Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bir dünya şirkəti olan BP ilə...

Bir dünya şirkəti olan BP ilə...

30.11.2022 [10:02]

30 illik tərəfdaşlıq

Mübariz FEYİZLİ

Zəngin karbohidrogen resurslarına malik olan Azərbaycan özünün uğurlu enerji siyasətini bütün dünyada tanınan transmilli şirkətlərlə sıx əməkdaşlıq şəraitində həyata keçirir. Azərbaycan Xəzər hövzəsi regionunda transmilli şirkətlərin iştirakı ilə enerji hasilatına başlayan ilk ölkədir. Sonrakı dövrdə respublikamızın transmilli enerji şirkətləri ilə əməkdaşlığının əhatə dairəsi daha da genişləndi və yeni yataqların kəşfiyyatını, istismarını əhatə etdi. Transmilli şirkətlərlə ölkəmiz arasında sıx tərəfdaşlıq münasibətləri formalaşıb. İndiyədək elə bir fors-major halı olmayıb ki, respublikamız üzərinə götürdüyü hər hansı bir öhdəliyi vaxtında yerinə yetirməsin. Azərbaycanın məsuliyyətli davranması transmilli şirkətlərin ölkəmizə inamını artırıb. Respublikamızla sıx əməkdaşlıq münasibətləri quran və bundan məmnunluq duyan xarici şirkətlərdən biri də Böyük Britaniyanı təmsil edən BP-dir.

BP-nin 9 milyard dollar həcmində investisiya hədəfi

Obrazlı şəkildə belə ifadə olunur ki, dünyanın hansı bir məkanında karbohidrogen resurslarının istismarı həyata keçirilirsə, BP-ni orada görmək mümkündür. Şirkətin rəhbər şəxslərinin təbirincə desək, artıq bir əsrdən çoxdur ki, BP beynəlxalq neft şirkəti kimi fəaliyyət göstərir. Dünya neft-qaz hasilatı tarixində bir sıra yeniliklər və həllər məhz bu şirkətin adı ilə bağlıdır. BP perspektiv üçün strateji hədəfini belə müəyyənləşdirib: 2030-cu ilədək qlobal miqyasda neft və qaz biznesinə ildə təxminən 9 milyard ABŞ dolları həcmində investisiya yönəltmək. Bu kifayət qədər böyük həcmdir və şirkətin fəaliyyət sferasının nə qədər geniş və məhsuldar olduğunu təsdiqləyir.

Lakin neft və qaz sektoru BP-nin fəaliyyətində yeganə istiqamət deyildir. Bir neçə il bundan öncə BP öz yeni məramını, “xalis sıfır” hədəfini və həmin məqsədlərə necə çatmaq strategiyasını bəyan etdi. Bütövlükdə, BP enerji haqqında təsəvvürləri dəyişmək və çoxprofilli enerji şirkətinə çevrilmək niyyətindədir. Belə ki, şirkət ənənəvi fəaliyyət sferasına sadiq qalmaqla yanaşı, “yaşıl enerji”yə transformasiya etməyi də planlaşdırır. Ənənəvi enerjidən “yaşıl enerji”yə transformasiya yeni qlobal çağırışdır. Hazırda bütün dünyada dərk olunur ki, daha az karbonlu enerjiyə keçid zəruridir. Bu həm ekoloji tələblər, həm də iqtisadi səmərəlilik baxımından qarşısı alınmaz bir transformasiya prosesi olacaq. Təsadüfi deyildir ki, Avropanın xilas planında üstünlük “yaşıl enerji”yə keçidə verilib. İnnovasiyalara açıq olan və fəaliyyətində qlobal çağırışları, yeni trendləri əsas tutan BP şirkətinin də

2030-cu ilə qədər daha çox şaxələnmiş bir enerji şirkəti olacağı gözlənilir. BP bərpa olunan enerji sektorunda xalis istehsal gücünü 2019-cu ildə olduğundan 20 qat artıraraq 50 QVt-a, az karbonlu enerji sahələrinə investisiya qoyuluşunu 10 dəfə artıraraq təxminən illik 5 milyard ABŞ dolları səviyyəsinə çatdırmağı qarşıya məqsəd qoyub.

Müstəqilliyimizin yaşı qədər əməkdaşlıq tarixi

Bir dünya şirkəti olan BP-nin Azərbaycanla əməkdaşlıq tarixi 30 illik dövrü əhatə edir. Bu əməkdaşlığın praktiki müstəvidə təməli 1994-cü ildə “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun

2050-ci ilədək işlənməsi haqqında yeni sənəd imzalanıb. Layihənin operatoru qismində 30,37% paya malik BP çıxış edir. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda sualları cavablandıran Prezident İlham Əliyev BP-nin Azərbaycanda, həmçinin qaz hasilatında da fəal rol aldığına diqqət çəkərək bildirib: “BP ilə planlarımıza gəldikdə, əlbəttə ki, biz əməkdaşlığımızı davam etdiririk. BP Azərbaycanda strateji sərmayədardır və bildiyiniz kimi, “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. Şirkətin öz fəaliyyətini genişləndirmək planları var. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. Bilirəm ki, BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqlar çox uğurla gedir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. Hazırda isə hər şey aydındır. Bazarda qaza ehtiyac var. Nəhəng potensialdan istifadə etmək vaxtı yetişib, çünki “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağında hasil ediləcək qaz ayrıca böyük qaz yatağını nəzərdə tutur”.

Azərbaycanın və BP-nin “yaşıl enerji” hədəfləri

Biz yuxarıda BP-nin “yaşıl enerji” hədəflərindən bəhs etdik. Ənənəvi enerji sektorunda uğurlu əməkdaşlıq tarixinə malik olan Azərbaycan və BP-ni “yaşıl enerji” sahəsində də ortaq maraqlar birləşdirir. Perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpa olunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir.

Xəzər sahilləri ilə yanaşı, Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də sözün əs l mənasında “yaşıl enerji” vadisidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlilimiz aparılıb. Beləliklə, günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır. Digər tərəfdən, bərpa olunan enerji mənbələrindən daha çox enerji istehsal edilməsi, daha çox həcmlərdə qazın beynəlxalq bazarlara yönəldilməsi imkanları deməkdir. Prezident İlham Əliyev BP-nin Azərbaycanda bu sahəyə birincilər sırasında sərmayələr yönəltməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Siz, həmçinin enerji şirkətlərinin “yaşıl enerji”yə keçiddə iştirakı barədə bilirsiniz. BP, həmçinin bu prosesə rəhbərlik edir. Onların azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. Bu, onların nəinki Azərbaycanda bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır. Buna görə biz çox minnətdarıq ki, 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq”.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28