Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bütün Azərbaycanın ən böyük büdcəsi

Bütün Azərbaycanın ən böyük büdcəsi

16.11.2023 [10:45]

Birinci oxunuşda qəbul edilib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər bundan əvvəl parlament komitələrində, həmçinin Milli Məclisin noyabrın 13-də və 14-də keçirilən plenar iclaslarında ətraflı müzakirə olunub. Parlamentin üzvləri tərəfindən çoxsaylı rəy və təkliflər səsləndirilən iclaslarda  Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Geniş məzmunlu rəy və təkliflər

Müasir çağırışlar və ölkəmizin güclü iqtisadi potensialı, hazırkı inkişaf dinamikası nəzərə alınmaqla hazırlanan 2024-cü ilin büdcəsi müstəqillik tariximizin ən böyük büdcəsidir. Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur. 2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.

Büdcə layihəsinin müzakirələrinə qatılan millət vəkilləri 2024-cü ilin dövlət büdcəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında böyük şücaətlər göstərmiş hərbi qulluqçularımızın təminatı, Ordumuzun qüdrətinin artırılması, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın reallaşdırılması məsələlərinə böyük diqqətin ayrılmasını, müdafiə və milli təhlükəsizlik xərclərinin, sosial yönümlü xərclərin, əsaslı xərclərin prioritetliyinin saxlanmasını təqdirlə qarşılayıblar. Onlar büdcə siyasətində iqtisadiyyatın, onun qeyri-neft sektoru, kənd təsərrüfatı kimi sahələrinin inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələrinin və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini yüksək qiymətləndiriblər.

Deputatlar iqtisadiyyatda və dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının artırılmasının əsas hədəflərdən biri kimi qoyulmasını müsbət qarşılayıb, dövlət büdcəsinin proqramlar əsasında tərtib edilməsinin  büdcənin şəffaflığı, həm də hesabatlılığı üçün əhəmiyyətindən danışıblar. Millət vəkilləri gələn ilin dövlət büdcəsini dünyadakı kataklizmlər, geosiyasi  böhranlar  və ərzaq təhlükəsizliyinin təminatı  kimi çağırışlara adekvat cavab verdiyini qeyd edərək,  büdcə xərclərinin səmərəliliyinin artırılması, büdcə vəsaitlərinin nəticəyönümlüyünün yüksəldilməsi, səhiyyə, təhsil, ailə institutunun qorunması, icbari tibbi sığortaya  ayrılan vəsaitlərin əhatə dairəsinin genişləndirilməsi, regionların inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Əsas xərc istiqamətləri

Uğurlu inkişaf modelinə malik olan Azərbaycan ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. 2024-cü ilin dövlət büdcəsinin xərc istiqamətlərində də indiki strateji mərhələdə respublikamızın qarşısında duran hədəflər və müəyyənləşdirilən prioritetlər nəzərə alınıb. Növbəti ilin dövlət büdcəsi xərclərinin 18,8 milyard manatı və ya 51%-dən artıq hissəsi məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.  Müdafiə və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması  üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib.

Qeyd olunan prioritetlərin gələn ilin dövlət büdcəsinin xərc istiqamətləri sırasında əsas pozisiyalar kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Müzakirələrə qatılan maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan dövləti artıq 3 ildir ki, müasir sosial-iqtisadi inkişafının ən vacib prioriteti kimi müəyyən etdiyi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesini sürətlə həyata keçirir. 2020-ci ilin sonundan etibarən yenidənqurma və bərpa tədbirlərinə hər il dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, büdcənin əlavə gəlirləri və qənaətləri səfərbər edilməklə 11 milyard manatdan çox vəsait xərclənib. Cari ilin sonunda isə bu xərclərin 12 milyard manata çatması gözlənilir. Bu vəsaitlər hesabına Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük infrastruktur layihələr tamamlanaraq istifadəyə verilib, yeni irimiqyaslı layihələrin əsası qoyulub. “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilana, Laçın, Füzuliyə vətəndaşların məskunlaşdırılmasına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası qarşıdakı illərdə də əsas milli prioritetlərdən biri olacaq. Buna uyğun olaraq, 2024-cü ildə azad edilmiş ərazilərdə yenidənqurma və  bərpa işlərinə dövlət büdcəsi xərclərinin 10,9 %-i və ya 4 milyard manat məbləğində vəsait ayrılacaq.

Büdcənin xərc istiqamətlərində ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə yönəldilən vəsaitlərin artırılması postmüharibə dövrünün reallıqları ilə bağlıdır. Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü , 2023-cü ildə Qarabağda tam suverenliyini bərpa etməsi fonunda elə təəssürat yarana bilər ki, respublikamız hərbi sahədə qarşısına qoyduğu bütün hədəflərə çatıb. Bundan sonra Ordunun, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ciddi ehtiyac qalmayacaq. Ancaq bu, yalnız ilk təəssüratdır. Postmüharibə dövründə məğlub Ermənistandan gələn siqnallar onun  hələ də revanşizm mövqeyindən geri çəkilmədiyini təsdiqləyir. Bu ölkə bir neçə müqavilə üzrə Hindistandan silahlar alır. Eyni zamanda, bu günlərdə Fransadan Ermənistana silah ixracı ilə bağlı sənəd imzalanıb və artıq həmin silahların tədarükünə başlanıb. Məğlub ölkə öz ərazisində Avropa İttifaqının missiyasının yerləşdilməsinə nail olub. Hazırda bu missiyanın genişləndirilməsi ilə bağlı müzakirələr aparılır. Başqa faktlar da sadalamaq mümkündür. Bütün bunlar nə üçün edilir? Aydın məsələdir ki, Ermənistanın aldığı silahlar ilk növbədə Azərbaycana qarşı istifadə olunması üçün nəzərdə tutulur. Azərbaycan arxadan zərbə vurmağa adət etmiş Ermənistanın xainliyinin kədərli nəticələrini 30 il ərzində öz üzərində yaşayan bir ölkədir. Faciələrimizin bir daha təkrarlanmaması naminə ordunun gücləndirilməsi bizim daimi vəzifəmiz olmalıdır. Postmüharibə dövründə də hər il dövlət büdcəsindən qeyd olunan istiqamətə böyük həcmlərdə maliyyə vəsaitinin ayrılması da məhz bu məqsədə xidmət edir. Qeyd edək ki, 2023-cü ildə də müdafiə və milli təhlükəsizlik xərcləri büdcənin xərc istiqamətləri sırasında əsas yerlərdən birini tutur. Belə ki, cari ilin təsdiqlənən büdcə layihəsində müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə 5 320 093 593,0 manat məbləğində vəsait yönəldilməsi nəzərdə tutulmuşdu. Cari ilin yayında dürüstləşmə zamanı büdcəyə bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun da 1,1 milyard manatı məhz bəhs olunan prioritet üzrə istiqamətləndirildi.

Milli Məclisin plenar iclaslarında aparılan müzakirələrdə bildirilib ki, Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində dövlətimizin haqlı mövqeyinin və maraqlarının müdafiəsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi xərclərinin yüksək səviyyədə saxlanılması növbəti il üçün də əsas prioritet olaraq qəbul edilib. Layihəyə əsasən, 2024-cü ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 % və ya 6 milyard 421 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub ki, bu da  2023-cü illə müqayisədə 366 milyon manat və ya 6% çoxdur.

Gələn ilin büdcəsində digər bir mühüm xərc istiqaməti “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini əhaə edir. Bu istiqamətə yönəldilməsi nəzərdə tutulan vəsaitlər (1 milyard 509 milyon manat) növbəti ilin dövlət büdcəsi xərclərinin 4,1%-ini təşkil edir.

Növbəti ilin dövlət büdcəsinin xərc istiqamətlərində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün 1 milyard 110 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bununla yanaşı, sahibkarlığın inkişafına bir sıra maliyyə alətləri vasitəsilə dəstək verilməsi, ölkənin enerji, qaz, su təchizatı, nəqliyyat, kommunal, kənd təsərrüfatı, sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı, habelə dövlət borclarına xidmətlə bağlı və digər xərclər üçün dövlət büdcəsi vəsaitlərinin ayrılması nəzərdə tutulub. Həmçinin, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq fəaliyyətin həyata keçirilməsi, o cümlədən xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımların göstərilməsi məqsədilə dövlət büdcəsində müvafiq həcmdə təsisatlar proqnozlaşdırılır.

Sosial sferanın prioritetliyi

Azərbaycan sosial dövlətdir. Milli Məclisin noyabrın 14-də keçirilən plenar iclasında müzakirələrə qatılan Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, dövlət başçısının tapşırığı ilə 2018-ci ildən başlanan  dərin sosial islahatlar uğurla davam etməkdədir. Ötən 5 il ərzində ölkəmizin sosial müdafiə sistemi xeyli təkmilləşib və güclənib. 2018-2023-cü illər ərzində orta aylıq əmək haqqı 70%, minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əmək haqqı 2,1 dəfə, əmək haqqı fondu 2,6 dəfə artıb, ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb.

Azərbaycan dövləti yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyən dərinməzmunlu sosial siyasətini növbəti ildə də davam etdirmək niyyətindədir. 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 %-i, onun cari xərclərinin isə 70%-i və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. Cari ilin göstəriciləri ilə müqayisədə bu, 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. Xərclərin 24,5%-i və ya 9 milyard manatı, sosialyonümlü xərclərin isə 57%-i əməyin ödənişi xərclərinin payına düşür. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün 4 milyard 542 milyon manat, sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 631 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 355 milyon manat vəsait nəzərdə tutulur. Dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 871 milyon manat, bütövlükdə dövlət və icmal büdcələrindən bu sahəyə 3 milyard 307 milyon manat vəsait ayrılacaq. Təhsil və elm xərclərinə 4 milyard 779 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31