Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Böyük Qayıdış”ın ölkə iqtisadiyyatına töhfələri

“Böyük Qayıdış”ın ölkə iqtisadiyyatına töhfələri

20.01.2024 [10:30]

Azərbaycan dövləti 3 ildən artıqdır ki, tarixi Zəfərin növbəti səhifəsi olan azad edilmiş ərazilərdə quruculuq missiyasını sürətli ahəngdarlıqla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin  edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, bərpası, həmin ərazilərdə elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların yaradılması, mədəni-tarixi abidələrin bərpasına indiyədə qədər dövlət büdcəsindən 12 milyard manat vəsait yönəldilib. “Böyük Qayıdış”ın  ilk müjdələri olan 1186 ailən və ya 4691 nəfərin 30 illik Vətən həsrətinə son qoyulub və onların ən layiqli tərzdə öz yurdlarında məskunlaşması təmin edilib. Bu məqsədlər üçün 2024-cü ilin dövlət büdcəsindən daha 4 milyard manatdan çox vəsaitin ayrılması təmin ediləcək ki, ilin sonunda azad ərazilərdə quruculuq xərclərinin həcmi 16 milyard manatı ötmüş olacaqdır.

Məlumdur ki, “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş Milli Prioritetindən biridir. Bu məqsədlə qəbul və icra olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş bütün hədəflər öz axıcı ritmi ilə yerinə yetirilməkdədir. Qeyd edilən hədəf müddətində 34 min 500 ailənin doğma torpaqlarında layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərdə iqtisadi inkişaf layihələri icra olunacaq, insanların sahibkarlıq və kənd təsərrüfatı fəaliyyətləri ilə məşğul olması, digər irimiqyaslı sərmayə proqramlarının həyata keçirilməsi, həmin bölgənin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində ardıcıl addımlar atılacaqdır.

Azad ərazilərin iqtisadi potensialı, resursları ölkə iqtisadiyyatının inkişafı üçün nə vəd edir?

Azad edilmiş ərazilərin zəngin iqtisadi resursları, xammal ehtiyatları, münbit aqrar fondu vardır. Bu bölgənin zəngin mineral ehtiyatları vardır, Cəbrayıl və Kəlbəcər ərazisində sənaye və balıqçılıq sahəsinin inkişafı mümkündür. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonları böyük potensiala sahibdirlər. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində ət-süd məhsulları emalı üzrə Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarımız geniş potensiala sahibdirlər. Dağ mədən sənayesi üzrə Kəlbəcər və Zəngilan və Ağdərəda qızıl, mis, gümüş, civə və xromit ehtiyatları, Cəbrayıl rayonunda yerləşən “Yəşəm” və “Xalsedon” yataqları zərgərlik sahəsini inkişaf etdirməyə imkan verir.

Turizm sahəsinin inkişafına imkan verəcək gözəl guşələrimizdən olan Şuşa, Laçın, Kəlbəcər ərazilərimizdə dağ turizmi, ekoturizm, müalicəvi turizm və mədəni turizm üçün yararlıdır. Ona görə də sərmayə layihələri icra etmək istəyən iş adamlarının sayı durmadan artır. Qarabağ və Şərqi-Zəngəzur bölgəsi ilk növbədə, böyük sənaye və aqrar potensilı ilə seçilir və artıq 2 ilə yaxındır ki, bu potensialın hərəkətə gətirilməsi istiqamətində davamlı səylər göstərilir. Müasir sənaye və aqrar komplekslərinin yaradılması genişlənir, Cəbrayılda fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk xarici investorlar qeydə alınıb. Həmçinin, Ağdam Sənaye Parkının təməli qoyulub. Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının strateji coğrafi mövqeyi, digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları bu bölgənin gələcəkdə Azərbaycanın ən iri sənaye və iqtisadi güc mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək.

Türkiyə və Azərbaycanın birgə sərmayə platforması olan “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Dövlət bu ərazidə çalışan fermerlərə və kişik, fərdi sahibkarlara, vətəndaşlara həm dəstək göstərir, subsidiya verir, həm də vergi və sosial güzəştlərlə əhatə edir. Bu da öz növbəsində gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının xarici idxal asılılığından azad olmasına müsbət təsirini göstərəcəkdir.

Həmçinin böyük sənaye mərkəzi kimi hədəflənən Ağdam Sənaye Parkının imkanlarının səfərbər edilməsi bu bölgənin gələcəkdə Azərbaycanın ən iri sənaye və iqtisadi güc mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Bu da ölkə iqtisadiyyatına reinteqrasiyanı dərinləşdirəcək və Azərbaycanın gələcək yüksək iqtisadi inkişafına mühüm töhfə verəcək.

Yaşıl enerji” bumu....

Azad ərazilərin həyatında yeni bir dövr başlayır və dünyada bərpa olunan enerjiyə keçid fazası bu bölgə üçün də fürsətləri gündəliyə daşımaqdadır. Hazırda xarici sərmayəçilərin əsas investiya səmti bərpa olunan enerji sektoruna yönəlib və bu sahəyə böyük axınlar müşayiət edilməkdədir. Nəzərə alsaq ki, olduqca zəngin enerji resursları olan Qarabağ və Şərqi-Zəngəzurda külək, Günəş və digər “yaşıl enerji” layihələri də xarici investorlar üçün əlverişli zona və tapıntıdır, o zaman bu bölgənin həyatında cəlbedici sərmayə bumunun start götürəcəyi istisna deyil. İşğaldan azad edilmiş ərazilər üzrə 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) Günəş Elektrik Stansiyalarının (GES) ümumi potensialı 4000 MVt-dan çoxdur. Həmçinin, Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Bu ərazilərin infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq ilkin külək enerji potensialı 500 MVt-dək qiymətləndirilir. Ölkəmizin təbii su ehtiyatlarının 25 faizinin Qarabağ regionunda formalaşdığını nəzərə alaraq Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar da bərpa edilən enerji mənbələri sırasında mühüm yer tutur. Aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və Günəş elektrik enerjisinin istehsalı mənbələri vardır. Hazırda Cəbrayıl rayonunda böyük Günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Bu bölgədə Cənubi Koreya, İtaliya və eyni zamanda ilk külək elektrik stansiyasının investoru olan Səudiyyə Ərəbisatanın nüfuzlu şirkətlərinin layihələr icra edəcəyinə heç bir şübhə yoxdur.

Sakinlərə fərdi biznes və ailə təsərrüfatları yaratmaq üçün dövlət dəstəyi...

“Böyük Qayıdış”a dair Dövlət Proqramında işğalından azad edilmiş Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında əhalinin mərhələli şəkildə məskunlaşdırılması tədbirləri ilə paralel olaraq onların kənd təsərrüfatı ilə məşğul olması, ailə və fərdi təsərrüfatlarının yaradılması, kiçik biznes imkanlarının stimullaşdırılması məqsədilə torpaq ehtiyatları və digər resurslarla təmin olunması da diqqətdədir. Hazırda həmin ərazilərdə torpaqlardan səmərəli istifadənin təşkili və torpaq ehtiyatlarının idarə edilməsi, torpaq islahatlarının aparılması ilə bağlı plan hazırlanır. Bu plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi təmin olunacaq. Pay torpaqlarının verilməsi onların ailə təsərrüfatları yaratmasına, aqrar layihələr icra etməsi və dayanıqlı məşğulluq, eləcə də gəlir əld?etmə imkanlarının təmin edilməsinə səbəb olacaq.

İnvestorlar üçün yaradılmış güzəşt və imkanlar...

İşğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların marağı böyükdür. İndiyə qədər həmin ərazilərində biznes qurmaq, investisiya yatırmaq istəyən sahibkarlardan 1550-dən çox müraciət daxil olub. Müraciətlərin 500-ə qədəri xarici investorlara məxsusdur. Artıq bir ildən artıqdır ki, bu ərazilərdə müxtəlif biznes layihələri icra edilməkdədir. Dövlətin onlara verdiyi dəstək bu marağı daha da artırır. Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn tədbirlər planına əsasən, azad edilən ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, zəruri infrastrukturların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə azad olunan ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirməkdədir.

Azad edilmiş ərazilərdə çalışan işçilər 2023-cü ildən etibarən sosial güzəştlərlə də əhatə olunub. Belə ki, “Sosial sığorta haqqında” Qanununa dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunublar. Bu da bölgəyə marağm artmasında mühüm amillərdən biridir.  Həmin ərazilərdə işləyənlər üçün həm də birdəfəlik ödənişlər də verilir. “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərində işləyən orta ixtisas və ali təhsili olan mütəxəssislər bu güzəşti əldə edirlər. Bu güzəştlər son nəticədə azad edilmiş ərazilərdə istehsal, emal, ticarət və xidmət infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi, investisiya layihələrinin həyata keçirilməsini stimullaşdıracaq, sərmayə bumunu təmin edəcəkdir.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının təmin olunması bir çox iqtisadi sektorlara yeni nəfəs verəcək, qeyri-neft sektoruna əlavə dəyərinin yaranmasını stimullaşdıracaqdır.

Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31