Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ərzaq bazarının tənzimlənməsində yeni qaydalar

Ərzaq bazarının tənzimlənməsində yeni qaydalar

30.11.2022 [10:22]

Keyfiyyət amili önə çəkilir

M.ABDULLAYEV

Hazırda qlobal miqyasda meydana çıxan ən mühüm çağırışlardan biri ölkələrin ərzaq təhlükəsizliyi ilə bağlıdır. Son illərdə bəşəriyyət davamlı şəkildə iqlim dəyişiklikləri, qlobal istiləşmə tendensiyası ilə üzləşir. Eyni zamanda dünyanın gah bu, gah da digər bir bölgəsində müharibələr, siyasi çəkişmələr səngimək bilmir. Belə arzuolunmaz təzahürlər isə ərzaq məhsullarının istehsalına mənfi təsir göstərir ki, bu da dünya üzrə əhalinin artması fonunda fəsadlara yol açır. Hazırda dünyanın ayrı-ayrı bölgələrində yaşanan ərzaq qıtlığı buna kədərli nümunədir. Ərzaq məhsullarının qiyməti kəskin şəkildə artır.

Azərbaycanda vəziyyət

Azərbaycanda ölkənin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Son 19 ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Belə ki, ölkədə etibarlı ərzaq təminatına nail olunması üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında ərzaq təminatı ilə bağlı bir neçə Dövlət Proqramı qəbul edilərək uğurla reallaşdırlıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətin xarakterik cəhəti ondan ibarətdir ki, ölkəmiz qida təhlükəsizliyinə həm sosial, həm də iqtisadi məsələ kimi yanaşır. Məlumdur ki, ölkəmizdə dinamik iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə tamamlanır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qida təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılması da ölkəmizdə sosial sahənin prioritetliyinə verilən önəmin ifadəsidir. Dövlət daxili tələbatı qarşılayacaq qədər keyfiyyətli qida ehtiyatları yaratmaqla ilk növbədə ölkə əhalisinin, vətəndaşların sağlamlığını yüksək səviyyədə təmin etmək məqsədi güdür.

Eyni zamanda, məsələnin iqtisadi tərəfi də kifayət qədər önəmlidir. Qida təhlükəsizliyi ilə əlaqədar mexanizmin səmərəli fəaliyyət göstərməsi, normativlərin beynəlxalq standartlara uyğunlaşdırılması ərzaq məhsulları idxalının azalmasına, kənd təsərrüfatının ixrac potensialının yüksəlməsinə müsbət təsir göstərir. İdxalı azaltmaqla respublikamız özünün valyuta ehtiyatlarına qənaət edə bilər ki, bu da indiki dönəmdə çox aktual məsələdir.

Ölkəmizdə ərzaq məhsulları istehsalının genişləndirilməsi ilə bağlı dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə paralel surətdə hərtərəfli texniki və maliyyə təminatı ilə dəstəklənir. Aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir və davamlı xarakter daşıyır. Son illərdə dövlət dəstəyi mexanizmlərinin tətbiqi sayəsində suvarılan torpaqların əhatə dairəsi xeyli genişlənib, dövriyyəyə yeni əkin sahələri cəlb olunub. Eyni zamanda ölkə üzrə böyük təsərrüfatların, aqroparkların yaradılması geniş vüsət alıb. Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə də əkin-biçin işləri aparılır. Burada bir sıra yeni təsərrüfatlar dövlət başçısının iştirakı ilə istifadəyə verilib.

Həyata keçirilən bu kimi tədbirlər yaxşı nəticələr verir. Ölkə?? bir sıra pozisiyalar üzrə daxili tələbatın sırf yerli istehsal hesabına ödənilməsi böyük uğurdur. Heyvandarlıq məhsulları, quş əti, yumurta, meyvə-tərəvəz təchizatı kimi mühüm pozisiyalarda daxili istehsalın çəkisi daha yüksəkdir.

Yeni hədəflər

Ölkələrin ərzaq təhlükəsizliyinə artan təhdidlər fonunda Azərbaycan yeni hədəflər müəyyənləşdirib. Perspektivdə ölkənin ərzaq bazarının tənzimlənməsində dövlətin rolunun artırılması nəzərdə tutulur. Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir. Belə ki, qanuna yeni “Ərzaq bazarının dövlət tənzimlənməsi” adlı maddə əlavə olunur. Yeni maddəyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq qaydada ərzaq balansının tərtib olunması nəzərdə tutulub.

Vurğulandığı kimi, ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçiriləcək. Tənzimləmə mexanizmi özündə aşağıdakıları ehtiva edir:

1. Qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;

2. Qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;

3. Ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;

4. İstehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;

5. Ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi.

Dəyişiklik təqdir olunur

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 1995-ci ildə qəbul olunub. Çox təəssüf ki, sonrakı mərhələdə qanuna edilən dəyişikliklər istehlakçıların xeyrinə olmayıb. Bununla bağlı biz dəfələrlə müvafiq qurumların təmsilçiləri ilə müzakirələrə qatılmışıq və təkliflərimizi irəli sürmüşük. Hesab edirəm ki, Qanunda nəzərdə tutulan yeni dəyişiklik istehlakçıların həyatında özünün müsbət rolunu oynayacaq. Dəyişiklikdə nəzərə alınan əsas məsələ ölkənin ərzaq təhlükəsizliyi və ərzağın özünün təhlükəsizliyi, yəni keyfiyyətidir”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ifadə edib. Onun sözlərinə görə burada hökumət artıq öz proqnozunu verə biləcək. Məsələn, növbəti ildə xaricdən idxal siyasəti necə olsun, rüsumlar necə tənzimlənsin və s. Yəni istehsal olunan ərzaq məhsullarının kəmiyyət və keyfiyyət göstəriciləri barədə müvafiq qurumlarda dəqiq məlumatlar olacaq. Üstəlik, nəzərdə tutulan dəyişikliklərdə ilk dəfədir ki, keyfiyyət məsələləri önə çəkilir. Məlumdur ki, keyfiyyət amili həmişə bir növ diqqətdən kənarda qalırdı. Qida Təhlükəsizliyi Agentliyi yalnız ərzağın təhlükəsizliyini müəyyənləşdirir. “Təhlükəsiz qida məhsullarının keyfiyyətsiz olması da istisna edilmir. Biznes qurumları isə vəziyyətdən sui-istifadə edir və qiymətləri nisbətən bazara uyğun səviyyədə saxlamaq məqsədilə keyfiyyəti aşağı salırlar. Nəzərdə tutulan dəyişiklikdə keyfiyyət məsələsi önə çəkilir ki, bu da vacib amillərdən biridir. Çox yaxşı olardı ki, müvafiq qurumlar əlbir işləsinlər və keyfiyyətdə olan problemləri birlikdə həll etsinlər. Azad İstehlakçılar Birliyi olaraq biz qanuna nəzərdə tutulan bu dəyişikliyi təqdir edirik”, - deyə Eyyub Hüseynov əlavə edib.

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Analitik

Qərb mövqeyini dəyişir

06 Dekabr 09:56  

Siyasət

Analitik

Maraqlı

Yeni texnologiyalar

Rəqəmsal siyasət...

06 Dekabr 08:12

Siyasət

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31