Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyasının V Qurultayı Azərbaycanın siyasi tarixində hadisədir

Yeni Azərbaycan Partiyasının V Qurultayı Azərbaycanın siyasi tarixində hadisədir

13.06.2013 [01:02]

Qurultay nümayəndələrinin fikrincə, bu tədbir Yeni Azərbaycan Partiyasının ölkədəki nüfuzunu, yerini bir daha göstərdi
Məlum olduğu kimi, iyun ayının 7-də Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayı keçirilib. Qurultay həm Partiyanın, həm də Azərbaycan xalqının gələcəyi baxımından əlamətdar qərarların qəbulu ilə yadda qalıb. Qurultay iştirakçıları tədbirlə bağlı təəssüratlarını bölüşərək bu tarixi hadisənin əhəmiyyətindən danışıblar.
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır: “Qurultay göstərdi ki, YAP Azərbaycan xalqının maraqlarından çıxış edir, partiyamızın yürütdüyü siyasi xətt Azərbaycan dövlətinin yoludur. YAP Azərbaycan Respublikasının ən böyük siyasi təşkilatı olmaqla yanaşı, Azərbaycana yenilik gətirmiş, demokratiya dəyərlərini bərqərar etmiş, demokratik prinsiplərlə fəaliyyət göstərən bir partiyadır. YAP öz marağını Azərbaycan xalqına xidmətdə görür. Qurultayda YAP Azərbaycan Respublikasının prezidentliyinə dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürməklə bir daha göstərdi ki, Azərbaycanın qarşısında görüləcək işlər hələ var. Azərbaycan xalqı bu işləri məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamlamaq istəyir. Qurultay bir daha göstərdi ki, Azərbaycanın qarşısında dayanan məsələlərin öhdəsindən yalnız Yeni Azərbaycan Partiyası gələ bilər. Azərbaycanın siyasi, iqtisadi səhnəsində, daxili siyasətdə YAP-a alternativ partiya yoxdur. Onun lideri kimi xalqın, dövlətin maraqlarını üstün qiymətləndirən ikinci bir lider yoxdur”.
L.Şıxəliyevin sözlərinə əsasən, Qurultayda, həmçinin, partiya son 10 ildə görülən işlərə də qısaca yekun vurdu və qarşıda duran vəzifələri müəyyənləşdirdi. Müəyyən olundu ki, xalqın rifahı, Azərbaycan dövlətinin maraqları, ölkənin daha da güclənməsi naminə görüləcək işlər çoxdur. Yeni Azərbaycan Partiyası partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlərin öhdəsindən gələcək.
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev Qurultay təəssüratları barədə bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi sisteminin əsas hərəkətverici, aparıcı güc mərkəzidir və partiyanın V Qurultayı bu gerçəkliyi bir daha təsdiqlədi: “Təsadüfi deyil ki, YAP-ın V Qurultayına böyük ictimai maraq var idi. Partiyanın ali orqanlarının qəbul etdiyi qərarlar Azərbaycanın gələcək inkişafını müəyyənləşdirən mühüm faktorlardır”.
S.Ağayevin sözlərinə görə, partiyanın V Qurultayı bir daha YAP-ın monolit bir təşkilat kimi Azərbaycanın həyatında oynadığı mühüm rolu təsdiq etdi. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən üzərinə götürdüyü missiyanı bu gün də şərəflə və uğurla yerinə yetirir: “Müstəqilliyin ilk illərində yeni yaranan bir təşkilat olmasına baxmayaraq, Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun möhkəmləndirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, möhkəm siyasi sistemin qurulması, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsində xidmətləri ilə YAP cəmiyyətin bütün təbəqələrinin böyük dəstəyini alıb. Tamamilə haqlı olaraq, Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi qiymətləndirilir. Xalqın partiyası olmaq, həm də xalqın arzu və istəklərinə, onun maraqlarına uyğun fəaliyyət göstərmək, qərarlar qəbul etmək deməkdir. Hesab edirəm ki, V Qurultay qəbul etdiyi qərarlarla cəmiyyətin gözləntilərinə tam cavab verdi. Qarşıdan gələn prezident seçkilərinə YAP-ın namizədi kimi Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi çoxluğun istəyinə uyğun atılan daha bir addımdır. Cəmiyyətimizdə belə bir inam var ki, dövlət başçısının həyata keçirdiyi uğurlu islahatların davam etdirilməsi Azərbaycanın möhkəmləndirilməsi və gücləndirilməsinə, ölkənin iqtisadi qüdrətinin artırılmasına, xalqın layiq olduğu firavanlığa qovuşmasına xidmət edəcək. Ölkəmizin və regionun ən güclü, mütəşəkkil partiyası olan Yeni Azərbaycan Partiyası da məhz xalqımızın bu iradəsinə və inamına söykənərək qarşıdan gələn prezident seçkilərində Partiyamızın Sədri cənab İlham Əliyevin namizədliyini irəli sürdü. İnanıram ki, budəfəki seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədinin alternativsizliyi bir daha sübut olunacaq”.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev isə YAP-ın V Qurultayını yalnız partiyanın deyil, bütövlükdə Azərbaycanın siyasi həyatında mühüm hadisə adlandırıb. Onun sözlərinə görə, Qurultay olduqca yüksək əhval-ruhiyyə şəraitində keçirilib: “Yeni Azərbaycan Partiyası Azərbaycanda iqtidar-xalq həmrəyliyini yaratdı. Bu, özünü hər bir sahədə aydın göstərir. Azərbaycan xalqı Yeni Azəbaycan Partiyasını dəstəkləyir. Çünki partiyanın aldığı qərarlar, hər şeydən öncə, dövlətin, millətin maraqlarına xidmət edir. YAP-ın V Qurultayında alınan qərarlar təkcə partiyanın fəaliyyətinin gücləndirilməsinə, gələcək uğurlarına hesablanmayıb. Bu qərarlar, həm də Azərbaycan dövlətinin, xalqının taleyində önəmli rol oynamaq gücündədir. Qurultayın ən çox gözlənilən və yaddaqalan qərarlarından biri Prezident İlham Əliyevin builki prezident seçkilərində namizədliyinin irəli sürülməsi oldu. Bildiyimiz kimi, dövlət başçımızı müdafiə edənlər yalnız Yeni Azərbaycan Partiyasının üzvlərindən ibarət deyil. Əvvəlki seçkilərin nəticələri göstərib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının böyük əksəriyyətinin dərin inam və etimadını qazanıb. Eyni zamanda, Qurultayda qəbul olunan təşkilati qərarlar da böyük önəm daşıyır. Partiyanın İdarə Heyətinin və Siyasi Şurasının tərkibindəki dəyişikliklər bir daha göstərdi ki, YAP daim öz üzərində çalışır, fəaliyyətini təkmilləşdirir, partiyanın mərkəzi orqanlarına yeni kadrlar cəlb olunur”.
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva YAP-ın V Qurultayının yüksək səviyyədə təşkil olunduğunu, tədbirin Azərbaycanın gələcəyinə işıq saldığını söyləyib: “Qurultayda iştirak edən Prezident İlham Əliyevin nitqi Azərbaycanın gələcək inkişafının strateji istiqamətlərini göstərdi. Bu gün Azərbaycanın qazandığı nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu var. Bu partiya vaxtilə Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasi kursunun əsas dəstəkçisinə çevrildi. Partiyamız bu gün də Ulu öndərin ideyalarını yaşadır, onun üzvləri Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Təsadüfi deyil ki, 600 mindən artıq üzvü olan YAP-ın sıraları durmadan genişlənir. Xüsusən də, gənclərin bu partiyaya maraq göstərməsi Ulu öndər ideyalarının hələ uzun illər boyu yaşadılacağını deməyə əsas verir”.
M.Abasquliyevanın sözlərinə görə, YAP-ın V Qurultayı onu göstərdi ki, bu partiya Azərbaycanda bir nömrəli siyasi qüvvə kimi, üstün mövqeyini qoruyub saxlamaqla yanaşı, daim güclənir, öz fəaliyyətini müasir tələblərə, gerçəkliklərə uyğunlaşdırır. M.Abasquliyeva əlavə edib ki, YAP daim tərkibində, fəaliyyətində mütərəqqi dəyişikliklər edən partiyadır: “Dəyişməyən bir şey var: o da partiyanın sadiq qaldığı prinsiplər, ideyalar, məqsədlərdir. Dövlətə, xalqa xidmət edən YAP Azərbaycan cəmiyyəti ilə bütünləşmiş bir partiyadır. Onun uğuru həm də ölkənin, xalqın uğuru deməkdir. Qurultayda qəbul olunan təşkilati qərarlar da Partiyamızın sıralarının möhkəmləndirilməsinə partiya quruculuğu sistemlərinin daha da demokratikləşdirilməsinə gətirib çıxaran qərarlar oldu. Hesab edirəm ki, bu Qurultay bütövlükdə həm partiyanın, həm də cəmiyyətin inkişafına siyasi mesaj olacaq”.
“Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP qısa müddətdə Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Yeni Azərbaycan Partiyasının yerlərdə təşkilatlanma çağırışına Sabirabad rayonu ilk səs verənlərdən oldu”. Bu fikirləri YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev deyib. Onun sözlərinə görə, V Qurultayda səsləndirilən fikirlər və qəbul edilən qərarlar onu göstərdi ki, yarandığı dövrdən etibarən milli maraqların keşiyində duran və müstəqil Azərbaycan dövlətini dinamik tərəqqi yoluna çıxaran YAP-ın və onun Sədri cənab İlham Əliyevin fəaliyyəti xalqımızın ali iradəsinə söykənməklə Azərbaycan cəmiyyəti tərəfindən yüksək səviyyədə təqdir edilir: “YAP-ın sayca V Qurultayının növbəti prezident seçkiləri ərəfəsində keçirilməsi də qətiyyən təsadüfi deyil. Ali tədbirdə çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin də bəyan etdiyi kimi, partiyanın Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir hadisədir. Qurultay ilk növbədə göstərdi ki, sıralarında 600 mindən çox insanı birləşdirən partiya nəinki Azərbaycanda, eyni zamanda, bölgədə çox böyük siyasi qüvvədir. Ötən il 20 illik yubileyini qeyd etmiş partiyanın siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, sıralarına üzv olmaq istəyənlərin sayı, habelə ideyalarının cəlbedici gücü ilbəil artır”.
N.Quliyev bildirib ki, Qurultayın 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarı yekdilliklə qəbul etməsi bütün Azərbaycan xalqı kimi Sabirabad əhalisi tərəfindən yüksək səviyyədə dəyərləndirilir: “Bu qərar Azərbaycan xalqının iradəsini əks etdirir. Biz inanırıq ki, cənab Prezident İlham Əliyev 2013-cü ilin oktyabrında keçiriləcək Prezident seçkilərində də xalqın böyük dəstəyini qazanacaq”.
N.Quliyev onu da əlavə edib ki, bu gün Yeni Azərbaycan Partiyasının üzvü olaraq hər birimizin qarşısında ölkəmizin inkişaf tempinə uyğun olaraq çox zəruri və təxirəsalınmaz vəzifələr durur: “Hər birimiz öz fəaliyyətimizdə partiyamızın Sədri və dövlətimizin başçısı möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tempindən geri qalmamağa çalışmalı, dövlət siyasətinə uyğun olaraq operativ və təxirəsalınmaz işlər görməliyik. Dövlətimizin başçısının bütün sahələrdə həyata keçirdiyi islahatlar Yeni Azərbaycan Partiyasının hər bir üzvünün ideoloji silahı olmalıdır”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1206 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31