Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Daşımalar üçün yeni imkanlar

Daşımalar üçün yeni imkanlar

26.08.2022 [09:52]

Azərbaycanla Qazaxıstan arasında nəqliyyat sektoru üzrə memorandum imzalanıb

M.FEYİZLİ

2022-ci il Azərbaycanla Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsi baxımından əlamətdar bir ildir. Bu da onunla bağlıdır ki, düz 30 il əvvəl, yəni 1992-ci il avqustun 27-də iki ölkə arasında diplomatik münasibətlər qurulub. Üç onillik tarix üçün nisbətən qısa müddət olsa da, ötən dövrdə ölkələrimiz arasında əməkdaşlıq dərinləşib, dövlətlərarası münasibətlər yüksək səviyyəyə yüksəlib.  

Azərbaycanla Qazaxıstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Bu gün Qazaxıstan 181.7, Azərbaycan isə 48 milyard dollar nominal ÜDM-ə malikdirlər. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Bu gün Azərbaycana Qazaxıstandan buğda, təbii barium sulfatı (barıt), bir sıra neft məhsulları idxal olunur. Öz növbəsində ölkəmiz Qazaxıstana ağ şəkər və kimyəvi cəhətdən təmiz olan digər saxaroza, meyvə, meyvə şirələri, mebellər ixracını həyata keçirir.

Nəqliyyat sektorunda əməkdaşlıq 

Nəqliyyat seqmenti iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Bu günlərdə  Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri Uskenbayev Kairbek Aitpaeviç, Qazaxıstan Respublikasının Energetika naziri Akçulakov Bolat Uraloviç və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin İdarə Heyətinin sədri Sauranbayev Nurlan Ermekoviç Bakı Limanı?da işgüzar görüş keçiriblər. Görüş zamanı, həmçinin, Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb.

Azərbaycanla Qazaxıstanın müvafiq qurumlarının nəqliyyat seqmenti üzrə yeni sənədi imzalamaları isə heç də təsadüfi deyildir. Xəzər hövzəsi regionunun güclü iqtisadi potensiala, böyük enerji resurslarına malik olan və Türk Şurası çərçivəsində, eləcə də digər beynəlxalq platformalarda sıx əməkdaşlıq edən iki dost ölkəsi əlverişli coğrafi mövqelərindən istifadə etməklə özlərinin tranzit imkanlarını genişləndirməyə davamlı səy göstərir. Biz Azərbaycanın və Qazaxıstanın nəqliyyat sektorunda fəaliyyətlərini uzlaşdırdıqlarını müşahidə edirik.   Ölkələrimiz Orta Dəhlizin çox mühüm halqalarını təşkil edirlər. Hər iki ölkənin marağı bu dəhlizin imkanlarından maksimal dərəcədə faydalanmaqdır.

Sirr deyil ki, indiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Xəzər dənizi vasitəsilə Azərbaycanı və Qazaxıstanı birləşdirən Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

Orta Dəhlizin bir sıra digər önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir.

Orta Dəhlizin funksionallığının artmasına Azərbaycan və Qazaxıstan mühüm töhfələr verirlər. Hər iki ölkə dəhlizin onların ərazisindən keçən hissəsində yüksək səviyyəli müasir infrastruktur qurmağa nail olub. 2017-ci ilin 30 oktyabr tarixində istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. BTQ dəmir yolu Çindən Azərbaycan və Qazaxıstan vasitəsilə Türkiyəyə yüklərin çatdırılma müddətini 12 günə qədər azaldıb.

Azərbaycan və Qazaxıstan, eyni zamanda Orta Dəhlizin üzərində yerləşən ölkələr arasında fəaliyyətlərin uzlaşdırılmasına da böyük səy göstərirlər.  Qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir. Bu kimi aktual məsələlər cari ilin birinci yarısında Bakıda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ölkədə səfərdə olan Qazaxıstan Respublikasının “Samruk-Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüşdə ətraflı müzakirə edilib. Görüş zamanı iki ölkə üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin optimallaşdırılması, gömrük prosedurlarının sinxronlaşdırılması barədə müzakirələr aparılıb. Bildirilib ki, Azərbaycanın və Qazaxıstanın coğrafi xüsusiyyətləri - Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələrimiz arasında mövcud nəqliyyat şəbəkəsinin tam gücü ilə istifadə edilməsini təmin etmək üçün real şərtlər yaradır.

Daşımaların həcmində yüksək artım dinamikası

Artıq biz Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının intensiv şəkildə artdığını görürük. Verilən məlumatlara görə cari ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 19 milyon 622,5 min ton, yük dövriyyəsi isə 4 milyard 804,9 milyon ton-kilometr olub. Yüklərin 10 milyon 716,5 min tonu və ya 54,6 faizi avtomobil nəqliyyatı, 6 milyon 408,3 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 497,7 min tonu və ya 12,7 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 26,3 faizini və ya 5 milyon 160 min tonunu tranzit yüklər təşkil edib. Bakı Limanının texniki imkanları, müasir logistik həllərin tətbiqi ilə yükaşırmada operativliyin təmini, yük sahibləri üçün yaradılan rahat şərait və bunun kimi bir çox amillərə əsasən limana cəlb edilən yükün həcmi intensiv şəkildə artır. Əgər ötən ilin ilk yarısında Bakı Limanı vasitəsilə 576 min tondan çox quru yük daşınmışdısa, bu ilin ilk yarısında göstərici 666 min tondan çox olub ki, bu da 15,7 faizlik artım deməkdir. Cari ilin sonuna kimi də artımın davamlı olacağı proqnozlaşdırılır. 2022-ci ilin birinci yarısında Qazaxıstanın Aktau limanından isə Orta Dəhliz vasitəsilə 1,2 milyon ton yük daşınıb. Bu həcmin ilin sonunadək 6 dəfə artacağı proqnozlaşdırılır. Bütövlükdə,  hər iki ölkənin limanları arasında yük dövriyyəsi artmaqda davam edir. Cari ilin 7 ayı ərzində Bakı Limanı vasitəsi ilə Qazaxıstan üzərindən yükdaşımaların həcmi  2021-ci ilin analoji 7 aylıq dövrünün göstəricisindən 219,1 faiz çox olub.

Azərbaycanın və Qazaxıstanın müvafiq qurumları arasında imzalanan sənəddə Orta Dəhlizlə daha çox həcmdə yüklərin daşınmasına yeni imkanların yaradılması hədəflənib. Memoranduma əsasən Asiya-Avropa transkontinental marşrutlar üzrə multimodal daşımaların daha da artırılması, nəqliyyat və logistika sahəsində innovativ həllərin tətbiq edilməsi ilə sürətli yükdaşımalarının artırılmasında qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı məsələləri barəsində bir sıra razılıqlar əldə olunub.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30