Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bir kəmər, bir yol...

Bir kəmər, bir yol...

20.01.2023 [10:43]

Çindən başlayır, Azərbaycandan keçir, Avropaya çatır

Ölkələr bir sıra ziddiyyətli məqamlarla səciyyələnən indiki dövrdə hansı gündəliklərə malikdirlər? Hazırda bu sual bütün dövlətər üçün aktualdır. Ölkələr yeni çağırışlara adekvatlıq nümayiş etdirməli, həyatlarını zamanın sürətlə dəyişən tələblərinə uyğunlaşdırmalı, iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinin artırılması qayğısına qalmalıdırlar. Bu baxımdan Azərbaycanın mənzərəsi nikbinlik üçün ciddi əsaslar yaradır. Prezident İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində ifadə etdiyi fikirlərdən aydın şəkildə görünür ki, Azərbaycan öz inkişafının indiki strateji mərhələsində də qlobal çağırışlara, yaranan yeni reallıqlara tam adekvatlıq təşkil edən və həm də perspektivə hədəflənən aydın gündəliyə malikdir. Azərbaycanla Çin arasında qurulan iqtisadi əməkdaşlıq

İqtisadi müstəqilliyini tam təmin edən Azərbaycan uğurlu siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edir. Prezident İlham Əliyevin diplomatik fəallığı multiregional və strateji xarakterlidir, özündə böyük coğrafiyada Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, bütün istiqamətlərdə, o cümlədən də iqtisadi sahədə yeni hədəflər müəyyənləşdirir. Bu kontekstdə Azərbaycanla Çin arasında möhkəm siyasi platformaya əsaslanmaqla iqtisadi əlaqələrin genişlənməsi xüsusi diqqət çəkir. Bu ölkə dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, ölkədə Ümumi Daxili Məhsul (ÜDM) ötən il 2021-ci illə müqayisədə 3 faiz artaraq 121 trilyon yuan (təxminən 18 trilyon dollar) təşkil edib. Qeyd edək ki, 1976-cı ildəki son azalmadan sonra Çin iqtisadiyyatı 2020-ci il istisna olmaqla, 46 il ərzində yüksək artım templərini qoruyub saxlayıb. Yeni növ koronavirus pandemiyası səbəbindən inkişaf tempində müəyyən azalmalar müşahidə edilsə də, Çində əsas kapitala investisiyalar, o cümlədən infrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri 2022-ci ildə əvvəlki ilə nisbətən 5,1 faiz, emal sənayesinə investisiyalar 9,1 faiz artıb. Bu ölkə böyük idxal və ixrac həcmlərinə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir, desək, yanılmarıq və burada həm də inkişaf etmiş ölkələr yer alırlar. Geosiyasi gərginliklərin, qlobal pandemiyanın, sərt qapanmaların yaratdığı çətinliklərə baxmayaraq, ölkə perspektiv üçün də yüksək hədəflər müəyyənləşdirib. Sonuncu Davos İqtisadi Forumunun açılışında çıxış edən Çinin Baş nazirinin müavini Liu He  ölkəsinin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini bəyan edib. Bu isə o anlama gəlir ki, arzuolunmaz mənfi xarici amillərin gözlənilən təsirlərinə baxmayaraq, Çin yenə də iqtisadi imkanlarını artırmağa çalışacaq. Ötən illərin təcrübəsinə istinadən deyə bilərik ki, bu, yalnız vəd deyildir. Çin transformasiyalardan uğurla çıxmağı, çevik keçidlər etməyi, özünün itisadi siyasətini yeni çağırışlara məharətlə uyğunlaşdırmağı yaxşı bacaran ölkədir. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində vurğuladığı kimi, Çin bu uğurlara xalqın və ölkə rəhbərliyinin müdrikliyi, nəticəyönümlü səyləri sayəsində nail olub. Çinin dünyada ən çox uğur qazanmış ölkələrdən olduğunu diqqətə çatdıran  dövlətimizin başçısı Çinin qazandığı uğurları və qlobal iqtisadiyyata verdiyi töhfələri yüksək dəyərləndirərək deyib: “Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır - artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir. Ölkənizin yüksəkrütbəli rəsmisi Davosda belə bəyanatla çıxış edirsə, bu, dünya iqtisadiyyatı, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır. Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir. Siz onilliklər ərzində müəyyən edilmiş hədəflərə müntəzəm surətdə nail olmusunuz”.

İqtisadiyyatların həcmində böyük fərq olsa da, Azərbaycanla Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal risklərə yüksək davamlılıq nümayiş etdirən, inkişafını daxili resurslarına istinad etməklə quran ölkədir. Qlobal çətinliklərə baxmayaraq, ötən il Azərbaycan da iqtisadiyyatını genişləndirməyə və ÜDM-in həcmini 134 milyard manata (təxminən 80 milyard dollar) çatdırmağa nail olub. Respublikamız 2022-ci ili xarici ticarətdə müsbət saldo ilə başa vurub. Ölkə xarici borcun azaldılması strategiyasını uğurla reallaşdırır. Əgər 2022-ci ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, hazırda bu göstərici 9,5 faizə düşüb. Həmçinin, respublikamızda xarici şirkətlərin müxtəlif layihələr icra etmələri üçün münbit şərait var. Azərbaycanın investisiya cəlbediciliyindən Çin şirkətlərinin də bəhrələnə biləcəklərini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək”.Uzaq yollar yaxın olur

Artan geosiyasi gərginliklər fonunda ölkələr və regionlar arasında şaxələndirilmiş nəqliyyat bağlantılarının qurulmasının aktuallığı artıb. Hazırda Avrasiya məkanında bir sıra marşrutlar ciddi təhdidlər altındadır. Müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Azərbaycan Avropa ilə Asiya arasında ən əlverişli məkan kimi ölkələrin və daşıma şirkətlərinin diqqətini özünə çəkir. Burada ən cəlbedici məqamlardan biri ölkə ərazisində yaradılan müasir infrastrukturdur.  Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu kimi amillərin nəticəsidir ki, son vaxtlarda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca avtomobil yolları seqmenti üzrə bütün mühüm layihələrin icrasını yüksək səviyyədə tamamlayan Azərbaycan hazırda əsas diqqəti dəmir yollarının imkanlarını artırmağa yönəldib. “Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanla Çin arasında nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi diqqətəlayiq haldır. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Hazırda respublikamız yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə, regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. BTQ dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir. Yeri gəlmişkən, Çinin təşəbbüsü ilə Ota Dəhlizin dəmir yolu seqmentinin inkişaf etdirilməsi layihəsinin icrasına start verilib. Söhbət Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu bağlantısının təmin edilməsindən gedir. Yeni layihə də Xəzər dənizi vasitəsilə Azərbaycana istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. “Bir kəmər, bir yol” layihəsi sayəsində daşımaların artdığından məmnunluğunu bildirən Prezident İlham Əliyev bildirrib: “Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir”.

Çin-Ərəb dünyası - Avropa üçbucağında Azərbaycanın mühüm rolu

Azərbaycanın regional və qlobal əməkdaşlıqda artan rolu enerji seqmenti üzrə xüsusilə qabarıq şəkildə nəzərə çarpır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkəyə çevrilib. Deyə bilərik ki, respublikamız qoca qitənin enerji xəritəsini bütünlüklə dəyişib. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan hazırda qoca qitə üçün həm də alternativ mavi yanacaq mənbəyi qismində çıxış edir. Azərbaycanın 2,6 trilyon kubmetr həcmində təsdiqlənmiş mavi yanacaq ehtiyatı var.

Prezident İlham Əliyev ölkəmizin enerji siyasətində əldə etdiyi uğurlara diqqət çəkib. Dövlət başçımızın bildirdiyi kimi, respublikamızda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmaq və hətta ixrac marşrutları qurulmadığı mərhələdə  neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etmək mümkün olub. Bəli, ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Prezident İlham Əliyevin dediyi kimi, biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. “Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını - Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

İş elə gətirib ki, müasir nəql infrastrukturu quran Azərbaycanın enerji resurslarına hazırda Avropada daha çox tələbat yaranıb. Azərbaycan artan tələbatı qarşılamağa hazır və qadir ölkədir. Əgər respublikamız  2021-ci ildə Avropaya 8 milyard kubmetrdən bir qədər çox qaz tədarük etmişdisə, cari ildə bu rəqəm 12 milyard kubmetrə çatdırılacaq. Ötən il Azərbaycandan Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzalanıb. Bu hədəfə 5 il ərzində çatmaq tam realdır.

Hazırda Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqunun yeni, sayca üçüncü mərhələsi başlayıb. Bu, “yaşıl enerji” dialoqudur. Deyə bilərik ki, bu sahədə geniş bir beynəlxalq əməkdaşlıq formatının formalaşması ehtimalı kifayət qədər böyükdür. Söhbət Avropa, Ərəb dünyası və Çini əhatə edəcək bir əməkdaşlıqdan gedir. Azərbaycan ənənəvi enerji, nəqliyyat seqmentlərində olduğu kimi, burada da mərkəzi fiqur qismində çıxış edir. Artıq bu istiqamətdə də fəaliyyətlərə başlanılıb. Mənzərə belədir: Avropa dövlətləri özlərinin enerji təhlükəsizliyinin gələcəyini “yaşıl enerji”də görürlər. Təsadüfi deyildir ki, qoca qitənin xilas planında bərpaolunan mənbələrdən enerji alınması ilə bağlı müddəalar geniş şəkildə öz əksini tapıb.

Azərbaycan qaz təchizatında olduğu kimi, “yaşıl enerji” seqmenti üzrə də Avropanın xilaskarı rolunda çıxış edə bilər. Ölkəmizin bərpaolunan mənbələrdən enerji istehsalı imkanları kifayət qədər böyükdür. Söhbət quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdəki 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorundakı 157 qiqavatlıq külək enerjisi imkanlarından gedir. Hazırda Azərbaycan bəhs olunan mənbələrdən enerji alınması layihələrinə xarici investorları cəlb edir. O cümlədən Ərəb dünyasını təmsil edən şirkətlər ölkəmizdə “yaşıl enerji” istehsalına həvəslə sərmayələr yönəldirlər. Təkcə son vaxtlarda Birləşmiş Ərəb Əmirliklərinin və Səudiyyə Ərəbistanının iki şirkəti respublikamızda külək və günəş stansiyalarının qurulması ilə bağlı sənədlər imzalayıblar və layihələr uğurla icra edilir. Bəhs olunan layihələrin hər ikisi tam xarici investisiyalar hesabına reallaşdırılacaq. Gələcəkdə yeni layihələrə başlanılması imkanları da böyükdür. Azərbaycan, həmçinin dost Çinin şirkətlərinin sərmayələrindən faydalanmaq niyyətini ifadə edib. Qeyd edək ki, Çin bərpaolunan mənbələrdən enerji alınmasında bir dünya lideridir. Bu ölkə son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. BEA-nın proqnozuna görə, növbəti beş ildə bərpaolunan enerji üzrə artımın 40 faizi Çinin payına düşəcək. Çini fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, bu ölkə enerji transformasiyasında yeni texnologiyaların  tətbiqini daim diqqət mərkəzində saxlayır. Dost Çin bərpaolunan mənbələrdən enerji alınmasında qazandığı təcrübəni və qabaqcıl texnologiyalarını Azərbaycanda da tətbiq edə bilər. “Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28