Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Millət vəkilinin vəzifəsi özünü tanıtmaq deyil

Millət vəkilinin vəzifəsi özünü tanıtmaq deyil

28.01.2022 [11:02]

 

Həmsöhbətimiz 50 saylı Abşeron-Qobustan seçki dairəsindən parlamentə seçilmiş deputat Şahin Seyidzadədir.

 

O, uzun illər gənclərlə iş və təhsil sahəsində fəaliyyət göstərib. Hazırda parlamentin gənclər və idman, elm və təhsil komitələrinin üzvüdür. Onunla söhbətimizə oxucuların da marağında olan bir sualla başladıq...

 

Günümüz təkcə gözə görünən hissədən ibarət deyil

 

- Şahin bəy, maraqlıdır, deputatın bir günü necə keçir?

 

- Millət vəkilinin fəaliyyəti bir neçə istiqamətdən ibarətdir. Birinci istiqamət plenar sessiyalarda və komitə iclaslarında iştirak edib, təkliflərlə çıxış etməkdir. Elə hazırda təmsil etdiyim Elm və təhsil komitəsində “Ali təhsil haqqında” Qanunla bağlı müzakirələr gedir. Qanun müzakirəsindən öncə mövcud normativ sənədlərin təhlili və beynəlxalq təcrübənin öyrənilməsi mütləqdir. Bu, fəaliyyətin bir tərəfidir. İkinci tərəfdən vətəndaşlarla işləməkdir, bu da daimi baş tutur. Seçki kampaniyası zamanı 10 000 nəfərə nömrə paylanıb və həmin nömrə bu gün də işlək vəziyyətdədir. Mütəmadi müraciətlər olur və həmin müraciətlər əsasında görüşlər keçiririk. Bu günə kimi Qobustan rayonu üzrə Qobustan şəhəri və bütün kəndləri, Abşeron rayonu üzrə seçki dairə daxil bütün 9 kənd və qəsəbəni əhatə etməklə 56 qəbul keçirmişik. Üçüncü istiqamət kommunikasiya və ictimaiyyətlə əlaqələrdir. Burada dövlət əhəmiyyətli proseslərin, hadisələrin geniş ictimaiyyətə çatdırılması əsas məqsəd kimi müəyyənləşdirilib. Dördüncü istiqamət isə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Qeyd edim ki, bir neçə dostluq qrupunun üzvü, bir dostluq qrupunun rəhbəriyəm. Üzv olduğum dostluq qruplarında müxtəlif istiqamətlər üzrə müzakirələr gedir, tədbirlər keçirilir.

 

Günümüz təkcə gözə görünən hissədən ibarət deyil. Bundan əlavə şəxsi həyatımız da var. Biz həm də ailə başçısıyıq, dostuq, atayıq. Bunların hər birinin öz yeri var. 

 

Fəaliyyətim əsasən gənclər siyasəti və təhsillə bağlıdır

 

- Deputat olmazdan əvvəl fəaliyyətiniz nədən ibarət olub?

 

- 1998-ci ildən gənclər siyasəti ilə bağlı layihələrin, təşkilatların iştirakçısı olmuşam. Bir çox beynəlxalq platformalarda Azərbaycanı təmsil etmişəm. Təhsil Nazirliyində Sabah qruplarına rəhbərlik etmişəm. Qısacası, fəaliyyətim əsasən gənclər siyasəti və təhsillə bağlıdır.

 

Özümü şanslı hesab edirəm

 

- Siyasətlə, elmlə məşğul olursunuz. Bəs incəsənət necə?

 

- İncəsənətlə birbaşa məşğul olmuram, münasibətim ancaq tamaşaçı və dinləyici kimidir. Məktəb vaxtlarından müxtəlif teatr və opera tamaşalarında olurduq. Bu da uşaqlıqdan zövqün formalaşmasında önəmli faktordur. Ona görə də özümü şanslı hesab edirəm. Azərbaycan muğamı dünyada bənzəri olmayan musiqi növüdür, bu səbəbdən muğama da xüsusi rəğbətim var. Alim Qasımovun ifaları isə mənim üçün bir başqa gözəldir.

 

İki ekstremal idman növünə marağım var

 

- İdmanla məşğul olursunuz?

 

- Uşaqlıqda şahmatla məşğul olmuşam, hətta dərəcə də əldə etmişəm. İki ekstremal idman növünə marağım var: Alpinizm və Dayvinq. Dayvinq klubunda iştirak edirəm, bu sahədə beynəlxalq sertifikat da qazanmışam. Alpinist olaraq bir neçə dəfə Heydər Zirvəsi və Şahdağı fəth etmişəm.

 

- Təhsil sahəsində islahatlar aparılır, bu prosesi necə qiymətləndirirsiniz?

 

- Fikrimcə, islahatların başlanğıc nöqtəsi 2013-cü illərə dayanır. Həmin illərdə Təhsilin Strategiyası təsdiq olundu. O zaman sənədlərin 10 illik bir müddəti əhatə etməsi nadir hallardan biridir. Hazırkı təhsil naziri də bu strategiyanı davam etdirir. Millət vəkili kimi hadisələrin gedişatını diqqətlə izləyirəm. Təhsil nazirinin yeniliklər gətirmək barədə müsbət bir məramı var. Ümumiyyətlə, təhsil bir yoldur və onun son dayanacağı yoxdur. Həmişə inkişaf üçün əsaslar var. 

 

- Tədbirlərdə mütəmadi olaraq iştirak edirsiniz?

 

- Tədbirlərdə iştirak edirəm. Lakin əsas üstünlüyü vətəndaşlarla işləməyə verirəm. İki illik fəaliyyət dövrümüzdə bizə 1451 müraciət daxil olub. 25 yanvar tarixində növbəti hesabatımızı təqdim etdik və poçt vasitəsilə bu günə qədər bizə müraciət edən hər bir seçicinin evinə göndərdik. Bunu mütəmadi şəkildə edirik. Hər hansı bir seçici millət vəkili ilə əlaqədə olmaq istəyirsə, bu çox asandır. Əsas prioritetimiz tədbirlərdə iştirak yox, qanunvericilik və vətəndaşlarla işlə bağlıdır. 

 

Qəbul imtahanının dəyəri buraxılış imtahanından yüksəkdirsə...

 

- Orta məktəblərdə tədris səviyyəsi barədə şikayətlər səslənir. Şagirdlər də qəbul imtahanı üçün zəruri biliklərə hazırlıqlar vasitəsilə yiyələnirlər. Bu məsələni necə tənzimləmək olar?

 

- Şagird 11-ci sinifdə buraxılış imtahanı verir, sonra qəbul imtahanı verir. Hazırda maksimum 700 baldan maksimum 300 balı buraxılış imtahanına görə alır, qalan 400 bal qəbul imtahanına görə toplanır. İndi sual verirəm, əgər qəbul imtahanın?? dəyəri buraxılış imtahanından yüksəkdirsə, şagird nəyə üstünlük verəcək? Sözsüz, qəbul imtahanına. Hesab edirəm ki, yekun qiymətləndirmənin dəyərini artırmaq və imtahanları vahidləşdirmək lazımdır. Repetitorluq rəqabət amilidir. Şagird düşünür ki, məktəbdə onunla eyni biliyə sahib olan sinif yoldaşları ilə qəbul zamanı rəqabətə girə bilməyəcək. Elə bu zaman əlavə repetitorluğa ehtiyac yaranır.

 

- Bu yaxınlarda rusdilli tədris kitablarından birində 20 Yanvar hadisələri ilə bağlı təhrif edilmiş məlumatlar yer almışdı. Geniş ictimaiyyət tərəfindən bu hadisə müzakirə obyektinə çevrildi. Məsələyə sizin münasibətiniz necə oldu?

 

- Belə neqativ hadisələrin baş verməsini pisləyirəm. Təhsil Nazirliyi də buna çevik reaksiya verdi. Ola bilsin ki, bu texniki səhv kimi qiymətləndirilsin, ancaq belə hallar baş verməməlidir. Çünki burada vətənpərvərlik anlayışının aşılanmasından söhbət gedir. Hadisəyə cəmiyyətdə lazımi qədər reaksiya gəldi. Hesab edirəm ki, yaxın zamanda öz həllini tapacaq. 

 

İctimai tənqidi müsbət qiymətləndirirəm

 

- Bu kitablar dövriyyəyə buraxılanda mütəxəssislər tərəfindən yoxlanılmır?

 

- Əslində oxunur. Lakin məhz bu kitabın dərc olunması ilə bağlı dəqiq nə isə demək mənim üçün çətindir. Təhsil Nazirliyi tərəfindən belə bir yanaşma tətbiq olunur ki, kitablar geniş ictimaiyyətə təqdim olunur və onlar oxuyub ictimai rəy verirlər. Bunun detallarını Nazirlik özü araşdıracaq. Ümumiyyətlə, ictimai tənqidi müsbət qiymətləndirirəm, bu tənqidlərin yaxşı nəticələri olur.

 

Vətəndaş sualları: Seyid Əzim Şirvaninin ən böyük kötücəsiyəm

 

- Soyadında “seyid” sözü var, seyid nəslindəndir?

 

- Seyid Əzim Şirvaninin ən böyük kötücəsiyəm. Soyadım da məhz oradan gəlir. Seyid Əzim Şirvaninin oğlu Mircəfər Əzim mənim ulu babamdır. Onun oğlu da mənim babamdır. Bu gizli bir fakt deyil, ancaq xüsusi təbliğatını da aparmırıq.

 

Görüşlər üçün qəbul gününü gözləməyə ehtiyac yoxdur

 

- Sonuncu dəfə nə vaxt seçiciləri ilə görüşüb? Problemlərin neçə faizi öz həllini tapıb?

 

- Seçicilərlə tez-tez görüşürəm. Son görüş yanvarın 20-si olub. Növbəti görüşümüz Abşeronun kənd qəsəbələrindən birində olacaq. Ayda iki dəfə stabil görüşlər olur. Bu günə qədər 56 görüş keçirmişik. Ancaq onu deyim ki, görüşlər üçün məhz qəbul gününü gözləməyə ehtiyac yoxdur. Elə adamlar olur, zəng edib görüşə çağırır. Hətta bir dəfə balaca bir oğlan uşağı zəng edib ad gününə dəvət etmişdi, mən də öz növbəmdə orada iştirak etdim. Yəni bizim seçicilərlə aramızda heç bir sərhəd, keçilməz sədd yoxdur. Daim işlək olan telefonumuz var, bunun vasitəsilə əlaqəni aktiv saxlamaq mümkündür.

 

Qeyd edim ki, bu günə qədər bizə ünvanlanan müraciətlərdən 83.3%-i öz həllini tapıb, 5.3% məsələ icraatdadır, 11.4% müraciət isə əsassız hesab olunub.

 

- 2020-ci ildə Milli Məclisdə heç bir plenar iclasda çıxış etməyib. Buna səbəb nədir?

 

- Qanuna dəyişikliklərə bağlı komitə iclaslarında çıxış etmişəm. Seçicilərin problemləri ilə bağlı isə daha çox üstünlüyü birbaşa müvafiq strukturlarla əlaqəyə veririk. Bir seçicimizin müraciəti var idi, onun həlli ilə bağlı bir il yarım çalışmışıq. Sənədlərdə problem olub, Nazirliyə müraciət etmişik. Nəhayət, həmin vətəndaş evlə təmin olunub. 

 

Digər yerlərdə görüşlər keçirilən zaman müraciət edə bilərlər

 

- Abşeron rayonu Saray qəsəbəsi sakinləri deyir ki, nə seçki vaxtı, nə də seçkidən sonra onu görə bilirik. Özü bizimlə görüşə gəlmir, heç olmasa, yerini desin, biz qəbuluna gedək...

 

- Sarayda son qəbul 2021-ci ilin iyun ayında olub. Üstəlik, hər ay Abşeronda qəbul keçirilir. Məhz Saray qəsəbəsində qəbul keçirilməsini gözləmək şərt deyil. Qobustandakı görüşlərə Xırdalandan gələn vətəndaşlar var. Digər yerlərdə görüşlər keçirilən zaman müraciət edə bilərlər.

 

Vətəndaşın “millət vəkili” anlayışına münasibətini başa düşürəm

 

- Heç bir seçki reklamı olmadan, seçildiyi dairədə insanlar onu tanımadan deputat olmasını əsaslandırsın. Bir də, bu günə qədər hansı işi görüb?

 

- Təbliğatla bağlı kifayət qədər işlər aparılıb. Abşeronun hər bir kənd qəsəbəsində, Qobustanda görüşlər olub. Ona görə də “heç bir reklam olmadan seçilib” cümləsi ilə razı deyiləm. Ancaq vətəndaşın “millət vəkili” anlayışına olan münasibətini də başa düşürəm. Fəaliyyətimizlə bağlı seçildiyimiz gündən hesabatlar təqdim edirik. Biz seçicilərimizi düşünürük, onlara dəyər veririk. 

 

 

- Efirlərdə çıxış etməsinə baxmayaraq, insanlar onu o qədər də tanımır. Niyə ictimai fiqur kimi tam formalaşa bilməyib, ya da formalaşmaq istəmir?

 

- Tanıtımın indeksi nədir? Millət vəkilinin vəzifəsi özünü tanıtmaq deyil. Məqsədimiz mandat və fəaliyyətimiz çərçivəsində işimizi görməkdir. 

 

Əvvəl arxeoloq olmaq istəyirdim

 

- Hamının peşə seçərkən məqsədləri, səbəbləri olur. O, niyə məhz deputat olmaq istədi? Uşaqlıqdan belə bir arzusu olubmu?

 

- Çox yaxşı sualdır, açığı, uşaqlıqda bununla bağlı düşünməmişəm. Əvvəl arxeoloq olmaq istəyirdim, coğrafi və tarixi kitablar oxuyurdum. Təhsil aldığım dövrlər bir qədər mürəkkəb olduğu üçün ixtisasıma uyğun olaraq təhsilin idarə edilməsi sahəsində irəlilədim. Fəaliyyətimin istiqaməti məni tədricən bu yerə gətirdi.

 

Bu kateqoriyadan olan şəxslər yeni imtiyazlardan faydalana biləcəklər

 

- Vətən müharibəsi iştirakçıları üçün universitetdə təhsil haqqından ya azad olunma, ya da müəyyən güzəştlərlə bağlı hansısa qanun qəbul edilə bilərmi?

 

- Hazırda şəhid ailələri üzvlərinin ödənişsiz təhsil alması mümkündür. Qazi və Vətən müharibəsi iştirakçılarına da bu cür güzəştlərin tətbiq olunması ilə bağlı parlamentdə müzakirələr olub. Növbəti aylarda bu kateqoriyadan olan şəxslər yeni imtiyazlardan faydalana biləcəklər. Öz tərəfimdən deyə bilərəm ki, Abşeron, Qobustan rayonlarında müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə peşə təhsili ilə bağlı proqramlar tətbiq ediləcək. 2022-ci ilin ilk yarısından bu mexanizmin işlək halda olması gözlənilir. O şəxslərə qısamüddətli peşə verilir ki, işlə təmin olunsun. Çünki hazırda bizə daxil olan müraciətlərin çoxu işsizliklə bağlıdır.

 

- Niyə insanlar düşünür ki, deputatlar mandatlarını satın alırlar?

 

- Mandat məsələsi seçkilər nəticəsində müəyyənləşən bir prosesdir. Millət vəkilləri üzdə olan adamlardır. Buna görə də onlara qarşı müxtəlif münasibətlər olur.  Seçkilər ərəfəsində keçirilən görüşlərdə vətəndaşlardan biri millət vəkilləri ilə bağlı öz iradını bildirdi. Dedi ki, kampaniya zamanı gəlirsiniz, sonra sizi tapmaq mümkün olmayacaq. Onlara nömrə təqdim edəndə bildirdi ki, verdiyiniz bu nömrəyə seçkilərdən sonra zəng çatmayacaq. Ancaq seçkilər yekunlaşdı, həmin nömrə hələ də aktivdir, hər zaman işləkdir. Qismən də olsa, həmin insanlarda münasibəti dəyişmək üçün çalışırıq. Neqativi müsbətə çevirmək bizim fəaliyyətimiz və münasibətimizdən asılıdır.

Paylaş:
Baxılıb: 290 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31