Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dolların əvəzinə yeni valyuta

Dolların əvəzinə yeni valyuta

12.08.2022 [10:35]

BRICS ölkələri hərəkətə keçir

Mübariz ABDULLAYEV

Geosiyasi gərginliklərin artması, ölkələr, təşkilatlar arasında qütbləşmənin dərinləşməsi hazırda dünyanın arzuolunmaz mənzərəsini səciyyələndirir. Eyni zamanda, biz qlobal iqtisadiyyatın da, necə deyərlər, getdikcə daha çox siyasi çalarlarla zənginləşdiyinin şahidi oluruq.

Artıq bəzi təchizatçı və istehlakçı ölkələrin enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etdikləri heç kəsdə şübhə doğurmur. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda daha qabarıq şəkildə nəzərə çarpır. ABŞ və əksər Avropa dövlətləri müharibə tərəfi olan Rusiyanın əsas gəlir mənbələrini qapatmağı hədəfləyərək bu ölkədən enerji daşıyıcılarının idxalını əhəmiyyətli dərəcədə məhdudlaşdırıblar. Təchizatçı ölkə olan Rusiya da Qərbdən gələn sanksiyalara cavab olaraq ödəniş valyutasının dəyişdirilməsi barədə qərar verib. Bu kimi reallıqlar fonunda son vaxtlarda sürətlə inkişaf edən ölkələrdən ibarət qurumda bir növ qlobal valyutaya çevrilən dolların alternativ valyuta ilə əvəzlənməsi ətrafında müzakirələr intensivləşib.

Sürətlə inkişaf edən ölkələri birləşdirən BRICS

Beş sürətlə inkişaf edən ölkəni birləşdirən qurumda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası yer alır. Əvvəllər qurumu adlandırmaqdan ötrü BRİC abreviaturasından istifadə olunurdu. 2011-ci ildə təşkilata CAR da qoşulduqdan sonra qurum qısaldılmış formada BRİCS adlandırıldı.

Hazırda BRICS bütün dünya üzrə ən perspektivli beynəlxalq təşkilatlardan biri kimi dəyərləndirilir. Bu da, ilk növbədə, onunla bağlıdır ki, quruma üzv dövlətləri yalnız siyasi deyil, həm də iqtisadi maraqlar birləşdirir. Çox doğru olaraq bildirilir ki, BRİCS real nəhəng iqtisadi güc deməkdir və bu da təşkilatın siyasi nüfuzunun permanent şəkildə artmasını şərtləndirir. Statistikaya nəzər yetirək: Qurumda birləşən ölkələrin ümumi ərazisi dünyanın dörddə birinə bərabərdir. Dünya əhalisinin az qala yarısı - təxminən 42 faizdən çoxu BRICS-də birləşən ölkələrdə yaşayır. 15,44 trilyon ümumi ÜDM-ə malik beş sürətlə inkişaf edən ölkə dünya iqtisadiyyatının 25 faizini formalaşdırır. Eyni zamanda, ticarət dövriyyəsinin artmasında yüksək dinamika müşahidə edilir. Bu gün BRICS ölkələrinin ticarət dövriyyəsi dünya ticarətinin təxminən 20% nə bərabərdir.

BRICS ölkələrinin hər biri ayrı-ayrılıqda güclü iqtisadi potensiala və bu əsasda yüksək inkişaf perspektivlərinə malikdir. Braziliya dünyada kənd təsərrüfatının yüksək inkişaf səviyyəsinə çatan ölkə kimi tanınır. Eyni zamanda, bu ölkə sənaye inkişafına malikdir, ümumi daxili məhsulun üçdə biri sənaye sektorunda formalaşır. Rusiya təbii ehtiyatlarla zəngin bir diyardır. Bu ölkə dünya bazarlarına böyük həcmlərdə enerji daşıyıcıları, ərzaq məhsulları, gübrə, əlvan və qara metallar ixrac edir. Hindistan kənd təsərrüfatının güclü inkişaf potensialına malikdir. Bu ölkə qlobal bazarlarda kənd təsərrüfatı məhsulları, o cümlədən çay və ədviyyatla təmsil olunur. Çin iqtisadiyyatının həcminə görə dünya nəhənglərindən biri sayılır. Burada innovativ yeniliklərin iqtisadiyyata tətbiqi geniş vüsət alıb. Böyük əmək ehtiyatlarına malik olan bu ölkə özünün sənaye məhsullarını dünyanın əksər ölkələrinə ixrac edir və bazarlarda hegemonluğu ələ alır. İqtisadiyyatın sürətlə böyüməsi Çini dünya üzrə enerji daşıyıcılarının əsas istehlakçılarından birinə çevirib. CAR iqtisadi inkişaf səviyyəsinə görə digər üzvlərdən geri qalsa da, təbii ehtiyatlarla zəngindir.

Rəqabətdə artan imkanlar

Biz son illərdə ayrı-ayrı beynəlxalq qurumlarda ressesiya proseslərini müşahidə edirik. Məsələn, Avropa İttifaqına bəslənən ümidlər səngiməkdədir. Aİ məkanının ümumi valyutası avro dəyər itirir. Rusiya-Ukrayna müharibəsi fonunda əksər Avropa ölkələrində inflyasiya dərinləşib və enerji böhranı yaşanır. Aİ-nin “qoca qitə”ni çətinliklərdən qurtarmağa hesablanan səyləri gözlənilən səmərəni vermir. Böyük Britaniyanın qurumla yollarını ayırması bütövlükdə Aİ-nin gələcəyinə ağır zərbə vurub. Tunelin sonunda ümid işığı görməyən avropalılar bir dam altında yaşamağın faydasız olduğunu getdikcə daha ucadan səsləndirirlər. “Böyük iyirmilik” (G20) də hazırda, necə deyərlər, özünün baharını yaşamır. Geosiyasi gərginliklər, dərinləşən problemlər G20 daxilində inteqrasiya proseslərinə mənfi təsir göstərir. Burada da üzv dövlətlər getdikcə daha çox dərəcədə “hər kəs başının çarəsini özü tapmalıdır” mövqeyini ortaya qoyurlar.

BRICS-ə gəldikdə isə, sanki dünyadakı geosiyasi gərginliklərin küləyi burada daha az hiss olunur və yaxud qlobal səviyyədə artan narahatlıqlar  üzv dövlətlər arasında inteqrasiyanı, qarşılıqlı inamı daha da gücləndirir. Belə qənaət ifadə etməyə hər cür əsas var. Qərb Rusiyanın enerji daşıyıcılarının idxalına qadağalar tətbiq etməklə bu ölkəni qısa müddətdə çökdürəcəyini düşünürdü. Ancaq vaxt uzandıqca “qoca qitə”nin öz təxminlərində səhvən çox uzağa getdiyi aydın şəkildə görünür. Karbohidrogen məhsullarının nəhəng ixracatcısı olan  Rusiya Avropada itirdiyi bazarı BRICS daxilində asanlıqla əvəzləyib. Hazırda Rusiya Çinə 2021-ci ildəkindən təxminən 50 faiz çox həcmdə neft satır və bu ölkənin əsas neft təchizatçısına çevrilib. Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiyadan daha bir böyük neft idxalçısı yenə də BRICS üzvü Hindistandır. Bu ölkə də Rusiyadan neft tədarükünü 50 faizədək artırıb. Hazırda şimal qonşumuz Hindistanın ikinci ən böyük neft təchizatçısı qismində çıxış edir.

Bütün bu kimi məqamlar BRICS-in iqtisadi önəmini və siyasi nüfuzunu artırır. Təsadüfi deyildir ki, 2022-ci ildə beş ölkə quruma üzv olmaq niyyətini ifadə edib. Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir kimi ölkələr bu sırada yer alırlar. Qurumun sıralarına daxil olmaq istəyən beşinci dövlət isə son illərdə regionun aparıcı ölkələrindən birinə çevrilən qardaş Türkiyədir. Türkiyənin BRİCS-də təmsilçiliyi Azərbaycan üçün də yeni fürsətlər deməkdir. İndiyədək respublikamız BRİCS-in ayrı-ayrı ölkələri ilə ikitərəfli platformalarda yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurub. Şübhə yoxdur ki, Türkiyənin BRICS-ə üzvlüyü Azərbaycanın bütövlükdə qurumla əlaqələrinin yeni müstəvidə inkişafına gətirib çıxaracaq.

Vahid valyutanın yaradılması gündəmdə

Biz yuxarıda son vaxtlarda iqtisadi proseslərdə siyasi çalarların gücləndiyini qeyd etdik. Bu tendensiya ABŞ-ın pul siyasətində də özünü açıq-aydın göstərir. Son vaxtlarda dolların ardıcıl şəkildə bahalaşdırılması qlobal səviyyədə mal və xidmətlərin bahalaşmasında, inflyasiyanın dərinləşməsində təzahür edir. Eyni zamanda, ölkələr arasında ticarətin aparılmasında çətinliklər yaranır və tərəflər böyük itkilərə məruz qalırlar. Buna görə də BRICS-də vahid valyuta fondunun və yaxud “Valyuta hovuzu”nun yaradılması ilə bağlı müzakirələr aparılır. İndiyədək bu istiqamətdə müəyyən addımlar da atılıb. Təşkilat daxilində artıq bir sıra maliyyə strukturları, o cümlədən Moskva Birjası, Braziliyanın BOVESPA (Latın Amerikasının ən böyük fond birjası), Honq Konq Birjalar və Klirinq Təşkilatları Korporasiyası, Yohannesburq Fond Birjasının daxil olduğu Birjalar Alyansı (Cənubi Afrika), Milli və Bombay Birjaları (Hindistan) fəaliyyət göstərirlər.

Son vaxtlarda isə BRİCS daxilində dolları əvəzləyəcək alternativ valyutanın yaradılmasının zəruriliyi ön plana çıxıb. Mütəxəssislər əsaslandırırlar ki, qurumda dollar asılılığından qurtulmağın vaxtı gəlib çatıb. Böyük coğrafiya və güclü iqtisadi potensial yeni valyutanın yaranması üçün həm fundamental baza, həm də perspektivli gələcək deməkdir. BRICS ölkələrinin milli valyutalarının səbəti əsasında yaradılacaq yeni tədavül vasitəsinin perspektivləri barədə investisiyalar üzrə qlobal tədqiqatlar təşkilatının şöbə müdiri Mixail Şulqin danışıb.  “Praym” nəşrinin məlumatına görə, ekspert əsaslandırıb ki, yeni valyutanın yaradılması xarici borclara xidmət, həmçinin dost ölkələr arasında qarşılıqlı ticarəti asanlaşdırmaq üçün vacibdir. Şulqin əlavə edib ki, yeni valyutanın yaradılması üzv dövlətlərin risklərdən qorunmalarına öz müsbət təsirini göstərəcək. O xatırladıb ki, dollarla ticarətdə belə risklər tez-tez yaranır.

Rusiya hökuməti yanında fəaliyyət göstərən müvafiq institutun psixologiya və insan kapitalı inkişafı departamentinin professoru Aleksandr Safonov isə dolların əvəzlənməsniin zəruriliyini ölkəsinə qarşı tətbiq olunan sanksiyalar fonunda əsaslandırıb. Onun qənaətinə görə baş verənlər dolların əvəzlənməsinin zərurət olduğunu bütün cəhətləri ilə ortaya qoyub. Mütəxəssis bildirib ki, ABŞ öz rəqibləri arasında iqtisadi əlaqələrin pozulmasına çalışır və dollar burada alət qismində istifadə olunur. Getdikcə daha çox ölkə hesablaşmalardakı asılılıqdan boğulur. Mütəxəssis əminliyini ifadə edib ki, bütün bu kimi reallıqlar BRICS ölkələrinin alternativ valyuta səbətinin formalaşmasına gətirib çıxardacaq.

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Parisdən Bakıya...

28 Sentyabr 10:19

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

28 Sentyabr 10:14

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Media Reyestrində...

28 Sentyabr 10:07

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30