Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qafqaz Müsəlmanları İdarəsində Ulu öndərin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilib

Qafqaz Müsəlmanları İdarəsində Ulu öndərin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilib

13.12.2012 [01:52]

Dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ulu öndər Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. AzərTAc xəbər verir ki, Milli Məclisin deputatlarının, QMİ-nin qazılar və elmi-dini şuraları üzvlərinin, Bakı İslam Universiteti tələbələrinin, KİV nümayəndələrinin iştirak etdikləri mərasimdə əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, dini sahəyə olan diqqət və qayğısından, milli mənəvi dəyərlərin qorunmasında və inkişafında gördüyü işlərdən danışıb, Ümummilli lider ilə birgə həcc ziyarəti zamanı xatirələrini bölüşüb.
A.Paşazadə Azərbaycanda dövlət və din arasında möhkəm birliyin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini diqqətə çatdırıb.
“Son illər ölkəmizin bütün regionlarında yeni ibadət ocaqları inşa edilib, qədim dini abidələr təmir və bərpa olunub”, - deyən A.Paşazadə vurğulayıb ki, dünyanın bütün ölkələri Azərbaycanı tolerantlıq nümunəsi hesab edir və bu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Bu siyasət Azərbaycanda mənəvi dəyərlərin, dövlət ilə din arasında qarşılıqlı münasibətlərin inkişafına yönəlib.
Şeyxülislam qeyd edib ki, QMİ-nin yerlərdə və xaricdəki nümayəndəliklərində də anma mərasimləri keçirilib, ehsan süfrələri açılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Ulu öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən, dövlət-din münasibətlərindən, milli mənəvi dəyərlərin qorunmasında və inkişafında Ulu öndərin gördüyü işlərdən danışıb.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən olduğunu deyən Əli Əhmədov Ulu öndərin bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahəyə də böyük önəm verdiyini diqqətə çatdırıb.
YAP-ın İcra katibi bildirib ki, Ulu öndərin həm dövlət quruculuğunda, həm yeni cəmiyyət quruculuğunda istinad elədiyi çox mühüm amillər içərisində mənəvi amillər əhəmiyyətli yerlərdən birini tuturdu: “Ümummilli lider Heydər Əliyevin atdığı bütün addımlar Azərbaycanda milli mənəviyyatımızın inkişafına xidmət edirdi. Ulu öndər Heydər Əliyev cəmiyyətin birləşdirilməsi, saflaşmasına böyük əhəmiyyət verməklə yanaşı, mənəviyyatın inkişafını da daim diqqət mərkəzində saxlayırdı. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayev və başqaları Ümummilli liderin zəngin həyat yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi, dünyada nüfuzunun artırılması istiqamətində yorulmaz fəaliyyətindən söhbət açıb, milli mənəvi dəyərlərin qorunmasında və inkişafında, dövlət-din münasibətlərinin tənzimlənməsində gördüyü işlərdən danışıblar.
Diqqətə çatdırılıb ki, ölkəmizdə mövcud olan tolerantlıq, beynəlxalq aləmdə nümunəyə çevrilib. Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri dostluq, mehribançılıq şəraitində birgə yaşayırlar.
Qeyd edilib ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq Ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapıb. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir.
Sonda ehsan süfrəsi açılıb, ehsan əti paylanıb.

Paylaş:
Baxılıb: 1189 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30