Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Rusiya iqtisadiyyatı boğulur

Rusiya iqtisadiyyatı boğulur

18.01.2023 [11:11]

Qlobal təcrid: Avropa İttifaqı Rusiya ilə ticarəti dondurur

Avropa İttifaqı Rusiyadan gələn neft məhsullarına embarqo qoyur. Bəs İttifaq ölkələri dizel yanacağını bundan sonra haradan alacaqlar? Embarqo qərarı Rusiyanı dünya bazarında hansı sıraya endirəcək?

Üç həftədən sonra Rusiya dizel yanacağının Avropa İttifaqı ölkələrinə dəniz nəqli faktiki olaraq qadağan ediləcək. Rusiya Aİ-nin ən böyük dizel tədarükçüsü idi. Bundan sonra isə İttifaq ölkələri dizel yanacağına tələbatını başqa mənbələr hesabına ödəməli olacaqlar. Bəs Avropa bu qədər enerji ehtiyatını hansı ölkələr vasitəsilə əldə edəcək? Ümumiyyətlə, embarqo qərarı Avropada yanacaq böhranına səbəb ola bilərmi?

Aİ-nin yeni neft partnyorları

Məlumatlara görə, ötən il ərzində Aİ Rusiyadan təxminən 220 milyon barrel dizel yanacağı idxal edib. Bu yanacaq həcmi Aİ  iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Aydın məsələdir ki, yanacaq istehlakında məhdudiyyət yaranarsa, Avropada vəziyyət ürəkaçan olmaya bilər. Hələ ki, bütün dünyada avtomobillər, yük maşınları,  gəmilər, tikinti və istehsalat avadanlıqları kimi bir çox vacib texniki vasitələr dizel yanacağına möhtacdırlar.

Bu mənada Aİ-nin Rusiyadan alınan dizel yanacağına tətbiq etdiyi embarqo Avrasiyada ümumi geosiyasi və iqtisadi məcranı dəyişəcək. Belə ki, fevralın 5-dən Rusiyadan dizel idxalına tamamilə qadağa qoyulacaq. Bazarın dəyişdirilməsi Avropa üçün asan məsələ olmasa da, çox güman, İttifaq ölkələrinin rəhbərləri bu barədə öncədən düşünüblər. Hələ 2021-ci ildə Rusiyaya qadağalar qoyan AB və Böyük Britaniyaya daşınmış neft məhsullarının yarıdan çoxu Rusiyadan gəlib. Ötən ilin dekabrına qədər bu pay qismən Səudiyyə Ərəbistanı və Hindistandan alınan enerji sayəsində təxminən 40%-ə düşmüşdü.

Güman olunur ki, Aİ Rusiya ilə ticari münasibətləri dayandırmağa qərar verdikdən sonra İttifaq ölkələrinin enerji təchizatı əsasən Azərbaycan, Çin, Hindistan və Yaxın Şərq regionu ölkələrindən alınan yanacaq hesabına ödəniləcək.

Azərbaycan neftinə tələbat artacaq

Avropa Birliyi regionu üçün Azərbaycan hər zaman etibarlı və təhlükəsiz tərəfdaş olub. Ekspertlər hesab edirlər ki, İttifaqın məlum qərarından sonra Azərbaycanın Bakı - Ceyhan - Tbilisi boru kəməri ilə Avropaya nəql etdiyi neft ixracının həcmi dəfələrlə artırıla bilər.

Rusiya neftinə embarqo tətbiq edərək alternativ partnyorlar axtarışına çıxan Aİ bundan sonra Azərbaycanla iqtisadi və siyasi münasibətləri daha da yaxşılaşdırmağa çalışacaq. Bu isə Azərbaycanın həm Avrasiya regionunda, həm də bütün dünyada əhəmiyyətini və nüfuzunu bir daha artıracaq.

Təkcə 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 16-sı AB üzvü olmaqla ümumilikdə 29 ölkəyə 18 318 642,45 min dollarlıq 24 318 448,83 ton neft ixrac edib. Embarqo qərarından sonra Azərbaycan region ölkələrinə neft ixracını dəfələrlə artıra bilər. Bu isə ölkəmizə yeni xarici investorların cəlb edilməsinə, Azərbaycanın təbii xammal ehtiyatlarının istismarı üçün alternativ enerji layihələrinin işə düşməsinə birbaşa imkan yaradacaq.

Baxışlar Yaxın Şərqə dikilir

Avropanın Azərbaycanla yanaşı, daha çox dizel yanacağı əldə edə biləcəyi ən mühüm coğrafiya Yaxın Şərqdir. Embarqo qərarından sonra Küveyt və Səudiyyə Ərəbistanı Rusiyanın dizel tədarükünün ən azı bir hissəsini əvəzləyə biləcək əsas alternativ ixracatçılar kimi ortaya çıxıb. Küveyt 2022-ci illə müqayisədə Avropaya dizel yanacağı tədarükünü beş dəfə artıraraq 2,5 milyon tona və ya gündə təxminən 50 min barrelə çatdırmağı öhdəsinə götürüb, bununla yanaşı, təyyarə yanacağının da satışını iki dəfə artıraraq təxminən 5 milyon tona çatdırmağı planlaşdırır. 

Qeyd etmək lazımdır ki, Küveyt son illərdə yeni neft emalı zavodlarının təkmilləşdirilməsi və tikintisinə on milyardlarla dollar xərcləyib. Ən böyük investisiya şirkətləri Küveytin “Əl-Zur” zavodunun tikintisinə sərmayə qoyub. Hazırda “Əl-Zur” dünyanın ən nəhəng neft emalı zavodlarından biridir. Gün ərzində 615 min barrel xam neft emal etmək üçün nəzərdə tutulan zavod ötən ilin sonunda dizel və təyyarə yanacağının ilk ixracatını həyata keçirib.

AB-nin daimi enerji təchizatçıları olan Hindistan və ABŞ da son həftələrdə neft tədarükünü artırıb. ABŞ neft emalı zavodlarının bu il rekord həcmdə distillat istehsal edəcəyi proqnozlaşdırılır. Bu yanacaq kateqoriyasına yük maşınlarında və minik avtomobillərində istifadə olunan dizel yanacağı da daxildir.

Çin Rusiyanı əvəz edə biləcəkmi?

Avropa üçün dizel yanacağının mühüm potensial təchizatçılarından biri də Çindir. Son aylarda bu ölkədən dizel yanacağının tədarükü kəskin artıb. Enerji ixracatının yalnız kiçik bir hissəsi Avropaya çatsa da, Çin neft ixracatını getdikcə artırmağı planlaşdırır. 

Çinin 2023-cü il üçün ilk yanacaq ixracı kvotası ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar, 50% artırılıb ki, bu da dizel tədarükünün 2022-ci ilin əvvəlində olduğu kimi aşağı səviyyəyə düşməsinə imkan verməyəcək. Beləliklə, Çindən dizel yanacağının ixracı bu ilin birinci yarısında gündəlik 400-600 min barrelə çata bilər. Maraqlı burasıdır ki, bu göstərici Avropa İttifaqı ölkələrinin və Böyük Britaniyanın Rusiyadan indiyə qədər aldığı dizel yanacağının həcmi ilə üst-üstə düşür.

Rusiya nefti bahalaşa bilər?

Qərb ölkələri üçün dizel yanacağı və neft məhsullarının tədarük variantları çox olsa da, ortaya başqa bir problem çıxır: Aİ-nin embarqo qərarı Rusiyanın enerji ixracının qlobal bazardan tamamilə yox olmasına gətirə bilərmi? Məsələ burasındadır  ki, əgər Rusiya AB-dən kənarda öz yanacağı üçün kifayət qədər alıcı tapmazsa, qlobal satışı zəifləyən şimal qonşumuz özünün neft emalı zavodlarında hasilatı azalda, neft və dizel yanacağı ixrac etdiyi ölkələr üçün qiymətləri artıra bilər.

Bir məqamı da qeyd etmək lazımdır ki, bütün bu olaylar  istehlakçıların inflyasiyadan əziyyət çəkdiyi və artmaqda olan enerji qiymətlərinin ağır yükü altında qaldığı soyuq qışda baş verir. Embarqo ərəfəsində Avropa ölkələri dekabr ayında misli görünməmiş miqdarda dizel yanacağı idxal edib. Mətbuatın  məlumatına görə, dekabrda Avropa regionuna dizel yanacağı idxalı rekord həddə - 8,2 milyon tona çatıb. Avropa ölkələri və Türkiyə Rusiyadan 3,51 milyon ton dizel yanacağı idxal edib. Yanvar ayında da rekord alışlar davam edir.

Almaniya isə dekabr ayında 604 min tonla Rusiya dizel yanacağının AB-də ən böyük idxalçısı olub ki, bu da 2020-ci ilin mayından bəri ən yüksək göstərici sayılır.

Rusiya embarqodan sonra

Xatırladaq ki, Avropa İttifaqının Rusiya neftinin dəniz yolu ilə tədarükünə tətbiq etdiyi rəsmi embarqo qərarından bir aydan artıq vaxt keçir. Avropa İttifaqı, “Böyük yeddilik” (G-7) ölkələri və Avstraliyanın Rusiya Federasiyası neftinin alış qiymətinin 60 dollar həddində müəyyənləşdirilməsinə dair qərarı da həmin  gündən qüvvədədir. Bununla belə, ötən ilin iyun ayında Aİ Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketini qəbul etmişdi. 2022-ci ilin sentyabrında isə “Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri Rusiya neftinə tavan qiyməti tətbiq etmək niyyətlərini açıqlamışdılar.

Proqnozlara görə, 2023-cü ildə Rusiya neftinin dünyada alıcılıq qabiliyyəti zəifləyəcək, bu da qlobal bazarda Rusiyanın tamamilə sıxışdırılaraq beynəlxalq satış layihələrindən kənarda qalmasına səbəb olacaq. Qlobal təcrid prosesi həm də şimal qonşumuzun neft sənayesində daxili istehsalın azalması ilə müşayiət olunacaq. Beləliklə, Avropa İttifaqı embarqo qərarının üzərində inadla dayanacaqsa, Rusiyada tezliklə “iqtisadi təngnəfəslik” müşahidə olunacaq.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28