Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın tələbi

Azərbaycanın tələbi

16.08.2022 [10:16]

Ermənistan Zəngəzur dəhlizinin marşrutunu yaxın həftələrdə təqdim etməlidir

MÜBARİZ

44 günlük müharibənin başa çatmasından iki ilə yaxın vaxt ötür. Bu müddətdə qalib Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatın ona aid olan müddəalarının yerinə yetirilməsi istiqamətində əməli fəaliyyət həyata keçirib. Respublikamız o mövqedən çıxış edir ki, müharibə səhifəsi birdəfəlik bağlanmalı, regionda davamlı sülh və təhlükəsizlik təmin edilməli, əməkdaşlıq imkanlarından istifadə olunmalıdır. Məğlub Ermənistana gəldikdə isə, bu ölkə onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalasa da, sənədin tələblərinə əməl etməmək üçün müxtəlif bəhanələr gətirir, vaxtı uzatmağa çalışır. Hətta bu ölkədə revanşist fikirlər də səsləndirilir. Ermənistanın yayınmağa çalışdığı məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır.

Zəngəzur dəhlizinin açılması tarixi zərurət kimi

Blokada şəraitində yaşayan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək kommunikasıyaların - avtomobil və dəmir yollarının açılmasını özündə ehtiva edən müddəa 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda yer alıb. Sənədin 9-cu bəndində oxuyuruq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Qeyd edək ki, regionda kommunikasiyaların açılması ilə bağlı müddəa məhz qalib Azərbaycanın diktəsi ilə bəhs olunan sənəddə öz əksini tapıb. Burada hər şey konkret və aydın yazılıb. Sonradan Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxşıvanı birləşdirəcək yolu Zəngəzur dəhlizi adlandırdı və bu termin beynəlxalq miqyasda qəbul olundu. Bu dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanacaq, beləliklə də, böyük bir coğrafiyada iqtisadi-nəqliyyat əlaqələrinin inkişafında öz rolunu oynayacaq.

Zəngəzur dəhlizinin açılmasının zəruriliyini bir sıra nöqteyi-nəzərdən əsaslandırmaq mümkündür. Bu yolun açılması Azərbaycanın milli, tarixi və strateji maraqlarına tam cavab verir. Naxçıvan Ermənistanın işğal siyasətinə görə üç onillik ərzində Azərbaycanın əsas hissəsindən izolə edilmişdi və blokada şəraitində yaşamaq məcburiyyətində qalmışdı. Nəzərdə tutulan dəhliz, nəhayət, Naxçıvanın blokadasına son qoyacaq.

Bəhs olunan marşrut regional əməkdaşlığın dərinləşməsinə yeni imkanlar açır. Bu dəhliz region dövlətlərini 3+3 və yaxud 3+2 formatında birləşdirəcək. Türkiyə, Rusiya, İran və Azərbaycan bu platformada yer almaq niyyətlərini birmənalı şəkildə ifadə ediblər.  Ümumiyyətlə, burada uduzan tərəf yoxdur. Dəhlizin açılması, həmçinin üç onillik ərzində işğalçılıq siyasətinin girovuna çevrilən və dalan ölkə kimi bütün investisiya cəlbediciliyini itirən Ermənistanın özü üçün də faydalıdır. Dəhlizin açılması sayəsində bu ölkə qonşu dövlətlərlə, o cümlədən də İran və Rusiya kimi tərəfdaşları ilə nəqliyyat bağlantısına malik olacaq ki, bu da onun üçün hava və su kimi zəruridir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını Ermənistan üçün qızıl fürsət kimi dəyərləndirib.

Azərbaycanın siyasi iradəsi və gücü

Azərbaycan Zəngəzur dəhlizinin açılmasına güclü siyasi iradə sərgiləyir. Digər tərəfdən, məsuliyyətli dövlət olan Azərbaycan üçtərəfli Bəyanatın regionda kommunikasiyaların açılmasını özündə ehtiva edən müddəalarının yerinə yetirilməsi üçün praktiki müstəvidə böyükhəcmli işlər görür. Zəngəzur dəhlizi dəmir yolu və avtomobil yolu seqmentlərindən ibarət olacaq. Respublikamızda dəhlizin hər iki seqmenti üzrə işlər intensiv şəkildə davam etdirilir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi üzrə böyük iş həcmi yerinə yetirilib. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Azərbaycandan Naxçıvana, oradan isə Türkiyəyə uzanacaq nəqliyyat dəhlizinin dəmir yolu seqmentinin Azərbaycan ərazisindən keçən hissəsində də işlər intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyevin iştirakı ilə 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya - Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək. Ayrı-ayrı layihələr üzrə işlər artıq yekunlaşdırılıb.

Respublikamızın ərazisində Zəngəzur dəhlizinin hər iki seqmenti üzrə işlərin sürətlə davam etdirilməsi Azərbaycan dövlətinin gücünü nümayiş etdirir. Yalnız Azərbaycan kimi məsuliyyətli və güclü dövlət müharibədən təzə çıxmasına baxmayaraq, iri həcmlərdə maliyyə tutumun? malik layihələrin icrasını yüksək səviyyədə təmin edə bilər.

Azərbaycanın konstruktiv mövqeyinə rəğmən, Ermənistan Zəngəzur dəhlizinin açılmasında da qeyri-səmimilik nümayiş etdirərək gah nala vurur, gah da mıxa. Xatırlayaq: Başlanğıcda özünü cığal uşaq timsalında aparan Ermənistan ərazisindən maneəsiz keçidin təmin olunmasını “suveren hüquqlarının pozulması”  kimi yozmağa çalışırdı. Bu bəhanə işə yaramadıqda, forpost ölkənin rəsmiləri dəhliz üzərində sərhəd keçid və gömrük məntəqələrinin qurulmasının “zəruriliyini” əsaslandırmağa çalışdılar. Bu “əsaslandırma” da bir işə yaramadı. Azərbaycan Prezidenti qarşı tərəfə sərt mesajlarını çatdıraraq bildirdi ki, Zəngəzur dəhlizində hansı şərtlər tətbiq ediləcəksə, Laçın yolunda da eyni qaydalar qüvvəyə minəcək.

Məğlub Ermənistanın digər bir, yumşaq desək, cığallığı marşrutla bağlıdır. Qeyd etdiyimiz kimi, müharibə iki il bundan qabaq bitib. Ermənistan isə yeni dəhlizin qurulması ilə bağlı qabağa heç bir addım da atmayıb. Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək avtomobil yolunun Ermənistandan keçəcək hissəsinin marşrutu hələ də dəqiqləşməyib. Ermənistan Azərbaycandan Naxçıvana uzanacaq avtomobil yolu üçün  Laçın-Gorus marşrutunu təklif edir. Bu marşrut həm relyef, həm də iqtisadi baxımdan səmərəli deyil. Azərbaycan avtomobil yolunun dəmir yolu xəttinə yaxın və paralel çəkilməsinin tərəfdarıdır. Respublikamızın mövqeyi dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb.  Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə  qarşı tərəfə son sərt xəbərdarlığını edərək vurğulayıb: “Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik”.

Qalib Azərbaycanın Prezidentinin son xəbərdarlığına məğlub Ermənistanın hansı cavabı verəcəyi hələlik bəlli deyil. Ancaq bir məqamı dəqiq şəkildə qeyd edə bilərik ki, Zəngəzur dəhlizi mütləq açılacaq, Ermənistan bunu istəsə də, istəməsə də!

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31