Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Avropa Olimpiya Komitəsi ilə tərəfdaşlığına sadiqdir

Azərbaycan Avropa Olimpiya Komitəsi ilə tərəfdaşlığına sadiqdir

20.08.2016 [11:36]

Hansısa şəxslərin iddia edilən qanunazidd əməlləri bəhs olunan qurumun mötəbərliyinə və tərəflərin qarşılıqlı faydalı əməkdaşlığına kölgə salmamalıdır
Mətbuatda xəbər verildiyi kimi, bu günlərdə Braziliya polisi Avropa Olimpiya Komitəsinin və İrlandiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Patrik Hikkini həbs edib. Verilən məlumatlarda iddia edilir ki, o, Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı olduğu üçün saxlanılıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Patrik Hikkinin Braziliya polisi tərəfindən həbs olunması qlobal miqyasda sensasiyaya səbəb olsa da, bu tipli hadisələr beynəlxalq qurumlar, xüsusən də beynəlxalq idman təşkilatları üçün heç də ilk deyil. Məsələn, 2015-ci ilin may ayında FİFA-nın 7 rəhbər işçisi İsveç polisi tərəfindən həbs olunmuş, onlara qarşı kirli pul “təmizləmək”, dələduzluq və şantaj maddələri ilə cinayət işi açılmışdı. FİFA-nın prezidenti Zepp Blatter beynəlxalq rüşvət skandalında iştirak etdiyi üçün istefa vermişdi. Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun keçmiş və indiki prezidentləri məhz bu kimi iddialarla məhkəmə qarşısına çıxarılmışdılar.
Bu cür misalların sayını artırmaq da olar. Ancaq nədənsə bəziləri Patrik Hikkinin həbsə alınması ilə bağlı süni ajiotaj yaratmağa, baş verən hadisəni fərqli prizmadan təqdim etməyə çalışırlar. Təbii ki, bu cür qüvvələrin hansısa maraqlardan çıxış etdikləri kimsəyə sirr deyil. Bunu vurğulamaqla yanaşı qeyd edək ki, Azərbaycan Avropa Olimpiya Komitəsi ilə tərəfdaşdır. Hansısa şəxslərin iddia edilən qanunazidd əməlləri bəhs olunan qurumun mötəbərliyinə və tərəflərin qarşılıqlı faydalı əməkdaşlığına heç bir halda kölgə salmamalıdır.
Digər tərəfdən xatırlatmaq yerinə düşər ki, Azərbaycan Milli Olimpiya Komitəsi yarandığı gündən bəri ölkəmizin dünyada tanıdılması, təbliği işinə misilsiz töhfələr verib. 2015-ci ildə Azərbaycanda keçirilən birinci Avropa Oyunları dünya idman tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, “yumşaq güc” siyasətinin yürüdülməsində, milli mədəniyyətimizin təbliğində, turizm imkanlarımızın beynəlxalq ictimaiyyətə təqdim edilməsində əvəzsiz rol oynayıb. Bütün bunların müqabilində 2014-2015-ci illərdə dövlət büdcəsindən infrastruktur layihələrinə ayrılmış vəsaitləri bütövlükdə Avropa Oyunlarının xərcləri kimi təqdim etmək siyasi opponentlərin qərəzinin göstəricisidir.
Təəssüf ki, hər pozitivi qara rəngdə təqdim etməyə aludə olan siyasi opponentlər yenidən rəqəmlər üzərində manipulyasiya etməyə başlayıblar. Heç kəsə sirr deyil ki, Avropa Oyunlarının büdcəsi kifayət qədər şəffaf olub, bu barədə yarışlar vaxtı və sonralar dəfələrlə məlumat verilib. Azərbaycanda gərgin əmək, məqsədyönlü fəaliyyət nəticəsində cəmi 23 ay ərzində beynəlxalq standartlara uyğun təşkil edilən bu beynəlxalq tədbir, eyni zamanda, ölkəmizin idman, nəqliyyat, turizm infrastrukturunun daha da yenilənməsinə, ən müasir standartlara uyğunlaşmasına zəmin yaradıb.
Bununla yanaşı Bakıda keçirilən ilk Avropa Oyunları respublikamızın beynəlxalq arenada tanınmasında, ölkəmizə turist axınının kütləviləşməsində, turizm sektorunun canlanmasında yeni mərhələnin əsasını qoyub.
Lakin təəssüflər olsun ki, ölkəmizin uğurlarını gözü götürməyən, Azərbaycanın adına zərər vurmaq üçün xaricdəki ermənipərəst dairələrin sifarişlərini canla-başla yerinə yetirən daxildəki bəzi qüvvələr idman sahəsində əldə etdiyimiz uğurları da həzm edə bilmirlər. Xarici anti-azərbaycançı dairələrin ölkəmizə qarşı hücum siyasətinin icraçılığını özlərinin həyat amalına çevirən bu qüvvələr yenidən öz amplualarındadırlar. Belə ki, Azərbaycan dövlətini, bir tərəfdən, beynəlxalq qurumlarla əməkdaşlıqdan yayınmaqda ittiham edənlər, eyni zamanda, uğurlu əməkdaşlıq modeli tapılmış beynəlxalq qurumlara qarşı çıxmaqla özləri-özlərini təkzib edirlər. Nə qədər təəssüf doğuran hal olsa da, Avropa Şurası, İƏT, UNESCO, İSESCO, postsovet ölkələrini və İslam dünyasını, türkdilli dövlətləri birləşdirən çoxsaylı regional və beynəlxalq əməkdaşlıq platformaları belə “ittihamlara” məruz qalıblar. Buradan çıxan nəticə isə belədir: Deməli, bu şəxslər Azərbaycanı mümkün qədər təcrid etmə məqsədi güdən müəyyən xarici dairələrin sifarişini yerinə yetirirlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31