Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Süni qiymət artımı yolverilməzdir

Süni qiymət artımı yolverilməzdir

20.08.2022 [10:33]

Nicat DİLQƏMLİ

Dünyanın ən çox taxıl ixrac edən dövlətlərində - Rusiya və Ukrayna -müharibə səbəbindən yaranan problemlər digər ölkələr üçün taxıl təminatında çətinliklər yaradır. Qlobal siyasi-iqtisadi proseslər dünya ərzaq bazarındakı qiymətlərə öz təsirini göstərir. BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarına əsasən iyulda qlobal ərzaq qiymətləri iyunla müqayisədə 8,6 faiz azalmaqla 140,9 bəndə düşüb. Bu azalmanın əsas səbəbi taxıl məhsulları və bitki yağlarının kəskin, şəkər, süd məhsulları və ətin isə qismən ucuzlaşmasıdır. Ucuzlaşmaya baxmayaraq, qlobal ərzaq bazarında qiymətlər ötən ilin eyni dövrünə nəzərən 13.1 faiz yüksəkdir. 

Azərbaycan ərzaqlıq buğda ehtiyaclarını idxal hesabına qarşılayan ölkələrdən biridir. Məhz bu səbəbdən də dünya bazarındakı qiymətlərin ölkədə un və çörək qiymətlərinə təsiri qaçılmazdır.

Ölkəmizdə unun və çörəyin qiymətində artım olub. Belə ki, yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.

Dəyişikliyə əsasən, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.

“COV?D-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir”. Bu barədə iri un və çörək istehsalçılarının birgə məlumatında bildirilir. Qeyd edilib ki, əsas ərzaqlıq buğda istehsalçısı olan ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, habelə həmin məhsulların qlobal ticarətində məhdudiyyətlər müşahidə olunur. Münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib.

Məlumatda diqqətə çatdırılır ki, un istehsalçıları çörək və un məmulatlarının qiymətini 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir.

Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dünyada baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi, bu müharibə səbəbindən Ukraynadan taxılın ixracına qadağa qoyulması və digər bu kimi məsələlər dünyada taxıl bazarına öz təsirini göstərib: “Bu söhbətlər uzun müddət idi ki, gedirdi. Çünki dünyada baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi, bu müharibə səbəbindən Ukraynadan taxılın ixracına qadağa qoyulması və digər bu kimi məsələlər dünyada taxıl bazarına öz təsirini göstərib. Bildiyimiz kimi, bir qədər bundan əvvəl İstanbulda BMT, Türkiyə, Ukrayna, Rusiya rəsmiləri arasında sənəd imzalandı. Həmin sənədə əsasən Ukraynadan taxılın ixracına müəyyən qədər şərait yarandı. Amma buna baxmayaraq, dünya bazarında taxıla tələbat və qiymətlər kifayət qədər yüksəkdir. Bir neçə il bundan öncə taxılın bir tonunun qiyməti 220 dollar olduğu halda, hazırda bu rəqəm 365 dollara yüksəlib. Yəni dünyada taxıl qıtlığı var. Azərbaycan da taxıl idxal edən ölkədir. İdxal da əsasən Rusiya, Ukrayna və Qazaxıstandan həyata keçirilir. Burada da müəyyən qədər qiymət artımları olub və bu, Azərbaycana da öz təsirini göstərir, müəyyən problemlər yaranır”.

Deputat hazırda bir kisə unun 47 manata satılması hallarının müşahidə olunması barədə də məlumat verib. Süni qiymət artımına gedən şəxslərdən söhbət açan V.Əhmədov bunun yolverilməz olduğunu diqqətə çatdırıb:  “İndi bir kisə unun qiyməti haradasa 41 manat, çörəyin qiyməti isə 70 qəpiyə qədər artıb. Son vaxtlarda bazarda möhtəkirlərin görünməsi narahatlıq doğurur. Bir kisə unun 44-47 manata satılması ilə bağlı məlumatlar gəlir. Unun bir kisəsinin qiyməti 41 manatdırsa, onun yol xərci hesablananda olsun 42, maksimum 43 manat. 46-47 manata un satmaq olmaz. Bu, yolverilməzdir. Çörək əhalinin əsas ərzaq tələbatıdır. Ailələr var ki, gündə altı çörək alırlar. Çörəyin çəkisi ilə də bağlı müəyyən problemlər var. Əvvəlki qədər olmasa da, hər çörəkdə 30-35 qrama qədər əskiklik müşahidə edilir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ciddi monitorinqlər aparılır. Bunun qarşısı alınmalıdır”.

Millət vəkili, eyni zamanda, Azərbaycana digər ölkələrdən də buğda ixracı ilə bağlı etdiyi təklifi diqqətə çatdırdı: “Ümumiyyətlə, mən başqa ölkələrdən də taxılın ixrac edilməsini bir neçə dəfə təklif etmişəm. Taxılı başqa dövlətlərdən də almalıyıq. Məsələn, Pakistan kimi bizə yaxın olan dövlət var. Bir neçə dəfə də Azərbaycana taxıl ixracını təklif ediblər. Doğrudur, dünya miqyasında ən çox taxıl ixrac edən dövlətlər Ukrayna və Rusiyadır. Amma Pakistan da kifayət qədər böyük ixrac potensialına malik olan ölkədir. Alternativ variantlar olmalıdır ki, əgər bir neçə dövlətdə vəziyyət pisləşərsə, biz digər dövlətlərdən taxıl idxal edə bilək. Bildiyimiz kimi, biz özümüzü ərzaq taxılı ilə təmin edə bilmirik. Düzdür, son zamanlar Prezident İlham  Əliyevin göstərişlərinə uyğun olaraq həm işğaldan azad olunmuş ərazilərdə müəyyən taxıl əkini həyata keçirilib, o cümlədən digər bölgələrdə də icra başçılarına boş sahələrdə taxıl əkininin aparılması, fermerlərə subsidiyaların, dotasiyaların verilməsi ilə bağlı göstərişlər verilib. Dövlət başçımız tərəfindən lazımi tədbirlər həyata keçirilir. Amma dünyada taxılın qiymətinin artması, müəyyən qədər qıtlığın yaranması respulikamızda da qiymət artımına gətirib çıxardı”.

“Çox vaxt deyirlər ki, neft və qazın qiymətləri yüksəkdir, qiymətlər niyə qalxır? Düzdür, Azərbaycanın kifayət qədər vəsaiti var, ölkəmizdə maliyyə problemi yoxdur, istənilən qədər taxıl alıb gətirə bilərik. Amma dünyada taxıl qıtlığı problemi var. Hər yerdən də taxıl almaq olmur. Çoxları taxılın idxalına embarqo qoyublar və bununla yanaşı digər problemlər də var. Problemlər olduqca ciddidir. Bütün bu problemləri nəzərə alaraq, əhalimiz çörəyin qiymətindəki dəyişikliyi anlayışla qarşılamalıdır”, -  deyə V.Əhmədov fikirlərinə yekun vurub.

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabah yağış yağacaq

06 Oktyabr 12:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31