Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dini dövlət qurmaq Xomeyninin ideyası deyildi

Dini dövlət qurmaq Xomeyninin ideyası deyildi

11.02.2023 [10:17]

Yazıçı-filosof Eluca Atalı ilə söhbət

Təsadüflər zərurətdən doğur, deyirlər. Son zamanlar yaşanan hadisələrin fonuna nəzər salsaq, heç birinin təsadüfən baş vermədiyinin şahidi olarıq. Bu günlərdə haqqında ən çox danışılan, yazılan hadisələr arasında Güney Azərbaycanda baş verənlər də diqqət mərkəzindədir. Bu hadisələrin qarışıqlığında bir kitab öz içindən dünyaya boylanır. Adı ilə ideyasını açan bir kitab - “İran hizbullah zindanında”. Günümüzlə bu qədər səsləşən kitabın müəllifi bütöv Azərbaycan ideyasının yorulmaz təbliğatçısı, bir-birindən maraqlı əsərləri ilə (“Tiqranizm Xocalıda”, Bir udum azadlıq”, “Nalşəkilli mühasirə”, “Özünü gətir” və s.) gündəmə gələn dəyərli yazarımız Eluca Atalıdır. Vətəndən uzaqda yaşasa da, Vətən dərdlərinə hər zaman yaxın olan yazarla həm bu kitab, həm də yaradıcılığındakı yeniliklər barədə söhbətləşdik.

- Xoş gördük, Eluca xanım. Sizinlə son söhbətimizin üstündən təxminən iki il keçir. Bir romanı on iki ilə yazan yazar üçün bu, uzun müddət olmaya bilər. İlk müsahibəmdə üzərində işlədiyiniz son əsərlə bağlı sual ünvanlamışdım sizə. On ildir üzərində çalışdığım “İran hizbullah zindanında” romanımı kitablaşdırıram. demişdiniz.

- Romanın yazılma tarixindən bəhs etsəm, özü bir tarix mövzusu olar. 2011-ci ilin payızında əsəri yazmağa başladım, 2014-də bu bəlalı romanla yanaşı, digər bir kitabım da təsadüfən bilgisayardan silindi. Kitabdan yalnız üç bölmə -  “Xomeyni ilə varisin söhbəti”, “Urmuda yanan yaşıl İran ideyası” və “Zindanda qızlıq gözaydınlığı” qaldı. Bu bölmələr çox yayımlandı, hədsiz oxucu sorğuları olurdu ki, kitabı haradan, necə əldə edib oxuya bilərlər. İllərlə üzərində düşündüyüm ideyanı 2021-ci ilin fevralında kitablaşdırmağa başladım, on səkkiz ay tam gücümlə işlədim. Bədii ədəbiyyatın imkanları güclüdür, həqiqəti asan yolla oxucuya çatdırmaq baxımından. Mən də bu vasitə ilə islam inqilabının İrana və bəşərə gətirdiyi faciəni qələmə aldım. Bu əsəri yazmaqda məqsədim inqilabın antiinsani olduğunu, şüarlarla xalqı aldadıb, insana heç nə vermədiyini göstərmək olub.

- Tarixi roman yazmaq istəyən yazar ən çox nəyi bilməlidir?    

- Təbii ki, ilk növbədə yazdığı mövzunu araşdırmalı, oxumalı, təhlil, sintez, analiz mərhələlərini keçərək əldə olunan nəticəni şəxsi fantaziyasının gücü ilə mükəmməlləşdirib oxucuya çatdırmalıdır. Asif Ata deyir: “Kamil əsər - forma və mahiyyətin vəhdətidir.” Əsərdə yalnız mövzu deyil, forma da əsas rol oynayır.  

Tarixi əsərdən söhbət gedirsə, yazdığın dövrün ictimai, siyasi, sosial şəraitini qədərincə bilməlisən. Bir də yazar tarixi yalnız fakt kimi öyrənmir, hadisələrə, faktlara fəhmin gözü ilə baxır. Onsuz da tarixçilər faktlar əsasında yazırlar, yazıçı isə tam fər?li gözlə hadisələrə baxır. Konkret götürsək, bu son kitabımda “islam inqilabı olmasaydı, İran necə olardı?” sualına cavab verməyə çalışmışam.

- Əsərin ideyası haradan götürülüb?    

- Güney Azərbaycan türkünün zindan həyatından.

- Bütöv Azərbaycan oxucusuna hansı mesaj verilir?

- Öz gücünə güvənmək, özünə inandırmaq istəyim var. Öz tarixini bilməyən, ondan dərs alıb nəticə çıxarmayan millət bir səhvini və ya faciəsini iki dəfə yaşamalı olur. Millət gərək qolundakı zənciri öpməyə, şükürçülük fəlsəfəsini beynindən ata. O, tarixdə çox dövlət qurub, bu onun siyasi istedadına ən bariz nümunədir. Pisin ölçüsü yaxşı olmamalıdır, çünki yaxşı özü nisbidir. Ölçü ?ütləq olmalıdır, yalnız onda görmək olar nəyə nail olmusan, gücün yetənə, haqqın olana çatmısan, ya yox. Güney Azərbaycan türkü, vətənimin o tayı ən ümdə haqqına belə yetməyib, ilk növbədə ana dilində təhsil almaq haqqı.

- “Bir az öncə Varren Zimmarmannın gətirdiyi məktubu İmam Xomeyni acgözlüklə qoxlayıb: “Ağ Evin plan B-sindən türk iyi gəlir!” - deyə bağırdı”. Ağ Evin türk qoxuyan məktubunun mahiyyətini aça bilərsinizmi?

-  İslam inqilabı üçün Ağ Ev “Plan A, B, C” variantı hazırlamışdı. Plan A-da Ayətullah Xomeyni dururdu, plan B-də Ərdəbil şəhərinin imam cüməsi Musəvi Ərdəbili, plan C-də isə nefti qərbə və Amerikaya əvvəlki - Müsəddiq hərəkatından, Ağ İnqilabdan qabaqkı qiymətə satan Pəhləvi dururdu. Plan B üzərində Ağ Ev ciddi dayana bilmirdi, çünki Musəvi Ərdəbili fanatik deyildi, dinə ayıq gözlə baxırdı. Qərbə və Amerikaya dini fanatik lazım idi ki, onu da İmam Xomeynidə görürdülər. Qaldı dini dövlət ideyasına, o nə Xomeyninin, nə də qərbin düşündüyü deyil, bu ideya sosioloq Əli Şəriətinin ideyası idi. Lakin o, dini dövlətin qurulması üçün Qərblə, Ağ Evlə sazişə getməyin tərəfdarı deyildi. Qərbin inkişaf etmiş texnikasını qəbul edirdi, İranın xammalının mənimsənməsini istəmirdi. O, Qərbi yaxşı tanıyırdı, Fransada, İngiltərədə təhsil almışdı. Jan-Pol Sartrla dost idi, Sartr onu “Şərqin Marksı” adlandırırdı. Onu İngiltərədə kirayədə qaldığı evdə öldürdülər. “İmamın qorxduğu ölü” bölməsində bu məsələyə geniş yer vermişəm.

- Bu mövzuda kitab yazmaq geniş araşdırma tələb edir. İstinad qaynaqlarınız barədə nə deyə bilərsiniz?    

- Bu kitabı yazanda İran hizbullah zindanında məhbus həyatı yaşamış yüzdən artıq kişi və qadından müsahibə almışam. Üç yaşlı Həmiddən savayı heç bir məhbusun həqiqi adını verməmişəm, onların özlərinə və yaxınlarına xətər yetirməmək üçün. Əsl mənbəm canlı insanlar olub, onlar öz başlarına gələnləri və edam olunan məhbusların hekayətlərini mənə saatlarla nağıl ediblər. Edam olunan qızlar öz paltarlarından ip çəkib, saçlarından kəsib bir qız portreti toxuyublar ki, zindandan bayıra mesaj versinlər, onlardan xatirə qalsın. Əslində həmin portretin izi ilə hadisələri araşdırmağa başladım. Epiloqdakı “İnqilabın kodu” hekayətində kitabın yazılma səbəbini qədərincə izah etmişəm.

- Əsərdə Balaca Fatimənin timsalında sərt rejimin qurbanı olan qızlara, qadınlara qarşı törədilən cinayət əməllərindən bəhs edilir. Bu Fatimələrin sonu necə olacaq? Nə vaxtadək onlar bu zülmə tab gətirəcəklər?    

- Güney Azərbaycanda milli hökumətimiz yaranana qədər bu zülmlərin davam etməsi labüddür. Bu rejim qadının haqqını verəcək bir hakimiyyət deyil. Romanla tanış olan oxucu kimi görürsünüz ki, xomeynizmin mahiyyətində üç məsələ durur: birincisi, elm adamlarının iş başından götürülüb dini fanatiklərlə əvəzlənməsi. İnqilab  məhkəməsinin sədri Sadiq Xalxali molla idi, Xalxalidən sonra məhkəmə sədri olan Məhəmməd Gilani cəmi altı sinif oxumuşdu, “Hələb qəssabı” ləqəbli general Qasim Süleymaninin dörd illik ibtidai təhsili vardı. İnqilab prokuroru Lacivərdi, cəmi-cümlətanı altı sinif oxumuşdu, inqilaba qədər Tehran bazarında qadın alt paltarı satardı.  

Xomeynizmin mahiyyətində duran ikinci cəhət zindanlara baxışdır. Xomeyni zindanı zindan yox, şəfaxana adlandırırdı. Onun nəzərincə, məhbuslar xəstədirlər, onlar cəmiyyətdən təcrid edilirlər ki, kütlənin sağlam hissəsini öz xəstəlikləri ilə yoluxdurmasınlar. Məhbusu sorğu-sual edən müstəntiq həkimdir, sorğu-sualla onun dərdini öyrənir ki, dərmanını tapsın. Zindanda işgəncə verən pastarlar və xahəri Zeynəb əsgərləri (İmam Zeynəbin bacıları deyilir qadın pastarlara) müalicə prosesini yerinə yetirirlər. İşgəncə zamanı tez ölən məhbus, İmam Xomeyninin fikrinə görə, günahlarından tez azad olan xəstə idi. Bu növ məhkumların meyilləri ailələrinə verilmir, gecə ilə adsızlar məzarlığında gizlin basdırılırdı.  

Xomeynizmin mahiyyətində duran üçüncü amil qadınlardır. Hələ 1962-ci ildə Məhəmmədrza şah Pəhləvi Ağ İnqilab elan edəndə onun verdiyi islahatlardan biri qadının seçim haqqı idi. Bu zaman Xomeyni şaha məktub yazıb qadınla bağlı islahatın yanlış olduğunu sübut etməyə çalışır: “Qadının seçib-seçilmək haqqı ola bilməz, onun beyni toyuq beynidir.” Yəni, qadını düşüncəsiz heyvan hesab edir. Ali dini rəhbər olduğu ilk andan bir risalə yazır: “Üç aylıq südəmər körpəyə siğə etmək olar, atasının izni olarsa”. Bu risalə çap olunub, lakin kütlə tərəfindən təpki gördüyündən İranda yığışdırılıb. Siz bir düşünün, bu pedofilizmdən də aşağı səviyyədir. Deyə bilərsiniz, bu, bir xəstə beyinin məhsuludur, lakin bu səviyyədə beyin xəstəliyi olan bir şəxs 80 milyonluq cəmiyyətdə Ali Ruhani başçı olub. Düzdür, İrandə seçkili prezident sistemi var, amma nəzərə alaq ki, İran qanunlarına görə, Ali Ruhani istənilən an prezidenti hakimiyyətdən götürə bilər. Yəni, səksən milyonun iradəsi ilə seçilmiş prezidenti ali dini rəhbər işindən azad edir. İranın ilk prezidenti olan Bənisədrin səlahiyyətlərini  Ayətullah Xomeyni bir gecədə ləğv elədi. Bəlkə də atasının dini rəhbərlə dost olması səbəbindən Bənisədr edamdan can qurtararaq Fransaya qaçdı. Xomeyninin qadına digər bir baxışı da “zindanda qız uşaqlarının bakirəliyi alınıb sonra edam olunsunlar” fətvasını verməsində üzə çıxır. Dini qanuna görə, qız uşağı kimi ölən qadınlar cənnətə düşürlər. İslam inqilabına qarşı savaşan belə qızların cənnətə düşməsini Xomeyni rəva görmürdü. Zindanda həftənin çərşənbə və bazar günləri xüsusi kütləvi edam günləri idi, hər gün üç-dörd yüz, bəzən də daha çox məhbusu zindan həyətində güllələyirdilər.  

- Kitabın üzərində belə bir fikir var: “Müqəddəsliyə və insanlığa çağırış olan sübh azanı səslənəndə sanki zindanın içində saatlı bomba partlayırdı.”

- Söhbət insan taleyindən gedir, qadın, ana, qız olan insanlardan. Bir evin çırağını yandıran analarımızdan, günahsız öldürülən zavallılardan. Sübh azanından sonra pastar bacılar zindan otaqlarına girib axşam edam olunacaq qadınların adlarını oxuyurdular. Günorta azanından sonra bakirə qızları aparıb bir saatlıq pastarlara siğə edirdilər, bəzən  mollalar da öz şəhvani hisslərini söndürmək üçün bu işdə pastarlara yardımçı olurdular. Əslində mollalar siğəni oxumaq üçün zindana dəvət edilirdilər, lakin bəzən seyid və ya molla kökənli zindan işçiləri də özləri öz siğələrini məhbus qızlara oxuyurdular.

- Romanın “Qanlı orkestr” kitabında üç gündən bir kütləvi oxunan, sizin təbirinizlə desəm, “ölüm himni” var - “Şükufə mirəgsəd əzbad bəhari” (“Qönçələr yaz küləyi ilə rəqs edirlər”). O hissəni oxuyanda göz yaşlarıma hakim ola bilmədim.  

- Elə hissələr var ki, onu yazanda mən özüm də uzun-uzadı ağlamışam. Ağlamaqdan sonra düçar olduğum başağrılarımı heç vaxt dərmanla sağaltmağı düşünməmişəm. Dərmanın sağaldacağı dərd olmayıb bunlar. Çay içirdim, bir az meşədə gəzib qayıdıb yenidən yazmağa davam edirdim. Yazı prosesində qəribə bir hal yaşayırdım, özümü zindanın içində oturmuş hiss edirdim, səksən qadının otuz-qırx kvadratmetrlik otağında kəsafətli qoxu içində yaşayırdım.

  Xomeynizmin qadına baxışına dair bir bariz nümunə də göstərim. Nəcəf şəhərinin məşhur din alimi Seyid Hüseyn Əl Musəvi öz kitabında yazır: “Xomeyni İraqda olarkən Ətfiyyə məhəlləsində yaşayan, əslən iranlı olan Seyid Sahib adlı dostunun evinə qonaq getdi. O bizim gəlişimizdən çox sevindi, rica etdi gecəni onun evində qalaq. Ev sahibinin üç-dörd yaşlı qızı otağa girən an Ayətullah Xomeyni uşağı bir gecəliyinə özünə siğə etməkdən ötrü atasından izn istədi, ata etiraz etmədi”. Kitabın bir hissəsində bunu təsvir etmişəm.

-Vaxtilə Xomeyinin rəhbərliyi, diktəsi altında böyüyən gənclər indi onun rejiminə qarşı üsyana qalxıblar...

- Təbii qarşılayıram, insan görən, bilən və dərk edən varlıqdır. İnsan nə qədər hissiyyata qapılsa da, hər hansı bir ideologiyanın əsiri olsa da, əvvəl-axır həqiqəti görəcək. İnsanın insani haqqı var, o haqq insanla birgə doğulur. Qanunlarsa mövcud cəmiyyəti qorumaq üçün yazılır. İnsan haqlarının qanunlarla ona verilməməsinə qarşı gec-tez üsyan edir. Bu baxımdan, müasir gənclərin xomeynizmə, islam inqilabına qarşı çıxmasına müsbət baxıram.

Söhbətləşdi: Təranə Arifqızı

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30