Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Güzgülərin sehrli dünyası

Güzgülərin sehrli dünyası

02.12.2021 [11:36]

Aynadakı insanı tanıyırsanmı?

Müşfiqə BAYRAMLI

Güzgünün sehrli dünyasına birlikdə səyahət edək... Əvvəlcə tarixinə nəzər salsaq, görərik ki, bu məişət əşyası tunc dövrünə qədər gedib çıxır. İlk insan tərəfindən yaradılmış güzgüdən bu gün, əsas etibarilə, özümüzə əl gəzdirib, gözəl görünmək üçün istifadə edirik. Onsuz həyatımızı təsəvvür etmək mümkün deyil.

Dünyanın ən qədim güzgüsü Orta Anadoluda Çatalhöyükdə tapılıb. Bu güzgü eramızdan əvvəl 6000-ci illərə aiddir. İlk düz şüşə güzgülər isə 1500-cü illərdə İtaliyanın Venesiya şəhərində hazırlanıb.

Mifologiya nə deyir?

Əfsanələrə görə, göllərdə və ya su hövzələrində öz əksini görən ilk insan təəccüblənib, görüntünün onun ruhuna aid olduğunu düşündüyü üçün suyu bulandırıb. Görüntünün itməsini isə düşmənlərin yox olması kimi qəbul edib.

İlk dəfə Mesopotamiya və Misirdə istifadə olunan güzgü o zaman qızıl, gümüş, bürünc, tunc kimi materiallardan hazırlanırdı və onu sındırmaq mümkün deyildi. Misirlilər parlaq səth üzərində əks olunan görüntünün insanın ruhu olduğuna inanırdılar. Düşünürdülər ki, vampirlərin ruhu olmadığı üçün onlar güzgüdə görünə bilməzlər.

Deyilənə görə, şamanlar aynaya baxaraq gələcəyə gedər, öz ruhları özlərinə görünər, oradan xəbər verərdilər. Erlik Xan isə yanında güzgü gəzdirər, ona baxdıqca insanların günahlarını görərmiş.

Həmçinin Arximedin günəşin şüasını güzgülər vasitəsi ilə düşmən gəmilərinin üstünə salıb onları yandırması möcüzə kimi tarixdə qalıb. Adına da “Arximed möcüzəsi” deyiblər.

Qeyd etdiyimiz kimi, güzgülər haqqında miflər çoxdur. Onlardan biri də İsgəndərin güzgüsüdür. Bir əfsanəyə görə, bu güzgü Hindistan hökmdarı tərəfindən İskəndərə verilib. İskəndər ölkəsini xilas etmək üçün güzgüdən tələ kimi istifadə edibmiş.

“Nizaminin sehrli sənət güzgüsü”

Güzgü ilə bağlı geniş təsvirlərə ədəbiyyatımızda da rast gəlinir.. Nizaminin əsərlərinə nəzər yetirdikcə görürük ki, onun sehrli sənət güzgüsündə bəşəriyyətin keçdiyi yol, tarixin qaranlıq məqamları, insanların daxili dünyası, onların hiss və həyəcanları, sevinc və iztirabları, duyğu və düşüncələri yüksək bədii vüsətlə öz əksini tapıb. O, öz əsərlərində güzgünü mükəmməl bir bədii obraz səviyyəsinə qaldıra bilib. Belə ki, “İsgəndərnamə” əsərində güzgünün ilk dəfə yaradılmasını böyük fatehin adı ilə bağlayan Nizami yazır:

Həndəsi yol ilə qara dəmirdən

Güzgünü İsgəndər parlatdı birdən.

Sən də bu güzgüyə baxdığın zaman

İsgəndər dövründən xəbər alarsan.

Gördüyü seyqəldən rəngini atdı,

Qapqara bir dəmir şəfəq yaratdı.

İlk dəfə güzgüyə baxdı İsgəndər

Bir əlamət aldı gövhərdən gövhər.

Güzgüdə görüncə qeysər özünü,

Güzgünün şadlıqdan öpdü üzünü.

Gəlinlər bu rəsmə ehtiram üçün

Güzgünü öpərlər baxarkən hər gün.

Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu “Nizaminin sehrli sənət güzgüsü” məqaləsində yazırdı: “İsgəndəri heyrətləndirən bu əşya sonradan mifik, sehrli bir qüvvə kəsb edən, gələcəkdən xəbər verən, qələbələrin rəhninə, məğlubedilməzlik rəmzinə çevrilən, düşmənləri lərzəyə salan  bir silaha çevrilir. Həndəsi yolla yaradılan bu güzgü “Ayineyi-İsgəndər” adı ilə məşhurdur və böyük sərkərdənin bəxt, tale güzgüsü kimi səciyyələndirilir. Güzgünün sirləridir dünyagörmüş, filosoflardan dərs almış sərkərdəni düşünməyə, ibrət dərsi almağa vadar edən. Bu dünyada görülən hər bir işin gözəgörünməz əməl aynasında öz əksini tapması ideyası dünyanı dərk etməyə çalışan insanın mifoloji düşüncə tərzinin formalaşmasına zəmin yaradır. Güzgü sirlər xəzinəsinin qırxıncı qapısıdır, onun açarı isə bəsirət gözü və əməldir”.

Qarabağın həyat aynası - Xan sarayını bəzəyən güzgülər

Güzgü Qarabağ insanının, sadəcə məişət əşyası deyildi, həm də həyat aynası idi. Bu aynaya baxan şəxs həm də öz yaşamını, taleyini anlamağa çalışırdı. Yusif  Vəzir Çəmənzəminli “İki od arasında” romanında XVIII saray həyatını, Vaqifin otağını, güzgü asılmış divarları təsvir edərkən qeyd edir: “Yan divarlardan birisində çargül rəngin pəncərələr arasında zərli çərçivəli güzgülər vurulmuşdu”.

Görəsən, XVIII əsrdə Qarabağda güzgülər necə və harada hazırlanırdı? Qarabağa haradan gətirilirdi? Təəssüf ki, XVIII əsrdə Qarabağda, Şuşada güzgülərin olmasını təsdiqləyən etnoqrafik-tarixi qaynaqlar yox dərəcəsindədir. Amma araşdırmalara görə, Şuşaya güzgülərin tacirlər tərəfindən Çindən və Hindistandan gətirilmə ehtimalı yüksəkdir.

Xurşidbanu Natəvana uğursuzluq gətirən güzgü

Folklorşünas Fəridə Hicran qələmə aldığı məqalələrin birində yazırdı ki, Xan qızı Xurşidbanu Natəvanın bir yaşı olanda bibisi Ağabəyim ağa öz sevimli güzgüsünü ona hədiyyə edib. Güzgünü İran hökmdarı Fətəli şah, əslində Ağabəyim ağa üçün bağlatdırıbmış. Çox məşhur bir sənətkarın əl işi olan bu güzgünün dörd tərəfi qızıldan ecazkar haşiyələrlə hörülmüş, aralarına çox qiymətli böyük karatlarla brilyant, zümrüd, ləl qaşlar düzülübmüş. Güzgü uzun illər boyu Tehranda qərib həyatı yaşayan və övladı olmayan Ağabəyim ağanın otağında olub və övladsız olduğuna görə sıxıldığı üçün göz yaşı töküb və ölümündən bir il əvvəl son dəfə Vətəni Qarabağa qonaq gedərkən ən qiymətli hədiyyə kimi öz sevimli güzgüsünü Natəvana bağışlayıb. Natəvan həddi-buluğa çatarkən güzgünü çox qiymətləndirib, onu qoruyaraq saxlayıb. Lakin sonradan həyatındakı bir çox uğursuzluqlarla qarşılaşdıqca həmin güzgüdən uzaqlaşmağa çalışıb. O, uğursuz taleyinin bu güzgü ilə bağlı olduğunu hesab edib. Qarabağda sonralar Natəvanın güzgünü cavahiratdan ayırıb atdığını da söyləyənlər çox olub.

“Molla Pənah Vaqifin güzgüsü”

Saray məişətinin ən dəyərli predmeti olan ayna Vaqifin vizual dünyasında da xüsusi simvolik, poetik funksiyaya malik idi. Rüstəm Kamalın “Molla Pənah Vaqifin güzgüsü” məqaləsində qeyd etdiyi kimi, Qarabağ xanlığında qadın gözəlliyinə yüksək dəyər verilirdi. Bunu salnaməçilər də qeyd edir. Vaqif poeziyası bu estetik dəyəri bədii təsdiq edir;

Ayna tutar, zənəxdana gül düzər,

Hər muyinə yüz min fitnə-fel düzər.

Bəyaz gərdəninə siyah tel düzər,

Sanasan sonadır mənim sevdigim.

Yaxud:

Əldə ayna, gözə sürmə çəkəndə,

Ala gözün bulağından öpəydim.

Zənəxdanın çevrəsindən, xalından,

Qələm qaşın qabağından öpəydim.

Azərbaycan el adətində güzgünün rolu

Dünyanın əvvəli və sonunun simmetriyası Azərbaycan xalqının adət-ənənələrində bu günədək yaşamaqdadır.  Doğum günündən qəbir evinə kimi güzgü təkcə məişət əşyası kimi yox, inanc predmeti kimi dəyərləndirilir. Belə ki, gəlin köçürülərkən qabaqda güzgü aparılması (bəxt güzgüsü) həyatın, yaranışın başlanğıcı anlamına gəlirsə, insan ölən zaman üzərinə güzgü qoyulması isə həyatın sonu mənasını verir.

Toy güzgüsü - bəxt güzgüsü

El adətinə görə, nişan mərasimində oğlan evi gəlingilə bəxt güzgüsü gətirir. Daha sonra toy günü üstü qırmızı lentlə bağlanmış formada bəyin evinə aparılır. “Bəyin oğurlanması” filmində Nəsibə Zeynalova demiş, “Niyə bunların arasında dayanmısan? Ayna qabaqda olar. Keç qabağa”. Çünki inanca görə, güzgü gəlinin önündə aparılsa, onu bədnəzərdən qoruyar. Əgər toy günü güzgü sınarsa, bu isə evlənənlərin tezliklə ayrılacağına işarədir. Buna görə də toy günü ayna göz-bəbəyi kimi qorunub saxlanılır.

Meyitin üstünə nə üçün güzgü qoyulur?

Yəqin ki, çoxunuz bu faktla qarşılaşmısınız, insan dünyasını dəyişdikdən sonra cənazə evdə olduğu müddətdə sinəsinin üzərinə güzgü qoyurlar.  Buna səbəb nədir? El adətinə görə, bunu kliniki ölüm halının aşkar olunması üçün edirlər. Belə ki, kliniki ölüm zamanı bədən öz funksiyasını tamamilə itirir. Sadəcə, zəif tənəffüs funksiyası qorunur. Belə vəziyyətdə insanı ölmüş sayıb dəfn etmək olar. Keçmişdə həkimlər ölüm faktını təsdiq etmək üçün cənazənin ağzına güzgünü yaxınlaşdırırdılar. Əgər güzgünün üzəri tərləyirdisə, insanın nəfəs aldığını və ölmədiyini bilirdilər. Ola bilər ki, cənazənin üzərinə güzgü qoyulması anlayışı da elə bununla bağlıdır.

Yəhudi inancına görə, ölü dəfn edildikdən sonra 7 gün ərzində güzgüdən istifadə qadağandır. Evdə güzgünün üstü ya örtülməli, ya da güzgü divara tərs çevrilməlidir.

Bu anda “Babamın babasının babası” filmindən bir fraqment yadıma düşdü. Qoz ağacının altında yuxuya gedən Əziz babanın üzərinə güzgü ilə işıq salan balaca qızcığaz gözümün önünə gəldi. Əziz babanın aşiq olduğu Nərgizlə dialoqu isə filmin kulminasiya nöqtəsi idi:

- Dur get, əzizim, qoz ağacını altında yatma. Qoz ağacının havası ağır olur.

-  Bilirəm. Əcəlimi gözləyirəm.

Güzgünün qırılması niyə uğursuzluq gətirir?

Boş yerə deməyiblər, qəlb də ayna kimidir, sındısa, yapışdırmaqla düzəlməz. Güzgü sınmasının uğursuzluq gətirəcəyi ilə bağlı inanclar qədim dövrlərdə də mövcud imiş. Bəs bu xürafatdırsa, nə üçün XXI əsrə qədər gəlib çıxıb? Qədim Roma inancına görə, güzgü sındırmaq 7 il bəlaya düçar olmaq anlamına gəlirdi. Sındırdıqları təqdirdə, güzgü parçalarını axar çayda yumalı və basdırmalı idilər. Ancaq bunu edərkən qırılan parçalara qətiyyən baxmaq olmazdı.

Eləcə də italyanlar ruhun  maneələrə rast gəlmədən rahat səyahət edə bilməsi üçün mərhumun evindəki güzgüləri örtürdülər.

“Güzgünü qəsdən sındırmaq öz xoşbəxtliyini məhv etmək deməkdir”, “Güzgü sındısa,  7 il evdə xoşbəxtlik olmayacaq”, “Avtomobildə sınmış güzgü yol qəzası olacağına işarədir”, “Gəlinin güzgüsü sındısa, tezliklə ayrılıq olacaq”, “Çatlayan güzgüyə baxmaq bədbəxtlik gətirər”, “Gecə güzgüyə baxmaq bədbəxtlik gətirər” və s. sadalamaqla bitməz-tükənməz fikirlər insanları təşvişə salıb. Evdə qırılmış, yaxud çatlamış güzgüləri saxlamaq məsləhət görülmür. Amma bu o demək deyil ki, güzgünün sınması fəlakətin xəbərçisidir. Bunu bioenerji mütəxəssisləri deyirlər. Onların sözlərinə görə, məhz bu düşüncələr bizə zərər verə bilər. Buna görə də özümüzü dərhal uğursuzluğa məhkum etməməli və müsbətə köklənməliyik.

Evdə güzgüləri hara asaq?

Hələ qədim zamanlardan güzgülərin mistik qüvvəyə malik olması barədə çox deyilib, çox yazılıb-pozulub. Deyilənə görə, güzgünün harada yerləşməsini diqqətlə seçmək lazımdır. Belə ki, Dr.Teoman Karadağ öz elmi işində qeyd etdiyi kimi, bolluq və bərəkətin simvolu olan aynaları asdığımız yerə diqqət etməliyik. Evdə güzgünü iki yerə asmaq məsləhət görülmür. Birincisi, qonşu ilə ortaq divara, ikiici isə yataq otağına. Mütəxəssis deyir ki, qonşu ilə ortaq olan divara asılmış ayna onların mənfi enerjisini çəkə bilər. Yataq otağına  isə asılacaqsa, onda onu elə yerləşdirin ki, çarpayı və orda yatan insanlar güzgüdə əks olunmasın. İnsan psixologiyasında bu əks təsir göstərə bilər.

Bolluq, bərəkət istəyirsinizsə, güzgünü çiçəkli həyətiniz varsa, ona baxacaq formada asa bilərsiniz. Bundan başqa, güzgü ailə birgə yemək yeyilən masanın arxasında asılmalıdır.

Qapının girişinə güzgü asmaqla içəri daxil olan insanın enerjisini özünə keçdiyini deyənlər də var. Lakin bu da yanlış fikirdir. Çünki siz bunu etməklə evə gələn bolluq və bərəkəti də geri göndərmiş olursunuz.

Vaxtaşırı güzgünü təmizləmək lazımdır ki, onda toplanmış mənfi enerji də təmizlənsin.

Psixologiyada güzgü effekti: Güzgüdə gördüyün insana nə demək istəyirsən?

Güzgülər müxtəlif sferalarda, eləcə də psixologiya elmində də çox istifadə edilir. Güzgülər vasitəsilə insanlar üzərində psixoloji araşdırmalar aparılır.  Psixoloq İlhamə Vəliqızının sözlərinə görə, ağlağan, dəcəl uşağı sakitləşdirmək üçün güzgüdən istifadə metodu var: “Ağlayan uşağa güzgüdə özünü göstəririk ki, özünə bax. Gör, özündən xoşun gəlir? Bu güzgüdəki uşaq olmaq istəyirsən sən? Uşaq həmin an ağlamağı dayandırır. Çünki aynada əksini gördüyü formada olmaq istəmir. Eynilə böyüklər  üzərində də bu təcrübə işə yarayır. Məsələn, depressiyadan çıxan insanlar üzərində də bu metoddan istifadə edirik. Deyirik ki, güzgüdə özünə bax. Kimi görürsən? Güzgüdə gördüyün insana nə demək istəyirsən? Depressiyada olan insanlar güzgüdə özlərinə baxmağı sevmirlər çünki güzgüdə gördükləri insanı sevmirlər. Baxıb qəbul edə bilmirlər”.

Əlindən güzgü düşməyən, özünə vurğun olan insanlar da az deyil. Psixoloq deyir ki, belə insanlar narsist olurlar: “Hər yerdə özlərinə güzgüdə baxırlar.  Evlərinə gedirsən, hər yer güzgüdən ibarətdir. Çantalarında da mütləq güzgü olur. Avtomobildə güzgünü elə tənzimləyir ki, ancaq özlərini görsünlər. Bir sözlə, özünə vurğun insanlar güzgüyə baxıb özlərinə tərif etməyi çox sevirlər”.

Heç şübhəsiz, natiqlərin çıxış öncəsi ən yaxın dostu güzgüdür. Çünki onlara ən doğru cavabı həmişə güzgü deyir. Güzgü qarşısında məşq edir, həyəcanı atır və nöqsanları düzəltməyə çalışırlar.

Məhkumlara güzgü ilə necə işgəncə edilib?

Nə qədər məsləhət görülməsə də, güzgü ilə fala baxanlar da var. Vaxtilə, güzgü hipnoz üçün də istifadə edilib. Eləcə də məhkumlara güzgülər vasitəsilə işgəncələr edilib. Bunun üçün məhkum sağa-sola baxmadan saatlarca özünü seyr etməyə məcbur edilib. İnsanları bir müddət sonra ağıllarını itirəcək həddə çatdırıblar.

“Ayna , ayna, söylə mənə...”

Aynalar sizə heç vaxt yalan deməz. Gözəli çirkin, çirkini gözəl göstərməz. Nəyi, necə varsa, olduğu kimi sizə təqdim edər. Bəzən tək qalanda sirdaşınız, ən yaxın dostunuz olar. Çıxılmaz vəziyyətlərdə, öz-özünə qalıb düşünmək istəyəndə səni dinləyər, cavabını tapmaqda çətinlik çəkdiyin anda sənin köməyinə çatar. Bəzən də sözün əsl mənasında, vicdanınıza ayna tutar. Sizi doğru yola çağırar. İnsanlar onun sirli və valehedici dünyasında qeybə çəkilə də bilər, özlərini tapa da bilər. Avraam Linkolnun da dediyi kimi, aynaya baxdığında başqa birini görmək istəmirsənsə, özün kimi ol.

“Sehrli güzgü”nün sehrinə qapılan uşaqlar

Güzgü uşaqlıqdan dinlədiyimiz nağılların da vazkeçilməz “obrazlarından” olub. Nağıllarda sehrli güzgülər gələcəkdən xəbər verirdi, qəhrəmanı özü ilə birgə uzaq diyarlara, öz sehrli aləm??ə aparırdı, insanlarla danışırdı.

90-cı illərin uşaqları yaxşı xatırlayar. O vaxtlar Dövlət Televiziyasında “Sehrli güzgü” adlı uşaq verilişi yayımlanırdı. Hər kəs bir nəfər kimi ekranın qarşısında əyləşər, Savalan babanın ibrətamiz söhbətlərinə qulaq asardıq. Güzgünün sehrinə qapılıb gedərdik. O güzgüdə gələcəyimizi görərdik. Daha rəngarəng, daha əyləncəli həyat arzulayardıq.

 

 

 

 

Paylaş
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31