2012-ci il bütövlükdə Azərbaycan üçün uğurlu olub
29.12.2012 [02:13]
Prezident İlham Əliyev: Biz ölkənin qarşısında qoyduğumuz bütün məsələləri həll edə bilmişik və ümumiyyətlə, gələcəyə də nikbin baxırıq
Həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2012-ci ili bütün makroiqtisadi parametrlər üzrə yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. Bu da səbəbsiz deyil. Çünki Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevirib. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, nəzərə çarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Respublikada rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi yoxsulluğun səviyyəsinin aşağı salınmasına, həmçinin, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaradıb.
Qlobal maliyyə böhranına baxmayaraq, 2012-ci ilin 11 ayının yekunları üçün iqtisadi göstəricilərin səviyyəsinin yüksək olması deyilənləri sübut edir. Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 2012-ci ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 48,2 milyard manata çatıb. Onun adambaşına düşən həcmi 5253,9 manat (6686,8 ABŞ dolları) olub. Beləliklə, birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlılığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir.
2012-ci ildə həyata keçirilən sosial-iqtisadi islahatlar mühüm nəticələr verib
Dekabrın 22-də “Rossiya-24” telekanalına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci ildə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm nəticələr verdiyini və ölkəmizdə davamlı inkişafın müşahidə edildiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, başa çatmaqda olan il ərzində Azərbaycanın qarşısına qoyduğu bütün məsələlər həll edilib: “Bütövlükdə il uğurlu olmuşdur. Biz ölkənin qarşısında qoyduğumuz bütün məsələləri həll edə bilmişik və ümumiyyətlə, gələcəyə də nikbin baxırıq. Çünki həm iqtisadi, həm sosial, həm də xarici siyasət sahəsində istədiklərimizə nail olmuşuq. Əlbəttə, iqtisadiyyat hər şeyin əsasıdır. Biz şadıq ki, Azərbaycan iqtisadiyyatı öz inkişafını davam etdirmişdir. Bizə xüsusilə xoşdur ki, iqtisadiyyatı şaxələndirməyə, ümumiyyətlə desək, neft-qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq və qeyri-neft iqtisadiyyatı təxminən 10 faiz artmışdır. İnflyasiya bir faiz civarındadır”.
Qeyd etmək lazımdır ki, 2012-cı ildə makroiqtisadi siyasətin uğurları iqtisadiyyatda neftdən kənar sahələrin əhəmiyyətli inkişafına impuls verib. Ötən ildə də iqtisadiyyatın artım dinamikasını şərtləndirən başlıca faktorlardan biri neftdən kənar sahələrin əvvəlki illərlə nisbətdə daha yüksək faizlə inkişafının müşahidə edilməsi ilə xarakterizə oluna bilər. Kənd təsərrüfatı, sənaye, informasiya kommunikasiya sektorunda nəzərəçarpan inkişaf qeydə alınıb. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 24,7 milyard manat təşkil edib, neft-qaz sektorunda isə 6,5 faiz azalıb.
2012-ci ildə respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr uğurla icra edilib
Ümumiyyətlə, Azərbaycan hökuməti bütün sahələrdə iqtisadi fəallığı artırmağa nail olub. 2012-ci ildə respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr də uğurla icra edilib. Respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni məktəblər, xəstəxanalar, istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində işsizlik və yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. İşsizlik təxminən 5,2 faizə, yoxsulluq 6 faizə düşüb, əhalinin real gəlirləri 10 faizdən çox artıb. Dövlət başçısının da qeyd etdiyi kimi, bütövlükdə Azərbaycanda iqtisadi inkişafı göstərən statistik göstəricilər yüksəkdir. Eyni zamanda, yüksək ixrac potensiallı kənd təsərrüfatının, qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan informasiya kommunikasiya sahələrinin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçiriləcək. Fevral ayında artıq Azərbaycanın ilk süni peyki orbitə buraxılacaq. Dövlət başçısı müsahibəsində onu da deyib ki, qarşıdakı 10 ildə ÜDM-in ikiqat artırılması planlaşdırılır: “Azərbaycanın inkişafı-2020” Proqramı qəbul edilmişdir. Biz hazırda həyata keçirdiyimiz bütün planları 20-ci ilə qədər tamamilə reallaşdırmaq niyyətindəyik. Bütövlükdə son 10 ildən az müddətdə biz iqtisadiyyatın həcmini üç dəfə artırmağa nail olmuşuq. Ümumi daxili məhsul 300 faiz artmışdır. Qarşıdakı 10 ildə biz ÜDM-in ikiqat artırılmasını planlaşdırırıq. Bu, əsasən qeyri-neft sektorunun hesabına həyata keçiriləcəkdir”.
Azərbaycan xarici dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirir
Vurğulamaq yerinə düşər ki, bu gün də dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə sərmayə yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırır. Lakin ən önəmlisi isə ondan ibarətdir ki, bu gün respublikamız bölgə dövlətlərinin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən əsas investor kimi özünü təsdiq etməkdədir. Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, Rusiyanın, Şimali Qafqaz regionu və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirir. Bir sözlə, respublikamız həmin ölkələrin neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək iqtisadiyyatın inkişafına öz töhfəsini verməkdədir. Hazırda Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin ümumi həcmi 8 milyard dollara yaxındır. Xarici sərmayə portfelində əsas yeri isə heç şübhəsiz Türkiyə tutur. İndiyədək qardaş ölkəyə Azərbaycan tərəfindən 5 milyard dollardan çox sərmayə qoyulub və yaxın illərdə bu rəqəm 10 milyard dolları ötəcək. Bu günədək təkcə Azərbaycan şirkətlərindən ARDNŞ Türkiyəyə 2,040 milyard dollar yatırım qoyub. Xarici dövlətlərə yatırılan investisiya portfelində əsas yerlərdən birini də Gürcüstan tutur. Son illər bu ölkə ilə bağlı investisiya siyasətinin miqyası daha da genişlənib. Qeyd edək ki, artıq Gürcüstanın nəqliyyat və enerji infrastrukturunun yenidən qurulması, əsas etibarilə, Azərbaycanın sərmayələri hesabına həyata keçirilir. Xüsusilə də, ARDNŞ və onun törəmə müəssisəsinin fəaliyyətinin artması sayəsində Gürcüstanın bütün yanacaq-kommunikasiya şəbəkələri və dənizsahili neft emalı terminalları ölkəmizin sərmayələri hesabına yaradılıb. Bu respublikanın təkcə pərakəndə neft məhsulları satışı bazarının 75 faizi, eləcə də, Gürcüstanın qazpaylayıcı şəbəkəsinin böyük hissəsi ölkəmizin nəzarəti altındadır. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi bir milyard dollar civarındadır. Hazırda qonşu ölkədə inşasına başlanılan yeni limanın, yanacaqdoldurma məntəqələrinin, neft emalı müəssisələrinin və ən nəhəng layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin maliyyələşdirilməsi məhz Azərbaycanın valyuta ehtiyatları hesabına gerçəkləşməkdədir.
Bundan başqa, Ukraynada ARDNŞ-in brendi altında 25-dək yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və bu şəbəkənin genişləndirilməsi və 100-ə çatdırılması planlaşdırılır. ARDNŞ indiyədək Ukraynaya 140 milyon dollar məbləğində investisiya yatırıb. Eyni zamanda, son on ildə Rusiya iqtisadiyyatına Azərbaycan tərəfindən ümumilikdə 570 milyon. dollar investisiya yatırılıb.
Yeri gəlmişkən, sözügedən müsahibəsində dövlət başçısı deyib ki, xarici investisiyalarımızın spektrini genişləndiririk: “Ona görə ki, bu gün Azərbaycan bazarı bizim dövlət investisiyaları üçün bir qədər azlıq edir. İnvestisiyalar baxımından biz hazırda çox böyük bir sərmayə layihəsi-Türkiyədə neft-kimya və neft emalı kompleksi layihəsini həyata keçiririk. Bu kompleks bizə təxminən 17 milyard dollar sırf Azərbaycan investisiyaları hesabına başa gələcəkdir. Gürcüstanda, Ukraynada da fəal sərmayə qoyuruq, İsveçrədə, Rumıniyada sərmayə qoymağa başlamışıq, lap yaxın vaxtlarda isə Rusiyada investisiya proqramlarına başlamışıq. Belə ki, Rusiyada iri investisiya layihələri-daşınmaz əmlaka və Rusiyanın ən iri kommersiya-strukturlarının səhmlərinə sərmayə qoyacağıq”.
Azərbaycan mümkün qədər çox sayda ölkə ilə fəal qarşılıqlı əlaqə yaratmaq əzmindədir
Prezident İlham Əliyev müsahibəsində onu da bildirib ki, biz mümkün qədər çox sayda ölkə ilə fəal qarşılıqlı əlaqə yaratmaq əzmindəyik. Son dövrün mühüm məqamlarından biri kimi Azərbaycanın Qoşulmama Hərəkatı təşkilatına daxil olmasını qeyd edən dövlət başçısı bildirib ki, bu çox vacib, lazımlı, vaxtında atılmış və əlamətdar addımdır: “Bununla biz ilk növbədə, özümüzün dünya üçün açıq olmağımızı vurğulayırıq, çünki həmin təşkilatda çoxlu sayda ölkələr birləşir. Digər tərəfdən, biz dünyadakı gələcək proseslərdə Azərbaycanın mövqeyini vurğulayırıq. İqtisadi inteqrasiyaya gəlincə, biz, əlbəttə, ilk növbədə məqsədəuyğunluqdan çıxış edirik. Bu inteqrasiyanın bizə əlavə iqtisadi səmərə gətirəcəyini gördüyümüz yerlərdə biz, əlbəttə, fəal iştirak edirik. İnteqrasiyanın bizə ya heç nə gətirməyəcəyini, ya da bizi hətta geri çəkə biləcəyini gördüyümüz yerlərdə biz yetərincə təmkinli mövqe tuturuq”.
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətimiz üçün priroritet məsələdir. Azərbaycan dövləti bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün bütün səylərini səfərbər edib. Buna baxmayaraq, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, mövcud status-kvonun saxlanması üçün dəridən-qabıqdan çıxması nəticəsində hələlik bu problemin dinc yolla həllinə nail olmaq mümkün olmayıb. Lakin ölkəmizin bütün sahələrdə qazandığı uğurlar və 2012-ci ildə bu uğurların daha da çoxalması işğalçı ölkənin rəhbərliyini düşüməyə vadar etməlidir. Çünki dövləft başçısının “Rossiya-24” telekanalına müsahibəsində bəyan etdiyi kimi, əgər onlar regionda qüvvələrin tarazlığı və ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa, ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaqdır: “Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və müəyyən dərəcədə təhlükəli olacaqdır. Əgər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğalçı qüvvələrin bizim ərazidən çıxarılması prosesini başlamalıdırlar”.
2012-ci il ümumilikdə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlarla zəngin olub
Bir sözlə, bütün bu sadalananlar onu deməyə əsas verir ki, başa çatmaqda olan 2012-ci ilin Azərbaycanın bütün sahələrdə qazandığı uğurlarla zəngin olub. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün dünya azərbaycanlılarına müraciətində də bu məqam xüsusi olaraq vurğulanıb. Müraciətdə deyilir ki, həyata keçirilən tədbirlər nəticəsində, əvvəlki dövrlərdə olduğu kimi, yola salmağa hazırlaşdığımız 2012-ci ildə də ölkəmizdə sosial-iqtisadi inkişaf prosesləri uğurla davam edib: “İqtisadi potensialın güclənməsi sosial, mədəni, hüquqi və digər sahələrə daha çox diqqət yetirilməsinə imkan yaratmış, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə və xaricdəki dostlarımızın sıralarının genişlənməsinə səbəb olmuşdur. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasındakı rolunun və təsir imkanlarının artmasının parlaq göstəricisidir.
Hazırda BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərən Azərbaycan Respublikası dünyada sülhün və təhlükəsizliyin qorunması sahəsində öz məsuliyyətini dərindən dərk edir. Bu gün ölkəmiz multikulturalizmin və tolerantlığın məkanı kimi İslam dünyası ilə Qərb sivilizasiyası, eləcə də, digər mədəniyyətlərə mənsub olan xalqlar arasında əməkdaşlıq üçün qlobal platformanın yaradılmasında mühüm rol oynayır”.
Heç şübhəsiz bütün bu uğurlar öz növbəsində 2013-cü ildə də davamlı inkişaf, həmçinin, dövlətimizin istər siyasi, istər iqisadi, istərsə də beynəlxalq diplomatiya sahəsində yeni-yeni uğurlar qazanması üçün əlverişli zəmin yaradır.
Sevinc NUR
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27

