Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Parlamentində korrupsiya qalmaqalı davam edir

Avropa Parlamentində korrupsiya qalmaqalı davam edir

31.05.2024 [10:42]

Brüssel polisi ofis və iqamətgahda axtarış aparır...

Adı illərdir ki, müxtəlif korrupsiya qalmaqallarında hallanan Avropa Parlamenti yenidən diqqət mərkəzindədir. Belə ki, quruma qarşı yeni iddialar irəli sürülüb. Belçika federal prokurorunun bəyanatına görə, polis çərşənbə günü Avropa Parlamentində “Russiagate” işi ilə bağlı axtarış aparıb. Brüsseldəki iqamətgahda, eləcədə Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində aparılan axtarışların motivi də bəlli olub - bu axtarışlar “Avropanın Səsi” internet saytında Rusiya təbliğatını daha da irəlilətmək üçün Avropa Parlamentinin deputatlarına müraciət edildiyi və onlara pul ödənildiyi iddia edilən “Russiagate işi” ilə bağlıdır. “Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair şübhələr var”, - deyə Belçika hüquq-mühafizə orqanları bildirib.

Kaili dosyesi - milyonlarla rüşvət faktı...

Qeyd edək ki, bu kimi ittihamlar və iddialar Avropa Parlamentinə qarşı ilk dəfə sanksiyalaşdırılmır - son bir neçə ildə AP ilə bağlı bir sıra korrupsiya, rüşvət, erməni lobbisinin dəstəyi və stimullaşdırılması ilə bağlı faktlar ortaya çıxıb.

Məsələn, 2022-ci ilin dekabrında AP olduqca ağır bir korrupsiya qalmaqalı ilə çalxalandı. Dünyada beynəlxalq anti-korrupsiya gününün qeyd edildiyi bir  tarixdə - dekabrın 9-da  Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs etdi. Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya effekti yaratdı. Belçikanın federal müstəntiqləri Kaili də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla körfəz ölkələrindən birinin (Qərb mediası daha sonra bu ölkənin Qətər olduğu açıqladı) xeyrinə qanunsuz lobbiçilik etməkdə, AP-də qəbul edilən qərarlara təsir etməyə çalışmaqda ittiham etdi. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlandı. Son bir həftə ərzində aparılan axtarışlar zamanı isə çamadan və portfellərdə 1,5 milyon avrodan çox nağd pul tapıldı. Müstəntiqlər bildirdilər ki, sözügedən korrupsiya şəbəkəsi bir neçə aydır, həmin Körfəz ölkəsinin xeyrinə AP-nin müxtəlif iqtisadi və siyasi qərarlarına təsir etməyə çalışıb.

1 aya iki korrupsiya faktı...

2023-cü ilin əvvəlində isə AP ilə bağlı daha bir fakt üzə çıxdı - belə ki, Avropa Parlamentinin spikerinin vəzifələrindən biri bu təşkilatın üzvlərinin bahalı otellərdə, dəbdəbəli restoranlarda keçirdikləri vaxt, təyyarələrdə biznes-salonlarda uçuşlar, şou proqramlarına və idman yarışlarına VIP-lojalarda tamaşa etmək xərclərinin kənar şəxslər tərəfindən ödənilməsi barədə təhqiqat aparmaq və bu barədə hesabatlar təqdim etməmiş Avroparlament deputatlarının cəzalandırılması haqda qərar qəbul etməkdən ibarətdir. Almaniya mediasının məlumatında isə bildirilirdi ki, AP rəsmisi olan Roberta Metsolanın əri ilə birlikdə Fransanın təmtəraqlı otelində keçirdiyi gecənin xərcinin Şərab İstehsalçıları Assosiasiyası tərəfindən ödənilməsi haqda məlumat verməyib. Bu barədə söz-söhbət çox olsa da, nəticədə spikerə heç bir sanksiya tətbiq edilmədi. Onun Avropa Parlamentinin spikeri vəzifəsində işi üçün şərab istehsalının nə dərəcədə zəruri olması aydın olmasa da, məsələdə spikerin ərinin rolu, ümumiyyətlə, tapmacaya çevrildi. Təbii ki, mühüm qalmaqallardan biri kimi yadda qalan hadisə qısa zamanda “ört-basdır edildi”.

Metsola ilə bağlı qalmaqaldan cəmisi günlər ötdükdə - 2023-cü ilin martın sonu, aprelin əvvəlində isə Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahında yoxlama apardılar - qeyd edək ki, Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiya sayılır və üzvləri ən çox yerə sahibdirlər. İstintaqla bağlı əlavə məlumat verilməsə də, “Thueringer Allgemeine” qəzeti mənbələrə istinadən bildirmişdi ki, yoxlama Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır. İstintaq Foyqtun kampaniya zamanı müqavilə bağladığı bir internet şirkətindən mükafat alması ilə bağlı iddiaları araşdırır. Maraqlıdır ki, Avropa Xalq Partiyasının üzvləri arasında Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilər yer alırdılar.

AK rəhbəri də ittiham edilir...

Vurğulayaq ki, bu kimi qalmaqallar yalnız AP üzvləri və ya Aİ-nin aşağı ranqlı rəsmiləri ilə bağlı baş verməyib - Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə bağlı məsələlər də Avropa KİV-lərini daim “bəzəməkdədir”. Məsələn bir neçə ay öncə Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Avropa Komissiyasının rəhbərini korrupsiya sxemi yaratmaqda, dələduzluqda ittiham etmişdi. F.Filippo konkret olaraq onun bu sxem üzrə yol verdiyi qanunsuzluqları sadalamışdı. Ondan öncə isə “Liberation” nəşri də sensasion sayıla biləcək ittihamlarla çıxış etmişdi və Lyayenin partiyadaşı Markus Piperi Avropa Komissiyasında kiçik və orta müəssisələr üzrə müşavir postuna təyin etməsi ilə bağlı bir sıra faktlar açıqlanmışdı. Bildirilmişdi ki, AK prezidenti bu postu öz korrupsiya əməllərini reallaşdırmaq üçün təsis edib. Posta təyinatı da yaxın ətrafındakına verməklə ona aya 20 min avro maaş təyin edilmişdi. Bunun ilk hal olmadığı vurğulanırdı - Ursula fon der Lyayenin öz yaxın dostlarının, xüsusən də alman soydaşlarının komissiyada rəhbər postlara təyin edilməsinə çalışması barədə başqa misallar da qəzet səhifəsində yer almışdı.

Qeyd edək ki, bu fakt Ursula fon der Lyayen haqqında qısa zamanda ortaya çıxan ikinci qalmaqallı korrupsiya faktı idi. Ondan öncə isə Avropa İttifaqı Prokurorluğunun (EPPO) Belçika prokurorluğunun Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə qarşı Amerikanın Pfizer şirkətindən koronavirus peyvəndi alması ilə bağlı cinayət işini ələ keçirdiyi məlum olmuşdu. “Politico” nəşrinin yazdığına görə, məsələ ilə bağlı Belçikanın hüquq-mühafizə orqanlarının əməkdaşına istinad edilmişdi. Bildirilmişdi ki, Avropa Komissiyasının rəhbəri ilə Amerikanın Pfizer şirkətinin baş direktoru Albert Bourla yazışmalarını üzə çıxarmışdı - bildirilirdi ki, bu yazışma peyvənd alınması ilə bağlı tarixin ən bahalı müqaviləsi bağlanmazdan əvvəl həyata keçirilib. Nəşr qeyd etmişdi ki, müqavilənin dəyəri 35 milyard avroya çata bilər. AK rəhbəri isə danışıqlar prosesinə “birbaşa təsir” etməkdə şübhəli bilinirdi  - çünki alınmış peyvəndlərin sayı ehtiyacları xeyli üstələyirdi. Aİ-nin peyvənd ehtiyacları 1,8 milyard doza təşkil etdiyi halda, bu qədər “geniş müqavilə”nin imzalanmasının məntiqi açıqlaması yox idi.

Korrupsiya qalmaqallarında erməni izi - Karapetyan və Sirmakes...

Təbii ki, baş verənlər, korrupsiya nərdivanının bu qədər “çoxsaylı” pillələrə malik olması bu təsisatla bağlı fikirlər yaratmaqla yanaşı, qurumun verdiyi qərarların və ya qəbul etdiyi qətnamələrin də məhz rüşvətlə hazırlandığını deməyə əsas verir.  İllərdir ki, Azərbaycana qarşı heç bir hüquqi ölçüyə sığışmayan qərəz tonunda mövqe sərgiləyən Avroparlament üzvlərinin əksəriyyəti erməni lobbisinin qanadları altına sığınıb. Maddi yardım qarşılığında erməni lobbi üzvlərinin “dəyənəyi”nə çevrilmiş bu “parlamentarilər” həmin lobbi üzvlərinin “dirijor çubuğu” ilə də idarə olunur. Azərbaycana qarşı çağırışların daimi “səsləndiricisi” olan deputatlar erməni lobbisinin pulu ilə işləyir - maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan dayanır. Maraqlı nüanslardan biri korrupsiya faktı ilə həbs edilmiş Eva Kailinin həbsinə qədər onun Avropa Parlamentinin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü olması və bu çərçivədə Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx əlaqələridir.  Bu təşkilatın prezidenti ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır. Karapetyan on illər boyunca Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib. Onun xüsusilə, avroparlament üzvlərinin “Daşnaksyütyun” partiyasının təmsilçiləri ilə mütəmadi görüşlərini təşkil etməsi, habelə maliyyə dəstəyi göstərməsi real mənzərəni göz önündə canlandırır.

Avroparlamentarilərə külli miqdarlarda rüşvət verən daha bir erməni əsilli oliqarx isə Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes işğal dövründə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri göstərib və Azərbaycanın sərvətlərini talayaraq öz biznes imperiyasını genişləndirib. Serj Sarkisyanın Ermənistanın Marselə baş konsul təyin etdiyi Sirmakes əldə etdiyi vəsaitlərdən avroparlamentarilərə rüşvət və bahalı hədiyyələr şəklində paylayaraq həm Ermənistanın, həm də şəxsi maraqlarının müdafiəsində dəstək toplamağa çalışıb.

Beləliklə, artıq AP ilə bağlı bu kimi faktların sayı artmaqdadır. Baş verənlər isə mənzərəni daha da aydınlaşdırır - məlum olur ki, dünyaya “demokratiya dərsi” keçməyə çalışanların özləri korrupsiya “imtahanından” kəsiliblər...

P. İSMAYILOV

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30