Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakı-Zaqreb: Möhkəmlənən siyasi dialoq, genişlənən iqtisadi əlaqələr

Bakı-Zaqreb: Möhkəmlənən siyasi dialoq, genişlənən iqtisadi əlaqələr

08.11.2023 [10:40]

Mübariz ABDULLAYEV

Azərbaycanın milli maraqlar üzərində qurulan və multiregional səciyyə daşıyan xarici siyasət kursunda Avropa İttifaqı (Aİ) məkanına daxil olan dövlətlərlə qarşılıqlı maraqlar əsasında münasibətlərini dərinləşdirmək xətti xüsusi yer tutur. Respublikamız Aİ-də təmsil olunan  dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələri qurur, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq güclənir. Xüsusilə də hazırkı geosiyasi gərginliklər fonunda ölkəmizin Aİ məkanı üçün önəmi əhəmiyyətli dərəcədə artıb. Qürurverici haldır ki, Cənubi Qafqaz coğrafiyasının lider dövləti olan Azərbaycan qısa müstəqillik tarixində Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamağa nail olub. 

 Respublikamızın Aİ məkanında strateji tərəfdaşlıq münasibətləri qurduğu dost ölkələrdən biri də Xorvatiyadır. Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç bu günlərdə respublikamızda səfərdə olub. Noyabrın 6-da Prezident İlham Əliyevin Baş nazir Andrey Plenkoviç ilə təkbətək və geniş tərkibdə görüşlərində iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Hökumətlərarası komissiyanın iclasının tezliklə keçirilməsinin və bu çərçivədə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.

Strateji tərəfdaşlıq münasibətləri

Azərbaycanla Xorvatiya arasında münasibətlərin genişlənməsindən söhbət açarkən xoş mərama əsaslanan siyasi dialoqun yüksək səviyyəsinə xüsusi diqqət çəkmək lazımdır. Qarşılıqlı münasibətlər həm ikitərəfli platformada, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Xorvatiya 28 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini  tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 26 yanvar 1995-ci ildə qurulub. Prezident İlham Əliyevin 31 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Xorvatiyada Azərbaycan Respublikasının Səfirliyi təsis edilib, 2011-ci ilin fevral ayından səfirlik öz fəaliyyətinə başlayıb. 24 sentyabr 2019-cu il tarixində Xorvatiyanın igamətgahı Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında Səfirliyinin rəsmi açılışı baş tutub.

 Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətləri 11 mart 2013-cü il tarixində imzalanmış Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsinə əsaslanır.

İki dost ölkə arasında parlamentlərarası əlaqələr də getdikcə inkişaf edir. 5 dekabr 2000-ci il tarixində Milli Məclisdə Azərbaycan və Xorvatiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 2008-ci ildən Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. 

Azərbaycanla Xorvatiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Prezident İlham Əliyev indiyədək bir neçə dəfə dost ölkəyə uğurlu səfərlər edib. Eyni zamanda, Xorvatiyanın Prezidenti və digər yüksəksəviyyəli rəsmiləri dəfələrlə respublikamıza səfərə gəliblər. Bu səfərlər çərçivəsində aparılan müzakirələrdə strateji tərəfdaşlıq münasibətlərinin yeni istiqamətləri müəyyənləşdirilir. Hər iki tərəf müxtəlif istiqamətlərdə  əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinə siyasi iradə nümayiş etdirir. 

Həmçinin, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq mövcuddur. Hər iki ölkə mühüm strateji məsələlərdə qarşılıqlı olaraq bir-birinə dəstək göstərir. Xorvatiya Azərbaycanın Aİ ilə münasibətlərinin genişlənməsinə töhfə verən dost ölkədir. Azərbaycan, eyni zamanda, Şimali Atlantika Alyansının (NATO) etibarlı tərəfdaşıdır. Prezident İlham Əliyevin NATO-ya çoxsaylı rəsmi səfərləri baş tutub. Respublikamız qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi missiyalarda fəal iştirak edir. Yuxarıda bəhs etdiyimiz görüşlərdə həmçinin Xorvatiyanın Avropa İttifaqına və NATO-ya üzv ölkə olaraq, Azərbaycanın bu təsisatlarla əməkdaşlığını daim dəstəklədiyi vurğulanıb.

Azərbaycan mallarının 5 ən böyük idxalçısından biri

Azərbaycan və Xorvatiya strateji tərəfdaşlıq münasibətlərinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə də böyük maraq göstərirlər. İndiyədək ölkələrimiz arasında 25 sənəd imzalanıb ki, onların da bir çoxu özündə iqtisadi əlaqələrin dərinləşməsini ehtiva edir. O cümlədən 11 mart 2013-cü il tarixində Zaqreb şəhərində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

 İkitərəfli ticarət əlaqələrini inkişaf etdirmək üçün davamlı tədbirlər görülür. Xorvatiya və Azərbaycan bir neçə sektorda (informasiya texnologiyaları, minalardan təmizləmə avadanlıqları və enerji) yeni layihələr üzrə danışıqlar aparır. Bu məqamda vurğulamaq yerinə düşər ki, qlobal miqyasda əlaqələrin məhdudaşdığı pandemiyanın pik mərhələsində iki ölkə arasındakı ticarət dövriyyəsinin səviyyəsi aşağı düşməyib, əksinə 2020-ci ildə həm Xorvatiyanın Azərbaycana ixracı və idxalı artıb. Dost ölkənin Statistika Bürosunun məlumatına görə, Xorvatiyanın Azərbaycana ixracı beş faiz (1,37-dən 1,44 milyon avroya), respublikamızdan  idxalı isə 10 faiz (339,78 -dən 440,57 milyon avroya) yüksəlib ki, bu da ümumilikdə təxminən 10 faiz artım deməkdir. Xorvatiya Azərbaycan mallarının dünyada ən böyük 5 idxalçısından biridir və bu göstəriciyə görə Aİ ölkələri arasında üçüncü yerdə gəlir. Xorvatiyanın İT şirkətlərinin azərbaycanlı müştərilərə göstərdiyi xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Bu ölkənin müvafiq qurumları hər il keçirilən Bakutel sərgilərində iştirak edirlər. Xorvat şirkətlərinin Azərbaycana ixrac etdikləri ən geniş yayılmış məhsul kosmetik mallardır. 

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq potensialı isə daha böyükdür. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 2023-cü ilin sentyabr ayında Xorvatiyaya baş tutan səfəri çərçivəsində bu ölkənin xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşündə də tərəflər iki dövlət arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq gündəliyi üzrə bir sıra məsələlər, eləcə də iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, turizm, minasızlaşdırma fəaliyyəti və digər istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin şaxələndirilməsinin təmin edilməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparıblar. Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artdığı bir dövrdə Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin üstünlüklərindən yararlanmaq üçün çoxsaylı əlverişli imkanların mövcudluğu vurğulanıb.

Böyük perspektiv vəd edən enerji əməkdaşlığı

Resurslarla zəngin olan Azərbaycan enerji siyasətinin yeni mərhələsində Avropanın mavi yanacağa tələbatının müəyyən hissəsini qarşılayan etibarlı mənbə ölkəsinə çevrilib. Ötən il iulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandumda tərəflərin Xəzər sahillərindən qoca qitəyə qaz ixracının artırılması ilə bağlı niyyətləri ifadə olunub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub. Bu həcmin 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. 2027-ci ilədək isə respublikamızdan Avropa məkanına qaz ixracının həcminin iki dəfə artırılması hədəflənib ki, bu da tam realdır. 

Xorvatiya da Azərbaycanla enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır. Hazırda respublikamız bu ölkəyə bir sıra neft məhsulları ixrac edir. Enerji sektoru üzrə əməkdaşlığın perspektivləri isə daha genişdir. Bu barədə Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman KİV-ə müsahibəsində bəhs edib. Nazir bildirib ki, Xorvatiya və Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində böyük əməkdaşlıq potensialına malikdirlər. Fikirlərinə davam edən nazir vurğulayıb: “Hidroelektrik stansiyaları ilə iş təcrübəmizi nəzərə alsaq, enerji sektorunda, xüsusən də bərpa olunan enerji mənbələri sahəsində böyük potensial var. Bu, Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası baxımından xüsusilə maraqlıdır”.

Xorvatiyalı nazir enerji sektorunda davam edən layihələrdən bəhs edərkən İon-Adriatik Qaz Boru Kəməri (İAP) layihəsinin önəminə diqqət çəkib.  IAP layihəsi Cənub-Şərqi Avropa üçün yeni bir qaz təchizatı marşrutu olaraq əhəmiyyət daşıyır ki, bu da təchizat təhlükəsizliyini artırmaqla yanaşı, həm də Enerji İttifaqının məqsədlərinə uyğun olaraq mənbələrin şaxələndirilməsini təmin edəcək. Nazir vurğulayıb ki,  IAP-ın gələcəkdə qoşula biləcəyi Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropanın daha yaxşı enerji mənbəyinə keçməsinə, bütövlükdə enerji sabitliyinə böyük töhfə verir.

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31