Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Startaplarımız beynəlxalq arenada

Startaplarımız beynəlxalq arenada

09.08.2022 [10:35]

MÜBARİZ

Bu günlərdə Azərbaycanın ünvanına daha bir xoş xəbər gəlib. Respublikamız startap ekosistemlərinin qlobal reytinqində  (Global Startup Ecosystem Index 2022) 4 pillə irəliləyərək 85-ci yerdə qərarlaşıb. Bu barədə “StartupBlink” analitik mərkəzinin dərc etdiyi hesabatda bildirilib.

Bütün dünyada qəbul edilən qlobal reytinq startap iqtisadiyyatının vəziyyətini qiymətləndirir, onların artım dinamikasını və əsas tendensiyalarını təsvir edir. Builki hesabatda 1000 şəhər və 100 ölkədə startap ekosistemləri qiymətləndirilib.

Qeyd edək ki, reytinqdə birinci yerdə ABŞ, ikinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İsrail qərarlaşıb.

İnnovasiya əsaslı fəaliyyət

Azərbaycanın startap ekosistemlərinin qlobal reytinqində öz mövqeyini yaxşılaşdırması heç də təsadüfi deyildir. Respublikamızda liberal iqtisadiyyatın inkişafına hərtərəfli dəstək verilir. Belə davamlı  dəstəyin məntiqi nəticəsi olaraq milli iqtisadiyyatımızda özəl bölmənin rolu artıb. Belə ki, ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olub, pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, artıq 2021-ci ildə 83%-i ötüb.  Eləcə də iqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlib. Xüsusilə dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyib. Son 10 ildə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə artıb, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil edib. Hazırda respublikamızda qeyri-neft/qaz ixracının 25,5%-i KOB tərəfindən həyata keçirilir. Qarşıdakı strateji dövrdə ölkə üzrə özəl sahibkarlıq subyektlərinin əhatə dairəsinin daha da genişləndirilməsi hədəflənib. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiqlənən Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında  özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması nəzərdə tutulub.

Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanda müasir dünya trendlərinə uyğun olaraq özəl bölmənin innovativ əsasda inkişafının prioritetliyinin təmin olunması diqqət mərkəzində saxlanılır. Respublikamızda sahibkarların innovativ əsaslı fəaliyyəti müxtəlif mexanizmlər vasitəsi ilə dəstəklənir və təşviq olunur. Kiçik və orta biznes subyektlərinin elm tutumlu, texnoloji yenilikləri özündə ehtiva edən layihələrinə startap şəhadətnaməsinin verilməsi belə mexanizmlərdən biridir. “Startap” şəhadətnamələri qalib layihələrin müəllifi olan sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, bu şəhadətnamələr KOB subyektlərini sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Qeyd edək ki, startap layihələrinin qalibləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən meyarlar əsasında ciddi seçim aparılmaqla müəyyənləşdirilir. Seçim, bir qayda olaraq, ən yaxşılar arasından edilir. Rəqabətin yüksək olması respublikamızda innovativ əsaslı fəaliyyətə marağın getdikcə artdığını əyani şəkildə təsdiqləyir. Seçimə təqdim olunan layihələr müxtəlif istiqamətləri əhatə edir.

Startap fəaliyyətinin genişlənməsi

Respublikamızda startapçı olmağa böyük maraq var və bu fəaliyyət sahəsi getdikcə genişlənir. Xüsusilə gənclər bu sahədə yüksək aktivlik nümayiş etdirirlər. Gənclərin artan marağını qarşılamaq üçün müvafiq qurumlar tərəfindən çoxsaylı layihələr reallaşdırılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildir?lir ki, artıq  “ClimateLaunchpad 2022”nin milli mərhələsinə start verilib. Bu, dünyanın ən böyük “cleantech” (təmiz texnologiyalar) akselerasiya proqramı hesab edilir. Məlumatda qeyd olunur ki,  6 həftəlik koçinq sessiyalarına qatılmış “Aqua Trap”, “Ateshgah”, “Ecoprint”, “GreenPack”, “OchseMoto”, PORESO, “Recepta”, “RestyIEarth” və “eHelpers” adlı startaplar “ClimateLaunchpad”ın müəyyən etdiyi vacib 6 modul üzərində praktiki çalışmaqla ölkə finalına hazırlaşırlar.

Bu ilin dekabr ayında komandalar münsiflər heyəti qarşısında milli mərhələnin ilk 3 yerini qazanmaq və regional mərhələyə vəsiqə əldə etmək üçün təqdimatlarla çıxış edəcəklər. Beynəlxalq proqramda 50-dən çox ölkə iştirak edir. Dünya Finalı mərhələsində startaplar innovativ həllərini Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdim edəcəklər. Finalın qalibləri I yer üzrə 10,000 avro, II yer üzrə 5,000 avro və III yer üzrə 2,500 avro pul mükafatı əldə edəcəklər. Həmçinin, 16 ən yaxşı startap 6 aylıq “Qlobal ClimateLaunchpad Accelerator” proqramına qəbul olunacaq.

Hazırda respublikamızda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Nextstep” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Pre-inkubasiya” proqramı uğurla davam edir. 14 iyun - 2 sentyabr tarixlərini əhatə edən bu proqram ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, innovativ ideyaların inkişafı, startap biliklərinin artırılması məqsədilə reallaşdırılır. “Pre-inkubasiya” proqramında komandalar aşağıdakı mövzular üzrə bilik əldə etmək imkanı qazanırlar: Biznes modelin hazırlanması və inkişafı; bazar araşdırması və müştəri problemlərinin yoxlanılması, ilkin işlək məhsulun hazırlanması, investisiya və “Pitch day”.

Cari ilin may ayında isə Bakıda “Take Off Baku” beynəlxalq startap sammiti keçirildi. İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5, səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə 2, infrastruktur və təhlükəsizlik üzrə 2, əyləncə üzrə 3, sosial sahə üzrə 8, “Media&Ads” üzrə 1 və digər sahələr üzrə 11 təkliflə investorlar qarşısında təqdimatla çıxış ediblər. Təqdim edilmiş layihələrin ümumi məhsulunun 80 faizi proqram, 20 faizi isə aparat təminatına aiddir. Sammitdə yerli startaplar onlar üçün ayrılmış xüsusi stenddə innovativ layihə və həllərini təqdim ediblər. Burada kənd təsərrüfatı və “ağıllı şəhər” üçün qurğu və həllər, smart işıqlandırma, dronlar, kanalizasiya sularından enerji əldə edilməsi üçün qurğu, logistika üçün “ağıllı poçt qutuları”, mikrodalğalarla yuma cihazı, tullantı yağların emalı sistemi, yumşaq oyuncağı ağıllı oyuncağa çevirən qurğu, 3D printer və proqram təminatı və s. kimi innovativ həllər uğurla nümayiş olunub. Festival müddətində startaplar layihələrini investorlara və vençur fondlarına təqdim etmək imkanı  qazanıblar, eləcə də ümumi mükafat fondu 50 min ABŞ dolları olan yarışmaya qatılıblar. Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib. “Take Off Baku” Startap Sammitinin qalibi 1-ci yer üzrə ABŞ-ın “Resepta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması sistemi), 2-ci yer üzrə Azərbaycanın “E-Point” startapı (layihənin adı: Fintech, ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü yer üzrə Türkiyənin “Co-Print” startapı (layihənin adı: 3D texnologiyası) olub.

“Guidera” dünyanı gəzir

Azərbaycan startapçılarının beynəlxalq səviyyəyə çıxmaları və uğur qazanmaları qürurverici haldır. Belə uğurların siyahısı çox uzundur. Bir qədər bundan əvvəl isə UNEC tələbələrinin “Guidera” adlı layihəsi Meta (Facebook) şirkəti ilə birlikdə təşkil olunan Genesis Startap Akademiyası tərəfindən qəbul olunub.

Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 4-cü kurs tələbələri İdrak Atakişili və Tural Salmanovun birgə hazırladıqları “Guidera” layihəsi 30-dan çox ölkədən, 3000 müraciətçi arasından seçilib. “Guidera” yerli bazarda lider şirkətlər tərəfindən təsis edilmiş praktiki kurslar və virtual təcrübə proqramlarını “NanoMaster” adlı paket şəklində təklif edən platformadır. Layihənin məqsədi əmək bazarında işə götürən şirkətlərin ehtiyaclarını qarşılaya biləcək mütəxəssislər hazırlamaq, eyni zamanda işçi qüvvəsini səmərəli şəkildə idarə edərək, işsizliyi azaltmaqdır. “NanoMaster” proqramlarında nəzəri biliklərin praktik şəkildə şirkətlərin virtual təcrübə proqramlarında tətbiqi də nəzərdə tutulub.

Tələbələr proqram müddətində Genesis Tech-in təsisçiləri və direktorları, eləcə də dünyanın nəhəng şirkətləri olan Meta, Amazon Web Services (AWS), Horizon Capital, Flyer One Ventures, AppsFlyer, Awesonic, Notion, Legal Nodes, Zendesk, Customer.io və digər şirkətlərin ekspertlərindən tədris və mentorluq dəstəyi alacaqlar.

Əlavə olaraq, tələbələr “Meta Blueprint”in sertifikatını almaq, məhsulun inkişafı üçün Amazon şirkəti tərəfindən 10 min ABŞ dollarınadək AWS krediti əldə etmək və Pitch Day zamanı biznes ideyalarını VC fondlarına təqdim etmək şansı qazanıblar.

Qeyd edək ki, “Guidera” layihəsi Azərbaycan Beynəlxalq Bankının İnkubasiya proqramına da qəbul olunub.

Daha 7 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 49-a çatıb.

“Startap” şəhadətnaməsi “Glorri” MMC-nin işə götürmə prosesinin optimallaşdırılması üzrə onlayn HR platforması, “Mie Azerbaijan” MMC-nin “CLD” tədris texnologiyası əsasında təlim-tədris xidmətləri, “Eduaz co.” MMC-nin tələbə, təlimçi və şirkətlər üçün təhsil platforması, “Dronee Aero” MMC-nin “Simurq F” markası altında müxtəlif təyinatlı dronların istehsalı və satışı, “Alimok” MMC-nin uşaqların fərdi inkişaf və zehni biliklərini artırmaq üçün təhsil platforması, “Vvaverıty” MMC-nin neft-qaz sektorunda geoloji dataların emalı və vizualizasiyası üçün proqram təminatı və “Plast” MMC-nin tibb xidmətlərinin mobil tətbiq üzərindən sifarişi layihələri üçün təqdim edilib.

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Dünya Ürək Günüdür

29 Sentyabr 10:30

Prezident bu gün

Prezident bu gün

29 Sentyabr 10:21

Sosial

Elektron, yoxsa auksion?

29 Sentyabr 10:19

Xəbər lenti

Siyasət

Gündəm

İkinci zəng...

29 Sentyabr 09:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30