Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

17.12.2025 [10:59]

Prezident İlham Əliyevin təşəbbüsü alqışlanıb

Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı imzalanmış Anlaşma Memorandumu təsdiqlənib

Dekabrın 16-da Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 10 məsələ daxil edilib.

İclasda əvvəlcə cari məsələlərlə bağlı çıxış edən millət vəkilləri “Konstitusiya və Suverenlik İli”ndə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş amnistiya aktını alqışlayaraq bu təşəbbüsün ölkəmizdə humanizm siyasətinin növbəti nümunəsi olduğunu vurğulayıblar.

Sonra gündəlikdəki məsələlər müzakirə olunub. Öncə “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” təsdiqlənib. Sənəd bu il iyulun 22-də İstanbul şəhərində imzalanıb. Bu barədə məlumat verən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Anlaşma Memorandumunun məqsədi qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Onun sözlərinə görə, sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir: “Memorandumun məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin, hərbi təhsilin və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Sənəd 8 maddədən ibarətdir”.

Razılığa əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə yuxarıda qeyd edildiyi kimi mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər.

Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir. Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər, buna müvafiq olaraq, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları (məxfi, tam məxfi, xüsusi əhəmiyyətli) bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.

Anlaşma Memorandumuna tərəflərin qarşılıqlı yazılı razılığına əsasən istənilən zaman düzəliş və ya əlavələr edilə bilər. Tərəflərdən hər biri digər tərəfə ləğvetmə niyyətini diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirərək Memorandumu ləğv edə bilər. Bu halda Memorandum həmin bildirişin alındığı tarixdən 60 gün sonra ləğv edilir. “Anlaşma Memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”,-deyə komitə sədri vurğulayıb.

Sonra “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə” qanun layihəsi müzakirə edilib. Layihəyə əsasən, kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etmə barədə məlumat alan tərəfin vəzifələrini müəyyən edir bu sahədə yarana biləcək münasibətlərin effektiv qaydada tənzimlənməsini nəzərdə tutur. Sazişdə kosmonavtlara mümkün olan bütün yardımların göstərilməsini, onların dərhal təhlükəsiz geri qaytarılmasını və s. məsələləri tənzimləyən bir sıra vacib müddəalar müəyyən edilib. Sazişdə qəza, fəlakət, təcili və ya gözlənilmədən eniş səbəbi ilə kosmik gəminin şəxsi heyəti üçün bütün mümkün tədbirlərin görülməsi öhdəliyi müəyyənləşir, razılığa gələn tərəflərin üzərinə bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin dərhal məlumatlandırılması vəzifəsi qoyulur. Sazişin digər müddəaları yuxarıda sadalanan məsələlərdən irəli gələn texniki, inzibati, xilasetmə tədbirlərinin həyata keçirilməsi qaydalarını, imzalanma və ratifikasiya üçün prosedurları, Sazişin mətninə düzəlişləri, mətnlərin autentikliyi və digər əlaqəli məsələləri tənzimləyir.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiqlənib.

İclasda, həmçinin “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi (üçüncü oxunuş) qəbul edilib. 8 fəsil, 31 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin, onlar arasında yaranan münasibətləri tənzimləyəcək.

“Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə isə bildirilir ki, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.

İclasda, həmçinin əmək qanunvericiliyinə də bir sıra dəyişikliklər edilib. Bildirilib ki, ölkəmizdə işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda elektron hökumət qurulması istiqamətində böyük iş gedir, texnologiyaların, xüsusilə süni intellektin tətbiqinin əmək münasibətlərinə təsiri daha da genişlənir. Bu səbəbdən təklif olunan layihədə də əmək qanunvericiliyinin müasir çağırışlara uyğunlaşdırılması, beynəlxalq əmək normalarını nəzərə almaqla təkmilləşdirilməsi, elektron sistemlərlə bağlı yeni qaydaların müəyyənləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə bir sıra dəyişikliklər təklif olunub. Müzakirələrdən sonra dəyişikliklər birinci oxunuşda qəbul edilib.

Millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

Sonda spiker Sahibə Qafarova Milli Məclisin növbəti iclasının dekabrın 19-da keçiriləcəyini deyib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31