Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dinamik və hərtərəfli münasibətlər...

Dinamik və hərtərəfli münasibətlər...

07.10.2026 [10:25]

Azərbaycan ilə ABŞ arasında yaxın tərəfdaşlıq əlaqələri güclənir

Azərbaycan xarici siyasət kursunu qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların uzlaşdırılması prinsipləri üzərində qurup. Bakı böyük dövlətlərlə münasibətlərində də məhz bu yanaşmanı əsas götürərək, siyasi dialoqun davamlılığını, iqtisadi tərəfdaşlığın genişləndirilməsini və regional təhlükəsizlik məsələlərində qarşılıqlı etimadı önə çəkir. Bu baxımdan Azərbaycan-ABŞ münasibətləri xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında əlaqələr uzun illər ərzində müxtəlif istiqamətlər üzrə inkişaf edərək strateji əhəmiyyət daşıyan əməkdaşlıq platformalarından birinə çevrilib.

Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkan, enerji və nəqliyyat imkanları, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, həmçinin regional sabitliyin təmin olunmasındakı rolu ABŞ-la münasibətlərin əhəmiyyətini artıran əsas amillərdəndir. Digər tərəfdən, Vaşinqtonun Cənubi Qafqazda sülh, təhlükəsizlik və kommunikasiya əlaqələrinin inkişafına diqqəti Bakı ilə dialoqun yeni məzmun qazanmasına şərait yaradır. Son illərdə Azərbaycan-ABŞ təmaslarının intensivləşməsi də münasibətlərin yalnız ikitərəfli məsələlərlə məhdudlaşmadığını göstərir. Burada regional proseslər, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, müdafiə və təhlükəsizlik, eləcə də qlobal çağırışlar ətrafında əməkdaşlıq imkanları ön plana çıxır.

Ceyhun Bayramov ilə Marko Rubio arasında telefon danışığı aparılıb...

Yeri gəlmişkən, oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə edilib. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunmuş mühüm irəliləyişlər qeyd olunub. Bu çərçivədə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində 2026-cı ildə əldə olunmuş mühüm nəticələr, o cümlədən Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi vurğulanıb. Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl addımlar barədə qarşı tərəfə məlumat verib. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

8 avqust sammiti: Bakı - Vaşinqton əlaqələrinin tarixində yeni səhifə...

Vurğulandığı kimi, ikitərəfli münasibətlərdə qarşılıqlı maraqlar prinsipi əsas götürülür və enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutları, terrorizmlə mübarizə, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi amillər dialoqu daha da dərinləşdirir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına təhlükəsiz çatdırılmasında Azərbaycanın oynadığı rol, Orta Dəhlizin artan əhəmiyyəti, eləcə də Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturası Vaşinqtonun Bakı ilə əməkdaşlığı strateji prizmadan qiymətləndirməsinə yol açır. Bu yeni mərhələnin ən mühüm siyasi ifadəsi isə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammit olub. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş təkcə Azərbaycan - Ermənistan münasibətlərində deyil, həm də Bakı - Vaşinqton əlaqələrinin tarixində yeni səhifə açıb. Sammit göstərdi ki, ABŞ artıq Azərbaycanı yalnız regionun aparıcı dövləti kimi deyil, həm də Avrasiya məkanında sülhün, enerji təhlükəsizliyinin və nəqliyyat-kommunikasiya layihələrinin əsas tərəfdaşlarından biri kimi qiymətləndirir. Məhz buna görə də Vaşinqton sammiti iki ölkə arasında münasibətləri ənənəvi əməkdaşlıq formatından çıxararaq daha yaxın strateji tərəfdaşlıq müstəvisinə yüksəldən mühüm siyasi dönüş nöqtəsi kimi tarixə düşüb.

Strateji Tərəfdaşlıq Xartiyası: Münasibətlərin institusional çərçivəsi

Cənubi Qafqazda formalaşan yeni sülh şəraitinin siyasi və diplomatik təsdiqi kimi dəyərləndirilən 8 avqust görüşü regionun gələcəyi baxımından da mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Xüsusilə, görüş zamanı imzalanan “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında Strateji İşçi Qrupunun yaradılması” Anlaşma Memorandumu iki ölkə arasında məzmun etibarı ilə yüksək olan tərəfdaşlığa yeni rəng qatdı - bu sənədin imzalanması Bakı-Vaşinqton əlaqələrində mühüm ştrixləri ortaya çıxardı. Belə ki, sənədin imzalanması Azərbaycan ilə ABŞ arasında əlaqələrin yaxın tərəfdaşlıq səviyyəsinə qalxdığının göstəricisi sayılırdı - sənədə görə, ABŞ artıq Cənubi Qafqazda sabitlik, enerji, nəqliyyat, təhlükəsizlik məsələlərində məhz Bakı ilə strateji koordinasiya aparmağı prioritet saydığını bildirirdi. Eyni zamanda, iki ölkə arasındakı əməkdaşlıq institusional çərçivədə müəyyənləşdirilirdi - başqa sözlə, münasibətlərin inkişaf imkanları artıq siyasi bəyanatlarla deyil, konkret planlar, yol xəritələri və hüquqi mexanizmlərlə idarə olunacaqdı.

Bu il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində imzalanan Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya ikitərəfli münasibətlərə yeni bir status qazandırdı. Bu sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə ən yeni mərhələsinin başlanğıcına çevrildi. Qeyd edək ki, Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir.

Bakı ilə Vaşinqton arasındakı yeni əməkdaşlıq modeli

Prezident Trampın son iki ilə yaxın müddətdə artıq bir neçə dəfə Prezident İlham Əliyevlə görüşməsi, fərqli kontekstlərdə müzakirələrin aparılıması, Cənubi Qafqazın yeni gələcəyinin formalaşdırılması istiqamətində Azərbaycanın irəli sürdüyü strateji yol xəritəsinin dəstəklənməsi, sülhün və sabitliyin qorunmasına xidmət edən yaxınlaşmaların təqdir olunması göstərir ki, Bakı-Vaşinqton əlaqələri sağlam və dinamik xarakter daşıyır. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur. Xüsusilə, enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığa mühüm dinamika qazandırıb. Bu gün Azərbaycanın geosiyasi mövqeyi, enerji təhlükəsizliyinə verdiyi töhfə, beynəlxalq nəqliyyat marşrutlarının inkişafındakı rolu və regional sabitliyin təmin edilməsində nümayiş etdirdiyi məsuliyyət ABŞ üçün ölkəmizi etibarlı tərəfdaş kimi ön plana çıxarır. Bu əməkdaşlıq modeli təkcə iki ölkənin milli maraqlarına xidmət etmir, həm də Cənubi Qafqazın qlobal iqtisadi və siyasi sistemə daha sıx inteqrasiyasına mühüm töhfə verir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31