Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Onu görmək üçün qanad açıb uçmaq istəyirəm

Onu görmək üçün qanad açıb uçmaq istəyirəm

12.10.2021 [10:13]

Çox darıxmışam - Bakının neft qoxusu, küləyi üçün, Qarabağ üçün darıxmışam...

 

Müsahibim hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif Özyürəkdir. Biz onu Məhsəti Şərif olaraq ANS TV-nin efirindən tanımış, sevmişdik. Məhsəti xanım 11 ildir İstanbulda yaşayır. Türkiyə vətəndaşı Rəmzi Özyürəklə ailə həyatı qurub. 2 övlad anasıdır. Ən maraqlısı da budur ki, İstanbulda jurnalist deyil, Mübariz İbrahimov adına Azərbaycan məktəbinin direktoru vəzifəsində çalışır.

 

Elə söhbətimizə də bu məktəbin hansı zərurətdən yaranması mövzusu ilə başladıq.

 

- Məhsəti xanım, İstanbulda Azərbaycan dilində təhsil verən və qəhrəman Mübariz İbrahimovun adını daşıyan məktəbin açılması hansı zərurətdən yarandı?

 

- Məktəb 4 il əvvəl yarandı. Mən iki ildir bu vəzifəni icra edirəm. Məktəb Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərir. Dərnək başqanı Aygün Həsənoğlunun dəvəti ilə gəlmişəm. Məktəbimizdə 95 şagird təhsil alır və bizə olan maraq getdikcə artır. Əsasən azərbaycanlı uşaqlardır, amma aralarında özbək, qırğız şagirdlərimiz də var. Tədris Azərbaycanın təhsil proqramı üzrə keçirilir. Kitablar Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə Təhsil Nazirliyi tərəfindən göndərilir. Məqsəd burada müvəqqəti yaşayan, işləmək üçün gəlmiş azərbaycanlıların uşaqlarının təhsildən kənar qalmamasıdır, bu ailələrə kömək etməkdir. Burada Türkiyə təhsil sistemi ilə oxuyan uşaqlara vətənə döndükdən sonra çətin olur. Çünki fərqlər var. Bir önəmli sosial problem də var. Burada azərbaycanlı ailələrin sayı həddən artıq çoxdur, lakin bu ailələrin bir çoxu istəsələr belə, uşaqlarını türk məktəblərinə qoya bilmirlər. Çünki oturum izni ala bilmirlər. 13-14 yaşlı uşaqlar var idi ki, təhsildən kənarda qalmışdılar, oxuma, yazma bilmirdilər. Ölkəmizə yazmağı, oxumağı olmadan dönürlər. Bizim məqsədimiz bu uşaqları təhsilə cəlb etməkdir ki, Azərbaycana təhsilsiz uşaqlar göndərməyək. Dərnəyimiz öz məqsədinə çatıb, fəaliyyətimiz güclənib. Türkiyənin milli təhsil sisteminə bağlı olmasaq da, əlaqələrimiz var. İndi bizi Türkiyədə də, Azərbaycanda da tanıyırlar. Bizi burada bir növ Azərbaycan Evi kimi düşünmək olar.

 

- Uşaqlarınız da bu məktəbdə oxuyurlar?

 

-Yox, onlar Türkiyə vətəndaşıdırlar deyə, türk məktəblərində oxuyurlar.

 

- Məhsəti xanım, jurnalist kimi tanınmaq, üstəlik sevilmək asan deyil. Siz çətinliklər bahasına əldə etdiyiniz işi buraxıb gəldiniz. Peşman deyilsiniz?

 

- Bəli, müəyyən pillələri adlamışdım. Ailə qurarkən 35 yaşına çatmışdım, hələ demək olar ki, bir az da gec qalmışdım. Orada qurduğum bir səhman var idi, uzun illər çalışmışdım, jurnalistikada müəyyən dərəcədə tanınırdım. Bunları qoyub gəlmək asan deyildi. Mən ailəmi karyeraya, ya da karyeranı ailəyə qurban vermədim. Hər iki işimin öhdəsindən gəlməyə çalışdım. Sadəcə bir müddət ara verməli oldum. Uşaqlar doğuldular. İndi oğlumun 9, qızımın 8 yaşı var. Onların təlim-tərbiyəsilə məşğul olmalıydım. Biz anayıq, cəmiyyətə doğru tərbiyə almış övladlar vermək vəzifəmiz var. Karyeramın başqa bir mərhələsinə keçdim - analıq vəzifəsinin icrasına. O müddətdə burada köşə yazarlığı etdim. İşimi unutmamaq, jurnalistika ilə əlaqələrimi qırmamaq üçün Azərbaycandakı media orqanlarına az-az da olsa reportajlar, yazılar göndərirdim. Bir az çətin oldu. Amma insan hər şeyə alışırmış. Mən bir gün TV-dən uzaqlaşacağımı, məktəb sisteminə keçəcəyimi təsəvvür eləmirdim. Məktəb və televiziya iki ayrı-ayrı sahələrdir. Amma insan şəraitə və şərtlərə tabe olur, alışır. İndi məktəb də jurnalistika kimi həyatımın bir hissəsi olub. Azərbaycan üçün faydalı övladlar yetişdirmək, bu işdə rolu olmaq ən gözəl missiyalardan biridir. Həyat insanı sürükləyib haralara aparar kimsə öncədən bilməz. Məni Türkiyəyə qədər gətirdi. Amma anamdan uzaqda qalmaq heç asan deyil.

 

- Günün birində qızınız başqa ölkə vətəndaşı ilə ailə qurub getmək istəsə, razılaşacaqsız?

 

- İstəməzdim. Anasızlığın əziyyətini çox çəkdim. Hərçənd “heç vaxt heç vaxt demə” deyiblər. Gənclərin öz düşüncələri var və ona hörmətlə yanaşmaq lazım gəlir.

 

- Müsahibələrinizin birində türklərin qonağı planla, proqramla qəbul etməsinə heyrətləndiyinizi demişdiniz...

 

- Hə elədir, təzə gələndə insanların burada çox planlı, proqramlı olmaları məni təəccübləndirmişdi. Yəni Azərbaycanda sən bir əzizinin evinə getmək istəyəndə bunun üçün hansısa xüsusi icazə almırsan. Zəng etmədən də gedə bilirsən. 11 ildir buradayam, indi buna öyrəşmişəm və düşünürəm ki, bu yaxşı ənənə imiş. Bu, insanların istirahət hüququna hörmət etməkmiş. Bu, sadəcə xəbərdarlıq etməkdir, evdəsinizsə və ya imkanınız varsa, gəlmək istəyirəm. O adamın da başqa planı, proqramı varsa deyir, yoxsa qəbul edir. Artıq mən də buna öyrəşmişəm və bu yaxşı ənənəymiş. Məncə bizdə də belə olsun.

 

- Sizi Türkiyəyə sevgi apardı ya məntiq?

 

- Məntiqlə ailə qurulmasını mən anlamıram. 35 yaşımda ailə qurdum. Bu, sevgi olmadan imkansız idi. Anlamıram, sevgi olmadan bir insanla bir ömrü necə keçirmək olar. Mütləq sevgi olmalıdır, sevgi olmasa, bu riski gözə almazdım.

 

- Deyirlər, zamanla sevgi öz formasını dəyişir...

- Bəli, dəyişir. Övladlar dünyaya gəlir, həyat qayğıların olur. Sevgi ilk gündəki kimi qalmır. Sevgi hörmətə, güvənə çevrilirsə, ailə mükəmməl olur. İlk gündəki kimi qalmışıq desək, səmimi olmarıq. İndi ortaq övladlarımızı sevirik, ailəmizi sevirik. Nəticə etibarilə bir-birimizi də sevirik.

 

- Evdə ən çox türk mətbəxinin yeməkləri bişir ya Azərbaycanın?

 

- Təzə gələndə türk mətbəxini bilmirdim. İndi qəşəng yeməklər hazırlayıram. Ailəm əsasən türk yeməklərinə üstünlük verir. Amma Azərbaycan mətbəxi möhtəşəmdir, bunu deməsəm, olmaz.

 

- Deyirlər, türklər azərbaycanlı qızlarla evlənməyə üstünlük verirlər, çünki bizimkilər daha “sözəbaxandırlar”. Bu doğrudur?

 

- (Gülür) Məni ailəmlə dalaşdırmayın.

Türk qızları daha azad, savaşçı ruhludurlar. Biz daha mülayimik. Bu arada, mənim qaynanam da Azərbaycan əsillidir. Təbrizdən Ərzuruma, oradan da İstanbula köçüblər.

 

- Azərbaycanda “od parçası” olan qız getdi oldu türk evində gəlin. Ailədə biri od olanda biri su olar deyirlər. Su rolundasınız?

 

- Mən elə gənc qızkən də od parçasıydım, ailə quranda da od parçası oldum. Heç su rolunu oynamamışam. Amma yoldaşım da od parçası olduğu üçün bəzən güzəştə getməli oluram. Birlikdə yanıb, birlikdə sönürük. Təbii ki, ailədə qadın bir az daha mülayim olmalıdır. Ailə iş yeri deyil ki, əsəbləşdin, bəyənmədin, yola getmədin keçəsən başqa yerə. Çox şeylərə göz yummalısan, bəzən susmaq gərəkirsə, susmalısan. Xasiyyətini bilirəm. Tərsdir, sərtdir. Bilirsinizmi, mən onu əvvəllər dost kimi tanıyırdım, mənə evlənmə təklifini mesajla edib. Evlənmə təklifini mesajla etdiyi azmış kimi, hələ şərt də kəsirdi. Mesajda yazılmışdı ki, “ilk və son dəfə təklif edirəm”. Bir gün düşündüm və mən də təklifinə mesajla qısaca “hə” dedim. Yəni o zamandan xarakterini bilirəm. Ailədə sabitliyin, mehribanlığın əsasını qadın qoyur, yükün çoxu qadının çiyinlərinə düşür. Amma haqsızlığa susa bilmirəm mən. Gah od, gah suyam. Ailə institutu fərqli bir anlayışdır. Övlad böyüdürük. Analıq hissi həmişə üstün gəlir.

 

- Türkiyədə hansısa media qurumunda çalışırsınız?

 

- Yazılı media qrumlarında çalışıram. Köşə yazılarım gedir. Daha çox Azərbaycan və Qarabağla bağlı yazılarım olurdu. Azərbaycan mətbuatında arabir yazılarım dərc edilir. Aktiv jurnalistikada deyiləm. Yaş da artıq öz işini görüb. Oturaq işləmək mənə daha rahatdır. Aktiv jurnalistikaya qayıtmağı düşünmürəm. Buradan Azərbaycan üçün nə lazımdırsa, onu da edəcəyəm. Hazırda məktəbdəyəm. Ölkəm üçün başqa sahələrdə də faydalı olmaq olar və mən də bunu edirəm.

 

- Son dəfə nə zaman olmusuz Azərbaycanda?

 

- Azərbaycana 5 ildir gələ bilmirəm. Öncə övladımın səhhəti ilə bağlıydı. İndi də açıq desəm, qiymətlər çox bahadır. Amma düşünürəm ki, Zəfərimizin birinci ildönümüdə gələcəyəm. Çox darıxmışam - Bakının neft qoxusu, küləyi üçün darıxmışam. Qarabağ üçün darıxmışam, Ağdamda böyümüşəm mən. Ağdam alınıb, mən onu görmək üçün qanad açıb uçmaq istəyirəm. Həyat şərtləri, maddi durumlar bəzən hər arzumuza qanad taxmağa imkan vermir.

 

- Uşaqlarınıza Azərbaycan sevgisini yetərli qədər aşılaya bilmisiniz?

 

- Türkiyə qədər Azərbaycanın da onların vətəni olduğunu bilirlər. Həm Türkiyə, həm Azərbaycanda dəyər verilən ənənələrlə böyüyürlər. Azərbaycan barədə çox yaxşı məlumatları var. Qarabağ aşiqidirlər. Qarabağın onların bir parçası olduğunu, analarının ata yurdu olduğunu bilirlər. 44 günlük müharibə günlərində qızım mənimlə bərabər ekran qarşısında göz yaşı tökürdü. Bizim evimizdə Türkiyə Azərbaycan deyə bir fərq yoxdur. İki vətənləri var. Biri ana Vətənləridir, digəri ata Vətənləri. Azərbaycan dilində tam təmiz danışa bilməsələr də, deyilənləri gözəl anlayır, özləri də danışmağa cəhd edirlər.

Türk məktəbində təhsil aldıqları üçün istər-istəməz bir qədər dil problemləri var.

 

- Xaricdə yaşayan soydaşlarımız deyirlər ki, müharibədən sonra bizə münasibət dəyişib. Siz necə düşünürsünüz?

 

- Doğrudur. Müharibədən sonra bizi daha çox qəbul etdilər, bizimlə, Azərbaycanla daha çox maraqlandılar. Qalib ölkənin vətəndaşı olmaq bir başqa hissdir və onu biz burada bir ayrı cür daddıq. Əvvəlcə Azərbaycan dediyimiz zaman deyirdilər ki “hə siz hələ də bu Qarabağ problemini həll edə bilmədiniz, uzun zaman çəkdi”, indi deyirlər ki “Qarabağı azad etdik, Qarabağ bizimdir”. Azərbaycana sevgi, hörmət onsuz da var idi, amma Qarabağ Zəfərimizdən sonra bu sevgi, hörmət birə-beş artıb. Bunu əminliklə deyə bilərəm. İndi daha böyük qürurla “Azərbaycandanam” deyirəm, bununla da arxayınlaşmayıb, azad edilmiş “Qarabağdanam, Ağdamdanam” deyirəm. Mən bir qarabağlı qızı kimi, vətəninə, torpağına həsrət qalan bir insan kimi ən böyük xoşbəxtliyi yaşadım. Bütün əsgərlərimizin gözündən öpürəm, qazilərimizə şəfa diləyirəm. Şəhid analarına başsağlığı verir, onlara Allahdan səbir, dözüm arzu edirəm. Onların övladları hamımızın ürəyində yaşayır. Bu sevgi əbədidir. Ağdam geri alınanda küçəyə çıxıb ağlaya-ağlaya “Ağdamı aldıq” deyə qışqırırdım. Qonşularım da küçəyə çıxıb mənimlə birgə ağlayırdılar. Mən Ağdamı 16 yaşımda tərk etmişdim, məcburi köçkün kimi. Və o məşum gün yara kimi qalmışdı ürəyimdə, unudulmaz idi. Ağdam mənim ən həssas nöqtəmdir.

 

- 30 il bir igidin ömrüdür. Səmimi deyin, qayıdacağımıza ümidiniz qalmışdı?

 

- Bir gün belə şübhə etməmişəm. Həmişə deyirdim ki, Ağdam alınsa, gedib orada TV və ya hər hansı bir mətbuat orqanı açacağam, orada işləyəcəyəm.

- Alındı. Gəlmək istərsizmi?

 

- İndi də eyni fikirdəyəm. Sadəcə indi tək deyiləm. Ailəm var. Həyat yoldaşımın orada iş imkanı olsa, düşünmədən gələr. O da istəyir. Uzun illər xaricdə yaşayıb. Fransada, İsveçdə. Rəmzi deyir ki, “yaşamaq üçün ölkə seç” desələr, Azərbaycanı seçərəm. Azərbaycanı sevir. Anam, bacım, qardaşım evə dönüş proqramına imza atıblar. Geri dönmək istəyirlər. Əminəm ki, bir gün mən də dönəcəyəm.

 

Söhbətləşdi:

İlhamə Rəsulova

 

Paylaş
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31