Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Milli müxtəlifliyimiz zənginliyimizdir

Milli müxtəlifliyimiz zənginliyimizdir

12.05.2022 [11:06]

Bu amil ölkəmizdə birləşdirici funksiya daşıyır

Pərviz SADAYOĞLU

Dünyaya tolerantlıq və dialoq məkanı olaraq nümunə göstərilən Azərbaycanda multikultural dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Yerləşdiyi Cənubi Qafqaz regionunun siyasi-iqtisadi lideri sayılan Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi də hər zaman yüksək dəyərləndirilir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə tolerantlıq, mədəni dialoq mühitinin əsas ünsürləri şəklində çıxış edir və birləşdirici funksiya daşıyır. Bu gün Azərbaycanda bütün dinlərə və xalqlara məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və milli-dini tolerantlığı özündə əks etdirən siyasi kurs bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə bütün dinlərə məxsus insanlara və milli etnik fərqliliyi olan xalqlara bayramlarının, dini rituallarının keçirilməsinə şərait yaradılır, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır. Milli birlik, həmrəylik dövlətimizin inkişaf konsepsiyasının əsas təməl prinsiplərindən biri qismində çıxış edir.

Ölkəmizdə milli birliyin daha da güclənməsi, bütün xalqların Azərbaycanın bütövlüyü, inkişafı istiqamətində bir yumruğa çevrilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin banisi olduğu müasir azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin möhkəmlənməsində, milli birliyin formalaşdırılmasında əsaslı rol oynadı. Ulu öndər Heydər Əliyevin yaratdığı bu milli ideoloji konsepsiya o dövrdə kövrək, yeni əldə olunmuş müstəqilliyimizin, suverenliyimizin qorunmasında mühüm tezisə çevrildi, həmin dövrün siyasi gərginliklərinin, bir sıra separatçı meyillərin aradan qaldırılmasında mühüm rola malik oldu. Ulu öndər Heydər Əliyevin banisi olduğu ideoloji konsepsiya ölkəmizdə yaşayan bütün xalqları bir amal-Azərbaycan dövlətinin qorunması və inkişafı uğrunda səfərbər etməyi bacardı.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov da Azərbaycanın tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olduğunu bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanda hər zaman hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran A.Badamov onu da qeyd edib ki, məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaratdı: “Bizim müxtəlifliyimz, fərqli etnik kökənli insanların ölkəmizdə birgəyaşayış mədəniyyəti nümayiş etdirməsi bizim zənginliyimizdir. İstər etnik kimlik, istərsə də fərqli dini inancların daşıyıcısı olmaq ölkəmizdə ayrı-seçkilik yaratmır. Bu gün istər dövlət strukturlarında, istərsə də qeyri-hökumət təşkilatlarında müxtəlif etnik kökənli, fərqli dinlərə mənsub insanlar fəaliyyət göstərir. Onların hər biri Azərbaycan dövlətinin inkişafına xidmət edir”.

Millət vəkili onu da vurğulayıb ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Ölkəmizdə fərqli millətlərdən olan çoxsaylı Milli qəhrəmanlarımız var. Hər zaman olduğu kimi bu gün də bütün milli etniklər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu məsələdə Azərbaycan dövləti ilə eyni prinsipdən çıxış edirlər. “Yaxşı xatırlayırıq ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən asılı olmayaraq, hər bir AZƏRBAYCANLI qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün icmalar, etnik azlıqlar dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkə də bəşər tarixində görünməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Beləliklə, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Eyni zamanda qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik Azərbaycan xalqı bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla möhkəm birlik nümunəsi sərgiləməkdədir. Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir”, - deyə A.Badamov əlavə edib. 

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sosial

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

25 May 10:30

MEDİA

Siyasət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31