Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropalı komissardan ölüm təhdidi 

Avropalı komissardan ölüm təhdidi 

25.05.2024 [10:45]

Kobaxidzeyə sui-qəsd planlaşdırılır

“Köhnə qitə” terroru siyasi hesablaşma vasitəsinə çevirir? 

Avropanın monopolistik mənafeyinə uyğun gələn normaları “beynəlxalq standart” adı altında qlobal ictimai rəyə yerləşdirməsi ənənəvi hal alıb. Hətta müstəqil dövlətlərin daxili işlərinə qarışacaq qədər siyasi etikadan kənar addımları atmağı özünə rəva bilən, maraqlarını qorumaq xatirinə ayrı-ayrı regionlarda süni kataklizmlər yaratmağa cəhdlər göstərən Avropa hansısa bəlli olmayan səbəblərdən özünün xüsusi imtiyazlarla davranış sərgiləməkdə “azad” olduğunu düşünür. “Demokratiya ölçüləri” Avropa standartı ilə “təyin edilir”, “hüquq və azadlıqlar”ın sərhədləri Avropa “dəyərləri” üzərindən müəyyənləşdirilir, lokal anlaşılmazlıqlar və ya mübahisələr Avropanın “təklif və ya təhdidləri” əsasında öz həllini tapır. 

Bu “ənənə” daha çox keçmiş sosialist məkanına - Şərqi və Mərkəzi Avropa, Cənubi Qafqaz, Orta Asiya bölgələrinə münasibətdə daha çox özünü biruzə verir. Məsələn, özünü əvvəlcə “dost”, “əməkdaş”, hətta “tərəfdaş” qismində “təqdim edən”, münasibət yaradan Avropa qısa zaman sonra özünü həmin ölkədə hansısa qərarların verilməsində imtiyaz sahibi sayır - halbuki, “köhnə qitə” özünün kifayət qədər çox olan, ksenofobiya, irqi-ayrı-seçkilik, neokolonializm kimi “xəstəkliklərindən” əl çəkmək üçün tədbirlər görsə daha yaxşı olardı. 

Aİ-nin “arzuları”...

Son günlərdə Avropanın “əli ilə” qarışdırılan məkanlardan biri də Gürcüstandır - sirr deyil ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdimatı ilə parlamentdə qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi rəsmi Tbilisi üçün yeni siyasi mənzərə formalaşdıracaq. Siyasi ekspertlərin də bildirdiyi kimi, bu sənəd Gürcüstanda dövlətin təhlükəsizlik amilinin güclənməsinə, dövlətə qarşı hər hansı bir təhdidin yaranmasına mane olacaq qanuni aktlardandır. Beləliklə, qanunun qəbulu ilk baxışdan Gürcüstan dövlətinin mənafeyinə uyğun sayılır. Bəs, onda etirazların bu qədər küiləvi hal alması haradan qaynaqlanır?

Diqqət yetirsək, Gürcüstanda etiraz başlanan gündən Avropa İttifaqına daxil olan dövlətlərin, xüsusilə də Fransanın bu etirazları? körükləməsi, daha geniş vüsət alması üçün şərait yaratması nəzərə çarpır. Hətta bəzi məqamlarda ayrı-ayrı Avropa dövlətlərinin parlamentlərinin üzvlərini, rəsmi strukturlarının nümayəndələrinin belə absurd sayılsa da, həmin mitinqlərdə çıxış etdiyinin şahidi olmuşuq - ortada sual yaranır, əgər baş verən etirazlar Gürcüstan cəmiyyətinin özünün etirazıdırsa, Avropa niyə bu qədər əl-ayağa düşüb. Yox, əgər Avropa beynəlxalq güc qismində bu qanunun ləğvini istəyirsə, bunun arxasında nələr yatır? 

Qanuna əsasən, bir il ərzində xarici mənbələrdən nağd pul və ya köçürmələr şəklində “qeyri-kommersiya gəlirinin” 20 faizindən çoxunu əldə etmiş istənilən QHT “xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyata alınır. Qanunda konkret olaraq qeyd edilir ki, buraya 20 faizə müqavilələr üzrə əldə edilən kommersiya gəlirləri daxil deyil. Bu kimi qanunların ayrı-ayrı ölkələrdə analogiyaları var - hansı ki, onlarda da “xarici agent” sayılan şəxslərin fəaliyyəti  bütün səviyyələrdə hakimiyyət orqanlarında vəzifə tutmaq üçün namizəd olmaq, dövlət vəzifələrində işləmək, seçki komissiyalarının üzvü olmaq və seçki kampaniyalarında iştirak etmək, hətta dövlət sirri tələb edən sahədə fəaliyyət göstərmək, kütləvi tədbirlər təşkil etmək kimi və başqa qadağalarla məhdudlaşdırılıb. Gürcüstanda qəbul edilən qanunun izahat bölümündə isə açıq şəkildə bildirilir ki, bu aktın məqsədi xarici təsirin şəffaflığını təmin etməkdir. Bəs, Avropanın “hürküsü” nədir?

Avropa komissarından Kobaxidzeyə ölüm təhdidi...

Gürcüstan hadisələri, eyni zamanda, Avropanın özündə yaşanan bəzi faktlar təhlükəli məsələləri ortaya çıxarır - “köhnə qitə” güc olaraq beynəlxalq münasibətlər sistemindəki yerini qorumaq üçün artıq terrora, şantaja, açıq hədələməyə, hətta silahlı hücuma belə əl atır. Bu açıq faktlarla ortadadır. Belə ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze şok açıqlama verib - baş nazir bildirib ki, onunla söhbətində Avropa komissarlarından biri onu Slovakiyanın baş nazirinin həyatına qəsd nümunəsi ilə qorxudub. Kobaxidze deyib ki, ölkəsində qəbul olunan “xarici təsir” qanununa görə verilən bu mesajı şəxsən özünə təhdid kimi qiymətləndirir.  “Əminəm ki, həmin qüvvələrin Gürcüstanla bağlı planı bu dəfə də iflasa uğrayacaq. Ölkəmiz mövcud sabitliyi qoruyub saxlaya biləcək və inkişafa doğru addımlamaqda davam edəcək”,-deyə baş nazir bildirib.

Fitso “nümunəsi” və ya niyə məhz Fitso?

Bəli, artıq kartlar açılır və Avropa özünün əsl simasını ortaya qoyur - çünki müstəqil dövlətlər onların istismarçı tələblərinə qarşı açıq şəkildə etirazlar səsləndirilir. Gürcü baş nazirə edilən təhdidin Slovakiyanın Baş nazirinin aqibəti ilə əlaqələndirilməsi də boşuna deyil - Slovakiyanın Baş naziri Robert Fitsoya edilən sui-qəsdlə bağlı məsələlərə bir az geniş diqqət yetirsək təhdidçi Aİ komissarının “xəbərdarlığının” ştrixlərini görə bilərik. “İmperialist Avropa” özünün “dünya hegemoniyası” ansamblındakı qeyri-adekvat addımları və davranışları ilə hər kəsi cana yetirdiyinin fərqindədir - hətta öz müttəfiqləri belə həmin siyasi cinahın hədəsi altında yaşamaqdan cana doyub. Təsadüfi deyildi ki, Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycanda səfərdə olanda bildirmişdi ki, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır: “Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”.

Gürcüstanın baş nazirinə edilən hədə, Slovakiyanın baş nazirinə atılan güllə Avropanın fərqli - liberal, ədalətli düşüncəyə göstərdiyi “təpkidir”. Yəni müstəqil fikrə malik, öz ölkəsinin maraqlarını önə çəkən insanlar Avropanın açıq təhdidi altındadır. 

Eyni qanun Fransaya olar, Gürcüstana olmaz...

Gürcüstan məsələsinin altında yatan maraqlar başqa məsələdə də özünün ikili standartını ortaya qoyur. Belə ki, bu günlərdə oxşar qanun Fransada da qəbul olunub. Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair 4 maddədən ibarət qanunu qəbul edib - bununla bağlı məlumat Senatın saytında yerləşdirilib. Həmin məlumatda bildirilir ki, qanunun birinci maddəsində xarici güclərin Fransanın ictimai həyatında iştirak edən aktorlarının qeydiyyatı, uçotunun aparılması tələb edilir. Qanunun ikinci maddəsinə görə, hökumət ildə bir dəfə parlamentə xarici təhdidlərlə bağlı hesabat verməlidir. Üçüncü maddə xüsusi xidmət orqanlarının səlahiyyətlərinin artırılmasını, texniki imkanları genişləndirməyi, həmçinin rəqəmsal məlumatların avtomatik emalını nəzərdə tutur. 

Dördüncü maddədə xarici təsirlə mübarizə üçün monetar qanunvericiliyin dəyişdirilməsi, hesabların dondurulması prosedurunun əhatə dairəsinin genişləndirilməsi və maliyyə sanksiyaları nəzərdə tutulur. İlk baxışdan bu qanun demək olar ki, Gürcüstandakı qanunun bir az başqa, amma motiv etibarı ilə analogiyasıdır. Bəs, necə olur ki, eyni mahiyyət Gürcüstan üçün keçərli olmadığı halda, Fransa üçün məqbuldur? Demək ki, burada da “fransız barmağı” özünü göstərir. Təsadüfi deyil ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə veto qoyan Gürcüstan prezidenti Salome Zurabişvili bir neçə gün əvvəl fransalı həmkarı Emmanuel Makronu mayın 26-da- Gürcüstanın Müstəqillik Günündə ölkəsində gözlədiyini bəyan edib. Niyə məhz Makron? Bu sualın cavabı da özündə böyük maraq yaradır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 252 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30