Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qaz limiti ləğv olunacaqmı?

Qaz limiti ləğv olunacaqmı?

01.12.2023 [10:20]

Mübariz FEYİZLİ

Qış aylarında havaların soyuması ilə əlaqədar qaz istehlakı artdığına görə onun qiyməti ilə bağlı müzakirələr də aktuallaşır. Məlumdur ki, hazırda respublikamızda abonentlər istehlak etdikləri mavi yanacağın dəyərini Tarif Şurasının müəyyənləşdirdiyi limit əsasında ödəyirlər. Son günlərdə cəmiyyətdə, sosial şəbəkələrdə əhali seqmenti üzrə işlədilən qazın qiyməti ilə bağlı aparılan müzakirələrdə də əsasən limit məsələsi gündəmə gətirilir və müxtəlif təkliflər səsləndirilir.

Ölkə üzrə qazlaşdırmanın genişlənməsi

Qeyd edək ki, qazın qiymətinə belə həssas yanaşma təsadüfi deyil. Son illərdə ölkə üzrə qazlaşdırmanın səviyyəsi genişləndirilərək 96 faizə çatdırılıb. Bu, o anlama gəlir ki, respublika əhalisinin mütləq əksəriyyəti qaz istehlakçısıdır.

Abonentlərin sayı da kifayət qədər yüksək rəqəmlə ifadə olunur. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı statistik  rəqəmləri səsləndirib. Onun sözlərinə görə, 1 oktyabr 2023-cü il tarixinə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi üzrə istehlakçıların sayı 2 561 740 nəfərə çatıb. Əhali sektoru üzrə abonentlərin sayı 2 520 082, qeyri-əhali sektoru üzrə isə 41 658 abonent təşkil edir. Şöbə rəisi həmçinin 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 50 479 yeni abonentin qeydiyyata alındığını da qeyd edib.

Pərakəndə satış qiymətlərinin tənzimlənməsi

Azərbaycanda sosial amil - istehlakçıların gəlir imkanları arasında fərq nəzərə alınmaqla elektrik enerjisinin və mavi yanacağın satışı tənzimlənən qiymətlərlə həyata keçirilir. 2021-ci il 16 oktyabr tarixində Tarif Şurası təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərini sonuncu dəfə tənzimləyib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün ildə 1200-2500 kubmetrədək və 2500 kubmetrədən çox olan sərfiyyat üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Qaz limitinin ləğvi təklifləri

Əhali sektorunda istehlak olunan qaz limitlərinin qeyd olunan həcmlərdə müəyyənləşdirlməsi cəmiyyətdə birmənalı qarşılanmır. Kiçik və əsasən mərkəzləşdirilmiş istilik təchizatına malik olan mənzillərin sakinləri üçün illik 1200 kubmetrədək olan  limit qənaətbəxdir. Ancaq bunu daha geniş və mərkəzləşdirilmiş istilik təchizatı olmayan mənzillərdə, həmçinin həyət evlərində yaşayanlara aid etmək mümkün deyil. Sonuncu kateqoriyalardan olan vətəndaşlar üçün xüsusən qış aylarında qaz istehlakı ağır bir yükə çevrilir. Belə ki, qeyd olunan yaşayış sahələrində 12 qəpiklik minimal illik limit isitmə mövsümündə bəzən cəmi bir ay ərzində istehlak olunur. Buna görə də həmin abonentlər işlətmək məcburiyyətində qaldıqları minimal limitdən artıq qazın hər kubmetri üçün 20 və yaxud 25 qəpik ödəməli olurlar ki, bu da narazılıqlara yol açır.

Hazırda qazın qiyməti ilə bağlı aparılan müzakirələrdə istehlak limitinin ləğv edilməsi və qiymətlərin optimallaşdırılması, başqa sözlə desək “qızıl orta”nın tapılması təklif olunur. Bu barədə təkliflər, həmçinin Milli Məclisdə də səsləndirlib. Belə ki, bu günlərdə Milli Məclisdə deputat Tahir Kərimli qaz limitlərinin ləğv olunmasını gündəmə gətirib. Millət vəkili bildirib ki, çətinliklər nəzərə alınmaqla müvafiq qurumlar bu məsələyə yenidən baxmalıdırlar.

Milli Məclisin digər üzvü Fazil Mustafa da oxşar məzmunlu təklif irəli sürüb. Onun qənaətinə görə, Azərbaycanda qaz limiti ya ləğv olunmalı, yaxud da minimal limit müəyyən qədər yuxarı qaldırılmalıdır. O bildirib ki, hazırda bir çox insan limitin az olmasından əziyyət çəkər. “Qaz limitinin vətəndaşları nə qədər çətinə saldığı hər kəsə məlumdur. İnhsanların çoxu mövcud limiti elə yanvar-fevral aylarına qədər bitirirlər. Xüsusilə gəliri az olan vətəndaşlara bu, ciddi problem yaradır. Həyət evlərində yaşayan insanlar qış gəlməmiş limiti keçirlər. Bu istiqamətdə müəyyən addınların atılması vətəndaşın yükünü yüngülləşdirər”, - deyə millət vəkili vurğulayıb. F.Mustafa əlavə edib ki, ən azından kasıb, həssas, yardım alan, ümumiyyətlə, dolanışıq imkanları məhdud olan və işsiz vətəndaşlar üçün bu məhdudiyyətin aradan qaldırılması yaxşı olardı.

Rəsmi açıqlama: Kim nə qədər qaz işlədir?

Bəs qazın istehlakı üçün məyyənləşdirilmiş limitlərin ləğvinə “Azəriqaz”ın münasibəti necədir? Eldəniz Vəliyev bildirib ki, satış qiymətlərinin müəyyənləşdirilməsi, limitlərin qüvvədə saxlanılması və yaxud ləğvi onun təmsil etdiyi “Azəriqaz”ın səlahiyyətinə aid olan məsələ deyil. Qurum təchizata və keyfiyyətə cavabdehlik daşıyır.

Eldəniz Vəliyev cari ilin əvvəlindən kimin nə qədər qaz istehlak etdiyi barədə statistikanı da təqdim edib. Qurum rəsmisi 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 597 731 abonentin 12 qəpik tariflə (ümumi abonentlərin 63,4 %), 811 467 abonentin 20 qəpik tariflə (ümumi abonentlərin 32,2 %) və 110 884 abonentin isə 25 qəpik tariflə (ümumi abonentlərin 4,4 %) təbii qazdan istifadə etdiyini diqqətə çatdırıb. O, məscid və dini məbədlər üzrə ayrılan limit şərtlərinə də toxunulub. “2023-cü ilin yanvar-sentyabr ayları ərzində respublika ərazisində fəaliyyət göstərən 415 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün (illik 5000m3) limit ayrılıb”, - deyə Eldəniz Vəliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 271 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31