxmayaraq, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 6 %-dən çox böyüməyi bacarıb.

Artımdan söz açarkən qeyri-neft sektorunun inkişaf dinamikasındakı artımı xüsusilə qeyd etmək lazımdır. Belə ki, qeyri-neft-qaz sektorunun artım tempi neft-qaz sektorunun artım tepmini kəskin üstələyib. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 %, qeyri neft-qaz sektorunda isə 9,6 % artıb. Başqa sözlə, 6 ay ərzində ölkədə 63 milyard 364 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bunun da 33 milyard 773 milyon manatlıq hissəsi sənaye sahəsinin payına düşüb. İl ərzində neft-qaz sektorunda məhsul istehsalı 0,6 %, qeyri-neft-qaz sektorunda isə 11,5 % artıb. Göründüyü kimi, qeyri-neft-qaz sənayesinin böyümə tempi neft-qaz sənayesinin böyümə tempini nəzərəçarpacaq dərəcədə arxada qoyub.

İnkişaf tempi bir çox digər sahələri də əhatə edir

Dövlət başçımızın diqqət mərkəzində saxlanılan sahələrdən biri də ölkədə turizm imkanlarının genişləndirilməsi, sahibkarlar üçün əlverişli şəraitin yaradılması məsələləridir. Qarşıda duran hədəflərə nail olmaq üçün atılan məqsədyönlü addımların uğurlu nəticələri artıq hər bir vətəndaşı qürurlandırır. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, iqtisadiyyatın digər sahələrində də əhəmiyyətli irəliləyişlər əldə olunub. 85,8 % artımla turizm və ictimai iaşə sektoru siyahıya başçılıq edir. Eyni zamanda, nəqliyyat sektorunda əlavə dəyər artımı 27 %, informasiya və rabitə sektorunda isə əlavə dəyər artımı 14,2 % təşkil edib.

İxrac 2 dəfədən çox artıb

İqtisadiyyatın inkişaf dinamikasını özündə əks etdirən önəmli göstəricilərdən biri də həmin ölkənin xarici ticarət dövriyyəsi, ələlxüsus ixracıdır. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,9 % çoxdur. Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb. Sözügedən sahənin iqtisadi inkişafının nəticəsində xarici ticarətdə 12,1 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 3,5 dəfə çoxdur. Bütün bunlarla bərabər qeyri-neft-qaz ixracı son bir ildə 25 %-dən çox artıb.

Xarici borcumuz azalır

Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi əsas məqamlardan biri də ölkəmizin xarici borclarının daha da endirilməsi məsələsidir: “Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilərdi və əslində, belədir. Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın, görün, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq”.

Ölkə başçımızın tapşırıq və göstərişlərinə uyğun olaraq həyata keçirilən müvafiq tədbirlər artıq öz nəticəsini verməkdədir. Qurumdan verilən məlumatda bildirilir ki, əgər ötən il iyulun 1-nə ölkənin xarici borcunun ÜDM-nə nisbəti 16,6 % olubsa, bu il iyulun 1-nə 10,7 % təşkil edib. Hazırda Azərbaycan demək olar ki, kredit almır və əvvəlcədən aldığı kreditləri qaytarır. Bundan başqa, ölkə iqtisadiyyatı inkişaf etdikcə, ümumi daxili məhsul artdıqca xarici borcun ÜDM-ə nisbəti də azalır. Halbuki, bir sıra inkişaf etmiş ölkələrdə xarici borcun məbləği ÜDM-in dəyərindən 2 dəfə çoxdur. Azərbaycanla uzun illər münaqişəli vəziyyətdə yaşamış Ermənistanda isə xarici borcun ÜDM-ə nisbəti 50 % civarındadır.

Azərbaycan əhalisinin borc yükü azalmaqla paralel nominal gəliri də artır. Bu il ölkə vətəndaşları 33 milyard manat gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 % çoxdur. Nəzərə alsaq ki, ölkədə illik inflyasiya 12,9 % olub, deməli əhali gəlirinin artımının xeyrini görüb, təxminən 7 % artım vətəndaşların sərəncamında qalıb.

İşğaldan azad edilmiş torpaqların yaratdığı əlavə imkanlar

Bu gün Azərbaycanın iqtisadi siyasəti sənayeləşmə prosesinin dərinləşməsini ehtiva edir. Azərbaycanın bölgədə əldə etdiyi makroiqtisadi, makrofiskal, ilk növbədə, siyasi sabitlik, infrastruktur təminatı və təchizatı indiyə qədər Azərbaycan bazarına daha az maraq göstərən sənayeləşmiş və ya sənayeni əsas götürən sərmayəçilərin bu bazara daxil olacaqlarını proqnozlaşdırmağa şərait yaradır. Sevindirici haldır ki, qeyri-neft-qaz sənayesində artım templəri ümumi sənaye istehsalındakı artımı 5 dəfə üstələyir. Belə ki, 2022-ci ilin birinci yarısında Azərbaycanda ümumi sənaye üzrə əlavə dəyər 2,2 %, qeyri-neft-qaz sənayesində əlavə dəyər 11 %, qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 15,2 % artıb. Ölkədə ümumi sənaye buraxılışında qeyri-neft-qaz sənayesinin xüsusi çəkisi 20,8 % təşkil edir. Eyni zamanda qeyri-neft sənaye məhsullarının ixracının qeyri-neft ixracında payı 66,3 %-dir.

Qeyri-neft sənayesinin sürətli inkişafında sənaye zonaları, aqroparklar əlverişli mexanizmdir. Ölkədə yaradılan sənaye zonaları ixrac potensialının artırılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, ölkəyə valyuta axınının, investisiyaların artmasına yeni imkanlar açır. 2022-ci ilin 6 ayında sənaye zonalarında istehsal 52,9 %, ixrac isə 2 dəfə artıb. Aprelin 1-nə qədər sənaye zonalarına ümumilikdə sahibkarlar tərəfindən 6,4 milyard manat investisiya yatırılıb. Sənaye parklarında 10 mindən çox daimi iş yeri yaradılıb.

Aqroparkların da Azərbaycan iqtisadiyyatında rolu artır. Ölkədə artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. 32 rayon üzrə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. İndiyədək 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb. Aqroparklarda ümumi 4 500-dək daimi, 6 300-dən çox isə mövsümi işçi çalışır. Azərbaycandakı aqroparkların səmərəli fəaliyyət göstərməsi məqsədilə ilkin mərhələdə 6 əsas, 11 alt klasterin formalaşdırılması üzrə işlər aparılır.

Azərbaycanın iqtisadi inkişaf xəritəsinə diqqət yetirdikdə məlum olur ki, bu sahədə həyata keçirilən tədbirlərin uğurlu nəticələri qarşıdakı illərdə də ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərəcək. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların iqtisadi imkanları da öz növbəsində ölkə iqtisadiyyatının göstəricilərinin müsbətə doğru dəyişməsinə səbəb olacaq. Bu da təbii ki, həm yerli, həm də xarici investorların ölkəmizə daha çox yatırımlar etməsi, əhali üçün isə yeni iş imkanlarının yaranması, nəticə etibarı ilə ölkəmizin daha da inkişaf etməsi deməkdir.

Paylaş:
Baxılıb: 87 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31