Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

16.04.2025 [10:11]

Milli Məclisdə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclası keçirilib

Aprelin 15-də Milli Məclisdə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib. İclas “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin təmsilçiləri, TÜRKPA-nın Baş katibi və digər rəsmi şəxslər iştirak ediblər. İclası giriş nitqi ilə açan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Türk dövlətləri ilə bütün sahələrdə, o cümlədən parlament səviyyəsində əlaqələrin güclənməsi ölkəmizin prioritet məsələlərindəndir. Komitə sədri TÜRKPA-nın mühüm platforma kimi strateji hədəflərin həyata keçirilməsində önəmli addımlar atdığını, üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini söyləyib.

A.Nağıyev TÜRKPA-ya üzv ölkələrin parlament komitələri arasında mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hesab edib. O, deyib ki, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, digər formatlarda iş birliyinin genişləndirilməsi tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət edir. Quruma üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin iclaslarının bu sahədə əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Gələcəkdə müdafiə sənayesi, müdafiə və təhlükəsizlik sahələrində Türk dövlətləri ilə parlamentlər səviyyəsində çoxtərəfli əməkdaşlığın uğurla davam edəcəyinə inamını ifadə edən komitə sədri bu iclasın məhsuldar olacağını, aparılan səmərəli müzakirələrin birgə işbirliyimizin dərinləşməsinə öz töhfəsini verəcəyini söyləyib.

Sonra iclasda Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar çıxış edərək, ötən il TBMM-nin evsahibliyi ilə keçirilmiş müdafiə komitələrinin birinci iclasını xatırlayıb. Tədbirin Türk dövlətləri arasında birliyin gücləndirilməsi baxımından önəmini qeyd edib. Bu gün dünyada baş verən proseslər, artan təhlükələr fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın, sülhün, əmin-amanlığın təşviqinin böyük əhəmiyyət kəsb etdiyi bildirib.

O, TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələrinin toplantılarının keçirilməsinin parlament diplomatiyası vasitəsilə regional əməkdaşlığın güclənməsində mühüm rol oynadığını vurğulayıb. Hulusi Akar bildirib ki, quruma üzv dövlətlər təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün öz səylərini əsirgəmirlər. O, parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsi, qurumun fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində gələcəkdə atılacaq birgə addımların vacibliyi barədə fikirlərini səsləndirib.

Hulusi Akar Türk xalqlarının daha da yaxınlaşması, ölkələr arasında bütün sahələrdə əlaqələrin inkişafı, birgə strateji layihələrin həyata keçirilməsi istiqamətində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin önəmindən danışıb. Komitə sədri Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsində əldə etdiyi Zəfəri bütün Türk dünyası və dünya birliyi üçün bir nümunə olduğunu vurğulayıb.

O, qeyd edib ki, Türk dövlətləri arasında əməkdaşlığın inkişafı regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir, həmçinin dünya miqyasında Türk dünyasının beynəlxalq təsirini artırır.

İclasda Qazaxıstan Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Amangeldi Nuqmanov ölkəsinin TÜRKPA-ya üzv dövlətlərlə dostluq  münasibətlərinə malik olduğunu, əlaqələri ən yüksək formada inkişaf etdirmək və vahid türk ailəsinə daha da yaxın olmaq istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini söyləyib. O, qeyd edib ki, beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq müdafiə, habelə siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı, ölkələrin milli və birgə təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

Qırğız Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Sulaymanov öz çıxışında bu gün qlobal təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu qeyd edib, bu məsələlərin həllində parlament diplomatiyasının rolu barədə söhbət açıb. Türk dövlətlərinin beynəlxalq proseslərdə aktiv iştirakı və birgə təşəbbüsləri barədə fikirlərini bölüşüb.

Özbəkistan Ali Məclisi Senatının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Kutbidin Burxanov dünyada gedən geosiyasi proseslər fonunda Türk dövlətləri birliyinin möhkəmləndirilməsi və regional həmrəyliyin dərinləşdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. TÜRKPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində inteqrasiyanın gücləndirilməsi üçün strateji addımların atılmasına diqqət çəkib. O, strateji əməkdaşlıq planlarının Türk dünyasının təhlükəsizlik sahəsində koordinasiyasını artırmaqla yanaşı, regiondakı sabitliyin möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib.

İclasda çıxış edən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici işlər və müdafiə komitəsinin sədri Yasemi Öztürk bildirib ki, Türk dövlətlərinin birliyi həm regional sabitliyə, həm də qlobal miqyasda ədalətli dünya nizamının formalaşmasına yönəlib. O, Türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələlərində də əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə də fikirlərini səsləndirib.

Sonra TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, qeyd edib ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində dövlətlərimiz arasında birlik və həmrəyliyin daha da dərinləşməsi, hər sahədə əlaqələrin inkişafı mühüm rol oynayır. Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ortaq təhdidlərə cavab verilməsi, strateji məqsədlərimiz, regional sabitlik baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Mehmet Süreyya Er bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də parlament diplomatiyasının önəmli rolundan danışıb. O, ölkələrimizin və ümumilikdə bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün atılan addımlarda parlamentlərin qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının özünəməxsus yerini qeyd edib.

İclasda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Ramid Namazov, Qaya Məmmədov, Gülşən Paşayeva, Samir Vəliyev, Rizvan Nəbiyev, Səbinə Salmanova, Aydın Mirzəzadə, Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin üzvləri Abdürrahim Dusak, Aşkın Genç, Zuhal Karakoç Dora və başqaları Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi və bu sahədə  parlamentlərin rolu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Qeyd edək ki, iclasın gündəliyindəki məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

Dünya

Kim seçiləcək?

22 May 09:11

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31