Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Möhtəşəm qələbə

Möhtəşəm qələbə

15.10.2013 [09:33]

9 oktyabr seçkilərinin nəticələri xalqımızın Heydər Əliyev siyasətinə alternativ görmədiyini bir daha təsdiqlədi
Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,59 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atdı. Seçkilərin nəticələri Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxili və xarici siyasət kursuna, bu kursu həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Beləliklə, bu qələbəni şərtləndirən amilləri müəyyən etmək üçün ölkənin son 10 ildə keçdiyi yola qısa nəzər salmaq məqsədəmüvafiqdir.
Dinamik iqtisadi inkişaf xalq-iqtidar birliyini daha da möhkəmləndirib
İlk növbədə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin möhtəşəm qələbəsini şərtləndirən ən mühüm faktorlardan biri milli tərəqqiyə təkan verən praqmatik iqtisadi inkişaf strategiyasının həyata keçirilməsidir. Şübhəsiz, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha da yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olub.
Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, bir sözlə, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Göründüyü kimi, ölkəmizdə həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər respublikamızın daha da güclənməsini təmin edib. Bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır.
Ümumiyyətlə, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Ümumi daxili məhsul (ÜDM) istehsalının strukturuna diqqət yetirdikdə bütün iqtisadi sahələrdə artım meyillərinin nəzərə çarpdığını görmək mümkündür. Proqnozlara görə, 2020-ci ilədək ÜDM-in 2 dəfə artırılmasına yalnız qeyri-neft sektorunun inkişafı sayəsində nail olunacaq.
Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlılığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
Onu da qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin möhtəşəm qələbə qazanaraq yenidən ölkə Prezidenti seçilməsini şərtləndirən mühüm strateji amillərdən biri Azərbaycan vətəndaşlarının mərkəzində dayandığı uğurlu sosial siyasətin həyata keçirilməsidir.
Ümumiyyətlə, Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Digər tərəfdən, əhalinin sosial problemlərinin həlli ilə yanaşı, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi hökumətin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən Fərman və sərəncamlar imzalanıb. Belə sənədlərdən biri Prezident İlham Əliyev tərəfindən cari il iyunun 13-də imzalanan Sərəncamdır. Həmin Sərəncama əsasən, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin, rahat həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və “ASAN xidmət (Azerbaijan Service and Assessment Network)” mərkəzləri fəaliyyət göstərəcək. Sözügedən qurumun yaradılmasında məqsəd vətəndaşlara geniş spektrli sadələşdirilmiş xidmət göstərmək, onların vaxt itkisinin, eləcə də, bürokratiyaya, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək və dövlət orqanlarına etimadı artırmaqdır. Qurumun həyata keçirəcəyi işlər sırasında doğumun, nikahın, ölümün qeydə alınması, həmçinin, adın, soyadın dəyişdirilməsi haqqında sənədlərin alınması, mülkiyyət hüququna dair bir sıra sənədlərin verilməsi, notariat fəaliyyəti və s. var.
Müasir Azərbaycanın intensiv tərəqqisinin fonunda regionların sosial-iqtisadi inkişafı
Dövlətimizin başçısı kimi fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyev Bakı və Bakıətrafı qəsəbələrin inkişafını da prioritet məsələ kimi öndə saxlayıb. Məhz bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilib. Lakin təkcə Bakı deyil, eləcə də Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bir sözlə, çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edən regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Prezident İlham Əliyevin gərgin əməyinin və əzmkarlığının nəticəsi olaraq hazırlanan və birbaşa dövlət başçısının nəzarəti altında davam etdirilən bu iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: ötən müddət ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib.
Həmçinin, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. Regionların inkişafı ilə bağlı birinci proqram tam vaxtında icra olunub, ikinci proqramın icrasından ötən müddət ərzində ölkə üzrə çox əhəmiyyətli işlər görülüb və bütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.
Bir sözlə, regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına zəmin yaradılıb.
Davamlı və dayanıqlı sabitlik milli inkişafa zəmin yaradan strateji faktor kimi
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahə və sektorların dinamik inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyin strateji qarantı qismində çıxış edir.
Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, onların reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir.
Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına spesifik töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahə və sektorlarda ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir. Siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı sürətləndirməkdə və ictimai-siyasi sabitliyin əsaslarını möhkəmləndirməkdədir.
Demokratik inkişafın milli modeli-Azərbaycan təcrübəsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili siyasət kursunun əsaslarına diqqət yetirərkən tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycan demokratik inkişaf indeksinə görə yüksək səviyyədə qiymətləndirilən ölkələr sırasında yer alır. Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsidir.
Məhz bütün bunların qanunauyğun nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq qaldığını və demokratikləşmə prosesini sürətləndirdiyini bəyan etməkdədirlər.
Digər tərəfdən, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirir. Odur ki əminliklə söyləmək olar ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Rasional xarici siyasət kursu milli maraqların etibarlı təminatçısı qismində...
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib.
Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Son olaraq, 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Sədrlik etməsi bunun başlıca göstəricisidir.
Əlbəttə ki, Azərbaycan həqiqətlərinin yayılmasında, dövlətimizin beynəlxalq imicinin artmasında ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərin də rolu böyükdür. Humanitar, mədəniyyət və digər sahələrdə keçirilən tədbirlər, ənənə halını alan Qəbələ Musiqi Festivalı, Beynəlxalq Muğam müsabiqəsi böyük maraqla qarşılanır. 2011-ci ildə isə “Eurovision” mahnı müsabiqəsindəki qələbəsi ilə dünyanın diqqətini özünə yönəldən Azərbaycan milli mədəniyyətini daha geniş səviyyədə təbliğ edə bildi. Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsi özünün möhtəşəmliyi ilə müsabiqənin tarixinə daxil olub. Müsabiqənin ən yüksək səviyyədə təşkili dünyaya göstərdi ki, Azərbaycan öz milli ənənələrinə, mədəniyyətinə sahib çıxmaqla bərabər, Qərb mədəniyyətinə də sürətlə inteqrasiya edir.
Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Azərbaycan özünü təmin edən müstəqil dövlətdir
Məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təbii resurslardan düzgün istifadə edilməsi nəticəsində ölkəmiz maliyyə imkanlarını genişləndirib. Bütün sahələr üzrə dinamik inkişaf göstəricilərinə nail olan Azərbaycan qarşıya çıxan maneələri aradan qaldırmaq gücündədir. Bu səbəbdən, respublikamız ən çətin vaxtlarda da kənar yardımlara ehtiyac hiss etmir. Bütün dünyanı iqtisadi böhran bürüdüyü zamanda Azərbaycan ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri oldu. Kapital imkanları genişlənən ölkəmiz nəinki kənar yardımlara ehtiyac duymur, hətta özü də donor ölkə kimi çıxış edir. Bir sözlə, Azərbaycan, sözün əsl mənasında, özünü təmin edən dövlətdir. Bütün bu nailiyyətlərin əldə edilməsi isə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olub. Ona görə də, 9 oktyabr 2013-cü il prezident seçkilərində xalqın birmənalı seçimi cənab İlham Əliyev olmuşdur.
Yeni Azərbaycan Partiyası Heydər Əliyev yolunun davamçısının yanındadır
Bu illər ərzində sosial, iqtisadi sahələrdə əldə olunan uğurlarda, ölkənin beynəlxalq mövqelərinin güclənməsində, daxili və xarici siyasət kursunun həyata keçirilməsində və ən nəhayət, növbəti dəfə seçkilərdə möhtəşəm qələbənin qazanılmasında hər zaman Heydər Əliyev yolunun davamçısı olan Prezident İlham Əliyevin yanında olan Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bu gün 600 mindən artıq Azərbaycan vətəndaşını, yüzminlərlə gənci sıralarında birləşdirən, öz fəaliyyətini milli maraqlar əsasında quran Yeni Azərbaycan Partiyası ölkədə əsas milli qüvvə kimi çıxış edir.
Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı rolunun əhəmiyyəti zaman keçdikcə daha da artır. YAP ölkəmizin milli gücünün bütün komponentlərinin təmsil olunduğu və sözün həqiqi mənasında dövlətin və xalqın maraqlarından çıxış edən partiyadır. Dövlət başçısının siyasi kursunu dəstəkləyən, müxtəlif sahələrdə islahatların həyata keçirilməsində yaxından iştirak edən YAP təmsil etdiyi toplumun ali mənafeyini və dövlətçilik maraqlarını praktik müstəvidə yüksək səviyyədə reallaşdırmaqdadır. Partiya azərbaycançılıq, güclü və müstəqil dövlətçilik, yüksək rifah, varislik, yaradıcı təkamül, milli həmrəylik, sosial ədalət, sağlam rəqabətə əsaslanan siyasi mübarizə kimi təməl dəyərləri öz fəaliyyətində ehtiva edir. Təsadüfi deyil ki, YAP cəmiyyətin bütün təbəqələrindən böyük dəstək qazanır. Xalqın dəstəklədiyi və cəmiyyətin içərisindən çıxan, milli şüurun daşıyıcısı olan siyasi qüvvənin formalaşdırdığı siyasi elita və iqtidar da xalqa yaxınlığı ilə seçilir.
Bu baxımdan, 9 oktyabr qələbəsi Yeni Azərbaycan Partiyasının namizədinə, həmçinin, partiyanın özünün fəaliyyətinə, cəmiyyətdəki roluna xalqın verdiyi dəyərdir.
Azərbaycan cəmiyyətinin siyasi vicdanı rahatdır
Qeyd etdiyimiz kimi, oktyabrın 9-da Azərbaycan xalqı ali siyasi iradəsini nümayiş etdirərək öz Prezidentini seçdi. Azərbaycan xalqının siyasi vicdanı bu gün çox rahatdır, çünki verdiyi səslərin nəticəsinin MSK-nın rəsmi açıqlamasında öz əksini tapdığını gördü. Xalqın iradəsi ilə seçkilərin nəticələrinin uzlaşmasını təsdiq edən amillər içərisində seçkilər günündə keçirilən “exit-poll”ların nəticələri, seçkiləri müşahidə edən 20-dək beynəlxalq təşkilatın prosesin ədalətli, şəffaf və demokratik şəraitdə keçdiyinə dair verdikləri yüksək qiymət də təsdiq edir. Bütövlükdə, Azərbaycanda hər kəs seçkinin necə obyektiv, şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyinin şahididir.
Belə olan halda hər hansı beynəlxalq təşkilat, qurum və ya şəxsin seçkilərlə bağlı qərəzli bəyanat verməsinin, seçkilərin nəticələrinə kölgə salmaq səylərinin heç bir əhəmiyyəti yoxdur. Cəmiyyəti bu cür aşkar yalanlarla aldatmaq mümkün deyil, çünki hər şeydən əvvəl, mövcud ictimai əhval-ruhiyyə xalqın seçiminin aydın göstəricisidir. Əgər hər hansı bir qurum, beynəlxalq təşkilat bütöv bir xalqın siyasi iradəsinin əksinə olaraq bəyanat verirsə, öz mövqeyi ilə xalqa həqarət etmiş olur, eyni zamanda, özünün beynəlxalq imicinə zərbə vurur. Belə qurumlar ictimaiyyət tərəfindən obyektiv, ədalətli bir qurum kimi deyil, Azərbaycan xalqının siyasi iradəsinə təsir göstərməyə çalışan və müxtəlif maraqlara xidmət edən bir təzyiq qrupu kimi qəbul edilir. İctimai rəyə qarşı gələrək onu aşkar surətdə yanlış istiqamətə yönləndirmək cəhdləri isə uğursuzluğa və məğlubiyyətə məhkumdur.
Beləliklə, istəkləri ilə gerçəkliyin üst-üstə düşdüyünü görən Azərbaycan xalqının siyasi vicdanı rahatdır. Bu, o deməkdir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının seçimidir, xalq öz seçimini sonadək dəstəkləyəcək, seçdiyi Prezidentin rəhbərliyi ilə müstəqillik yolunda inamlı addımlarını davam etdirəcək. Bunu əminliklə deməyə ölkəmizdəki mövcud olan lider-xalq birliyi əsas verir.
Lider-xalq birliyi sarsılmaz milli iradənin əsasıdır
Bildiyimiz kimi, Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Əvvəlcə qeyd edək ki, lider cəmiyyətdə mənəvi birliyi təmin edən, müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri, ilk növbədə, insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Məlum olduğu kimi, təsdiqinə görə siyasi liderlər rəsmi və qeyri-rəsmi olmaq etibarilə iki qrupda təsnif edilir. Prezident İlham Əliyev isə Azərbaycan xalqının həm rəsmi, həm də qeyri-rəsmi lideridir. Bu, o deməkdir ki, seçkilərdəki qələbəsi ilə Azərbaycanın dövlət başçısı və xalqın rəsmi surətdə təmsilçisi olan Prezident İlham Əliyev həm də siyasi səriştəsi, idarəetmə bacarığı yüksək səviyyədə olan, cəmiyyətdə böyük nüfuza və hörmətə malik olan siyasi liderdir. Dünya və Azərbaycan təcrübəsi də göstərir ki, xalq arasında böyük nüfuzu olan dövlət və hökumət başçıları müxtəlif daxili və beynəlxalq situasiyalarda milli birliyi, iradəni, sabitliyi qoruyub saxlamaqda, xalqı arxasınca aparmaqda, vətəndaşları konkret hədəfə doğru səfərbər etməkdə, hakimiyyətdaxili harmoniyanı və balansı təmin etməkdə, qısaca desək, liderlik funksiyalarını yerinə yetirməkdə çətinliklə üzləşmir. Əksinə, ölkələr əksər hallarda sürətli inkişafa, rifaha məhz nüfuzlu liderlərin rəhbərliyi dövründə nail olurlar. Çünki belə liderlərə cəmiyyət böyük inam bəsləyir və onun göstərdiyi yolda irəliləyir. Əgər bu yol özünü ilk addımlarda doğruldursa, onda liderin nüfuzu və ona olan inam daha da artır.
Beləliklə, Azərbaycandakı sosial, ictimai-siyasi mühiti öyrənən xarici qurumların da gəldiyi ilk qənaət ondan ibarət olur ki, ölkədə tam sosial-siyasi sabitlik mövcuddur, əhali dövlətin siyasətindən razıdır. Son 10 il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.
Xalqın seçimi qəti və birmənalıdır
Məhz bu səbəbdəndir ki, 10 il bundan əvvəl Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə, bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. O da məlumdur ki, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub. Lakin dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi nəticəsində formalaşan milli iradə sayəsində xalqımız bütün sınaqlardan uğurla çıxıb.
Bu gün Prezident İlham Əliyevin seçkilərdə böyük üstünlüklə qalib gəlməsinin əsasında da xalqın iradəsi, inamı və seçimi dayanır. Azərbaycan xalqı bir daha təsdiq etdi ki, ölkəmiz doğru yolda irəliləyir. Seçkilərdə yüksək fəallıq göstərən Azərbaycan seçicisi bir daha təsdiq etdi ki, xalq bundan sonra da Heydər Əliyev yolunun davam etdirilməsini istəyir. Siyasi plüralizm, şəffaf, ədalətli, demokratik şəraitdə baş tutan seçkilərin nəticəsi xalqın öz gələcəyini güclü, müstəqil, hərtərəfli inkişafa malik rifah dövlətinin yaradılmasının qarantına - Prezident İlham Əliyevə etibar etdiyini göstərdi. Əminliklə demək olar ki, öz yolunda inamla irəliləyən Azərbaycanda növbəti 5 ildə də davamlı inkişafın, yeni nailiyyətlərin şahidi olacağıq.
Seçkilərin nəticəsi cəmiyyətimizdə radikallara yer olmadığını bir daha təsdiqlədi
Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün görülən bütün müsbət tədbirlərlə yanaşı, siyasi arenada bəzi cüzi çatışmazlıqlar da müşahidə olundu. Bu kimi mənfi hallar isə, ilk növbədə, ideoloji-siyasi müstəvidə cərəyan edir. Belə ki, Prezident seçkilərinin ədalətli, demokratik, şəffaf və azad şəkildə keçirilməsi üçün ölkə rəhbərliyi və aidiyyəti strukturlar öz üzərlərinə düşən bütün öhdəlikləri uğurla, yüksək səviyyədə yerinə yetirdikləri halda, bəzi siyasi subyektlər növbəti dəfə dağıdıcı-destruktiv fəaliyyət göstərməyə cəhdlər etdilər. Belə ki, stereotipləşmiş siyasi ideologiya və təfəkkürlə mübarizə meydanına atılan sözügedən dairələr öz mövqeləri ilə demokratik seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Bu dairələrin başında isə müxalifətin radikal qanadının toplaşdığı “Milli şura” dayanır. Başqa sözlə, siyasi savadsızlıq, köhnə-qəlibləşmiş ideoloji təfəkkür, aşağı səviyyəli siyasi mədəniyyət sözügedən müxalif qrupların başlıca xüsusiyyətlərini təşkil etməkdədir. Bu da nəticə etibarilə, müasir şəraitdə Azərbaycan siyasi palitrasında fəaliyyət göstərən subyektlərin bir qisminin siyasi sistemin ali qanunauyğunluqlarına adaptasiya oluna bilməməsindən xəbər verir. Daha da dəqiqləşdirsək, bu cür qüvvələr ölkənin təkmil siyasi sisteminin dağıdıcı və “autsayder” elementləri qismində çıxış edirlər. Onların fəaliyyətləri vətəndaşların ictimai şüurunu manipulyasiya etmək, böhtan, şantaj, qara piar kimi vasitələrdən istifadə etməklə, mövcudluqlarını qoruyub saxlamaq kimi primitiv metodları özündə ehtiva edir. Məhz buna görə də, Azərbaycan xalqı bu cür qüvvələrə birmənalı şəkildə etimadsızlıq göstərərək “yox” deyir. Mövcud siyasi sistemin qanunauyğunluqları və reallıqları isə qəti şəkildə sözügedən subyektlərin siyasi arenadan “təmizlənməsi”ni tələb edir. Xalq isə artıq bu kimi qüvvələri çoxdan siyasi seçim siyahısından çıxarıb. 1993-cü ildən başlanan yol bu gün uğurla davam edir və müdrik xalqımız böyük inam və əzmkarlıqla Liderinin yanında parlaq sabaha doğru addımlamaqdadır.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31