Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Erməni üçlüyü” dağıdılır?

“Erməni üçlüyü” dağıdılır?

22.06.2024 [10:45]

Paşinyan diasporla əlaqəni kəsir, kilsəni zərəsizləşdirir

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılığın əldə olunması və Qazax rayonunun 4 kəndinin geri qaytarılması  erməni cəmiyyətindəki  revanşist qüvvələrin Paşinyanı devirmək üçün fürsətə çevirdi. Nə qədər paradoksal olsa da, bu prosesə siyasi müxalifət yox, kilsə rəhbərlik edir. Etiraz aksiyalarına Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri olmuş  arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir. Keşiş Baqrat baş nazir vəzifəsinə namizədliyini irəli sürdüyü üçün dini vəzifələrini “dondurub”.  Onun  rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatı Ermənistanda qısa fasilələrlə aksiyalar keçirir. Keşişin əməlləri Ermənistan hökuməti üçün başağrısına çevrilsə də, Paşinyan təslim olmaq niyyətində deyil. 

Əlbəttə, keşiş Qalstanyanın bu prosesdə təkbaşına deyil, başqalarından dəstək aldığı məlumdur. Ona dəstək verənlər kilsə, erməni diaspor təşkilatları və ölkədəki revanşist müxalifətdir. Nəzərə alaq ki, Qalstanyan da çıxışlarının birində  II Qareginin xeyir-duası ilə dindarların etiraz aksiyasına qoşulduğunu bildirmişdi. Erməni din xadimləri baş nazir Nikol Paşinyanın sərhədlərin delimitasiyasına dair razılıqdan imtinaya məcbur edə bilmədiyi üçün onu vəzifəsindən devirməyə çalışırlar. Bu yaxınlarda bütün ermənilərin katolikosu II Qareginin Böyük Kilikiya Evinin katolikosu I Aramla telefon danışığında da bu məsələ müzakirə mövzusu olub. Din xadimlərinin revanşist müxalifət olan R.Köçəryan və S.Sarkisyanla da təmasları hər kəsə məlumdur. Lakin N.Paşinyan gedişləri ilə  onların birliyini  dağıtmağa çalışır. 

Ümumiyyətlə, Ermənistanda hakimiyyət bölgüsündə din xadimlərinin yeri yoxdur. O da məlumdur ki, kilsənin maliyyələşməsində erməni diasporu önəmli rol oynayır. Qeyd etdiyimiz kimi, Paşinyana qarşı mübarizədə diasporla kilsə həmrəylik nümayiş etdirir. 

Diasporun hazırkı mövqeyi isə rəsmi İrəvan tərəfindən qəbul olunmur. Ona görə də, Paşinyan hakimiyyəti diasporu zərərsizləşdirməyə çalışır. Bunu diaspor nümayəndələri də etiraf edirlər. Məsələn, BMT Baş katibinin keçmiş müavini, erməni əsilli  Benon Sevan bildirib ki, Ermənistan hakimiyyəti erməni diasporu ilə münasibətləri pozur. O, 

Ermənistanın Kiprdəki səfiri Tiqran Mkrtçyanın Nikosiya Universitetində “The Foreign Policy Challenges of Armenia” (“Ermənistanın xarici siyasət çağırışları”) seminarında təqdimatını şərh edərkən belə deyib. Həmin tədbirdə erməni diplomat diasporu hədəfə alıb, onları ölkənin maraqlarına zidd fəaliyyət göstərməkdə ittiham edib. Benon Sevan iddia edib ki, Paşinyan hakimiyyəti ölkəni və erməni diasporunun Ermənistanla münasibətlərini məhv edir. O qeyd edib ki, Rusiyada Ermənistanda olduğundan çox erməni yaşayır və işləyir: “Onlar tarixi vətənlərinin  inkişafına olduqca əhəmiyyətli maliyyə töhfələri verirlər”.  

N.Paşinyanın kilsə-diaspor ittifaqına başqa bir zərbəsi isə kilsənin vergiyə cəlb edilməsidir. Paşinyan kilsə gəlirləri sferasında “kölgəni” aradan qaldırmağa və şəffaflıqla əvəz etməyə çağırıb. Kilsə gəlirlərinin vergiyə cəlb edilməsi ilə bağlı təkliflə çıxış edən baş nazir dövlətin öz gəlirindən vergiləri kilsəyə qaytarmağa və onun tarixi-mədəni irsi olan abidələrinin bərpasını maliyyələşdirməyə hazır olduğunu qeyd edib. Kilsə isə bu təklifi rədd edib, çünki belə olduğu halda dövlət onun gəlirlərinə nəzarət imkanı əldə edəcək.

Hakim “Mülki müqavilə” partiyanın təklifinə əsasən, Eçmiədzin şam satışından, ayinlərdən, vəftizdən (suya salınma), toydan və s. mərasimlərdən əldə etdiyi gəlirdən mənfəət vergisi ödəməlidir. Məsələn, kilsənin idxal etdiyi mal və məhsullar xeyriyyəçilik kimi təsnif edilir ki, vergi və rüsumlardan azad sayılır. Eyni zamanda, kilsə daşınmaz əmlak vergisindən də azad edilib. Hakimiyyət  kilsə rəhbərliyi üzərində mütləq qələbə qazanmaq və onu nəzarət altına almaq üçün bütün bu imtiyazları ləğv etməyi planlaşdırır. Kilsə də anlayır ki, hakimiyyət bu yolla onun gəlirlərini nəzarətdə saxlayacaq. Bu da kilsə rəhbərliyinin maraqlarına cavab vermir, bu səbəbdən də mümkün qədər hakimiyyətə qarşı müqavimət göstərməyə çalışır. Keşiş Baqratın rəhbərliyi ilə başlanan etiraz aksiyaları indiyə qədər məqsədinə çatmadığı üçün Paşinyan hakimiyyətinin kilsə üzərində üstünlüyü artmaqdadır. Bu amil diaspor-kilsə münasibətlərinə də təsirsiz ötüşməyəcək. Hökumət-diaspor münasibətlərinin pozulmasına  gəlincə, erməni baş nazirin əsas məqsədi öz hakimiyyətini qorumaqdır.

NARDAR

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31