Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şuşa - müqəddəs duyğular şəhəri

Şuşa - müqəddəs duyğular şəhəri

25.06.2024 [09:50]

Avtobus Şuşa yazılan məkana yaxınlaşır. Qala divarlarının üstünə qırmızı hərflərlə həkk olan bu adı görən kimi qeyri-ixtiyari gözlərim yaşarır. İlk dəfə olduğu kimi... O zaman, 2021-ci ildə ilk dəfə Şuşaya daxil olanda axıtdığım göz yaşlarımı 30 illik həsrətdən sonra sanki sonu xoş müjdə ilə bitən nağıl qutsallığına yozmuşdum. Eyni hal, eyni proses... Görünür, Şuşa daim içimizdə yaşatdığımız möcüzədir. Möcüzələr isə elə-belə, adiliklə qarşılanmaz. 

Bu dəfə Şuşaya Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçiriləcək “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransında iştirak etmək üçün gedirik. Artıq üçüncü ildir ki, partiya tərəfindən iyunun 15-i ilə bağlı olan iki mühüm amilin qeyd olunması təntənəsi - Azərbaycan xalqı üçün mühüm olan bir tarixə - Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünə həsr olunmuş konfrans ənənə halını alaraq Şuşada təşkil edilir. Türk dünyasının mədəniyyət paytaxtı, İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində! 

Şuşa bizim üçün ilk növbədə, bədii-estetik yaddaşın məxəzi olmaq baxımından fərqli məkandır. Ölkə başçısı İlham Əliyev 2021-ci ilin yanvar ayının 14-də Ümummilli Lider Heydər Əliyevin 39 il əvvəl dayandığı məkanda dayanaraq demişdi ki, Şuşanın bərpası bu gündən başlayır. Maraqlıdır ki, işğaldan azad etdiyimiz digər rayonlarda bir çox infrastruktur layihələrin həyata keçirilməsinə başladıq. Füzulidə hava limanı tikildi, Zəngilanda “Ağıllı kənd” layihəsi gerçəkləşdirildi. Şuşanın bərpası isə mənəvi məkanların dirçəldilməsindən start götürdü. Bu ondan irəli gəlir ki, Şuşa bizim üçün hər zaman mədəniyyətin yükünü daşıyan metafizik, mistik mənaya malik simvol olub. 

Ölkə başçısı İlham Əliyev tərəfindən 2021-ci il, mayın 7-də Şuşanın Mədəniyyət paytaxtı kimi bəyan edilməsi də Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirməni yenidən gündəmə gətirdi, milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı. Bu labüdlüyə iki mühüm nümunəni Prezident özü göstərdi. “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya günlərinin təşkili Şuşanın ehtiva etdiyi zəngin mədəniyyətin bütün dünyaya uca səslə bəyanı idi. 1908-ci ildə V.D.Korqanov “Qafqaz musiqisi” əsərində yazırdı ki, “Zaqafqaziyaya musiqi xadimlərini çalğıçı və xanəndələrin, şeir, musiqi və mahnıların füsunkar vətəni olan Şuşa verdi”. İlham Əliyev də vaxtilə Qafqazın və  Şərqin müasir mədəni mərkəzlərindən biri olan, mədəniyyətlərin bütün sahələrini əhatə edən Şuşanın əzəli parlaq obrazını bərpa etmək, ona daha sivil və kreativ mahiyyət aşılamaq naminə müstəsna işlərə imza atdı və bununla Şuşaya unikal tarixi mövqe  təmin etmiş oldu.

Qeyd edək ki, Şuşaya münasibətdə belə bir tarixi mövqeni ilk sərgiləyən  şəxsiyyət, 1970-ci illərdə rəhbər vəzifədə olan böyük dövlət xadimi Heydər Əliyev olmuşdur: Şuşanın yalnız mənəviyyatımızın deyil, tariximizin, dövlətçiliyimizin, dilimizin, diriliyimizin qalası olduğunu sübut etmişdir. Bunun üçün onun təşəbbüsü ilə 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında qərar imzalanmışdır. Daha sonra, 1982-ci il, yanvarın 14-də Şuşada Vaqif məqbərəsinin ucaldılması əslində Heydər Əliyevin mənəviyyata, mədəniyyətə qoyduğu böyük abidə idi. Elə 2024-cü il, iyunun 15-də Türk Dövlətləri Təşkilatının iştirakı ilə gerçəkləşən konfransın da gerçəkləşməsində Ümummilli Lider Heydər Əliyevin danılmaz xidməti olmuşdur. Bunu öz çıxışında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da xüsusu vurğuladı: “O, istər fərqli siyasi-ideoloji mühitin, o cümlədən sərt qadağaların mövcud olduğu SSRİ dönəmində, istərsə də Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə çoxsaylı çağırışlarla üzləşdiyi müstəqillik dövründə Türk dünyasında birlik və həmrəyliyin təmin olunmasına, türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirmişdir. Çoxəsrlik tarixi köklərə, milli-mənəvi dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri müasir tariximizdə Heydər Əliyevin təşəbbüsü əsasında Araz çayı üzərində inşa olunaraq əzəli Azərbaycan torpağı - qədim türk yurdu Naxçıvanla Türkiyəni birləşdirən “Ümid” körpüsü ilə yeni məzmun almışdır. Ulu Öndər “bir millət, iki dövlət” olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi istiqamətində prinsipial siyasət həyata keçirmiş, nəticə etibarilə, iki qardaş ölkənin dostluq və tərəfdaşlıq əlaqələri dünyada nümunəvi xarakter almışdır. 

Otuz ilə yaxın işğal dönəmindən sonra Şuşa öz azadlığına, ruhsal bütövlüyünə qovuşmaqdadır. Dövlət başçısı İlham Əliyev bu mənəviyyat qalamızı tarixin indiki aşamasında yenidən müqəddəs dəyər və sərvətə çevirir, ona yeni minilliyin, yeni epoxanın tərəqqi hərəkatında aparıcı obraz statusu qazandırır.  Şuşada təşkil olunan “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransı da bu mənada, Prezidentin gördüyü işləri layiqincə davam etdirmək əzmi, onun yürütdüyü siyasi kursa töhfə, türk birliyi ideyasına xidmət sayılmalıdır. 

Biz artıq hər yeni günü, yeni təqvimi yalnız azad olunmuş yox, həm də dirçəldilmiş Qarabağın gücü ilə qarşılayırıq. Şuşa da gündən-gündən artır, böyüyür, gözəlləşir. Şəhər quruculuq təntənəsi içindədir. İnsan özünü burada böyük bir ordunun içində hiss eləyir. Bəlkə buna görə otelə yerləşən kimi şəhəri gəzməyə çıxıram. Özümü hürr və bəxtiyar hiss edirəm. Şuşada asudə gəzmək, küçələrini addım-addım dolaşmaq, havasını ciyərlərimə çəkmək, sənə yoldaşlıq edən təbiət gözəllikləri və quşların səsinə hakim kəsilərək hər anı yaddaşımın obyektivinə fokuslamaq istəyirəm. Şuşa müqəddəs duyğular şəhəridir. Çünki hansı tərəfə boylanırıqsa boylanaq dilimizin altında vird kimi şükranlıq dualarımız səslənir. Şəhidlərimizin pak ruhlarına, Ali Baş Komandanın əzminə, xalqımızın gücünə! 

Atıldı dağlardan zəfər topları, 

Yürüdü, iləri əsgər, bismillah! 

O xan sarayında çiçəkli bir qız 

Bəkliyor bizləri zəfər, bismillah! 

(Əhməd Cavad)

Şuşanın qala divarlarına çatıram və nəyə görəsə 1918-ci ilin 7 oktyabrında Şuşada Zəfər qapısının önündə Şuşaya daxil olan ilk türk fatehini - Cəmil Cahid Toydəmiri xatırlayıram. “Azərbaycana Qafqaz İslam Ordusunun I diviziyasının komandanı kimi gələn Cəmil Cahid üstün hərbi zəkası ilə, Azərbaycanın, özəlliklə Bakının daşnak-bolşevik qüvvələrindən təmizlənməsində həlledici fədakarlıqlar göstərmiş, sonra Nuru Paşanın əmri ilə Bakıdan Qarabağa göndərilmişdi” (Azər Turan). Şuşalıları erməni zülmündən qurtaran xilaskarı, bu yolda 33 mehmetciyin şəhid olduğu o anı təxəyyülümdə canlandırmağa çalışıram. Şuşa uğrunda savaşın ilk şəhidləri olan 33 türk əsgəri və ilk fatehi Cəmil Cahid Toydəmir! Bu gün, bir əsr sonra ən gözəl münasibətlərini yaşayan türk birliyinin, qarşısında böyük hədəflər və öhdəliklər dayanan Türk Dövlətləri Təşkilatının əsasının qoyulduğu o dönəm tariximizin ən şərəfli tarixi kimi unikaldır - “Bəkliyor bizləri zəfər, bismillah”! 

Bir əsr öncə böyük tarixi missiyanı gerçəkləşdirən bu əzm indi Türk Dövlətləri Təşkilatının simasında yeni bir missiya ilə üz-üzədir. Niyyət, amal yenə də birdir - sülh və harmoniyaya dəvət, xaosu ahənglə əvəzləmək, dünya nizamının pozulmamasına çağırış və s. Bu fikirlər ölkə başçısının konfrans iştirakçılarına ünvanladığı məktubda da ehtiva olunmuşdu: “Müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilmişdir. Xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların - etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir. Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir”.

İki il öncə, “Şuşa ili”ndə verdiyim bir müsahibədə qeyd etmişdim ki, “Şuşa ilə bağlı aparılacaq araşdırmaların tədqiqat sferasına Qarabağ dağlarındakı şamanlardan tutmuş Qarabağ dağlarındakı sufilərə, Qarabağda toxunmuş iki min beş yüz yaşlı Pazırıq xalçasındakı oğuz elementlərinə qədər hər kiçik nüans cəlb edilməlidir. Bu isə Qarabağın bir türk Vətəni olaraq daha qədim dövrlərdə formalaşdığının əyani dəlilidir və bu gün Azərbaycan ədəbi zehniyyəti Qarabağ amilinə daha dərindən nüfuz etmək üçün ona həm də bu rakursdan yanaşmalıdır. Çünki Şuşa elə Qarabağın özü deməkdir”. 

İndi budur, türk dövlətləri artıq böyük birlik, ittifaq nümayiş etdirirlər, müştərək əməkdaşlığa imza atırlar və bunu bütün dünyaya sərgiləmək üçün Şuşanı seçirlər. 

Əziz Şuşa, biz səni dirçəldəcəyik”!

Ali Baş Komandanın Şuşanın fəth edildiyi günlərdə səsləndirdiyi bu fikirlər hər azad olunan torpağa münasibətdə refren kimi təkrarlanmaqdadır. Bu fikrin əməli ifadəsi iki ölkə başçısının iştirakı ilə elə Şuşada imzalanan “Şuşa Bəyannaməsi” (15 iyun 2021) ilə başlamışdır. Bunu öz bəyanatında ölkə başçısı İlham Əliyev də qeyd etmişdir: “Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır”.

Bu müttəfiqlik sonradan digər türk ölkələri arasında yeni əməkdaşlıqlara, yeni quruculuq işlərinin başlanmasına rəvac verəcək qədər sərhədlərini genişləndirdi. Qurmaq, yaratmaq türkün fitrətindədir. Qarabağda atılan hər addım, Qubadlıda, Zəngilanda, Füzulidə, Şuşada görülən işlər anbaan böyüyən, artan, dirçələn gücün nümunəsi olaraq tarixi yada salmaqda, əcdadımızın ruhuna layiq davam tapmaqdadır. Bu davam bütün türk dövlətlərinin birliyi, qardaşlığı, dostluğu timsalında təkrarlanır və dünyanı heyrətdə qoyan münasibət statusu alır. 

Türk dövlətləri arasında tərəfdaşlığın güclənməsinə, hər bir dövlətin milli gücünün artmasına və müasir beynəlxalq münasibətlər sistemində mövqelərin möhkəmlənməsinə hesablanmış bu konfrans da birgə əməkdaşlıq istəyi və ortaq təşəbbüslərlə yadda qaldı. Türkiyədən, Özbəkistandan, Qazaxıstandan, Şimali Kipr Türk Cümhuriyyətindən, Macarıstandan, Qırğızıstandan təşrif buyuran rəsmilərin hər birinin çıxışı vahid, yekparə bir məramın ifadəsinə yönəlmişdi: sabitlik, rifah, qarşılıqlı əməkdaşlıq, uğurlu gələcək vəd edən münasibətlər, gələcəyə hesablanmış yeni perspektivlər və s.  Onlar böyük bir ağacın qolları kimi görünürdülər. Dünyada qlobal zor stixiyasının hökmfərma olduğu indiki zamanda dostluğu, qardaşlığı meyara çevirən siyasi gücün varlığının təminatçısı idilər. Bu güclər birləşmək, əməli işlərə imza atmaq,  fəaliyyət göstərmək üçün bir yerdə idilər.  Mehriban qonşuluq münasibətləri və onun əsasında zəmini qoyulan işlər bu gün türk birliyinin necə vacib olması faktını zəruri edirdi. Plenar sessiyada çıxış edən YAP Sədrinin müavini Tahir Budaqovun da  qeyd etdiyi kimi, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması təkcə iki qardaş ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik zirvəsinə yüksəlməsi ilə əlamətdar deyil, eyni zamanda, regionda və bütövlükdə Türk dünyasında sabitlik, rifah və inkişaf üçün əlverişli zəmin yaratmışdır”. 

Şuşa Azərbaycanın gözüdür”! 

Ümummilli Lider Heydər Əliyevin vaxtilə qürurla və kövrək uslubda səsləndirdiyi bu ifadə öz əyanilik zamanını yaşayır. İndi bu müqəddəs məkana yalnız onun gözəlliklərini görmək, seyr etmək üçün gəlmirlər, həm də ahəng axtarmaq, nizama çağırış etmək, gülüstan yaratmaq üçün təşrif buyururlar. Şuşa hər zaman zirvədir! Mədəniyyətin zirvəsi, qəhrəmanlığın zirvəsi... İndi də birliyin zirvəsi kimi tarixi anlar yaşadı və yaşatdı...

ELNARƏ AKİMOVA 

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri

Paylaş:
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31