Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Prezident İlham Əliyevin şəxsiyyətinə olan sonsuz inam bizim böyük qələbəmizin əhəmiyyətli amillərindəndir

Prezident İlham Əliyevin şəxsiyyətinə olan sonsuz inam bizim böyük qələbəmizin əhəmiyyətli amillərindəndir

05.11.2021 [16:33]

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov

-Səməd müəllim, tarixi Zəfərimizin birinci ildönümünə sayılı günlər qalır. Zəfərimizi şərtləndirən amillər sırasında Azərbaycanın xarici siyasət  uğurları xüsusi rol oynadı. Keçilən yola qısa nəzər salmağınızı istərdik…

-QALİBLƏR HƏR ZAMAN DÖYÜŞDƏN ƏVVƏL QƏLƏBƏ QAZANIRLAR, MƏĞLUBLAR İSƏ QƏLƏBƏNİ DÖYÜŞ MEYDANINDA AXTARIRLAR. BU MÜDRİK SÖZLƏRİ ƏMİNLİKLƏ BİZƏ - AZƏRBAYCANA AİD ETMƏK OLAR.

Biz - Azərbaycan xalqı birinci Qarabağ müharibəsinin itkilərinin ağrı-acısını dəf etdikdə və dahi Heydər Əliyevi hakimiyyətə gətirdikdə artıq qalib gəldik. Bu Azərbaycan xalqının müdrikliyinin qələbəsi idi. Bu Xocalı faciəsinin ağrı-acısına güc gələrək həmin gücü, qüvvəni qüdrətli və çiçəklənən Azərbaycanın quruculuğunun yaradıcılıq potensialına çevirə bilən insanlarımızın iradəsinin qələbəsi idi.

İşğal altında olduğumuz,  bir milyona yaxın qaçqın və məcburi köçkünümüz olduğu bir şəraitdə, biz 1994-cü ildə əsrin müqaviləsinin imzalanmasına, 1996-cı ildə isə Lissabonda ATƏT tərəfindən bizim Qarabağa olan hüquqlarımızın tanınmasına nail olduq. Elə həmin ildə Avropa Şurasına daxil olmaq üçün danışıqlara başlayaraq, 2001-ci ildə qurumun tam hüquqlu üzvünə çevrildik. 2003-cü ildə isə bizi fəlakətdən və müstəqilliyimizi tamamilə itirməkdən xilas edən Azərbaycan xalqının dühasını əbədiyyətə yola salaraq, Qarabağı Azərbaycandan tam şəkildə qoparmaq cəhdindən xilas edəcək yeni Prezidentimizi seçdik.

2003-cü ildən etibarən ölkə Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini davam etdirərək, ölkəmizin bütün sahələrini inkişaf etdirdi, təkmilləşdirdi və gələcək möhtəşəm zəfərimizin əsasını qoydu. 2005-ci ildə bilavasitə onun rəhbərliyi ilə AŞPA-da ərazilərimizin erməni silahlı birləşmələri tərəfindən işğalını və azərbaycanlıların tarixi torpaqlarından etnik təmizlənməsini qınayan 1416 nömrəli tarixi sənəd qəbul edildi. Azərbaycan Avropa İttifaqı ölkələri ilə sıx, strateji münasibətlər yaratdı, güclü iqtisadiyyat qurdu, çoxsaylı forum və konfranslar keçirdi, qonşu ölkələrlə dostluq əlaqələri yaratdı, Qafqazda yeni nəhəng layihələrin – TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əsasını qoydu, dəniz limanlarının tikintisinə başladı. 2011-ci ildə Vətən Müharibəsi zamanı milli maraqlarımızın müdafiəsində böyük rol oynayan Qoşulmama Hərəkatının üzvü seçildik. Elə həmin il Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə seçildi, 2015-ci ildə Türkiyənin Antalya şəhərində Türkiyənin dəvəti ilə böyük 20-liyin Sammitində ilk dəfə iştirak etdi, 2016-cı ildə isə Avropa İttifaqı ilə əməkdaşlıq barədə yeni müqavilə ilə əlaqədar danışıqlara başladı. Ümumiyyətlə, Azərbaycan 2010-2020-ci illər ərzində dövlətimiz üçün olduqca əhəmiyyətli sənədlərin qəbul olunduğu 20-dən çox beynəlxalq təşkilatın üzvü seçildi. Bununla yanaşı, bütün dünyaya yeni Azərbaycanın mədəniyyətini, tarixini, həyatını və əlbəttə ki, gücünü nümayiş etdirən böyük beynəlxalq tədbirlər keçirildi. Buna misal olaraq həm Türk Şurasına, Qoşulmama Hərakatına üzv olan ölkələrin və qonşu ölkə başçılarının Sammitlərini, həm bütün dünyada tanınan məşhur “Bakı prosesi”ni, Avropa İslam oyunlarını, Formula 1 yarışlarını və bir çox başqa tədbirləri göstərmək olar. Burada unikal layihələri və fəallığı ilə təkcə milyonlarla azərbaycanlının deyil, xaricilərin də qəlbini fəth etmiş Heydər Əliyev Fondunun xüsusi rolunu qeyd etmək lazımdır. İnşa edilərək Pakistana bağışlanan qızlar məktəbini, həmçinin kardinal Ravazinin islam fondu tərəfindən xristian dəyərlərinin xilas edilməsi ilə əlaqədar Romada ilk hadisə adlandırdığı Vatikandakı Marçellino və Pietro katakombalarının bərpasını xatırlatmaq istərdim.

 Bütün bunlar müasir beynəlxalq münasibətlərdə və Qarabağda böyük qələbəmizə qədər qalib olmaq hüququmuzu sübut etdi.

-Döyüş meydanında qalib olan Azərbaycan informasiya cəbhəsində də üstünlüyü əldə etdi. Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin əsasında hansı hədəflər dayanmışdı?

-Bir əsgərin döyüş meydanındakı qələbəsi yalnız qələbə əmri olduğunda deyil, məhz qələbəyə inam olduqda əldə edilir. Bizdə bu inamı, bu əqidəni cənab Prezident öz nümunəsi ilə, xalqımızla olan birliyi ilə yaratdı. Onun gücü xalqın gücüdür və müharibə zamanı o öz çıxışlarında xalqımızın səsini məharətlə dünyaya çatdırırdı. Bizim bu səsə, düşmənlərimizi  güllə kimi sözləri ilə darmadağın edən Əliyevin dəmir məntiqinə ehtiyacımız var idi.

Bütün dünyada müharibələri təhlil edən müasir dərsliklər bu gün ilk növbədə bizim təcrübəmizi öyrənir və hərbi əməliyyatların aparılması metodları ilə birlikdə Azərbaycan Prezidentinin hər bir nitqini, dünya ilə necə danışmaq lazım olduğunu, ölkənin milli maraqlarını əzəldən sənə nifrət edənlərdən necə müdafiə etmək lazım olduğunu öyrənirlər.

Prezidentin çıxışları və mətbuat konfransları dünya siyasi ritorikasının qızıl fonduna daxil edilib. Təkcə ona görə yox ki, hər bir çıxış, hər bir ifadə, hər bir söz natiqlik sənətinin ən yaxşı nümunələrini özündə əks etdirirdi, həm də ona görə ki, onun dedikləri mütləq qaydada həyata keçirilir və yerinə yetirilirdi. Ancaq bu da hələ hamısı deyil. Onun verdiyi və qeyd-şərtsiz əməl olunan əmrləri ilə yanaşı, o öz düşüncə gücü və dəmir məntiqi sayəsində hadisələri öncədən görə bilirdi. Və hər kəs bilirdi ki, əgər Prezident nəyisə deyirsə bu mütləq baş verəcək. Əgər o qələbə qazanacağımızı deyirsə deməli qalib gələcəyik. Prezident İlham Əliyevin şəxsiyyətinə olan sonsuz inam şübhəsiz bizim böyük qələbəmizin əhəmiyyətli amillərindən biri idi.

-Səməd müəllim, işğaldan azad edilmiş ərazilərimizə, Qarabağın tacı Şuşaya ilk dövlət başçısı kimi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Füzuli Beynəlxalq Hava Limanına xarici uçuşu ilk həyat keçirməsini necə şərh edərdiniz? Dünyaya hansı mesajlar ünvanlandı?

-Şuşa yalnız simvol deyil, həm də bizim milli mentallığımızın ayrılmaz hissəsidir. Şuşa şəhərinin işğaldan azad olunması da bizim mentallığımızın, qəlbimizin işğaldan azad edilməsidir. İndi təkcə Şuşa yox, həmçinin Qarabağı bərpa etmək və onu yer üzündə əsl cənnətə çevirmək üçün bizim ruhumuz da azaddır. Dünyaya sübut etdik ki, biz ağrı-acıya dözə, müharibə edə, qalib gələ bilərik və dünyaya sübut edəcəyik ki, erməni işğalçılarının yaratdığı cəhənnəm cənnətə çevrilə bilər və çevriləcəkdir. Və bu cənnətin açarları artıq heç bir başqa dövlətdə olmayacaq, həmin açarlar Azərbaycanın əlindədir.

Məhz həmin açarlar bizim dost və qardaş olduğumuz və artıq birgə müttəfiqlik səviyyəsinə yüksəldiyimiz Türkiyəyə rəmzi olaraq Prezidentimiz tərəfindən təqdim olunmuşdur. Təsadüfi deyil ki, bizim iki dövlət səviyyəsindəki ittifaq münasibətlərimizə dair sənəd məhz Şuşada imzalanmışdır. Təsadüfi deyil ki, Qarabağın açarları Füzulidə yeni hava limanında təqdim olunmuşdur. Təsadüfi deyil ki, iki prezident Zəngəzur dəhlizinin əsasını qoymuşdur. Bizim birliyimizin əsası vahid türk dünyasıdır, onun ürəyi Qarabağdır, Qarabağ isə Azərbaycandır!

Paylaş
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31