Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Hədəf daxili təminatı 100 faizə çatdırmaqdır

Hədəf daxili təminatı 100 faizə çatdırmaqdır

16.08.2022 [10:30]

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün fəal və ardıcıl iş

Prezident İlham Əliyev: Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək

Mübariz ABDULLAYEV

Hazırda dünyada cərəyan edən arzuolunmaz proseslər, o cümlədən də Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər yaradıb. İki böyük ərzaq məhsulları istehsalçısı olan ölkənin müharibəyə cəlb olunması qlobal ərzaq bazarının təchizat zəncirini qırıb, istehlakçılara tələb olunan qədər məhsul çatdırılmır. Tələblə təklif arasında kəskin disbalans qıtlığa və inflyasiyaya yol açır. Artıq inkişaf etmiş ölkələrdə belə bu təsirlər açıq şəkildə hiss olunur və inflyasiya ikirəqəmli səviyyəyə yüksəlib.

Dünyadakı belə vəziyyət uğurlu siyasət sayəsində qlobal iqtisadiyyata sıx inteqrasiya olunan Azərbaycana da təsirsiz ötüşmür. Bu barədə Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ətraflı bəhs edib. “Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, - əgər belə demək mümkündürsə, - idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Özünütəminat səviyyəsinin yüksəldilməsi

Azərbaycanda daxili istehsalın genişləndirilməsi yolu ilə ölkənin ərzaq təminatının möhkəmləndirilməsi yeni bir məsələ deyil. Prezident İlham Əliyev hələ bir neçə il bundan əvvəl ərzaq təhlükəsizliyini ölkənin milli təhlükəsizliyinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini bəyan etmiş və buna nail olmaq üçün daxili istehsalın genişləndirilməsi ilə bağlı konkret tapşırıqlarını vermişdi. İndiyədək dövlət başçısının imzaladığı sənədlər əsasında respublikamızda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini hədəfləyən bir neçə Dövlət Proqramı qəbul olunaraq onların icrası uğurla təmin edilib. Göstərilən siyasi və maddi dəstək tədbirlərinin məntiqi nəticəsi olaraq respublika üzrə müxtəlif növ ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Bu, ölkəmizdə ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəlməsində  də nəzərə çarpır. Artan qlobal gərginliklər fonunda Azərbaycanda bir sıra ərzaq məhsullarına olan daxili tələbatın tam şəkildə yerli istehsal hesabına qarşılanmasına nail olunub ki, bu da böyük uğurdur. Götürək ərzaq təminatında əsas pozisiyalardan sayılan heyvandarlıq seqmentini. Keçmiş sovet dönəminə nəzər salsaq, görərik ki, bu sahə respublikamız üçün ənənəvi olmayıb - ət və ət məhsullarına tələbat böyük həcmdə idxal hesabına qarşılanıb. Müstəqillik illərində görülən tədbirlərin nəticəsində isə respublika üzrə ət məhsulları ilə daxili təminat səviyyəsi 90 faizi ötüb. Bundan başqa, Azərbaycan artıq quş ətinə olan tələbatın 80 faizini, süd məhsullarına tələbatın 85 faizini yerli istehsal hesabına qarşılayır. Ölkəmizdə, həmçinin daxili tələbatı ödəyəcək qədər meyvə-tərəvəz istehsal olunur, bu sahədə, hətta müəyyən həcmlərdə ixrac potensialımız da yaranıb.

Qarşıya qoyulan hədəf isə ölkə daxilində ərzaq məhsulları istehsalının artırılmasına nail olmaqdır. Prezident İlham Əliyev  növbəti 3-5 il ərzində respublikamızda müxtəlif pozisiyalar üzrə daxili tələbatın  yüz faiz yerli istehsal hesabına qarşılanacağına əminliyini diqqətə çatdırıb. “Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Taxılla özünütəminat səviyyəsinin 80 faizə çatdırılması

Azərbaycanda ərzaq təhlükəsizliyi üzrə ən narahatlıq yaradan istiqamətlərdən biri taxıl pozisiyasıdır. Milli mətbəximizdə ənənəvi olaraq çörəkdən çox istifadə olunsa da, ölkədə buğda istehsalı tələbatdan geri qalır. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Respublikamızda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. Bütövlükdə, respublikamızın illik buğda idxalı 1 milyon tondan çoxdur. Yuxarıda sadalanan xarici amillər fonunda respublikamıza taxıl idxalı azalsa da, ödəmələrdə artım müşahidə edilir ki, bu da yüksək qiymətlərlə bağlıdır. 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 124 049,4 ABŞ dolları dəyərində 355 625,06 ton buğda idxal edilib. Təhlillər göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 24,3% artıb, həcmi isə 9,3% azalıb. Qeyd edək ki, bu ilin ilk beş ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,42%-nə bərabər olub.

Müsahibədə də bildirildiyi kimi, indiki şəraitdə söhbət yalnız taxılın qiymətinin bahalaşmasından getmir. Məsələ burasındadır ki, mövcud geosiyasi gərginliklər fonunda taxılın idxalını da asanlıqla həyata keçirmək mümkün deyil.  Bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Azərbaycanın belə çətin şəraitdə də taxıl idxalını ənənəvi qaydada davam etdirdiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur”.

Taxıl pozisiyası üzrə həm əkin sahələrinin genişləndirilməsi, həm də intensiv metodların tətbiqi ilə məhsuldarlığın artırılması nəzərdə tutulur. Prezident İlham Əliyev ölkədə taxıl istehsalının artırılması ilə bağlı hədəfləri diqqətə çatdıraraq bildirib: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır”.

Qeyd edək ki, elə bu günlərdə Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Sənədə əsasən fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur. Fermerlərimiz bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. Bununla yanaşı, bu Fərman ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edəcək. Digər tərəfdən, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyyən olunacaq. Bununla da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq, ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.

Artıq müvafiq qurumlar Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyində Fərmandan irəli gələn məsələlərin həlli ilə əlaqədar ərzaqlıq buğda istehsal edə biləcək potensial təsərrüfatların müəyyənləşdirilməsinə start verilib. Bu günlərdə qurum ərzaqlıq buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılmasını təmin etmək üçün fermerlərə müraciət edib. Bildirilir ki, sahəsi 50 ha-dan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və ya qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri müqavilə bağlamaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.

Taxıl əkilən sahələrdə yüksək məhsuldarlığa nail olunması üçün aqrotexniki qaydalara əməl olunması vacib şərtlərdən biridir. Qeyd edək ki, mineral gübrələrin elmi əsaslarla verilməsi taxılın qida maddələrinə olan tələbatını ödəyir və buna görə də, müasir dövrdə taxıl eyni tarlada 2-3 il fasiləsiz əkilir. Belə hallarda taxıldan sonra yenə taxıl əkiləcək sahənin hazırlanmasına kövşənliyin üzlənməsindən başlanmalıdır. Hazırda bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. Avqustun 1-dək ölkə üzrə 526748 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 58.4 faizini təşkil edir. Biçilmiş sahələrdə ən çox yay şumu Bərdə (96.9%), Sabirabad (96.6%), Yevlax (96.1%), Hacıqabul (94.4%), Ucar (89.2%), Neftçala (84.4%) və Qobustan (84,1%) rayonlarında aparılıb.

Qarabağda yeni torpaqlar dövriyyəyə cəlb olunur

Azərbaycan 44 günlük Vətən müharibəsində təxminən 11 min kvadratkilometr ərazisini işğaldan azad etdi. İndi həmin ərazilərdə də ərzaq məhsulları istehsalı imkanlarından istifadə olunmasına başlanıb. Prezident İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. “Biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək”, - deyə dövlət başçısı vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərin ərzaq məhsulları istehsalı imkanlarından həm heyvandarlıq, həm də bitkiçilik seqmentləri üzrə istifadə edilir. Ötən il olduğu kimi, 2022-ci ildə də bəhs olunan ərazilərdəki yaylaqlara mal-qaranın və arı ailələrinin köçü uğurla təmin edilib. Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, cari il iyulun 1-dək azad olunmuş ərazilərdəki yaylaqlara ümumilikdə 329166 xırdabuynuzlu, 23794 iribuynuzlu, 831 digər heyvanın köçürülməsi təmin edilib. Ümumilikdə, Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib. Bundan başqa, cari ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarındakı yaylaqlara 1101 arıçı tərəfindən 61045 arı ailəsi aparılıb. 2022-ci il yaylaq mövsümündə 17406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib.

İlkin dəyərləndirmələrə görə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə təxminən  200 min hektar əkinə yararlı torpaq fondu var. Bunun 100 min hektarının bu ilin sonuna qədər minalardan tam təmizlənməsi gözlənilir. Bu da imkan verəcək ki, işğaldan azad edilmiş ərazilərdə həm taxıl, həm də digər uyğun bitkilərin əkilib-becərilməsi həyata keçirilsin. Qeyd edək ki, cari ildə işğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədə taxıl əkini həyata keçirilib və artıq məhsul tədarük olunub. Prezident İlham Əliyev əkin sahələrinin genişləndirilməsi ilə bağlı hədəfləri diqqətə çatdıraraq vurğulayıb: “Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdi. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın suyundan, Bazar çayın suyundan istifadə edə bilmirdik. Bunlar, azad edilmiş torpaqlarda əsas çaylardır, amma o çayların sayı daha da çoxdur”.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31