Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ümumi maraqlar, etibarlı tərəfdaşlıq...

Ümumi maraqlar, etibarlı tərəfdaşlıq...

07.06.2024 [10:20]

Putin: Münasibətlərimiz genişmiqyaslı xarakter daşıyır

Azərbaycanın çoxvektorlu xarici siyasət kursu ümumilikdə regionun inkişafı üçün mühüm perspektivlər formalaşdırır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan milli maraqlara əsaslanan, səmərəli və praqmatik xarici siyasət həyata keçirir. Ölkəmiz regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məsələlərə ümumi mənafe çərçivəsində yanaşma sərgiləməklə Azərbaycan əməkdaşlığın fərqli platformalar üzrə inkişafında maraqlı olduğunu ortaya qoyur - xüsusilə, qonşu dövlətlərlə münasibətlərdə bu amil özünü hərtərəfli şəkildə göstərir. Nəinki quru sərhədə malik olduğu dövlətlər, hətta Xəzər hövzəsi üzrə həmsərhəd sayılan ölkələrlə münasibətlər yaxın qonşuluq əlaqələrinə əsaslanır. Bu isə bütövlükdə respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayının daimi şəkildə artmasına, eyni zamanda tarixi əlaqələrin mövcud olduğu dövlətlərlə əməkdaşlıqların mahiyyətinin və xarakterinin daha da irəliləməsinə, keyfiyyət etibarı ilə yenilənməsinə rəvac verir. Bu mənada, Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur.

Humanitar əlaqələr genişlənir...

Təsadüfi deyil ki, iyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib ki, iki ölkə arasındakı münasibətlər uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir. 

Çoxşaxəli münasibətlərin ən mühüm detallarını göz önünə gətirsək, burada olduqca geniş bir mənzərə formalaşmış olar. Məsələn, iki dövlət arasındakı münasibətlərdə  humanitar əlaqələr daim yüksək səviyyədə olub. Ölkəmizdə rus dilinə göstərilən qayğı, Bakıda Slavyan Universitetinin fəaliyyəti, o cümlədən ölkəmizdəki rus icmasına göstərilən diqqət hər zaman Rusiya dövlətinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Bununla yanaşı, qarşılıqlı şəkildə iki ölkənin gənclərinin Rusiyada və Azərbaycanda təhsil almaları üçün yaradılan şərait dövlətlərarası münasibətlərdə ən mühüm prioritetlərdən sayılıb. Prezident Putin öz çıxışında bu amili önə çəkib. Bildirib ki, dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğu hiss edilir: “Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən 300 məktəbin mövcudluğunu başqa cür izah etmək mümkün deyil. Mən bilirəm ki, Prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir. Bu, bütün vektorlar üzrə müşahidə edilir”.

Ticarət dövriyyəsinin ümumi həcmi artır

Vurğulandığı kimi, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. İki ölkə arasında siyasi, humanitar və mədəni əməkdaşlığın yüksək səviyyəsinə uyğun olaraq ikitərəfli iqtisadi əlaqələr də çox uğurla inkişaf edir. Rusiya Azərbaycanın ən böyük qonşusu olmaqla yanaşı, ölkəmizdə istehsal olunan məhsullar üçün böyük bazardır. Azərbaycan iqtisadiyyatı, sahibkarları üçün bu bazar vacib əhəmiyyət daşıyır. Hazırda iki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi həcmi 4,5-4,6 milyard dollar təşkil edir. Bu isə 2023-cü ildəki analoji rəqəmi üstələyir. Ötən ilin statistikasına nəzər salsaq,  Azərbaycanın xarici ticarət dövriyyəsinin mühüm bir hissəsinin Rusiya ilə ticarət əməliyyatlarının payına düşdüyünü görə bilərik - bunun nəticəsidir ki, rəsmi Moskva Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ön sıralarda yer tutur. Eləcə də, ötən il Azərbaycandan Rusiyaya ixrac edilmiş məhsulların həcmində təxminən 30 faizə qədər artım olub. Qarşılıqlı şəkildə Rusiyadan Azərbaycana ixracın da həcmi 20 faizə yaxın artıb. Prezident Putin çıxışında hazırki ticarət dövriyyəsinin ümumi həcminin 4,5-4,6 milyard dollar təşkil etməsinə diqqət çəkərək, bu tempin yaxşı olduğunu bildirib: “Temp yaxşıdır. İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi getdikcə daha çox şaxələndiririk”.

Şimal-Cənub xətti böyük tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər

Azərbaycan həm də coğrafi imkanlarını bölgənin ümumi inkişafı və rifahı üçün iqtisadi - siyasi dividendə çevirməyi bacaran ölkələrdəndir. Başqa sözlə, tranzit imkanlarından maksimum istifadə edən Azərbaycan Şərq-Qərb, Şimal-Cənub istiqamətli yükdaşımalara, nəqliyyat daşımalarına öz töhfəsini verir. Bu məsələdə isə Şimal-Cənub xətti xüsusi əhəmiyyət daşıyır. 

Təməli 2000-ci ilin sentyabrında Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulan “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin yaradılmasında məqsəd bu istiqamətdə gedən yüklərin çatdırılma müddətini azaltmaq idi. Ötən müddətdə isə 13 ölkə sözügedən sənədi ratifikasiya edib. “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində ötən müddətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakı Dəniz Ticarəti Limanı xüsusi əhəmiyyət daşıyır. Son illər limanın yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər onun beynəlxalq statusunu xeyli gücləndirir. Bundan əlavə, Ələt-Astara avtomobil yolunun yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub.

İki ölkə arasındakı nəqliyyat imkanlarının genişləndirilməsinə toxunan Prezident Putin də vurğulayıb ki, Şimal-Cənub dəhlizi çox yaxşı, böyük tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər. “Buradan yüklər sizin və mənim olduğumuz yerdən - Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək. Məncə, bu, Süveyş kanalından təxminən on gün daha tezdir”, - deyən Rusiyanın dövlət başçısı bildirib ki, bu dəhliz malların Şimala və Cənuba, əks istiqamətə çatdırılması üçün əlavə və çox səmərəli yol olacaq və 10 gün daha tez başa gələcək: “Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq burada hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq. Mən bilirəm ki, Prezident Əliyev bu layihəni dəstəkləyir. Biz bu məsələni onunla dəfələrlə müzakirə etmişik. İran rəhbərliyi də bu layihəni dəstəkləyir. Bu dəhliz çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlədən suveren ərəb fondları da maraq göstərir. Aydındır, çünki suveren fondlar həmişə etibarlı investisiya sahələri axtarır. Bu layihə etibarlı investisiyalardan biridir, çünki onun gəlirliliyinə təminat və zəmanət var”.

Xəzərin çirkləndirilməsinin qarşısının alınmasındakı işbirliyi...

İki ölkə hazırda ən mühüm çağırışlardan biri hesab edilən ekoloji problemlərin həlli istiqamətində də vacib əməkdaşlıq həyata keçirir. Bəlli olduğu kimi, COP29-un ev sahibi Azərbaycan bu il iqlim dəyişikliyi məsələsinin əsas müzakirə ünvanı statusunu daşıyır - bu mənada, Rusiya ilə Azərbaycan Xəzərin çirkləndirilməsinin qarşısının alınması yönündə də səylərini birləşdirir. Xatırladaq ki, Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında Xəzərin ekoloji durumuna diqqət çəkmişdi. Dövlət başçısı bildirmişdi ki, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir: “Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil”.

Vurğulanmalıdır ki, Xəzərə daxil olan tullantı sularının 60 faizi Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən sənaye şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir. Prezident Putin də sözügedən tədbirdəki çıxışında bu məsələyə toxunub. O bildirib ki, Azərbaycan Xəzəryanı dövlətdir, Xəzəryanı dövlətlərin beşliyinə daxildir və burada da, o cümlədən Xəzər dənizinin ekologiyası ilə bağlı məsələlərdə də bizim bir çox ümumi maraqlarımız var.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30