Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qarabağın yüksək sərmayə cəlbediciliyi

Qarabağın yüksək sərmayə cəlbediciliyi

01.11.2023 [10:30]

Azərbaycan xarici investisiyaya hər zaman açıqdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. BƏƏ tərəfi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında mümkün investisiya imkanlarından yararlanmağa dəvət edilib.

Azərbaycan sərmayə cəlbediciliyi yüksək olan ölkədir

Ölkələrin sosial-iqtisadi inkişafı müxtəlif sahələrə sərmayə qoyuluşunun həcmindən bilavasitə asılıdır. Respublikamızda sərmayə mühiti kifayət qədər münbitdir. Uzunmüddətli daxili sabitlik, ardıcıllıqla həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, korrupsiyanın və digər neqativ halların əhatə dairəsinin kiçildilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təşviq mexanizmlərinin işə salınması və bu kimi digər amillər respublikamızda investisiya qoyuluşunun genişlənməsini şərtləndirir. Əlamətdar haldır ki, ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığı da getdikcə genişlənir. Ayrı-ayrı layihələrin icrasına dövlət və özəl şirkətlər birgə sərmayələr yönəldirlər.  

Sərmayə cəlbediciliyinin yüksək olmasının məntiqi nəticəsidir ki, ölkəmizə daxili və xarici mənbələrdən sərmayə qoyuluşu ilbəil artır. Son 20 il ərzindəki respublikamıza yönəldilən sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur. Bu sərmayələrin 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.

Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrinə yerli və xarici investisiyaları davamlı şəkildə təşviq edən ölkədir. Respublikamızda iqtisadi inkişafın sürətləndirilməsi üçün bütün zəruri şərtlərin təmin edilməsi, biznes mühitinin davamlı şəkildə optimallaşdırılması, həmçinin investisiya cəlbediciliyinin artırılmasını hədəfləyən islahatların reallaşdırilması bunu əyani şəkildə təsdiqləyir. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkəmiz yeni strateji mərhələyə daxil olub. Bu mərhələdə respublikamızın perspektiv inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilib. Bu prioritetlərin investisiya təminatının bir mənbəyi daxili resurslardır. Azərbaycan güclü dövlətdir və qarşıya qoyduğu bütün məqsədlərə öz gücünə çatmağa qadirdir. Ölkəmizin yeni növ koronavirus pandemiyasına qarşı Ümumdünya Səhiyyə Təşkilatı  (ÜST) tərəfindən yüksək qiymətləndirilən səmərəli mübarizə aparması, qlobal həmrəyliyə sanballı töhfələr verməsi, Vətən müharibəsini qalibiyyətlə başa çatdırması və vaxt itirmədən işğaldan azad olunmuş ərazilərdə böyük investisiya tutumuna malik bərpa-quruculuq işlərinə başlaması, qısa müddətdə “Böyük Qayıdış”a start verməsi Azərbaycanın gücünü və iradəsini təsdiqləyir.

Bununla belə, respublikamız inkişafa daha güclü impuls vermək üçün xarici maliyyə mənbələrindən vəsaitlərin daha böyük həcmlərdə cəlb olunmasına ciddi önəm verir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin bir qədər bundan əvvəl imzaladığı müvafiq sənədlə 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyasında dəyişiklik edildi. Sənədə əsasən, 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. Xatırladaq ki, indiyə qədər hədəf 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanılması idi. Azərbaycan xarici dövlət borcunu optimal həddədək artırmaqla yanaşı, həm də nəzərdə tutulan irimiqyaslı layihələrin, o cümlədən də işğaldan azad olunmuş ərazilərin bərpasını daha da intensivləşdirmək üçün xarici fondları, investorları da cəlb etmək niyyətindədir.

Müraciətlər çoxalır...

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları resurslarla zəngindır. Burada kənd təsərrüfatının, mədən sənayesinin, bərpaolunan mənbələrdən enerji istehsalı potensialı kifayət qədər böyükdür. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə ardıcıl olaraq yeni və rahat yaşayış məntəqələrinin salınması, infrastruktur, kommunal, rabitə və sosial xidmətlərin təmin edilməsi və s. işlərlə yanaşı, məqsədyönlü iqtisadi reinteqrasiya tədbirləri həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin, “yaşıl texnologiya”ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, nəqliyyat-lo?istika imkanlarının artırılması və digər göstəricilər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

İşğaldan azad edilmiş ərazilərimizdə biznes üçün əlv erişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində nəticəyönümlü işlər reallaşdırılır. Bu ərazilərdə vergi, sosial sığorta və digər güzəştlər müəyyən olunub. Qarabağ və Şərqi Zəngəzurdakı bütün layihələr dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində icra olunur. Hökumət azad edilmiş ərazilərdə investor və sahibkarlar üçün əlverişli şərait yaradıb. Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında sahibkarlar dövlət hesabına infrastrukturla təmin edilir. Buradakı rezidentlər 10 illiyinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Bundan başqa, regionda yeni aqropakların yaradılmasına başlanıb. Bu qəbildən ilk layihənin - “Dost Aqropark”ın təməli Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda regionda 3 aqropark fəaliyyət göstərir. Bütün bunlar ilk növbədə, yerli və xarici şirkətlərin bölgədə sahibkarlıq fəaliyyətinə başlamasına, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olunmasına şərait yaradır.

Regionun iqtisadi cəlbediciliyinə görə orada biznes quran və qurmaq niyyətində olan şirkətlərin sayı mütəmadi artmaqdadır. İndiyədək azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak üçün 500-ə qədəri xarici şirkət olmaqla 1500-dən çox şirkət müraciət edib. Bu rəqəmlər istər yerli, istərsə də xarici investorların biznes qurumları üçün Qarabağın böyük və çoxistiqamətli iqtisadi potensialının, əlverişli investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir.

Azərbaycanla BƏƏ arasında genişlənən əməkdaşlıq

Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Ölkəmizin ərəb dövlətləri, bütövlükdə, geniş İslam coğrafiyası ilə əməkdaşlığının genişlənməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Bu sırada tarixi bağlılıq, siyasi dividentlər, lobbi maraqları, iqtisadi avantajlar, o cümlədən enerji əməkdaşlığı, investisiya cəlbediciliyi, yeni ixrac bazarları, geniş turizm potensialı, kadrlar və intellektual məhsulların ixracı və s. bu kimi məqamları xüsusi qeyd edə bilərik.

Azərbaycanla İslam dünyasının önəmli dövlətlərindən olan Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Hər iki ölkə ikitərəfli platformada olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edərək bir-birinin mövqeyinə dəstək verirlər. Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi əlaqələr də genişlənir. Zəngin enerji resurslarına və geniş maliyyə imkanlarına malik BƏƏ-nin investisiya fəallığı yüksək səviyyədədir. Həmçinin Azərbaycan investisiya iqlimi əlverişli olan dövlət kimi bu ölkənin sərmayədarlarının diqqətini özünə çəkir.  Son vaxtlarda respublikamızın müvafiq qurumları ilə BƏƏ-dən olan şirkətlər arasında imzalanan müqavilələrin icrası ölkə üzrə bərpaolunan enerji mənbələrindən “yaşıl enerji” istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Belə müqavilələrdən biri 2020-ci ilin yanvarında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanıb. Artıq bəhs olunan layihənin icrası qısa müddətdə və yüksək səviyyədə təmin olunub. Cari il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə “Masdar” şirkətinin inşa etdiyi 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Həmçinin bu şirkətlə yeni müqavilələr imzalanıb. Azərbaycanın işğaldan azad olunmuş əraziləri də bərpaolunan enerji mənbələri ilə zəngindir. “Masdar” və BƏƏ-nin digər şirkətləri işğaldan azad olunmuş ərazilərdə bu istiqamətə sərmayələr yönəldə bilərlər. “Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək”, - deyə Prezident İlham Əliyev yuxarıda bəhs olunan açılış mərasimindəki çıxışında vurğulayıb.

MÜBARİZ

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31