Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Olimpiyaçıları idman tariximizə parlaq səhifələr yazdılar

Azərbaycan Olimpiyaçıları idman tariximizə parlaq səhifələr yazdılar

13.08.2012 [23:09]

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz bu gün dünya idmanının və Olimpiya hərəkatının liderlərindən biri sayılır
Dünyanın ən böyük idman bayramı olan XXX London Yay Olimpiya oyunları başa çatdı. İyulun sonlarından başlayaraq avqustun 12-dək davam edən möhtəşəm idman bayramı demək olar ki, bütün ölkələr tərəfindən maraqla izlənildi və oyunlar davam etdiyi müddətdə dünyanın bir nömrəli gündəm məsələsi oldu. İdmana böyük diqqət və qayğının olduğu, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda da böyük Olimpiya həyəcanı yaşandı.
Azərbaycan bayrağı Dünya və Avropa çempionatlarında, Olimpiya yarışlarında dalğalanır
ümumiyyətlə, Azərbaycan son illərdə əldə etdiyi uğurlar nəticəsində Avropada və dünyada idman ölkəsi kimi tanınır. Bu mənada ölkəmizdə Olimpiya hərəkatının inkişafının xüsusi yeri var. Sağlam həyat tərzinin təbliği, fiziki və mənəvi baxımdan sağlam gənc nəslin yetişdirilməsi, ölkəmizin beynəlxalq arenalarda müsbət imicinin formalaşdırılması baxımından idmanın inkişafının böyük əhəmiyyəti var. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz bu gün dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən biri sayılır. Bu səviyyəyə çatmaq üçün ölkəmizdə səbrlə, planlı şəkildə genişmiqyaslı işlər həyata keçirilib. Dövlət başçısının da qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və idmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda var: “Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli-mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir. İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər”.
5-ci cəhd və 5-ci həyəcan
Azərbaycan müstəqillik dövründə artıq beşinci dəfə dünyanın ən ali idman tədbiri - Olimpiya Oyunlarında iştirak edib. Təbii ki, Azərbaycan idmançılarının möhtəşəm idman bayramında uğurla çıxış edəcəyinə azarkeşlərimiz böyük ümidlər bəsləyirdi. Məsələ ondadır ki, ölkəmiz son illərdə əldə etdiyi uğurlar nəticəsində Avropada və dünyada idman ölkəsi kimi tanınır. Və görülən bu işlər idmançılarımızın şanlı qələbələri ilə müşayiət olundu.
Dövlət başçısının bu sahəni xüsusi olaraq diqqətdə saxlaması nəticəsində, bu gün dünyanın idman mərkəzlərindən biri kimi nüfuzlu idman tədbirlərinə ev sahibliyi edən ölkəmizdə ötən il 36 beynəlxalq yarış təşkil edilib. Cari ilin altı ayı ərzində isə artıq 28 beynəlxalq yarışa ev sahibliyi etmişik. Bu ilin ötən ayları ərzində idmanla bağlı 126 respublika tədbiri keçirilib, komandalarımız 217 beynəlxalq tədbirdə, 79 təlim-məşq toplanışında iştirak ediblər. Bu rəqəmlər Azərbaycanın idman həyatının nə qədər geniş olduğunu ortaya qoyur. Bakı şəhərinin 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması, ölkəmizdə idmanın inkişafının bariz sübutudur. Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət, Olimpiya hərəkatının geniş vüsət almasının nəticəsidir ki, müstəqil respublikamızın Olimpiya yığma komandası Londonda əvvəlki Olimpiadalarla müqayisədə daha geniş tərkibdə - 53 idmançı ilə təmsil olundu və idmançılarımız 16 idman növü üzrə mübarizə apardılar. Müqayisə üçün qeyd edək ki, Pekin Olimpiya Oyunlarında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olundu. London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olundu. Londonda ölkəmizi təmsil edən 53 idmançıdan 41-i ilk dəfə Olimpiya oyunlarının iştirakçısı olmaq həyəcanını yaşadı. Amma bu fakt komandamızın təcrübəsiz idmançılardan təşkil olması anlamına gəlmirdi. çünki iştirakçıların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.
2 qızıl, 2 gümüş və 6 bürünc
Bəli, bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Heç bir qələbə təsadüfi deyil. Bu qələbə üçün əzmlə, dəyanətlə çalışmaq lazımdır. Elə Azərbaycan idmançılarının ortaya qoyduğu nailiyyətlər də məhz bu əsaslara söykənir. Burada sevindirici hal odur ki, komandamızın tərkibində müstəqillik dövründə dünyaya gəlmiş və ilk dəfə ölkəmizi Olimpiadada təmsil edən gənc idmançılarımız var idi. Həmin idmançılardan biri, 20 yaşı gələn ay tamam olacaq Toğrul Əsgərov Olimpiya çempionu olmaqla ölkəmizdə həyata keçirilən idman siyasətinin doğru istiqamətdə olduğunu sübut etdi. Bu fakt bir daha sübut edir ki, həqiqətən Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla rekorda imza atdılar. Dövlət başçısı London Olimpiadasından əvvəl idmançılarımızdan qələbə gözlədiyini bildirmişdi: “Mən bütün idmançılarımıza böyük uğurlar arzulayıram. Əminəm ki, idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbələrlə qayıdacaqlar. Bilin ki, hər bir Azərbaycan vətəndaşı kimi, mən də oyunları izləyəcəyəm, sizə azarkeşlik edəcəyəm və sizin qələbələrinizi gözləyəcəyəm”.
Azərbaycan 204 ölkə sırasında 30-cu yeri tutdu
Bəli, Olimpiya oyunları başa çatdı və idmançılarımız dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu etimadını doğruldaraq planetin bir nömrəli idman yarışını 10 medalla başa vurdu. Müxtəlif əyarlı 962 medal 85 ölkə təmsilçilərinə nəsib oldu. Yalnız 54 idmançı çempionluq sevinci yaşaya bildi ki, onların arasında azərbaycanlıların da adı var. Hesabında 2 qızıl, 2 gümüş və 6 bürünc olan Azərbaycan olimpiyaçıları ümumi siyahıda 30-cu yeri tutub. Azərbaycanın geridə qoyduğu ölkələr sırasında çox böyük idman potensialı olan dövlətlər, o cümlədən, Türkiyə, Poşa, Kanada, İsveç, Argentina, Belçika, Bolqarıstan və digər ölkələr var.
Beləliklə, idmançılarımız Londonda öz sözlərini deyərək bayrağımızı ən uca zirvəyə qaldırdılar. Azərbaycan London Yay Olimpiya Oyunlarını 10 medalla başa vurdu. Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Mariya Stadnik və Rövşən Bayramov gümüş, Emin Əhmədov, Teymur Məmmədov, Yuliya Ratkeviç, Xetyaq Qazyumov, Valentin Xristov və Məhəmmədrəsul Məcidov bürünc medal alaraq adlarını Olimpiya və Azərbaycan idman tarixinə parlaq hərflərlə yazdırdılar.
Bu, Azərbaycan xalqının, Azərbaycan idmanının, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin qələbəsidir. London zəfəri dövlət başçısının Azərbaycanı dünya Olimpiya hərəkatının liderlərindən birinə çevirməsinin, ölkəmizin dünyada idman ölkəsi kimi tanınmasının məntiqi nəticəsidir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Paylaş:
Baxılıb: 1171 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30