Səsindən özünə qədər sənətkar
15.02.2024 [11:20]
Şahanə MÜŞFİQ
Yazıma bir etirafla başlayım: ta uşaqlığımdan şeiri səsli söyləməyi, ya da dinləməyi sevməmişəm. Mənimçün şeir mübhəm duyğu kimi insan qəlbinin pıçıltısı, səssiz ifadəsidir. Ancaq görkəmli sənətkarımız, Əməkdar artist Azad Şükürovun qiraətini dinləməkdən də heç zaman imtina etməmişəm. Bəlkə də yeganə bədii-qiraət ustası olub ki, mən ona yorulmadan qulaq asmışam, bundan zövq almışam. Əvvəllər bunun səbəbini anlamırdım. Çünki hələ uşaqdım. Poeziyanın, şeirin, bədii-qiraətin, ümumilikdə, sənətin dərinliyinə varmağa nə biliyim, nə təcrübəm, nə də duyğularım kifayət edirdi. Sonralar isə Azad Şükürov qiraətinin ən mühüm fərqini özümçün kəşf etdim. Gördüm ki, Azad Şükürov şeiri tamaşaçı üçün, auditoriya üçün ifa etmir. O, şeiri özünün qəlbi ilə söhbəti kimi söyləyir. Sanki o, özü ilə söhbət edir, biz isə təsadüfən bu söhbətə “qulaq müsafiri” oluruq. Ona görə də onun səsində şeir daha səmimi, daha doğma gəlir...
İkinci bir etirafı da edim ki, incəsənət, ədəbiyyat sahəsinə gəldikdən sonra bu mühitdə tanımağıma həqiqətən sevindiyim, məmnun olduğum nadir sənətkarlardan biridir Azad Şükürov. Mənə görə sənətkarı elə uzaqdan, sənəti ilə, yaratdıqları ilə tanımaq daha xoşdur, hər zaman. Amma Azad Şükürov bu mühitdəki istisna şəxsiyyətlərdəndir. Çünki o, duruşu, daxili ağayanalığı, səmimiyyəti, hörməti ilə əsl sənətkardır.
Uzun illər mədəniyyət müxbiri kimi çalışdıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əmək fəaliyyətinə başlayarkən ilk günlərdə burada qarşılaşdığım və məni böyük səmimiyyətlə təbrik edənlərdən biri də məhz Azad müəllim olmuşdu. Mənsə bundan həm sevinc duymuş, həm də fəxr etmişdim. Çünki uşaqlığımdan bəri sevərək dinlədiyim, rollarına heyranlıqla tamaşa etdiyim bir sənətkarla (eləcə də burada pedaqoji fəaliyyətlə məşğul olan digər sənətkarlarımızla) birlikdə çiyin-çiyinə çalışacaqdım. Həmçinin həmin sənətkar məni tanımış, 40 ilə yaxın işlədiyi qocaman ali təhsil ocağına layiq görmüş və “əsl yerinizdəsiniz” demişdi.
Bir neçə gün öncə sevimli sənətkarımızın 65 illik yubileyi tamam oldu. Yubiley yaşı elə bir hadisədir ki, bütün il boyunca qeyd edilir. Azad müəllimin də 65 illik yubileyi 2024-cü il boyunca davam edəcək deyibən bir neçə gün gecikməylə də olsa, onun haqqında məqalə yazmağı özümə borc bildim.
Azad Şükürov 1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub. Aktyorluğa həvəsi isə ta uşaqlığından, Ağdamda ikən başlayıb. Bu sənət sevdasının necə başladığını özü belə təsvir edir:
“Ağdamın Muğanlı kəndində orta məktəbdə oxuyarkən ilk dəfə teatra getdim. Ə.B.Haqverdiyevin “Dağılan tifaq” tamaşası oynanılırdı. İndiki məlumatlılığımla deyirəm ki, quruluşçu rejissoru Heydər Şəmsizadə idi. Aktyorları isə o zaman Qarabağın tanınmış sənət ustaları idi. Mən o vaxt bilmirdim teatr nədir, rejissor kimdir, dekorator nə işə baxır və sair. Amma orada aktyorların geyimi, bəy paltarları, qırmızı xalçalar, işıqlar məni özünə çəkdi. Hiss etdim ki, bu, nədirsə, elə mənim axtardığımdır. Sonra yavaş-yavaş Ağdam Teatrının tamaşalarına getməyə başladım. Artıq ora mənim doğma yerimə çevrildi. Hətta xalq teatrında iştirak edib, rollar da oynayırdım”.
Bəli, ilk dəfə 8-ci sinifdə oxuyarkən səhnəyə çıxan gənc Azadın yolu artıq bəlli idi. O, mütləq aktyor olmalı, ömrünü incəsənətlə bağlamalı idi. Bunu özü yox, tale seçmişdi onun üçün. Ona görə də orta məktəbi bitirərkən ilk iş İnsənət İnstitutuna gəlmək olur. Amma... Bu maraqlı əhvalatı da özündən dinləyək:
1976-cı ildə orta məktəbi bitirib gəldim İncəsənət İnstitutuna sənəd verməyə. Elə bildim ki, məni burada böyük məmnuniyyətlə, sevinclə qarşılayacaqlar. Axı mən xalq teatrında işləyirdim, konsertlərdə şeirlər söyləyirdim. Həmin il mərhum Adil İsgəndərovla Rza Təhmasib Adil İsgəndərov üçün kurs yığırdılar. Onda mən də onları tanımırdım. Rayondan şəhərə gəlmiş gənc idim, imtahana qədər gəzmişdim, dondurma, deyəsən, çox yemişdim, dişim şişmişdi. Demək olar ki, danışa bilmirdim. Girdim imtahana. Elə Adil İsgəndərov məni görən kimi dedi ki, “qadam, deyəsən, orduna qoz qoymusan”. Mənim də dişim şiş, normal danışa bilmirəm. Dedi, “get, qozu çıxaranda gələrsən, iki” (gülürük). Beləcə, kor-peşman çıxdım, amma rayona qayıtmağa utanırdım. Rayonda hamı məni az qala “xalq artisti” kimi tanıyır, necə deyim imtahandan kəsilmişəm. Bir il qaldım Bakıda, tikintidə işlədim, rəhmətlik Məmmədkamal Kazımovun rəhbərlik etdiyi xalq teatrına getdim, teatra gedib, gəldim. Kütləvi səhnələrə çıxırdım. Artıq teatr mühitini tanıyırdım, sənətkarlarımızın kim olduğunu bilirdim. Beləcə, çox möhkəm hazırlaşıb ikinci il bir də sənədlərimi verdim və imtahana gəldim. Bu dəfə Adil müəllimlə Təhmasib müəllim Təhmasib müəllim üçün kurs yığırdılar. Mən içəri girən kimi Adil müəllim diqqətlə baxdı və dedi ki, qadam, deyəsən, sən qozu ordundan çıxartmısan (gülürük). Sən demə, yadında qalmışam. Buna çox sevindim, ürəkləndim və dedim ki, Adil müəllim, siz mənə yenə iki verib buradan çıxarsanız, mənə təsir eləməz, əsas odur sizin yadınızda qalmışam. O da güldü və imtahanı verib 1977-ci ildə İncəsənət İnstitutunun aktyorluq şöbəsinə, Rza Təhmasibin qrupuna daxil oldum”.
Bəli, bir il gecikmə ilə də olsa, Azad Şükürov sevib seçdiyi sənətin ali təhsilini qazanmaq şansı əldə edir. 1977-1981-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq şöbəsində təhsil alır, daha sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına aktyor təyin edilir.
2024-cü il Azad Şükürovun həyatında iki əlamətdar yubileylə xarakterikdir. Belə ki, o, həm özünün 65 yaşını, həm də indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki pedaqoji fəaliyyətinin 40 illik yubileyini qeyd edir.
Belə ki, A.Şükürov 1984-cü ildən 1990-cı ilə kimi indiki ADMİU-nun Tədris Teatrında işləyib. O, 1990-1992-ci illərdə Şuşa Dövlət Musiqili Dram Teatrında, 1992-2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov birinci dəfə 6 il (1996-2002), ikinci dəfə 7 il (2015- 2022) həmin kafedranın müdiri olub, hazırda Musiqili teatr aktyoru kafedrasının müdiridir, professordur.
2002-ci ilin noyabr ayında Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Sənətkar bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb.
Bədii yaradıcılıqla bahəm, pedaqoji və elmi yaradıcılıqla da məşğul olan yubilyarın dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. “Televiziyada danışıq” proqramı (1990), “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər (1998) və “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin (2006) müəllifidir.
O, 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
İlk dəfə bədii-qiraət ustası kimi tanıdığım, sevdiyim Azad Şükürovun bir neçə dəfə “Səhnə danışığı” fənninin tədrisində iştirak etmək şansım olub. Tələbələrlə münasibətlərindən əlavə, onlara fənni izah etməsi, onların nitqi üzərində zərgər dəqiqliyi ilə işləməsi bir müşahidəçi kimi məni heyran edib. Çox sadə tapşırıqlarla tələbələrin nitqinin göz önündəcə necə dəyişdiyinin, gözəlləşdiyinin şahidi olmuşam.
Söhbətlərimizdə Azad müəllimin özünün də poeziyaya, bədii-qiraətə necə böyük önəm verdiyini görmüşəm. Amma o, bu söhbətlərdə bir etiraf da edib:
“Bədii-qiraətçiləri bal arılarına bənzədirəm. Gül-çiçəkləri gəzib, ən yaxşı ətirləri toplayıb, bala çevirərək insanlara təqdim edirlər ki, onların ruhu dincəlsin. Dəfələrlə poeziyanın dadıma çatdığı olub. Ən əsəbi adamın belə könlünü şeirlə almışam. Amma bir şeyi etiraf etməliyəm ki, bədii-qiraət aktyor sənətinin bir qoludur. Mən bədii qiraətə aktyor sənətindən uzaq düşəndən sonra gəlmişəm”.
Əlbəttə, Azad Şükürov kimi bir sənətkar mədəniyyətimiz, incəsənətimiz, səhnəmiz üçün hər zaman, bütün dövrlərdə çox lazımlıdır. Bəli, bu gün onun yetişdirdiyi tələbələr səhnəmizdə müəllimlərini ən yaxşı şəkildə təmsil edirlər. Amma fikrimcə, həm teatr səhnəsində, həm də mavi ekranlarda Azad Şükürova ehtiyac çox böyükdür.
Özü isə bütün hallarda həm bir pedaqoq, həm də sənətkar kimi ömründən haqlı razılıq duyğusunu yaşayır: “Bu gün tələbələrimin də, tamaşaçılarımın da qarşısında başım dik, alnım açıqdır. Çünki heç zaman onları aldatmamışam, sənətimdən sui-istifadə etməmişəm”.
Azad Şükürovun tələbələri təkcə teatr səhnəsində, incəsənətdə deyil, həm də səngərdə, Vətən müharibəsində də öz cəsurluqları, Vətənə sevgiləri ilə seçiliblər. Daim cəhbə bölgələrində, hərbi hissələrdə əsgərlərimizlə görüşən Əməkdar artist 44 günlük Vətən müharibəsi zamanında da daim ön xəttə hərbçilərimiz, əsgərlərimizlə görüşlərdə oldu, səsi, sənəti, bir ağsaqqal öyüd və nəsihələri ilə onlarda ruh yüksəkliyi yaratmaq üçün çalışdı. Həmin görüşlərdə o, özünün keçmiş tələbələri ilə də qarşılaşdı. Həm də adi əsgər kimi yox, hərbi hissənin, komandirlərinin sevimlisi cəsur döyüşçü kimi. Azad Şükürov ölkəmiz, xalqımız üçün ən önəmli dövrdə öz tələbəsi haqqında komandirləri tərəfindən bu cür yüksək fikirləri eşidərkən iki qat qürurlandı, fərəh hiss keçirdi. Çünki o və onun kimi pedaqoqlarımız universitetdə tələbələrə təkcə öz sənətlərini, tədris etdikləri fənni deyil, həm də Vətənə məhəbbəti, qorxmazlığı, yurda, millətə bağlılığı, layiqli vətəndaş olmağı aşılayırlar. Qarabağımızı 30 illik düşmən işğalından azad edən qəhrəman döyüşçülərimiz, cəsur əsgərlərimiz həm də o pedaqoqlarımızın əsərləridir.
Bu, yurdu illərlə düşmən tapdağında qalan bir müəllim üçün daha böyük sevinc, daha böyük qürur idi. Ona görə də Ağdama ilk səfərində duyğularını gizlədə bilməyən sənətkar demişdi: “Böyüyüb boya-başa çatdığım yerləri belə viran görmək mənim üçün asan deyil. Gözəl yurdumuz yerlə-yeksan edilib. Amma uzun illərdən sonra azad edilmiş torpaqlara gəldiyim üçün böyük sevinc və qürur hissi keçirirəm. Torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə çox-çox minnətdaram. Allahdan şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıram. Artıq Ağdam tikilməyə başlayıb. Qarabağ yenidən qurulur. Qarabağımızı yenidən tikən, quran hər bir kəsə də minnətdarlığımı bildirirəm. İçimdə bir sevinc, qürur hissi var. Biz doğma torpaqlarımıza qayıtmışıq. Biz bu torpaqları yenidən quracağıq. İnanıram ki, burada böyük mədəniyyət hadisələri baş verəcək və mən də bir mədəniyyət xadimi kimi bu yolda əlimdən gələni əsirgəməyəcəm”.
Bəli, biz də inanırıq ki, Azad Şükürov bir zamanlar onda bu sənətə məhəbbət oyadan, ilk addımlarını atdığı Ağdam Teatrının səhnəsində yenidən unudulmaz rollar oynayacaq, Qarabağımızda mədəniyyətin, incəsənətin dirçəlməsi üçün həm bir sənətkar, həm də pedaqoq kimi çox mühüm və lazımlı işlər görəcək.
Böyük sənətkarımızı yubileyi münasibəti ilə təbrik edir, arzularını həyata keçirməsi üçün möhkəm can sağlığı və uzun ömür diləyirik!
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58

