Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Youtube”dan kinoteatra...

“Youtube”dan kinoteatra...

11.12.2021 [11:13]

Taleh Yüzbəyov: Mən Adil kimi deyiləm, onun kimi olmaq cəsarət tələb edir

Müşfiqə BAYRAMLI

Dekabrın 22-də Heydər Əliyev Sarayında “Zəhər tuluğu” filminin premyerası baş tutacaq. 23 dekabrdan isə film kinoteatrlarda nümayiş olunacaq. Filmin ssenarist-aktyoru Taleh Yüzbəyov ilə görüşüb söhbətləşdik. Milyonlarla izləyicisi olan Taleh ilə həm yeni filmindən, həm də tale yolundan danışdıq: İki ideyanın üzərində dayandıq

- “Zəhər tuluğu” əvvəllər qısa videolar şəkilində “youtube” platformasında yayımlanırdı. Film çəkmək həvəsinə necə düşdünüz? Tamaşaçı təkidi çox oldu?

- Orxan Mərdanın (filmin prodüseri-red.) təklifi ilə film çəkmək qərarına gəldik. Çoxlu ideyalar fikirləşdik. Sonda iki ideyanın üzərində dayandıq. Qərara gəldik ki, ikisini də birləşdirib ikixətli ssenari yazaq. Pandemiyanın çətin vaxtlarında yazdıq. Çünki görüləsi başqa işlərimiz yox idi. Əslində, biz bu filmi ötən ilin dekabr ayında nümayiş etdirməyi düşünürdük. Mövcud vəziyyət və kinoteatrların fəaliyyət göstərməməsi bizi bir il geriyə atdı.

Məqsədim personajı antiqəhrəman etmək idi, amma...

- Sizcə, acıdil, zəhərsaçan Adil obrazı izləyicilərə niyə maraqlı gəldi?

- “Zəhər tuluğu”nun birinci hissəsini çəkəndə bu qədər bəyəniləcəyini düşünmürdüm. O qədər sevildi ki, 4 hissədən ibarət video alındı. Çox güman ki, cəmiyyətimizdə sözün düzünü deyən, sözünü deməkdən çəkinməyən, xoşu gəlmədiyi insanların üzünə həqiqəti vuran, açıqsözlü bir personaja bənzəmək istəyən insanlar yetərincədir. Onlar olmaq istədikləri insanı Adil obrazında tapdılar. Əslində, məqsədim personajı antiqəhrəman etmək idi, amma zamanla qəhrəmana çevrildi. İzləyicilər gündəlik həyatlarında Adilin sitatlarından istifadə etməyə başladılar. Məni görən 5 nəfərdən biri deyir ki, o şəxs eynilə mənəm. Məni çəkmisən. Mən Adil kimi deyiləm. Onun kimi olmaq cəsarət tələb edir.

Təəssüf ki, ancaq komediya filmləri uğur qazana bilir

- Adil obrazını kimdən görüb-götürdünüz?

- Adil neqativdən yaranmış obrazdır. Bir nəfərin deyil, ayrı-ayrı adamların, məsələn, sosial şəbəkələrdə nifrət dolu mesajlar yazanların, küçədə gördüyüm gərgin insanların birləşməsidir. Belə bir personaj yaradıb insanların necə göründüklərini özlərinə göstərmək istəyirdim. Tam əks-effekt verdi və Adil sevildi. Məncə, Adilə ədalətli olmaq xüsusiyyətini qatmağım insanları obraza cəlb etdi. Beləcə personaj başqa bir rəng aldı və gözlədiyimdən də başqa formaya büründü. Əhvalat sonuncu hissənin davamı kimi başlasa da, tam başqa tərəfə yönələcək. Onu əminliklə deyə bilərəm ki, treylerdəki kimi bəsit olmayacaq. Amma gözlənilməz sonluqla da bitməyəcək. Təəssüf ki, ancaq komediya filmləri uğur qazana bilir. Dram janrında çəkilmiş kinolar isə kassada batır. Əgər bu kino uğurlu alınsa və tamaşaçılar tərəfindən bəyənilsə, bu, bir növ dram janrında çəkilmiş filmlərin də inkişafına təkan olacaq.

Uzun illərdən sonra ilk dəfə məhz bizim filmimiz...

- Kinoteatrlar arasında yaranan anlaşılmazlıq sizin filminizə necə təsir etdi?

- Uzun illərdən sonra ilk dəfə məhz bizim filmimiz, eyni zamanda, bir neçə kinoteatrda nümayiş olunacaq. Bildiyiniz kimi, bir neçə ildir ki, kinoteatrlar arasında anlaşılmazlıq vardı. Orxan Mərdan təqdimat öncəsi kinoteatrların nümayəndələri ilə danışdı. Bir növ, o, “sülh quşu” rolunu oynadı. Əlbəttə, bu həm də kinoteatrlara xeyirdir. Çünki qazancın müəyyən hissəsi onlarındır. Həm də tamaşaçılara rahatdır ki, onlar istədikləri kinoteatrda filmi izləyə biləcəklər. Onlar üçün əlçatan olacaq və şəhərin digər bir ucuna getməli olmayacaqlar. Digər tərəfdən isə, kino istehsalçılarına sərf edəcək. Onsuz da pandemiyaya görə zalların 50 faizi boş qalır. İki kinoteatrda nümayiş filmin büdcəsinin dolması deməkdir.

Demirəm ki, yenilikdir, amma

- “Netflix”, “HBO” izləyən müasir tamaşaçını təəccübləndirə biləcəksiniz?

-(uzun ah çəkir-red.) Ssenari baxımından bizim ölkələrin filmlərinə xas olmayan bir xətt seçmişik. Əhvalatlar paralel baş verəcək. Demirəm ki, yenilikdir. Amma bizim kinolarda nadir istifadə olunur. Bir sıra toxunulmayan mövzulara da toxunmuşuq. İstəyirik ki, bu film Azərbaycan film sektoruna hansısa istiqamətdə təkanverici qüvvə olsun.

... Təhqir edildiyim vaxtlar da olub

- Tamaşaçıların şərhlərini nə dərəcədə önəmsəyirsiniz?

- Tamaşaçının fikirlərinin hamısını oxumaq fiziki baxımdan mümkün deyil. Gərək ya çox vaxtın, ya da möhkəm əsəblərin ola. Bacardığım qədərilə diqqət yetirirəm. Onlarla razı olduğum məqamlar da olur. Mümkün deyil ki, həmişə səndən hamı razı qalsın. Əgər onların dediklərinin hamısını etsəm, gərək, dayanmadan özünün ürəyinə yatmayan işlər çəkəsən. Mən özüm də tamaşaçılardan biriyəm. Düşüncələrimiz müəyyən qədər üst-üstə düşür. Düşməyəndə isə çox təhqir edildiyim vaxtlar da olub. Bilirsiniz, düşünürəm ki, həqiqət hər yerdə həqiqətdir. Hətta kosmosda da onu heç nə dəyişdirə bilməz.

Qorxuram

- Gözləntiləriniz özünü doğrultmasa? “Kaş elə “youtube”da qalardın fikrini eşitməkdən qorxmursunuz?

- Qorxuram. İstəmərəm ki, elə olsun. Məncə, bütün film çəkənlərin belə bir qorxusu var. Müsahibələrini oxuyanda başa düşürsən ki, onların ən çox əzab çəkdikləri an premyera zamanı olub. Çünki sən bir işə milyon dəfə baxıb onu tükətmisən. Sən artıq dəyərləndirəcək bir mərhələdə deyilsən. İnsanlar gözləmədiyin an işinə fərqli reaksiyalar verə bilərlər. Bu, elə bir şeydir ki, onu öncədən anlamaq olmur. Elə  olsaydı, Hollivudda o qədər filmlər batmazdı. Onlar biznes və yaradıcılıq tərəfini bizdən daha yaxşı bilirlər axı. “Youtube” üçün yeni ssenari yazmışam, hətta onu çəkməyə belə heyim yoxdur. Fikrim, sadəcə filmin premyerasındadır. Görəsən, necə olacaq? Tamaşaçılar necə qarşılayacaqlar? Hissim mənə deyir ki, insanlar bu filmə baxsalar, bütün həyəcanım keçəcək və hər şey normal axarı ilə davam edəcək.

11 il sonra başa düşürsən ki, əslində, sən heç kimsən, lazımsızsan

- “Youtube”dan kinoteatra... cığır necə oldu?

- Çox uzun yol oldu. 11 ildir ki, bu yolu gedirəm. 2005-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam. Öz aramızda belə bir deyim vardı. “Birinci kursda sən Xalq artisti olursan və səndən istedadlısı yoxdur. İkinci kursda Əməkdar artist olursan və görürsən ki, sənin kimi istedadlı uşaqlar da var. Üçüncü kursda başa düşürsən ki, səndən çoxdur və sən sadəcə artist olursan. Dördüncü kursda isə başa düşürsən ki, sən sadəcə tələbəsən”. İncəsənət Universitetində aktyorların inkişaf pilləsi bax, bu cürdür. Birinci kursa daxil olandan arzu edirdim ki, filmlərə, seriallara çəkilim. Karyeram başlasın. Rasim Balayev “Nəsimi” roluna birinci kursda çəkilibsə, “məndə niyə alınmasın” deyirdim. Amma 11 ildən sonra məşhurlaşdım. 11 il sonra başa düşürsən ki, əslində, sən heç kimsən, lazımsızsan. Ruhdan düşdüyüm vaxtlar çox olub. Hər kastinqdən kəsilmək,  heç bir yerə çağırılmamaq səni istər-istəməz mənəvi cəhətdən sıxır və sən düşünürsən ki, bəlkə də, günah elə özündədir. Yəqin ki, pis aktyoram ki, məni çəkmirlər. Pantomima tea?rından çıxdıqdan sonra yaradıcılıqdan uzaqlaşdım. Dolana bilmək üçün mobil operatorların birində “call center” vəzifəsində, eləcə də satış və marketinq şöbəsində çalışdım. Kreativ direktor da oldum. Amma içimdən bu yaradıcılıq sevdası bir an belə çıxmadı.

(Ardı növbəti sayımızda...)

 

 

 

Paylaş
Baxılıb: 432 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31