Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İrəvanın verilməsinə qarşı çıxanlar...

İrəvanın verilməsinə qarşı çıxanlar...

29.05.2024 [20:58]

Milli Şuranın 3 üzvünün xatirəsi niyə əbədiləşdirilmir? 

Tarix həm mühakimə, həm də təftiş edir. Öz xalqının, dövlətinin həyatında əsaslı yer tutmuş, verdiyi qərarlar və ya tutduğu mövqe ilə cəmiyyətin yaşamına, proseslərin inkişafına təsir göstərmiş bütün hallar müzakirə edilə bilər - bu mənada, tarixin dolanbacları əldə olunan nailiyyətlərlə yanaşı, edilmiş səhvlər və “təlafisi mümkün olmayan” addımlarla da yadda qalır. Təbii ki, müzakirə həqiqətin aşkara çıxmasına şərait yaradır - sağlam məntiq və realist yanaşma bu həqiqətin yükünü bir az da artırır, rəngini bir az da aydınlaşdırır. 

1918-20-ci illər Azərbaycanın həyatında baş verən dəyişikliklər, regionda cərəyan edən hadisələr demək olar ki, bütün kontekstlərdə müzakirə edilib - müstəqilliyimizin əldə edilməsində rolu və zəhməti olan, bu uğurda həyatını ortaya qoymuş şəxsləri həm tarix təqdir edib, həm də cəmiyyət. Amma bəzi hallar var ki, onlar istisna təşkil edir - bu qəhrəmanlar barədə nə tarix dolğun məlumat vermir, nə də cəmiyyət onları yaxından tanımır. Bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən tədqiqatlardan kənarda qalan və ya saxlanılan bu şəxslərin atdıqları addımlar, verdikləri qərarlar fərqli olsa da, milli maraqlarla daha çox səsləşir. 

1918-ci ilin mayında elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti nəinki tək bizim xalqımızın, eynilə də bizi nümunə götürüb özünün azadlıq mübarizəsini ortaya qoyan saysız xalqlar üçün də əlamətdar olmuşdu. Bu tarixi reallıq Azərbaycanın zəngin dövlətçilik ənənələrinə malik olduğunu göstərməklə yanaşı, xalqımızın Şərqdə ilk demokratik respublika və Türk dünyasında ilk dünyəvi dövlət qurması gerçəkliyini ifadə edir. Xalq Cümhuriyyətinin yaranması və 23 aylıq fəaliyyəti barədə çox yazılıb, tarixi faktlar və dövrün reallıqları dəfələrlə ifadə olunub - amma nəinki həmin dönəmin, hətta dövlətçilik tariximizin ən kritik - taleyüklü hadisələrindən biri - İrəvanın verilməsi məsələsi ya yetərincə tədqiq olunmayıb, ya da zəruri məsələlər diqqətə çatdırılmayıb - reallıqlar kölgədə qalıb. Ona görə də cəmiyyətdə bu barədə ümumi fikir formalaşıb - guya bu addım dövrün zərurətindən irəli gəlirdi və verilən qərar yekdilliklə qəbul olunduğu üçün təftiş edilə bilməz. Amma bu fikir yanlışdır - çünki Cümhuriyyət dövrünün gerçək qəhrəmanları olan üç tarixi şəxsiyyət İrəvanın Ermənistana verilməsinə nəinki qarşı çıxıb, hətta səsvermədə əleyhinə əl qaldırıb. Düzdür, nəticədə qərara təsir göstərə bilməsələr də, bu gün real tarix onlara real qiyməti verir. Söhbət Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət bəy Seyidovdan gedir.

Təfərrüatlara varaq: 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında keçirilmiş Milli Şuranın iclasında Fətəli xan Xoyski bildirmişdi ki, Azərbaycan və Ermənistan öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb, Ermənistan federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. O vaxtadək ermənilər özləri üçün indiki Gümrü (o zaman Aleksandropol) şəhərini mərkəz hesab edirdilər. Brest-Litovsk sülh müqaviləsinə əsasən, Qars və Ərdahanla birgə Aleksandropol da Türkiyəyə verilmişdi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini istəyirdilər. Fətəli xan Xoyski də öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirdi. Söhbət İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan federasiyasına siyasi mərkəz olaraq verilməsindən gedirdi. İrəvanın Ermənistana verilməsinə qarşı isə yalnız 3 nəfər çıxış etmişdi - Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət bəy Seyidov. Onlar Milli Şuranın İrəvanın ermənilərə güzəşt edilməsinə dair qərarına qarşı ərizə ilə müraciət (etiraz) etdilər. Amma... Maraqlı və təəccüblüdür ki, həmin yazılı müraciət arxiv sənədlərindən yoxa çıxarıldı. Üstəlik, İrəvan şəhəri ermənilərə peşkəş edilərkən şəhər əhalisi arasında hansısa rəy sorğusu və ya səsvermə keçirilməmişdi.

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçısı, 1918-ci il mayın 28- də Müstəqillik Aktını imzalayanlardan biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdu. O, uşaq olarkən ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan Gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdu. 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtdıqdan sonra öz ixtisası üzrə vəkil işləməklə yanaşı, “Müsəlman xeyriyyə cəmiyyəti”nə rəhbərlik edib.1917-ci ildə “Müsavat” partiyasına daxil olan N.Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin üzvü seçilmiş, Seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdu. 1937-ci il repressiyaları zamanı Nəriman bəy bir qrup “müsavatçı” ilə birlikdə Solovki düşərgəsinə sürgün edilir. Nəriman bəy Nərimanbəyli 48 yaşında Sovet hökumətinin qərarı ilə güllələnir...

Bağır bəy Rzayev isə 1893-cü ildə İrəvan şəhərində anadan olub, gimnaziyada təhsil alıb. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olan Bağır bəy Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilib, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdu. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdi. B.Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa parlament üzvlüyünə qəbul olunmuş, Sosialistlər fraksiyasını təmsil etmişdi. O, Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. 1920-ci ildə bolşeviklərin işğalından sonra mühacirət həyatı yaşayan Bağır bəy daha sonra Azərbaycana geri dönmüşdü. Lakin tarixi mənbələrdə göstərildiyi kimi, siyasi təzyiqlərə, davamlı təqiblərə dözməyərək 1927-ci ildə intihar edib.

Mir Hidayət bəy Seyidov isə 1887-ci ildə Gəncədə (o vaxtkı Yelizavetpol) anadan olub. Kazan Universitetinin hüquq fakültəsində təhsil alan Mir Hidayət bəy Seyidov İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub, Zaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri kimi tanınıb. O, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 44 nəfər Milli Şura üzvündən biri kimi fəaliyyət göstərib. Mir Hidayət bəy 1918-ci ildən başlayaraq ermənilərin hücum etdikləri Naxçıvana gələrək Ordubadın müdafiə olunmasında iştirak edib.  Tədqiqat mənbələrində göstərilir ki, o, müxtəlif vaxtlarda Ordubad Milli Müdafiə Şurasının sədri olub. 23 fevral 1919-cu ildə Ordubadda vəfat edən Mir Hidayət bəy bolşeviklərin işğalını - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu görməyib. 

Tarix həm də siyasi reallıqdır. Tarixin öz qəhrəmanlarına doğru qiyməti verəcəyinə də inam böyükdür - bu mənada, İrəvanın Ermənistana verilməsinə etiraz edən bu üç tarixi şəxsiyyətimizin adının nə vaxtsa əbədiləşəcəyinə də şübhə olunmamaıdır. Çünki tarix unudulmadığı kimi, heç kimi də unutmur...

SADİQ

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30