Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Milli ideologiyamız!

Milli ideologiyamız!

23.05.2024 [11:06]

Azərbaycançılıq cəmiyyətimizi sıx birləşdirir 

Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir. Ölkəmizin sürətli inkişafını, xarici və daxili siyasətini şərtləndirən əsas iki amil mövcuddur. Birincisi, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sağlam bünövrə, ikincisi, həmin sağlam bünövrə üzərində Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlətçilik strategiyası.

Azərbaycançılığın ictimai fikirdə aparıcı yer tutmasının və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsinin əsas səbəbi onun xalqımızın tarixi keçmişi, bu günü və gələcəyi ilə sıx şəkildə bağlı olmasından irəli gəlir. Azərbaycançılıq ideyası ölkəmizdəki dini-etnik qrupların maraqlarına cavab verən, onların qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən milli həmrəylik mənbəyidir.

Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli-mənəvi dəyərlərə sadiq olan, təşəbbüskarlığı ilə ictimai həyatda fəal rol oynayan, vətənini və xalqını sevən insanlar kimi görmək istəyirdi. Ona görə də Ulu Öndər vətəndaşlarımızı bir amal və məqsəd ətrafında birləşdirən azərbaycançılıq ideyasını milli ideologiya səviyyəsinə qaldırdı. Bu ideologiya cəmiyyətin bütövləşməsini, vətəndaş həmrəyliyini və ümumxalq birliyini təmin edən mühüm faktor oldu. 

Heydər Əliyev milli və dini münasibətləri demokratik prinsiplər çərçivəsində, vicdan azadlığının təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirib. Ümummilli Liderin fəaliyyətində belə bir prinsip özünə mühüm yer tutmuşdu ki, azərbaycançılıq məfkurəsi ölkəmizdəki xalqların, dini konfessiyaların nümayəndələrinin vətəndaş həmrəyliyi şəraitində yaşamasında, onların mənəvi dəyərlərinin qorunmasında, Azərbaycan dövlətinin ətrafında səfərbər olmasında böyük tarixi-siyasi əhəmiyyət daşıyır.

Azərbaycançılıq milli mənsubiyyəti qorumaqdır...

Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov bildirib ki, Ümummilli Lider azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirib. Onun sözlərinə görə, məhz 

Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazanıb: “Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Ulu Öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu”.

Vahid ideallar naminə...

Deputat qeyd edib ki, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır: “Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur”.

Ənənələrimizin ötürülməsində mənəvi körpü

B.Məhərrəmovun fikrincə, azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir: “Ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür.

Ulu Öndərin gerçəkləşən arzusu ...

Deputatın sözlərinə görə, Heydər Əliyev irsinə bağlılıq və layiqli varislik hazırda Azərbaycanın müstəqillik tarixinin ən qüdrətli dövrünə qədəm qoymasını şərtləndirib: “Ulu Öndərin və xalqımızın ən böyük arzuları artıq həyata keçib. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, beynəlxalq siyasi arenada nüfuzu daha da yüksəlmiş və regionda söz sahibinə çevrilib. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində   Azərbaycan yeni inkişaf mərhələsinə daxil oldu. Bu da münaqişənin aradan qaldırılması üçün ciddi siyasi-iqtisadi və mənəvi-psixoloji zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri 

İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Ötən il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu qələbələr Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan itirilmiş torpaqlarını azad etməklə tarix yazdı. İndi Azərbaycan bayrağı Qarabağın bütün ərazilərində - Xankəndi, Əsgəran, Xocalı, Ağdərə və Xocavənddə dalğalanır”.

Yeganə BAYRAMOVA

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30