Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Vətən avazlı Rəşid

Vətən avazlı Rəşid

09.06.2022 [10:40]

Behbudovsuz 33 il...

Müşfiqə BAYRAMLI

33 ildir ki, Azərbaycan onun səsindən məhrum qalıb. 1989-cu il iyunun 9-da Moskva şəhərində dünyaya əbədi gözlərini yumdu. Bizə isə ondan əvəzedilməz ifaları və lent yazıları miras qaldı. Səsinin sehri unudulmaz sənət abidəsinə çevrilərək xalqın qəlbinə hakim kəsildi. Təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunladı. Söhbət dünya şöhrətli müğənnimiz Rəşid Behbudovdan gedir.

Sənətə vurğunluğu, qüdrətli səsi və təkrarolunmaz səs tembri, yüksək səhnə mədəniyyəti onu Azərbaycan estrada sənətinin görkəmli simasına çevirdi.

Səsində, avazında Vətən harayı duyulan müğənni, səhnə ustası və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tariximizə əbədi həkk etdi. Azərbaycan adlı ulu bir məmləkəti dünyaya tanıtdı.

Qeyd edək ki, 1915-ci ildə Tiflisdə məşhur şuşalı xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açan R.Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub. 1943-cü ildə Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə ekranlara çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb.

R.Behbudov 1946-1956-cı illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Bu, SSRİ-də ilk belə teatr idi. Hazırda Mahnı Teatrı böyük sənətkarın adını daşıyır. Mədəniyyət ocağının qarşısında qoyulan abidəsi hər dəfə önündən keçən sənətsevərləri salamlayır.

Rəşid Behbudov Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığına əbədi nəfəs verdi.

İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən sənətkar “Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var” və s. mahnılara şəffaf, bulaq suyu kimi axıcı səsi ilə can bəxş etdi.

Bakı, əziz şəhər, mehriban diyar!

Bakı, əziz şəhər, mehriban diyar,

Sinəndə boy atıb oldum bəxtiyar,

Səndə ilk eşqimin yadigarı var.

Sən mənim söhbətim, şərəfim, şöhrətim,

Tükənməz dövlətim, əzizimsən,

Gözəl, Bakı!

Xüsusilə də, Bakı mövzusu Rəşid Behbudovun yaradıcılığında da xüsusi bir məhəbbətlə, sevgi ilə öz yerini almışdı. “Bəxtiyar” filmindəki şirin və könül oxşayan ifa ilə bu əsər ölməzlik qazandı. Səsi ilə dünyaları dolaşan sənətkar hər bir yerdə “Azərbaycan”, “Bakı” deyərək doğma yurdumuzu tərənnüm etdi. Nəğmə dolu ürəyində yaşatdığı Bakı sevgisini bu misralarla dinləyicilərinə çatdırdı.

Bu gün Azərbaycan deyəndə Rəşid Behbudov, Rəşid Behbudov deyəndə Azərbaycan yada düşür. Musiqi xəzinəmizin Azərbaycandan kənarda populyarlıq qazanması məhz onun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub.

Xalqını sonsuz bir məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyub, heyrət nidaları və alqışlarla qarşılanıb. R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində mahnılar səslənib. Yaradıcılığı sərhəd tanımayan R.Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib. Sənətkar dəfələrlə dövrünün ən yüksək təltiflərinə layiq görülüb.

Heydər Əliyev və Rəşid Behbudov dostluğu

Ulu öndər Heydər Əliyev R.Behbudov sənətinə hər zaman yüksək qiymət verib və sənətkarın 85 illik yubiley tədbirində unudulmaz nitq söyləyib. Ümummilli lider deyirdi: “Rəşid Behbudov Azərbaycan mədəniyyəti sahəsində bənzərsiz incəsənət ustasıdır. O, öz səsi və artistlik istedadı ilə böyük musiqiçidir. O, həm xalq mahnılarının, həm folklor nümunələrinin, həm də estrada janrının mahir bilicisidir. Rəşid Behbudovun XX əsrdə Azərbaycan musiqisində rolu danılmazdır”.

“Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib” deyən Prezident İlham Əliyev qeyd edib: “...Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olmuşdur. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi”.

Sənətkarın 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyev müvafiq Sərəncam imzaladı.

R.Behbudovun 100 illiyi həm də onun adını daşıyan küçədə, yaratdığı teatrın qarşısında abidəsinin açılışı ilə yadda qalıb. Heykəlin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: “Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar”.

1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.

Paylaş:
Baxılıb: 219 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31