Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

17.05.2025 [11:15]

Nazirlər Kabinetinin Parlamentə hesabat vermə tarixi dəyişdirilir

Mayın 16-da Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib.  Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin ilk məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatıdır.

Məlumatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib. S.Əzimov qeyd edib ki, hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluğunun, Ombudsman Aparatının, Vəkillər Kollegiyasının, beynəlxalq təsisatların, 20 qeyri-hökumət təşkilatının, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.

Ötən il 91 nəfər insan alverinin qurbanı olub

Bildirilib ki, aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə görülən tədbirlərlə müvafiq sahədə əməliyyat şəraitinə davamlı nəzarət, risk qrupuna aid şəxslərin sözügedən cinayətlərdən müdafiəsi təmin olunub, qurbanlar fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə tam əhatə edilib. Məlumata əsasən, ötən il Azərbaycan vətəndaşları ilə bağlı insan alveri və məcburi əməklə əlaqədar olan cinayət işləri üzrə 91 insan alveri qurbanı (90-ı qadın, 1-i kişi) müəyyən edilib. 2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb. Həmin faktlar üzrə 15 cinayət işi başlanılaraq 16 şəxs (13 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib.

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 nəfərin “İnterpol” kanalları ilə beynəlxalq axtarışı davam etdirilir. İnsan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə keçirilmiş tədbirlər zamanı isə  4 miqrasiya kanalı müəyyən olunaraq, 15 əcnəbi saxlanılıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2 milyon 643 min manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8 min manat məbləğdə cərimələnib.

S.Əzimov onu da qeyd edib ki, aparılmış monitorinqlər nəticəsində insan alverinin təbliği ilə məşğul olan 156, cari ötən dövrdə isə 124 Teleqram, Tiktok və İnstaqram kanalı bağlanıb: “2024-cü ildə insan alveri əxlaqsızlıq yuvaları saxlamaq, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlbetmə, pornoqrafik materialları yaymaya görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 nəfər, o cümlədən insan alverinə görə 3 nəfər saxlanılıb”.

Beynəlxalq hesabatlarda ölkəmiz müsbət mövqedədir

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, qlobal statistikaya əsasən, dünyada qurbanların sayı COVİD 19-dan sonra  nəzərəçarpacaq dərəcədə azaldığı halda, 2023-cü ildə  25 faiz artıb. Qadınlar və qızlar dünya üzrə qurbanların 61 faizini təşkil edir. Onun sözlərinə görə, beynəlxalq hesabatlarda ölkəmiz müsbət indikatorlara malikdir: “Qlobal Mütəşəkkil Cinayətkarlıqla bağlı beynəlxalq indeksində (Global Organised Crime İndex) qonşu dövlətlər arzuolunmaz sıralarda yer alsa da, Azərbaycanın adı əks olunmayıb. Son 20 ildə insan alveri üzrə cinayətlərin ümumi sayı 2,532 təşkil edib. Əlbəttə, müxtəlif illərdə dinamika dəyişib. Xüsusilə 2007-2008 ci illərdə artıb, lakin sonra dövlətin sistemli tədbirləri hesabına sabit bir tendensiya müşahidə olunub. 20 ilə yekun vurarkən, indiyədək rəsmən bəyan edilən 650 insan alverçisinin içərisində qadınların xüsusi üstünlüyü təəssüf doğurur. İnsan alverçilərinin cinsi tərkibində 85 faizini, rəqəmlə deyilsə, 552 nəfərini qadınlar, 15 faizini, yəni 98 nəfərini isə kişilər təşkil edir”.

Yeni Milli Fəaliyyət Planı hazırlanacaq

Çıxış edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, 2024-cü il üçün  insan alverinə qarşı mübarizəyə dair məlumat həm də  son Milli Fəaliyyət Planının  demək olar ki, yekunudur. Çünki bundan sonra yeni  milli fəaliyyət hazırlanacaq. Onun sözlərinə görə, bu illər ərzində Daxili İşlər Nazirliyi və bütövlükdə dövlət orqanları bu sahədə sistemli, davamlı və əlaqələndirilmiş şəkildə birgə müsbət iş  aparıb və bunun müsbət nəticələrini görməkdəyik: “Dövlət orqanları, vətəndaş cəmiyyəti və medianın vahid mövqeyi insan alverinə qarşı mübarizəni həqiqətən də milli səviyyədə bir fəaliyyətə çevirib.  Bir sıra hallarda beynəlxalq təşkilatların qeyri-obyektiv hesabatlar verməsinə baxmayaraq, əməkdaşlıq davam edir. 2025-2030-cu illər üçün yeni Fəaliyyət Planında dünyada və regionda baş verən bir sıra münaqişələr insan alveri üçün  həm də yeni təhdidlər kimi qiymətləndirilməli və bu amillər gələcəkdə nəzərə alınmalıdır. Rəqəmsal alətlərin və müasir texnologiyaların tətbiqi, bununla yanaşı insan hüquqlarının səmərəli müdafiəsi əsas vəzifələrdən biri olmalıdır”.

Müzakirələr zamanı çıxış edən millət vəkilləri illik məlumatla bağlı fikirlərini bildiriblər. Sonra məsələ səsə qoyularaq qəbul olunub.

Nazirlər Kabineti hər il martın 31-dək illik hesabat verəcək

İclasda daha sonra bir sıra qanun layihələri üçüncü oxunuşda təsdiqlənib.

Sonra “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) məsələsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında illik hesabat verəcək.

Millət vəkilləri “İstilik təchizatı haqqında” qanun layihəsini də  birinci oxunuşda müzakirə ediblər. Layihəyə əsasən, müəyyən hallar istisna olmaqla, bu qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır. Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.

Növbəti iclas mayın 23-də keçiriləcək

Bildirilib  ki, mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin məcburi hala gətirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq və nəticədə enerji resurslarına qənaət edilməsi, ətraf mühitə atılan emissiyaların azaldılması təmin ediləcək. Sənəd hazırlanarkən beynəlxalq təcrübə araşdırılıb və layihədə nəzərə alınıb. Layihə hazırlanarkən nümunə kimi hansısa konkret bir ölkə seçilməmiş və onun qanunvericiliyindən istifadə edilməyib.

Qeyd edək ki, iclasda müzakirəyə çıxarılmış bütün məsələlər müzakirələrdən sonra qəbul olunub.

Sonda spiker Sahibə Qafarova Milli Məclisin növbəti iclasının mayın 23-də keçiriləcəyini bildirib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

Gündəm

Siyasət

Xilaskarlıq missiyası

14 İyun 12:05  

MEDİA

150 ilə sözardı

14 İyun 11:38  

Analitik

Analitik

Ukraynaya “mesaj”...

14 İyun 11:00  

Siyasət

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30