Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dünyada dinamik inkişaf edən ölkədir

Azərbaycan dünyada dinamik inkişaf edən ölkədir

31.03.2015 [09:53]

Prezident İlham Əliyev: Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan hazırda özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söylədiyi nitqində də Azərbaycanın müstəqillik illərində böyük inkişaf yolu keçdiyinə xüsusi diqqət çəkib. Müstəqilliyimizin ilk illərinin ölkəmiz, xalqımız üçün çox ağır keçdiyini, ancaq Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vəziyyətin sabitləşdiyini, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılmağa başlanıldığını,1990-cı illərin ortalarından bu günə qədər 20 il ərzində Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını, müstəqilliyimizin möhkəmləndiyini, gücləndiyini xatırladan dövlət başçısının sözlərinə görə, bugünün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata bilər: “Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan sonra da müstəqil həyatımızı təmin edəcəyik”.
Davamlı sosial-iqtisadi inkişaf dinamikası Azərbaycanı dünyada fərqləndirən əsas cəhətlərdən biridir
Ölkəmizin əldə etdiyi uğurlardan danışarkən vurğulamaq yerinə düşər ki, güclü sosial-iqtisadi inkişaf dinamikasına malik olması hazırda Azərbaycanı dünya miqyasında fərqləndirən ən mühüm amillərdən biri qismində çıxış edir. Yəni, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmamışdır”.
Məlum olduğu kimi, son illərdə qlobal miqyasda bir sıra arzuolunmaz proseslər müşahidə edilməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, bir neçə il bundan öncə dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhranı ayrı-ayrı ölkələrdə ciddi kataklizmlərlə müşayiət olundu. Ötən ilin sonlarından etibarən dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi isə karbohidrogen ehtiyatları ilə zəngin olan və ixracının əsasında neft və neft məhsulları dayanan ölkələri ciddi sınaq qarşısında qoyub. Hazırda ciddi çətinliklər qarşısında qalan ayrı-ayrı dövlətlər sosial layihələri ixtisara salmaq, maaşları, pensiyaları azaltmaq, iş yerlərini kütləvi surətdə bağlamaq məcburiyyətində qalıblar. Təkcə ötən il Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa doğru iki dəfə dəyişib. İndiki şəraitdə iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir.
Lakin dünyadakı belə neqativ mənzərə ilə müqayisədə Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır. Belə ki, son illərdə dünyada müşahidə edilən qlobal risklər fonunda respublikamız nəinki iqtisadi-maliyyə dayanıqlılığını qorumağa müvəffəq olub, eyni zamanda, öz potensialını ilbəil genişləndirib. Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən, qeyri-neft sektoru 55 faiz artıb. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi rəqabətlilik qabiliyyətini yüksək dəyərləndirirlər. Məsələn, dünyada böyük nüfuza malik Davos İqtisadi Forumu 2014-cü ilin ikinci yarısında yaydığı hesabatında ölkəmizi iqtisadi rəqabətlilik indeksinə görə 38-ci yerdə qərarlaşdırıb. Bu isə o deməkdir ki, qısa müstəqillik tarixinə malik olan Azərbaycan hazırda dünyanın ən güclü iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır. İqtisadi potensialın davamlı olaraq artması ölkədə makroiqtisadi sabitliyi təmin edir. Məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi islahatlar sayəsində qısa müddətdə respublikamızda işsizliyin və yoxsulluğun səviyyəsini təxminən 5 faizədək aşağı salmaq mümkün olub.
Dünyada müşahidə edilən kataklizmlərə baxmayaraq, Azərbaycan öz maliyyə sabitliyini də qoruyub saxlayır. Artıq ölkəmizin ümumi daxili məhsulun təxminən 70 faizi həcmində olan strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb.
Son 11 ildə strateji valyuta ehtiyatlarımızın artması həm də onunla əlamətdardır ki, ölkəmizdə davamlı olaraq böyük həcmli maliyyə tutumuna malik infrastruktur layihələri reallaşdırılıb. Şəmkirçay, Taxtakörpü su anbarlarının tikilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr, Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsi, yeni enerji güclərinin yaradılması və bu qəbildən olan digər işlərin reallaşdırılmasına böyük məbləğdə maliyyə vəsaiti xərclənib. Bununla belə, respublikamız strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda strateji valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsulunun təxminən 70 faizi həcmindədir ki, bu da kifayət qədər yaxşı göstəricidir. Bu göstəriciyə görə ölkəmiz dünya miqyasında ilk iyirmilikdə qərar tutur. Strateji valyuta ehtiyatlarının indiki həcmi ölkəmizin üçillik əmtəə və xidmət idxalını qarşılamağa kifayətdir.
Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində ölkədə iqtisadi fəallıq artıb, yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Ötən 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. O da əlamətdar haldır ki, Azərbaycanda müxtəlif sahələrə yönəldilən investisiyaların strukturu da əhəmiyyətli dərəcədə dəyişib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2014-cü ildə ölkəmizə yatırılan 27 milyard dollar həcmində sərmayələrin 16 milyard dollarını daxili investisiyalar təşkil edib. Eyni zamanda, Azərbaycan investisiya idxal edən ölkədən sərmayələr ixrac edən ölkəyə çevrilib və dünyada donor qismində çıxış edir. Son illərdə respublikamız qonşu Gürcüstan, Türkiyə ilə yanaşı, Avropa ölkələrinin sərmayə bazarlarında da aktiv iştirakını təmin edib.
Dinamik iqtisadi inkişaf tempi, eyni zamanda, Azərbaycanın xarici borclanmasını da aşağı səviyyədə saxlamağa imkan verir. Qiymətləndirmələrə görə, ölkənin məcmu xarici aktivləri onun öhdəliklərini 2,7 dəfə üstələyir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkənin xarici borclanmasının optimal həddə saxlanılmasına ciddi önəm verir. Biz bir sıra ölkələrin nümunəsində xarici borclanmanın necə ağır nəticələrə gətirib çıxardığının şahidi olmuşuq. Azərbaycan isə xarici borclanmanın risklərindən tam sığortalanıb. Məqsədyönlü siyasət sayəsində ölkənin maliyyə imkanlarının genişlənməsi, öz növbəsində, Azərbaycanın qlobal risklər şəraitində manevr imkanlarını artırır. Qeyd etmək yerinə düşər ki, hazırda ölkəmizin xarici borclanmasının həcmi kifayət qədər aşağı səviyyədədir. Respublikanın xarici borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir.
Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan nitqində son illərdə Azərbaycanın inkişafından, ölkəboyu reallaşdırılan quruculuq-abadlıq işlərindən məmnunluğunu ifadə edib. Dövlətimizin başçısı, eyni zamanda, respublikamızın dinamik iqtisadi inkişafına qısqanclıqla yanaşan, uğurlarımıza müxtəlif vasitələrlə kölgə salmağa çalışan qüvvələrə mesaj ünvanlayaraq deyib: “Son illərin inkişafı, şəhərlərimizin abadlaşdırılması, ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq nüfuzumuzun artırılması göz qabağındadır”.
Sürətli iqtisadi inkişaf sayəsində Azərbaycan bölgədə yeni reallıqları diktə edən ölkəyə çevrilib
O da həqiqətdir ki, dinamik iqtisadi inkişaf sayəsində Azərbaycanın regional və qlobal miqyasda rolu əhəmiyyətli dərəcədə artıb. Özünü Avropanın etibarlı enerji tərəfdaşı qismində təsdiqləyən Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Getdikcə artan iqtisadi potensialı sayəsində bölgədə yeni reallıqları məhz respublikamız diktə edir. Ölkəmiz bütövlükdə regionun inkişafına xidmət edən enerji, nəqliyyat layihələrinin lokomotivi rolunu oynayır. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının təxminən 75 faizi Azərbaycanın payına düşür ki, bu da respublikamıza əlavə dividendlər gətirir. Artıq hamı tərəfindən etiraf olunur ki, regionda ölkəmizin iştirakı olmadan hər hansı layihənin reallaşdırılmasından söhbət belə gedə bilməz. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib. Azərbaycanın əsas moderator rolunda çıxış etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası da layihə çərçivəsində uğurla davam etdirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin obrazlı şəkildə “dəmir ipək yolu” adlandırılması təsadüfi deyil. Yeni dəmir yolu xəttinin, həmçinin, Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək.
Bu yaxınlarda isə yenə də Azərbaycanın fəal iştirakı ilə qədim türk torpağı olan Qars şəhərində tarixi TANAP layihəsinə start verilib. TANAP layihəsi Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini birləşdirəcək “Cənub” qaz dəhlizinin bir hissəsidir. Özlüyündə 45 milyard dollar həcmində investisiya qoyuluşu tələb edən “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bütün bu layihələrdə fəal iştirakçıdır. “Cənub” qaz dəhlizinin inşası ilə Azərbaycanın Avropanın enerji təchizatında rolu daha da artacaq. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev, həmçinin, diqqəti bu gün Azərbaycan qazının Avropa üçün böyük önəm daşıdığına yönəldib: “Görün, Azərbaycan qazı bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət daşıyır. Yəni, yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə”.
Görülən işlər Azərbaycanın təsir imkanlarını artırır, ölkəmizə böyük inam qazandırır
Azərbaycanın öz iqtisadi potensialını, maliyyə imkanlarını davamlı olaraq genişləndirməsi, qlobal və regional miqyaslı layihələrə sanballı töhfələr verməsi öz növbəsində beynəlxalq aləmdə ölkəmizə böyük inam qazandırıb və respublikamızın təsir imkanlarını artırıb. Buna xüsusi önəm verən Prezident İlham Əliyev vurğulayıb: “Ona görə təbii ki, görülən bu işlər Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də artıracaq, təsir imkanlarımız da artacaq. Bu gün də kifayət qədər güclüdür. Bu gün bölgədə nə iqtisadi, nə siyasi, nə başqa sahələrdə heç bir layihə bizim razılığımız olmadan icra edilə bilməz. Bunu yaxın tarix göstərib”.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilib. Bu, bir həqiqətdir ki, respublikamızı beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı getdikcə artır. Qısa müstəqillik tarixində Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Aydın məsələdir ki, beynəlxalq almin bu dəstəyi ölkəmizin dinamik iqtisadi inkişafı, həyata keçirdiyi praqmatik daxili və xarici siyasət sayəsində qazanılıb.
Məlum olduğu kimi, ölkəmiz cari ilin yayında birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi də “qoca qitə”də ölkəmizə böyük inam bəslənilməsindən xəbər verir. Azərbaycan isə öz növbəsində bu inamı yüksək səviyyədə doğrultmaq üçün böyük səylə hazırlaşır və yarışları Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir.
Biz daha güclü olmalıyıq
Yeri gəlmişkən, Prezident İlham Əliyev sözügedən nitqində onu da bildirib ki, biz daha da güclü olmalıyıq.
Məlumdur ki, hazırda beynəlxalq hüquq sadəcə olaraq, işləmir. İqtisadi cəhətdən güclü dövlətlər daim ikili standartlardan çıxış edərək beynəlxalq hüquqdan digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Dünyadakı ikili standartlara tab gətirmək, ölkənin, xalqın milli mənafeyini dolğun şəkildə ifadə etmək üçün tələb olunan başlıca şərtlərdən biri də güclü olmaqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”.
Əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir ki, həllini tapmır. Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinə səy göstərir və danışıqlar prosesinə daim öz konstruktiv töhfəsini verməyə çalışır. Lakin qarşı tərəf-Ermənistan işğalçılıq siyasətindən əl çəkmir və hər vəchlə işğal nəticəsində yaranmış status-kvonun saxlanılmasına çalışır. Bunun müqabilində Azərbaycan, təbii ki, işğala məruz qalan torpaqların başqa vasitələrlə geri qaytarılması barədə düşünməlidir. Son illərdə ölkəmizin nail olduğu güclü iqtisadi potensial ordu quruculuğuna diqqəti artırmağa, Silahlı Qüvvələrin maddi-texniki təchizatını yaxşılaşdırmağa, döyüş hazırlığını daha da yüksəltməyə imkan verib. Son 11 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən cox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini düz iki dəfə üstələyir. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycan qoşunların təmas xəttində əhəmiyyətli üstünlüyə nail olub və düşmənin təxribat-diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tarixi ədalətin bərpa olunacağına əminliyini bir daha ifadə edərək deyib: “Bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 725 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30